Bir ömrün salnaməsi

 

Kamran Hüseynov – 100

 

Sərlövhəyə çıxardığımız bu sözlər Azərbaycanın böyük oğlu, görkəmli ictimai-siyasi xadim Kamran Hüseynovun müəllifi olduğu bir kitabın adından götürülmüşdür. Uzun və keşməkeşli həyat yolu keçmiş bu siyasət xadimi həmin kitabda insanlara örnək ola biləcək ömrünün maraqlı, ictimai mahiyyət daşıyan məqamlarını oxuculara çatdırır. Kamran Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında ölkə Prezidentinin sərəncamından sonra bu kitabı bir daha nəzərdən keçirdim. Doğrudan da, bu insan bir əsrə yaxın ömrünün böyük bir hissəsini doğma Azərbaycanın inkişafına, tərəqqisinə həsr etmişdir. Kamran Əsəd oğlu Hüseynov 15 dekabr 1913-cü ildə Azərbaycanın ən ucqar dağ rayonlarından olan Qubadlının Çərəli kəndində dünyaya göz açmışdır.

Uşaqlığı olduqca ağır və məşəqqətli keçmiş, yoxsul bir ailənin övladı olduğundan təhsil də ala bilməmişdi. O vaxt kəndlərdən uşaqları neft mədənlərində fəhlə işləməyə göndərirdilər. O da işləmək üçün Bakıya üz tutmalı olur. Bakıya gələndə onu cəmi 50 qəpik puldörd büküm çörəklə yola salmışdılar. Burada. neft fəhləsi işləyərək həm böyük bir külfəti dolandırmış, həm də Moskvada və Bakıda ali mühəndis təhsili almışdı.

Ömründə böyükyad şəhərdə ilk dəfə olan bu gəncin ümidi Bakıdakı qohumları və yerliləri idi. Əmisi uzun illər idi ki, neft mədənlərində işləyirdi. O zaman hələ 1905-ci ildən başlanan erməni-müsəlman qırğınlarında Zəngəzurun dağ kəndlərindən Bakıya çoxlu qaçqın və köçkünlər gəlmişdi. Bu mahal ermənilərin ən yaxın qonşusu olduğundan onların amansız zərbələrinin də ilk obyektinə çevrilmişdi.

Sonra Bakıdan xeyli aralı, Əzizbəyov rayonunda tikilən “Duda zavodunda işə girdi. Bu zavod indiki Binə qəsəbəsində “Azneftin Tikinti və Təmir Tresti tərəfindən inşa edilirdi. Duda Bakıda rezin istehsalı yaratmaq üçün lazım olan əsas xammal idi. Buna görə də hökumət bu zavoda qayğı göstərir, Moskvanın özü onu nəzarətində saxlayırdı.

20 yaşında ali partiya məktəbinin ən gənc dinləyicisi, müəllim və tələbələrin yekdil rəyi ilə məktəb partiya təşkilatının katibi seçilmişdi. 1938-ci ildə Neft-Kimya İnstitutuna daxil olur. Bu, Kamran Hüseynovun bioqrafiyasında dönüş nöqtəsi, onu ucaldan həyat yolunun başlanğıcı olur. Buna qədər iki il Xarkov Tikinti Sənayesi İnstitutunda, bir qədər isə Moskvada oxumuşdu.

Bakı Neft-Kimya İnstitutunda təhsil alan tələbələrin əməkhaqları saxlanılırdı. Bu, böyük bir ailənin əsas dayağı olan bir adam üçün çox əhəmiyyətli idi.

30-cu illərdə SSRİ-də hər beşillikdə 1500-2000 zavod tikilirdi. Bu işləri görməyə möhkəm iradəli, məsuliyyətli tikinti təşkilatçıları lazım idi. Minlərlə zavod, demək olar ki, texnikasız, əsasən əl əməyi ilə tikilirdi. Elə bunun özü də minlərlə adamın, çox zaman tikinti ixtisası olmayan adamların mütəşəkkil yaradıcı qüvvəyə çevrilməsini tələb edirdi. Kamran Hüseynov möhkəm iradəsi, işə fanatik sədaqəti ilə bunu bacarır və yüksək vəzifəli məmurların diqqətini cəlb edirdi. Kamran müəllimin müsbət cəhətlərindən biri bu idi ki, ətrafda qaynayan siyasi kampaniyalarla maraqlanmır, gözə girməməyə, iddiasız görünməyə çalışırdı. Bolşevik partiya aparatında bu, müsbət keyfiyyət sayılırdı.

1940-cı ildə ona mənzil verdilər və Qubadlıdakı uzaq qohumu, əslən seyid nəslindən olan Zeynəb xanımla evləndi. Onun üç qızı və iki oğlu oldu. Kamran müəllim qayğıkeş, səbrli , sadiq ailə başçısı idi. Bütün həyatı boyu ən güclü mənəvi dayaqlarından biri sağlam ailəsi, birsevimli xanımı oldu.

O, Böyük Vətən müharibəsinin ağrı-acısını yaşamış, ön cəbhədə M.C.Bağırovun xüsusi tapşırığını uğurla yerinə yetirib Sumqayıtın inşasına başlayan ilk tikinti trestinin təşkilatçısı və rəhbəri olub. 31 yaşından başlayaraq Sumqayıtın, Bakının ən böyük neft rayonu Binəqədinin, Mingəçevirin, Neftçalanın birinci katibi işləmiş, o yaşda həm də Ali Sovetin deputatı seçilmişdi. Onun həyatında xeyli “ilk”lər var: Sumqayıtın və Mingəçevirin tikintisində ÜİK(b)P MK-nın partiya təşkilatçısı-1-ci katibi, Azərbaycan Həmkarlar İttifaqı Təşkilatının ilk sədri, N.Nərimanov və ulu öndər Heydər Əliyevdən sonra azərbaycanlılardan Moskvada ən yüksək vəzifə sahibi - Ümumittifaq Həmkarlar İttifaqının katibi, dünyanın 30-dan çox ölkəsində sovet nümayəndə heyətinin rəhbəri, 13 il Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Respublika Ticarət-Sənaye Palatasının sədri, 50 ildən çox MK üzvü, RSFSR və Azərbaycan SSR ali sovetlərinin deputatı, Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, Respublika Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü olmuşdu. Tarix elmləri doktoru, müxtəlif dillərdə çap olunmuş 16 kitabın müəllifiydi. “Şöhrət” ordeni ilə təltif olunmuşdu, Prezident təqaüdçüsü idi.

Kamran Hüseynovun Moskvaya həmkarlar ittifaqı xətti ilə işə aparılması ona eyni münasibətin davamı idi. Bu böyük vəzifə olsa da, ölkənin daxili işləri ilə yox, SSRİ-nin dünya ölkələrində yeritdiyi xarici siyasətlə bağlı idi. Bu illər onun özü üçün ən xoşbəxt illər idi. Gərginlik olmadan, xarici səfərlərdə, böyük siyasətçilərlə görüşlərdə keçən o günlər sonradan Kamran müəllimin ən şirin, əlçatmaz xatirələrinə çevrilmişdi. Lakin o bu illəri də zəhmətsiz yaşamadı; əvvəlcə namizədlik, sonra isə doktorluq dissertasiyalarını yazıb müdafiə etdi.

Moskvadakı fəaliyyəti Kamran Hüseynovun diplomatik müdrikliyini və ustalığını, Azərbaycanın sərhədlərini aşan dünya miqyaslı fəaliyyətini üzə çıxardı. O, sovet Həmkarlar İttifaqı nümayəndə heyətinin rəhbəri kimi Çin, İndoneziya, Afrika, Yaponiya, Vyetnam, Hindistan, İran, İtaliya, Türkiyə, Kuba, Mərakeş və bir sıra digər ölkələrə səfərlər etmiş, uğurlu danışıqlar aparmış, bu ölkələrlə münasibətlərin daha da yaxşılaşmasında xidmətlər göstərmişdir.

Əsas olan bu idi ki, Kamran Hüseynov Azərbaycanın yetmiş illik kommunist-sovet tarixində yetişmiş partiya, dövlət və ictimai xadimlər arasında tək-tük ləkəsiz, təmiz ad-sanla ömür sürmüş, həqiqətən vətənsevər, xalqı üçün çalışan şəxs idi.

İndi isə bəzi təfərrüatları ətraflı nəzərə çatdırmaq istərdik. Binəqədiyə təzə birinci katib təyin olunubmuş. Büro iclasına başlamaq istəyəndə yanındakılar deyirlər, bəlkə bir az gözləyək. Niyə?-Bəs “Binəqədinefttrest”in rəisi büro üzvü Nersesyan hələ gəlməyib, o gəlməmiş indiyə qədər heç vaxt iclas başlamayıb. Qalxır, gecikdiyinə görə onu iclasa da buraxmır. Bir az sonra kənar təzyiqlərə baxmayaraq onu işdən uzaqlaşdırır.

Jurnalist Hacı Nərimanoğlu onunla bağlı xatirələrində yazır. “12 il Mingəçevirdə yaşadım, onun bu şəhərdə nə qədər ürəkdən sevildiyinin canlı şahidi oldum, dəfələrlə şəhərin ilk qurucularının onun haqqında xoş xatirələrini eşitdim. Kamran müəllim deyirdi ki, M.C. Bağırov büroda birdən arxa sırada oturmuş K. Hüseynova üz tutub deyir: -Ey Sultan bek, sabahdan Mingəçevirə gedirsən, o şəhəri, SES-i sən tikərsən! Uca boyu, yaraşıqlı, ağbəniz sifəti, rus və Azərbaycan dillərində səlis nitqi ilə dinləyənləri cəlb edən bu gənci görənlər deyirmişlər ki, çox olsa 10-15 gün burda qala biləcək. Çünki hər tərəfi qamışlıq, bataqlıq, ilk sancmadan adamı malyariyaya yoluxdurub o dünyaya göndərən ağcaqanadların meydan suladığı, alman əsirləri, SSRİ-nin hər tərəfindən gəlmiş məhbusların, bir də küyə düşüb gələn komsomolçuların yaşadığı yeraltı baraklarda duruş gətirmək hər oğulun işi deyildi, o ki qala Bakıdakı rahat katib kreslosundan ayrılmış biri ola. Ancaq onun gəlişi ilə tikintidə elə bir canlanma yaranır ki, hətta bir neçə gündən sonra xanımını da bura, yanına gətirir, ona baxıb başqaları da belə edir”.

Kamran müəllim danışırdı ki, M.C.Bağırov neçə dəfə Yesentukidə istirahətini yarımçıq qoyub gəlmişdi, deyirdi tik nə qədər bacarırsan, Ermənistanın büdcəsi qədər pul almışdı Moskvadan bura.

Toxuculuq kombinatı işə salınanda Rusiyadan bura işləməyə vaqon-vaqon qızlar gətirilirdi. K.Hüseynov da əlaltından ətraf rayonlara adamlar salır ki, cavan qızları yığın gətirin burda yataqxanalarda qalıb oxusunlar, işləsinlər, canları kərmə kəsməkdən, pambıqdan qurtarsın, həm də bu şəhər Nataşalara qalmasın. Çox keçmir ki, şəhərə rus axını dayanır, gələnlər də geri qayıdır.

Uzaq dağ rayonu Qubadlıda nə qədər məktəb, uşaq bağçası, mədəniyyət eviklub tikilməsinin təşəbbüsçüsü olmuşdur. On il Qubadlı Rayon Rartiya Komitəsinin katibi işləmiş Məsudə xanım Rüstəmova xatırlayırdı: “ Xatirimə gəlir, bir dəfə Kamran Hüseynov zəng vurdu ki, təcili olaraq Dondarlıda təzə bir məktəbin özülünü tökün, biz onu yarımçıq tikinti kimi növbəti ilin planına salaq. Elə həmin gün məktəbin bünövrəsni qazdırdım. Ertəsi gün qazılmış bünövrəyə beton tökdürdüm. Kamran müəllim dediyi kimi də elədi: növbəti il üçün Dondarlıda məktəb tikintisi plana salındı və biz elə həmin iltikintini başa çatdırdıq”.

1992-1993-cü illərdə sıra ilə rayonlarımız işğal ediləndə yaşının, səhhətinin yol verdiyindən artıq bir narahatçılıq, gərginliklə tez-tez Qubadlı, Zəngilana gəlirdi, camaatı torpaqların müdafiəsinə çağırırdı, büruzə verməsə də, narahatçılığı, üzüntüsü görünürdü. Ömrünün ahıl çağlarında yazdığı, kitablarının əvvəlinə saldığı şeirlərini oxumaq kifayətdi çəkdiklərini görmək üçün.

Kamran Hüseynov respublika hökumətində təhsil, mədəniyyət sahələrinə rəhbərlik etdiyi 13 ildə ziyalıların ən böyük dostlarından olmuşdu. Ona ən böyük dəyəri də təkcə Azərbaycan dövləti yox, həm də elə bu işıqlı düşüncəli ziyalı vermişdi. “Sən öz ədalətin və həqiqətsevərliyinlə, xeyirxahlığın və alicənablığınla, işlədiyin bölgələrdə qurduğun fabrikzavodlarla, mədəniyyət sarayları və xəstəxanalarla, məktəb və uşaq bağçaları ilə özünə abidə ucaltmısan. Sənin bu əməllərin dərin hörmətini qazandığın xalqının yaddaşında əbədi yaşayacaq. Çünki sən xalqının böyük oğlu, Vətənin əsl vətəndaşısan.” (Xalq şairi Bəxtiyar Vahabzadə). 1969-cu ildən Azərbaycana rəhbərliyə gələn, insanları həmişə layiqincə dəyərləndirən ulu öndərimiz Heydər Əliyev gənc yaşlarından tanıdığı Kamran Hüseynovun hörmətini saxlayırdı. Kamran müəllimin 90 illik yubileyində Heydər Əliyev onu “Şöhrət” ordeni ilə təltif etdi. Bu, Kamran Hüseynovun həyatının ən unudulmaz günü oldu. Azərbaycan vətəndaşı isə bir daha əmin oldu ki, ömrünün 70 ilini dövlətə və xalqa sədaqətlə xidmət edən Kamran müəllim xoşbəxt bir insandır. Çünki bu güno, dövlətinin və xalqının yaddaşında unikal bir insan kimi hörmətlə yaşayır.

Belə adamları tanımadan sovet dövrü tarixini anlamaq belə mümkün deyildir. Kim otuzuncu illərdən bəri Azərbaycanın keçdiyi yüksəliş yolunu bilmək, ölkədə işləmiş və talelərə təsir etmiş adamları daha yaxşı tanımaq, şəhər və kəndlərimizin müharibədən sonra yenidən qurulmasının tarixi ilə dəqiq faktlar əsasında tanış olmaq istəyirsə, mütləq Kamran müəllimin “Bir ömrün salnaməsi” (Bakı,1998) və “Quruculuğa həsr olunmuş ömür” (Bakı,2001) kitablarını və Xeybər Göyyallının ona həsr etdiyiKamran Hüseynov” kitablarını vərəqləməlidir...

Bu yazını filologiya elmləri doktoru, professor Nurlana Əliyevanın “Xalq qəzeti”ndə dərc olunmuş bir məqaləsindən aşağıdakı sözlərlə tamamlamaq istərdim: “Kamran Hüseynov həqiqi ağsaqqal və həyat qurucusu idi. Onun min bir çətinliklə qurub-yaratdıqları bu gün şəxsiyyətinə ən yaxşı abidədir. Bu nəcib, yenilməz insanın bioqrafiyası sovet illərində xalqına, onun iqtisadiyyatına və mədəniyyətinə təvazökarlıq və fədakarlıqla xidmət etmiş əqidəli ziyalılarımızın timsalıdır. Ona görə sovet dönəmində hər şeyin və hamının pis olduğunu deyəndə ehtiyatlı olmalıyıq. Həmin dövrlərdə Kamran Hüseynov kimi nəcib, vətənpərvər, mətin, xeyirxah insanlarımız olmuşdurbiz onların qədrini bilməli, həyat təcrübələrini öyrənməli, gələcək nəsillərə çatdırmalıyıq. Sovet dönəmi də, onun dəyərləri də bizim tariximizə məxsusdur, bizim tariximiz isə taleyimizdən ayrılmazdır”.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2013.- 5 sentyabr.- S. 7.