Real və virtual
demokratiya
XX əsrin sonlarında informasiya kommunikasiya texnologiyaları elə sürətlə inkişaf etdi ki, bəşəriyyət bu yeniliklərə tam uyğunlaşmamış daha unikal əlaqə qurma mexanizmi sayılan virtual sosial şəbəkələr meydana gəldi.
Bu ünsiyyət modeli daha çox yeni yüzilliyin başlanğıcında hiss edilməyə başladı. 2003-cü ildə Wordpress, Linkedin, MySpace, Skayp, 2004-cü ildə Flickr, Facebook, 2005-ci ildə YouTube, 2006-cı ildə Twitter və digər virtual sosial şəbəkələr icad edildi. Hələ yeni yüzilliyin ilk illərindən bu kimi virtual sosial şəbəkələrin cəmiyyətlərə təsiri görünməyə başladı. Bu təsir həm elmi-intellektual səviyyədə polemikaların genişlənməsi ilə, həm də ictiami-siyasi məsələlərin müzakirəsi ilə müşahidə olundu. Bəzən bunlar insanlar üçün faydalı məcraya yönəldildi, bəzən isə sadəcə başıpozuq kütlə üçün məşğuliyyət növünə çevrildi. Təkcə 2009-cu ildə İran İslam Respublikasında prezident seçkiləri zamanı baş verən hadisələr, Ukraynada və Gürcüstandakı “narıncı inqlablar”, Ermənistanda hakimiyyətə qarşı xalq üsyanı, Moldova olayları, 2011-ci ilin əvvəllərindən start götürən və bu günə qədər hələ də bitməyən, kütləvi insan qırğınları ilə müşahidə olunan “ərəb baharı” adlanan iğtişaşlar və s. bütün bunlar əsas etibarilə virtual gücün məhsuludur. Yəni virtual siyasi gücün yaranması yalnız bu hadisələrdən sonra hiss edildi. Bununla da real demokratiya ilə virtual demokratiyanın hansı anlam daşıması məsələsi gündəmə gəldi. Gəlin əvvəlcə “ beyin yarımkürələrini” xatırladan bu oxşar həm də fərqli mətləblərin mahiyyətinə nüfuz edək.
Əvvəlcə onu qeyd edək ki, demokratiya hər hansı bir cəmiyyətin özünüdərketmə və özünüifadə formalarından biridir ki bu da ilk növbədə fərdin azadlığını nəzərdə tutur. Çünki cəmiyyət, xalq, millət, toplum və qrup – bütün bu kimi kütlə kriteriyalarının hər biri yaşamaq uğrunda mübarizə aparan və özünütəsdiq duyğusuna malik olan çoxsaylı fərdlərdən və onların daimi, dəyişilməz maraqlarından təşkil olunmuşdur. Bu maraqların ədalətli təmin olunması və icrası üçün demokratiyanın üstünlüklərindən faydalanmaq və ictimai rəyə hesablanmış qərarın verilməsi inkişafın vacib predmetidir. Demokratiya hazırda dünyada tərəqqinin rəmzi kimi qəbul olunur və bütün çatışmazlıqlara rəğmən hələ ki, bundan daha yaxşı nəzəri ideyanı axtarıb tapmaq heç bir cəmiyyətə müyəssər olmamışdır. Axı necə etmək olar ki, demokratiya bütün ədalət prinsiplərini nəzərə alsın və cəmiyyətin inkişafında boşluqlara gətirib çıxarmasın ? Təəsüf ki, zaman keçsə də hələ heç bir insan və ya cəmiyyət hüququn ona verdiyi azadlıqlardan nə tam istifadə edə bilmiş, nə də onu doğru-düzgün qiymətləndirə bilmişdir. Əslində, hüququn aliliyi və daha doğrusu, insan haqlarının qorunması demokratik quruluşlara xas olan keyfiyyətdir. Lakin bəzən hüququn insanlara verdiyi azadlıqlar müəyyən fərdlərin ambissiyalarının təmin olunmasına xidmət edir. Bəzən bir qrup insan hüququn, demokratik dəyərlərin onlara verdiyi imkanlardan nəinki yararlanır hətta həddi aşaraq cəmiyyətin ümumi maraqlarına ya zərbə vurur, ya da ki elementar ictimai etiket qaydalarına məhəl qoymamaqla bu dəyərlərin mahiyyətini təhrif edir. Bəs bu həddi aşma nüanslarını demokratiya ilə eyniləşdirmək olarmı? Və ya demokratiyada ciddi uğurlar qazanmış hansısa xalqın qneseoloji baxışları ilə bu sahədə heç də ondan geri qalmayan digər xalqın mental baxışlarında olan fərqlər nəzərə alınmalıdırmı? Əlbəttə yox. Çünki demokratiya, söz-vicdan azadlığı, fikir plüralizmi kimi dəyərlər heç kəsə imkan vermir ki, bu imkanlardan gen-bol istifadə etməklə istədiyini təlqin etmək üçün məcburi metodlardan və ya təhqir amilindən yararlansın. Bu, artıq cəmiyyətin mənəvi deqradasiyasına yol açar ki, bunun da günahını demokratik dəyərlərdə görmək düzgün olmazdı. Bunun bircə izahı var: qanunlara etinasızlıq. Yəni insanların qarşılıqlı davranış qaydaları, rəftarın gözəlliyindən istifadə və digər mədəniyyətin yüksəlişi hesab olunan keyfiyyətlərə məhəl qoymaması azadlığın sərhədsizliyi və ya demokratiyanın verdiyi imkanlar kimi qiymətləndirilməməlidir. Sözsüz ki, bu təhlükəlidir. Məncə, bunları qarışdırmaq heç bir normal düşüncəyə sahib olan fərdə sərf etməz. Əksinə, onun narahatlığına yol açar ki, bu da cəmiyyətə və dövlətə olan vətəndaş etibarına zərbə vurar.
Lakin biz nəyi müşahidə edirik. Görürük
ki, cəmiyyətin bəzi təbəqələri
demokratiyanın verdiyi imkanlardan düzgün yararlanmaq əvəzinə
əksinə, öz ambisiya və istəkləri ilə onlara
verilən vətəndaş imtiyazlarından sui-istifadə etməyə
cəhd göstərirlər. Bu sırada müəyyən
sadə vətəndaşdan tutmuş, ziyalı zümrəsini
təşkil edən, məmur kimi məsuliyyətli vəzifəni
daşıyan, özünü IV hakimiyyətin nümayəndəsi
və “ yazar” hesab edən KİV mənsublarına, “sülh”
elçisi kimi təqdim edilən hüquq müdafiəçilərinə
qədər fərqli dərəcələrdən insanlar
görmək mümkündür. Bu insanlar
ayrı-ayrılıqda o qədər də əhəmiyyətli
göstəriciyə malik olmasalar da, ümumilikdə cəmiyyətin
ideoloji-mənəvi, əxlaqi dilemma ilə
qarşı-qarşıya qalmasına bir növ
yardımçı olurlar. Nəticədə
cəmiyyətin müəyyən ictimai dəyərlərə
yanaşmasında “xüsusi çatlar” əmələ gəlir
ki, bu “çatları” aradan qaldırmaq bəzən
mümkünsüzə çevrilir. Belə insanlarla
hüquq müstəvisində danışarkən isə onlar
dövlətin amansız “təqib maşını”nın işə düşdüyündən
şikayət edərək özlərinə bəraət
qazandırmaq və ya bu işin arxasında anti-demokrat sistemin
dayandığını iddia etmək kimi cəhdlərdə
müşahidə olunur. Doğrudur, ərəb
ölkələrində baş verən son hadisələr onu
göstərdi ki, demokratiyanın düzgün qurulmaması və
cəmiyyətdə hüququn aliliyi prinsipi pozulursa, bu, həm
xalqın mənəvi aşınmasına həm də
quruluşların sıradan çıxmasına gətirib
çıxardır. Lakin bəzən
demokratiyanın gurultulu alqışlarla müşayiət
olunduğu dövlətlərdə belə kütlə
psixologiyasını bilməmək və söz
azadlığından necə gəldi yararlanmaq cəhdi sonunda
iğtişaşlara və kütləvi radikal nümayişlərə
gətirib çıxarır. Yəni
demokratiyanın tərifi olduğu qədər də tənqidi
vardır. Sadəcə, hər bir ölkə
demokratiyanın nəzəri və praktiki əsaslarını
tətbiq edərkən, xalqın şüuraltı hisslərini
də nəzərə almağı bacarmalıdır. Yəni bu zəmində qanunlar işlənib
hazırlanmalıdır ki, insanlar azadlığın sərhəddinin
digər insanın azadlığının sərhədində
bitdiyini anlasınlar. Bu, əsl
demokratiyadır. Çünki azadlıq fərdə
və kütləyə qanunlar çərçivəsində
verilir. Əgər qanunlarda
çatışmazlıqlar varsa, bu, tez bir zamanda aradan
qaldırılmalıdır. Çünki
müasir dünyanın tələbləri müxtəlif və
biraz da qeyri-müəyyəndir. Bu qeyri-müəyyənlik
və müxtəlifliyin cəmiyyəti yol ayrıcında
buraxmaması və ya bundan hansısa qüvvələrin
istifadəsinə imkan verilməməsi üçün digər
demokratik cəmiyyətlərin innnovasiyaları faydalı ola bilər. Ən əsası isə
milli psixologiyanın şərtləri və təbii şərait,
tarixi amillər nəzərə alınmalıdır.
Onda bəs yeni məfhuma çevrilən virtual demokratiya
nədir? Bu ifadə elmi-kütləvi auditoriyaya
hesablanmış məqalələrdə daha çox elektron
demokratiya kimi də qələmə verilir. Amma elektron demokratiya dedikdə daha çox kompyuter,
internet resursları, televiziya kanalları, telefon, mobil rabitənin
nəzərdə tutuluğu vahid cəm nəzərdə
tutulur. Rusiya Prezidenti yanında Rusiya Dövlət Xidməti
Akademiyasının əməkdaşı, tədqiqatçı
M. Y. Pavlyutenkova özünün “Elektron demokratiya və
elektron hökumət XXI əsrin effektiv dövlətinin ilkin
şərtidir” başlıqlı məqaləsində
demokratiyanın bu növünü belə izah edir: Əgər
“elektron demokratiya» anlayışının təkamülünü
nəzərdən keçirsək, o zaman onun inkişafı
prosesində bir neçə vacib pillələri qeyd etmək
mümkündür. Onlara ilk növbədə,
”teledemokratiya" anlayışını şamil etmək
lazımdır. Bu anlayış XX əsrin 60 illərinin
sonu – 70 illərin əvvəllərində kabel televiziyası
kanallarının meydana çıxması ilə yaranmışdır.
Teledemokratiya elektron demokratiyadan əvvəl gələn
forma kimi nəzərdən keçirilə bilər. Teledemokratiyanın məzmunu televiziya və ya
telefonun eyni zamanda istifadə olunması yolu ilə bu və ya
digər siyasi debatlarda vətəndaşların
iştirakı imkanını əks etdirir.
Tamaşaçılar televizor vasitəsilə hər hansı
bir siyasi tədbiri izləyərək telefondan istifadə etməklə
bu tədbirin iştirakçısı ola
bilərlər. Teledemokratiyanın məqsədi
vətəndaşların siyasi prosesdə birbaşa
iştirakının artımına yardım göstərməkdən
və elektron kommunikasiya vasitələrinin texniki imkanları əsasında
struktur islahatları irəli çəkməkdən ibarətdir.”
Daha sonra müəllif
öz məqaləsində yazır ki, “80-ci illərin sonunda
televiziyadan və telefondan istifadə etməklə keçirilən
eksperimentlərin demokratiyanın nə yeni formalarına, nə
də vətəndaşların siyasi fəallığının
artırılmasına gətirib çıxarmadıqları
məlum olmuşdur.”
Yəni elektron demokratiya dinlənilən, izlənilən
və siyasi konyukturanın daha çox qurbanı olduğundan
onun cəmiyyətə təsiri yalnız maarifləndirici və
ya maksimum dərəcədə xəbərçilik
missiyasını həyata keçirir. Daha
doğrusu, onun auditoriyası çox, informasiyanın
yayılma arealı geniş olsa da, adətən, eyni ölkənin
sərhədlərini aşmır. Aşsa da onun əksi
olan ideoloji baxımdan yüklənmiş TV-lər onun elə
sərhəddəcə qarşısını kəsir.
Elektron demokratiyanın yeni, müasir forması olan virtual
internet demokratiya isə yeganə modeldir ki, XXI əsrin
informasiya, ünsiyyətçilik, şəbəkələşmə,
bazar və ideoloji münasibətlərin sərhədsiz
meydanıdır. Bu meydan dünyanın hər yerindən ideoloji “zay məhsulla”,
“keyfiyyətli məhsul”un yanaşı
qoyulduğu və bəlkə də bilinmədiyi,
qarışdığı qeyri-adi mühitdir. İnternet
imkanları bizə şərait yaratdıqca sosial şəbəkələrin
sayı artır və müxtəlif kateqoriyaya aid insanlar bir
masa ətrafında oturmağa adət edirlər. Çünki zaman sağlam mühitlə çirkli
mühitin mübarizəsinin ideoloji səpkidə getməsini
təlqin edir. Müasir dövr insanı məcbur
edir ki, yeni innovasiyalar öyrənsin və informasiya sarıdan
yüklənsin. Bu axın mənfi və
ya müsbət məcrada gedə bilər. Baxmayaraq ki, bu modelə də dövlətlərin nəzarəti
və təsiri mümkündür və İran, Çin,
Türkmənistan, Şimali Koreya kimi ölkələrdə
biz bunu açıqca görə bilərik. Hətta bəzi ekspertlər internetin, xüsusilə
sosial şəbəkələrin İngiltərə,
İsrail, ABŞ kəşfiyyatı tərəfindən
müxtəlif cəmiyyətlərdə baş verən hadisələri
yönləndirmək və lazımi nəticələri əldə
etmək üçün istifadə mexanizminə çevrilməsindən
bəhs edirlər. Bütün bunlarla
yanaşı, bu gün internet həqiqətən cəmiyyətlərin
müsbət mənada mobilizasiya edilməsi baxımından,
eyni zamanda azad fikir və insanların şəxsi mövqe sərgiləməsi
sarıdan ideal tapıntıdır. Sadəcə,
bu sükan sağlam qüvvələrin əlində cəmləşməli
və heç bir vəchlə antimilli, eyni zamanda, antibəşəri
qüvvələrin ixtiyarına verilməməlidir.
Müsbət və mənfi cəhətlərinə
baxmayaraq, virtual sosial şəbəkələrin təsiri
bütün cəmiyyətlərdə hiss olunur. Bu da təbii
ki, demokratiyanın realdan, virtuala keçməsi və yenidən
həyatda tətbiqi üçün psixoloji və mütəşşəkil
güc mərkəzidir.
Virtual sosial şəbəkələrin ən
böyük təsiri ondadır ki, burada demokratiyanın əsas
qayəsi olan ictimai müzakirə və ictimai səsvermə
metodları öz əksini tapıb. Burada hər kəs
öz evində rahat oturaraq regionun istənilən yerindən
ictimai müzakirəyə qoşula və mahiyyət etibarilə
rəngarənliyi ilə seçilən hadisələrə
şərh bildirə və fikirlərini maneəsiz irəli
sürə bilərlər. Demokratiyanın
ilkin şərti təbii ki, xalqın hakimiyyət üzərində
nəzarətinin təmin edilməsidir. Bu
nəzarətin təmin olunması üçün ilk
növbədə ictimai müzakirələr vacibdir. İctimai müzakirələrin isə əksəriyyətin
əhatə olunmadığı, “çay evlərində”, məhəllələrdə,
bazarlarda, toy və yas mərasimlərində, restoranlarda,
klublarda keçirilməsi həm müasir dövrün şərtləri
ilə uzlaşmır, həm də kortəbii xarakter
daşıyır. Lakin virtual sosial şəbəkələrin
bu qeyd edilənlərdən fərqi məhz yuxarıda qeyd
etdiyimiz azad ictimai müzakirələrdir ki, burada ölkənin
bütün bölgələrindən yaş fərqindən,
cinsindən, siyasi və sosial mənşəyindən
asılı olmayaraq, hər kəs iştirak edir və
kütləvilik təmin olunur. Bu da öz
növbəsində demokratik dəyərlərin təmin
olunmasında platforma rolunu oynayır.
Bütün bunlarla yanaşı, virtual demokratiya virtual
anarxiyaya istiqamətlənməməli, xaosa gətirib
çıxarmamalıdır. Dövlət vətəndaşlar
üçün geniş internet imkanları
yaratmışdırsa vətəndaşlar da bunu dəyərləndirməli,
hər hansısa anti-mülli ünsürlərin alətinə
və ya oyunçusuna çevrilməməlidir.
Bu gün ölkəmizdə 1, 15 min nəfərə
yaxın təkcə facebook istifadəçisi var. Bu həddindən
artıq böyük rəqəmdir. Daha doğrusu,
heç kəs fikirləşməzdi ki, Azərbaycanda
internetin bu qədər abunəçisi olacaq. Vaxtılə bir gənc tərəfindən
yaradılan bu sosial şəbəkə hazırda 50 milyard
dollardan artıq qiymətləndirilir. Şirkətin
ümümi kapitallaşdırma dəyəri isə 2012-ci ildə
104 milyard hesablanıb. Yer kürəsində
1 milyarddan artıq aktiv istifadəçisi olan bu sosial şəbəkənin
mənəvi və siyasi gücünü ən nəhəng
hərbi sənayedən də artıq qiymətləndirmək
olar.
Oxşar fikirləri mətn, səs və
görüntü vasitəsilə ünsiyyətə imkan verən
Skype (Skayp) kimi qlobal kompyuter proqramlarına da aid etmək olar. 2009-cu ilin sonlarında olan
statistikaya əsasən, “Skayp”a üzv
olanların sayı 521 milyon nəfərə çatıb. Hazırda bəlkə də 1 milyarddan çox insan
bu sistemdən yararlanır. Təbii ki,
heç kəs skayp ola-ola tanışları, xüsusilə
xaricdəki əqrəbaları və yoldaşları ilə
telefondan uzun müddətli istifadə etməz. Bu həm çox qısa və maddi baxımdan sərf
etməyən üsuldur. Skaypda isə
bütün bunlar pulsuzdur. Bir cəmiyyətdən
digər bir cəmiyyətə beyin axını skayp vasitəsilə
daha asan və əlverişli olur. Belə
ki, internet resursları sürətlə inkişaf etdikcə
dünya sanki özünün virtual sənayesini yaradır.
Zaman,məsafə məfhumunun kiçilməsi
kimi yeni şərtlər virtuallığın əsasını
və aparıcı bazasını təşkil edir. Bu da fərqli
maraqların,fikir və yanaşmaların
bir araya gəlməsinə şərait yaradır.
Sevindirici haldır ki, bu gün Azərbaycanda internet
imkanlarına çıxış azad şəkildə tənzimlənir
və dövlət tərəfindən bu mütərəqqi
prosesə nəinki maneçilik yaradılmır, əksinə
bu sahənin inkişafı üçün qayğı
göstərilir. Azərbaycan vətəndaşları
rahat şəkildə dünyanın ən böyük virtual
sosial şəbəkələri sayılan Youtube, Facebook,
Twitter, Skayp, Messengerə daxil olur və şəxsi səhifəsini
yarada bilir. İstənilən məsələni
dostları ilə bölüşmək, şərh bildirmək
və yaymaq fərdin öz əlindədir. İldən-ilə
internetin ölkəmizdə sürətində də ciddi irəliləyişlər
hiss olunur. Bu il ölkəmizdə Bakı
İnternet Forumunun keçirilməsi bu sahədə
köklü müsbət islahatların aparılması
üçün stimul rolunu oynadı. Bu tədbir
dövlət səviyyəsində internet imkanlarının
inkişafına münasibəti ortaya qoydu. Üstəlik, kosmik sahədə bu yaxınlarda
qazandığımız nailiyyət, ilk peykimizin orbitə
buraxılması da Azərbaycanda internetin fundamental
inkişafı üçün zəmin rolunu oynayacaq. Hər
halda Bakı İnternet Forumunda dövlət
başçısının çıxışından
bunu görmək mümkündür: “Biz, hətta Azərbaycanın
ən ucqar regionlarında da internetə maneəsiz
çıxış imkanı yaradırıq. İndi
Azərbaycanda internet istifadəçilərinin sayı
artıq 65 faizi ötüb. Azərbaycanda
internet azaddır.
Biz kosmik sənaye yaradırıq. Bəziləri
düşünə bilər ki, Azərbaycan buna hələ
tam hazır deyildir. Ancaq biz kosmik sənaye
yaradırıq, ilk süni peykimizi buraxırıq. Gələcəkdə də bu istiqamətdə
işimizi davam etdirəcəyik. İnkişafın
çox mühüm istiqaməti olan informasiya-kommunikasiya
texnologiyaları sahəsi üzrə reytinqdə biz regionumuzda
lider mövqe tuturuq".
“Azərbaycanda internet azaddır”
fikrindən də göründüyü kimi ,
bu gün demokratiyanın virtual sferada mövcudluğuna
heç bir əngəl yoxdur. Bu da müasir
dövrün tələblərindən biri olan
demokratiyanın inkişafında virtual modelin əhəmiyyətinin
nəzərə alınması baxımından olduqca mütərəqqi
mesajdır.
İmkan vermək olmaz ki, cəmiyyətimiz virtual
demokratiyanın sərhədsizliyindən, azad fikrə yaradılan
şəraitdən intellektual imkanlarını genişləndirmək
və bundan müsbət mənada faydalanmaq əvəzinə,
bu, hansısa yad ünsürlərin psixoloji, ideoloji, siyasi
sınaq meydanına çevrilsin. Real demokratiyadan fərqli
olaraq, virtual demokratiyada hüquq mexanizminin tətbiqinin zəif
olması, xaricdən süni olaraq təşkil olunan dini,
etnik, siyasi, ideoloji müstəvidə hansısa təxribat
xarakterli hallara, şantaj əməllərinə qarşı
mübarizə aparmaq çətindir. İctimaiyyət
öz əxlaqi, mədəni, intellektual və irsi keyfiyyətlərini
qabartmalı və qloballaşma şəraitində xaricdən
ötürülən müxtəlif ideoloji baxışlardan
telepatik asılılığa düşməməlidir.
Bu baxımdan, ədalətli ictimai
baxışların, milli dəyərlərin təbliği
ön plana çəkilməli, cəmiyyətimizin əsas hərəkətverici
qüvvəsi hesab olunan gənclər ordusunun düzgün
istiqamətə yönləndirilməsi üçün ciddi
düşünülməlidir.
Anar TURAN
Xalq qəzeti.- 2013.- 1 sentyabr.- S. 5.