Azərbaycanda əmək pensiyaçılarının sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır

 

Pensiyaların məbləği əhəmiyyətli dərəcədə artırılmışdır

 

“Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilmişdir. Bu münasibətlə Dövlət Sosial Müdafiə Fondunda mətbuat konfransı keçirilmişdir.

Mətbuat konfransında fondun sədri Səlim Müslümov vurğulamışdır ki, iqtisadi proseslərin hazırkı kontekstində əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin uğurla icra edilməsi, maaş və pensiyaların artırılması dövlətimizin ən vacib vəzifələrindən biridir. Məhz bu vəzifələrin prioritet olaraq yerinə yetirilməsi Azərbaycan dövlətinin gerçəkləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətidir. Pensiyaçıların sosial müdafiəsinin ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılması hər il pensiya məbləğlərinin əhəmiyyətli artımını şərtləndirmişdir. Son 10 il ərzində çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata, minimum məbləği 7,1 dəfə artaraq 14 manatdan 100 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı isə 29,3 faizdən 45 faizə çatdırılmışdır.

DSMF sədri S. Müslümov Azərbaycanda 2013-cü il iyulun 1-i tarixinə olan statistikanı açıqlamış, 1 milyon 272 min 566 pensiyaçının olduğunu bildirmişdir. O, nəzərə çatdırmışdır ki, əmək pensiyalarının baza hissəsinin 17,6 faiz artırılmasına dair sərəncam təxminən 1 milyon 209 min 135 pensiyaçıya şamil olunacaqdır. Bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 63431 nəfərdir. Onların pensiyaları isə “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq fərqli qaydada artırılır.

Qeyd olunmuşdur ki, pensiyanın baza hissəsini 100 faiz alanların, yəni 1 milyon 90 min nəfərin pensiyasının artımı 15 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə bu artım daha çox olacaqdır. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar ((I qrup gözdən əlillər istisna olmaqla) 15 min 580 nəfər) üzrə artım 19 manat 50 qəpik, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə ((I qrup gözdən əlillər) 7763 nəfər) isə 31 manat 50 qəpik təşkil edəcəkdir. Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 30 manat artırılaraq 200 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 27 manat 75 qəpik artırılaraq 185 manata çatdırılacaqdır.

Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi quluqçuların pensiyasının baza hissəsi 16 manat 50 qəpik artırılacaqdır.

Sərəncama uyğun olaraq, Böyük Vətən müharibəsi (BVM) iştirakçılarının pensiyasının baza hissəsi 28 manat 50 qəpik, I qrup BVM əlillərinin pensiyasının baza hissəsi isə 37 manat 50 qəpik həcmində artırılacaqdır. Bu sərəncamdan II qrup BVM əlilləri də yararlanacaq, onların pensiyasının baza hissəsi 31 manat 50 qəpik, III qrup BVM əlillərinin pensiyasının baza hissəsi isə 28 manat 50 qəpik artırılacaqdır.

Tədbirdə bildirilmişdir ki, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdurbu məqsədlərə ilin sonuna kimi təxminən 73,2 milyon manat əlavə vəsait tələb olunur.

Mətbuat konfransında həmçinin qeyd olunmuşdur ki, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil edir. Bu göstəriciyə görə, Azərbaycan MDB-də üçüncü yeri tutur. Qazaxıstanda əmək pensiyasının baza hissəsi 185 ABŞ dolları, Belarusda 129 dollar, Rusiyada 109,3 dollar, Ukraynada 111,8 dollar, Ermənistanda 31,7 dollars. təşkil edir.

DSMF-nin sədri S.Müslümov jurnalistləri maraqlandıran digər məsələlərlə bağlı sualları da cavablandırmışdır.

 

Z.BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2013.- 1 sentyabr.- S. 6.