Yeni neft
strategiyası Azərbaycan iqtisadiyyatının müasirləşməsi
üçün təməl olmuşdur
Qədim neft diyarı olan Azərbaycan tarix boyu neft-qaz sənayesinə əvəzsiz töhfələr bəxş etmişdir. Neftin kustar üsulla çıxarıldığı zamanlardan Bakı neftçilərinin fədakar əməyi daim nümunə olmuş, onların neft işinə gətirdiyi mütərəqqi yeniliklər dünya praktikasında geniş tətbiq edilmişdir. Azərbaycana dünya neft sənayesinin beşiyi desək yanılmarıq. Çünki neft ilk dəfə sənaye üsulu ilə bizim ölkədə çıxarılmış, emal olunmuş, tankerlərlə, dəmir yolu və boru kəmərləri ilə nəql edilmiş, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına başlanılmışdır. Bu gün neftçilərimiz peşə bayramları ilə yanaşı, Bakıda sənaye üsulu ilə ilk neft quyusunun qazılmasının 165 illiyini də böyük fəxrlə qeyd edirlər.
XX əsrin sonlarında xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanan və hazırda uğurla həyata keçirilən yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına təkan verdi. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs müstəqil dövlətimizin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatıdır. Azərbaycanda aparılan genişmiqyaslı quruculuq işləri, beynəlxalq aləmdə qazandığımız uğurlar bu müdrik, uzaqgörən konsepsiyanın təntənəsinə ən parlaq misaldır.
1994-cü ildə ulu öndərin təşəbbüsü və gərgin səyi nəticəsində ARDNŞ və dünyanın 11 aparıcı neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında" sazişin imzalanması regionda beynəlxalq enerji əməkdaşlığının bünövrəsini qoydu. “Əsrin müqaviləsi”nin reallaşması təkcə Azərbaycan üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu ölkələri üçün strateji əhəmiyyət daşıyır. Saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açmış, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırmış, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələnın başlanğıcını qoymuşdur. Təsadüfi deyil ki, bu möhtəşəm müqavilənin imzalandığı gün - 20 sentyabr hər il Azərbaycan neftçilərinin peşə bayramı kimi qeyd olunur. Ulu öndər Heydər Əliyevin neftçilərə bəxş etdiyi bu əlamətdar gün ərəfəsində neft-qaz sənayesində əldə olunan uğurlar təhlil edilir, gələcək planlar müzakirə olunur və onların həyata keçirilməsi üçün tədbirlər işlənib hazırlanır.
Yeni neft strategiyası Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsi üçün təməl olmuşdur. Ötən müddətdə genişmiqyaslı islahatlar aparılmış, sənayenin şaxələndirilməsi həyata keçirilmişdir. Hazırda ARDNŞ-in təsisçiliyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdə çoxsaylı törəmə şirkətlər və 13 nümayəndəliyin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. ARDNŞ 15 ölkənin 25 şirkəti ilə imzalanmış 17 hasilatın pay bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. Həmin sazişlər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycan Respublikasının neft-qaz sektoruna ümumilikdə təqribən 47 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur.
Xarici tərəfdaşlarla birgə işlərdə yeni bir mərhələnin başlanğıcını qoymuş “Çıraq” neft layihəsinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. “Əsrin müqaviləsi” çərçivəsində maksimum hasilatın uzunmüddətli dövr üçün saxlanması məqsədinə xidmət edən layihəyə dair sanksiya 2010-cu ilin martında verilmişdir. “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun 1997-ci ildən başlanmış işlənməsinin davamı olan bu layihə çərçivəsində artıq “Qərbi Çıraq” platformasının üst modullarının inşası tamamlanmışdır. Bu ilin iyul ayında Azərbaycanın dövlət başçısı Bibiheybət qəsəbəsindəki tikinti-quraşdırma sahəsində “Qərbi Çıraq” platformasının üst modullarında aparılan işlərlə tanış olmuşdur. Bu gün artıq üst modullar dənizdə dayaq blokunun üzərində quraşdırılmışdır. Modulların montaj və istismar-sınaq işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Tikinti-quraşdırma işlərinə təxminən 4 min nəfər cəlb olunmuşdur ki, bunun da 90 faizə qədərini yerli işçilər təşkil etmişlər. “Qərbi Çıraq” layihəsi “AÇG”-də neft hasilatını sabitləşdirməyə və layların neft verimini maksimuma çatdırmağa imkan yaradacaqdır.
“Əsrin müqaviləsi” üzrə
ilk neftin çıxarıldığı vaxtdan Azərbaycanda
neft hasilatında ciddi yüksəliş əldə
olunmuşdur. 2012-ci ildə
ölkəmizdə 43 milyon 389,8 min ton neft hasil olunmuşdur ki,
bunun da 8 milyon 289,8 min tonu ARDNŞ-in payına
düşmüşdür. Cari ilin 8 ayı ərzində isə
ölkə üzrə neft istehsalı 29,3 milyon ton təşkil etmiş,
bunun 5,5 milyon tonu ARDNŞ-in
müəssisələri tərəfindən hasil
olunmuşdur. “Azneft” İstehsalat Birliyi üzrə
neftçıxarma proqnozu 101,1 faiz yerinə yetirilmiş, əlavə
olaraq 51 min 471 ton neft hasil edilmişdir. Cari ilin sentyabrın 1-nə
olan məlumata əsasən, birlik üzrə qaz hasilatı
proqnozu 103 faiz yerinə yetirilmiş, 4 milyard 461 milyon 935 min
kubmetr qaz istehsal olunmuşdur ki, bu da nəzərdə
tutulandan 131 milyon 415 min kubmetr çoxdur.
Yeri gəlmişkən, hazırda bütün dünyada
“mavi yanacağa” tələbatın artdığı bir
dövrdə qaz hasilatının yüksəldilməsi ARDNŞ-in
qarşısında duran əsas vəzifələrdəndir. 2012-ci ildə ölkə
üzrə qaz hasilatı 26 milyard 908,8 milyon kubmetr olmuşdur
ki, bunun da 6 milyard 924,6 milyon
kubmetri ARDNŞ-in payına düşür. Neft ölkəsi kimi hələ qədim zamanlardan məşhur
olan Azərbaycan 2006-cı ildən etibarən “Şahdəniz”
yatağının uğurla işlənilməsi nəticəsində
artıq alternativ təbii qaz mənbəyi, dünya
bazarında etibarlı qaz ixracatçısı kimi
tanınır. Dünya miqyasında
ən iri dəniz yataqlarından olan “Şahdəniz”in ehtiyatları 1,2 trilyon kubmetr qaz və
240 milyon tondan artıq kondensat həcmində
qiymətləndirilir. 2012-ci ildə yataqdan təxminən 7,8 milyard kubmetr qaz və 2 milyon ton kondensat
çıxarılmışdır. İstismar
dövrünün başlanğıcından 2013-cü il
sentyabrın 1-dək yerli və beynəlxalq bazarlara 44,1 milyard kubmetr qaz, eləcə də 11,5 milyon
ton kondensat ixrac edilmişdir. Hazırda yataqda orta gündəlik
hasilat 27,3
milyon kubmetr qaz və 6,7 ton kondensat həcmindədir. Artıq işlənmənin ikinci mərhələsinə
hazırlıq işləri başa çatmaq üzrədir.
“Şahdəniz-2" layihəsi çərçivəsində
ilkin mərhələdə hasil olunacaq ildə 10 milyard kubmetrədək
təbii qaz “Cənub dəhlizi" vasitəsilə Avropa
bazarlarına nəql ediləcək. Son illərdə
“Abşeron” yatağında “Total” şirkəti ilə birlikdə
aparılan uğurlu kəşfiyyat işləri və
“Ümid” yatağının açılması, burada
hasilatın başlanması ilə ARDNŞ-in əldə
etdiyi uğur Xəzərin Azərbaycan sektorunda potensialın
böyük olduğunu bir daha sübuta yetirmişdir.
İstismarın intensivləşdirilməsi, yeni
quyuların qazılması, təmir-bərpa işləri
aparmaqla köhnə quyuların istismar fonduna daxil edilməsi
istiqamətində də mühüm işlər
görülmüşdür. Sentyabrın 1-nə olan məlumata əsasən,
“Azneft” İB üzrə istismar quyu fondu 9066 ədəd,
işlək fondda olan quyular 6771 ədəd təşkil
etmişdir, 34 quyu isə mənimsəmədədir. İlin əvvəlindən
NQÇİ-lərdə həyata keçirilmiş 3722
geoloji və texniki tədbir nəticəsində 212 min 833 ton əlavə
neft hasil edilmişdir.
Bu ilin 8
ayında ARDNŞ üzrə 107 min 209 metr qazma işi
görülmüşdür ki, bunun da 100 min 896 metri istismara, 6313
metri kəşfiyyata aid olmuşdur. Qazma işlərini
sürətləndirmək, səmərəliliyi artırmaq məqsədilə
ARDNŞ yeni nəsil qazma qurğularının tikintisini qərara
almışdır. Bu ilin iyun ayında “Caspian Drilling
Company Ltd.” və “Keppel Offshore & Marine Ltd.” şirkətləri
arasında Xəzər dənizində 6-cı nəsil
yarımdalma qazma qurğusunun tikintisi üzrə anlaşma əldə
edilmişdir. Əsasən dənizin 1000 metrədək dərinliyində
qazma işlərinin aparılması üçün nəzərdə
tutulmuş bu yeni qurğu Xəzərin ekologiyasının
çirklənmə ehtimalına qarşı dünya
standartlarına uyğun bütün qabaqlayıcı
avadanlıqlarla təmin ediləcəkdir. Qurğunun
tikintisinin 2016-cı ilin sonunadək tamamlanması
planlaşdırılır. Dərinsulu ərazilərdə
axtarış-qazma işlərinin sürətləndirilməsi
məqsədilə ən müasir qazma qurğularının
inşası həyata keçirilir.
Hazırda axtarış-kəşfiyyat işləri də
müvəffəqiyyətlə davam etdirilir. BP ilə imzalanmış
hasilatın pay bölgüsü sazişi çərçivəsində
“Şəfəq-Asiman” yatağında 3
ölçülü seysmik tədqiqat proqramı başa
çatdırılmışdır. Təhlillər
bitdikdən sonra yataqda ilk kəşfiyyat quyusunun
qazılması planlaşdırılır. Almaniyanın RWE şirkəti ilə
“Naxçıvan” perspektiv strukturu üzrə əsas kommersiya
prinsipləri razılaşdırılmışdır. Bu ilin aprel ayında ARDNŞ və “Statoil” şirkəti
arasında “Zəfər-Məşəl” blokunun kəşfiyyatı
və işlənməsinə dair qarşılıqlı
anlaşma memorandumu imzalanmışdır. Mövcud layihələr üzrə görülən
işlər, perspektiv strukturların potensialı nikbin
proqnozlar üçün əsas verir. 2015-ci ildə
ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna
olunmaqla 20 milyard, 2025-ci ilə qədər isə 40 milyard
kubmetrə çatdırmaq üçün real imkanlar var.
Adıçəkilən yataqlardan əlavə “AÇG”-nin dərin
hissəsinin, “Babək”, “Naxçıvan” və digər
strukturların işlənilməsi Azərbaycanda qaz
hasilatını kəskin artırmağa imkan yaradacaqdır.
Neft-qaz hasilatının yüksəldilməsi
haqqında dövlət tapşırığına uyğun
olaraq ARDNŞ-in istismar etdiyi yataqlarda tikinti işləri
sürətləndirilmişdir. Cari ilin 8 ayında təhvil
verilmiş iri obyektlərdən Daşgil - Kənizdağ 500
millmetrlik yüksək təzyiqli qaz xəttini, “Darvin
bankası” yatağında 740 saylı platformanı, “Neft
Daşları”nda mədən-geofizika ekspedisiya bazasını,
2585 və 2150 saylı özülləri, 418A saylı
estakadayanı meydançanı, yeni qaz turbin istilik elektrik
stansiyasını qeyd etmək olar. “Neft
Daşları” və “28 May” NQÇİ-lərini fasiləsiz
elektrik enerjisi ilə təmin etmək üçün
inşa olunmuş 6 bloklu bu stansiyanın ümumi gücü
45 meqavat təşkil edir. İlin sonuna
kimi “Günəşli” yatağında qazlift kompressor
stansiyasının, “Darvin bankası” yatağında daha bir
stasionar dərinlik özülünün təhvili də nəzərdə
tutulur. Tikintisi cari ildə davam etdirilən irimiqyaslı
obyektlərdən “Günəşli” yatağında 7 və
17 saylı, “Neft Daşları”nda 602A, 620A, 1954A, 1541A, 1637A
saylı, “Qərbi Abşeron”da 10, 20 və 54 saylı
özülləri qeyd etmək olar. Yeni
platformalarda ən müasir qazma avadanlığı, vertolyot
meydançası, çirkab və məişət
sularının yığılması üçün
xüsusi çənlər,
avtomatlaşdırılmış idarəetmə sistemi,
qazqızdırıcı qurğu, yanğından mühafizə
sistemi, eləcə də avtomatlaşdırılmış
qazpaylayıcı qurğu və digər zəruri
avadanlıqlar quraşdırılır. Ətraf
mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun
şəkildə təmin edilir.
Ölkədə hasil olunan neftin və qazın dünya
bazarlarına çıxarılması məqsədilə
şaxələndirilmiş boru kəmərləri sisteminin
yaradılması və müvəffəqiyyətlə istismar
olunması Azərbaycan neft sənayesinin şəksiz
üstünlüklərindəndir. Bütün Avrasiya
regionunun analoji mühəndis qurğuları arasında
unikallığı ilə seçilən Bakı-Tbilisi-Ceyhan
əsas ixrac neft kəməri dünya enerji təhlükəsizliyinin
əsas elmentlərindən biridir. Ötən 8 ayda kəmərlə
20 milyon 220 min tondan çox neft ixrac edilmişdir.
Bütövlükdə isə kəmər istifadəyə
verilən gündən 2013-cü il sentyabr ayının 1-nə
qədər BTC-yə 225 milyon 671 min 819 ton neft vurulmuş,
Ceyhan limanından 223 milyon 564 min 270 ton Azərbaycan nefti
dünya bazarlarına yola salınmışdır. BTC Xəzər hövzəsinin digər ölkələrində
də hasil olunan neft həcmlərinin nəqlində də
mühüm rol oynayır. Belə ki, indiyədək bu kəmər
vasitəsilə 8,6 milyon ton Türkmənistan
nefti nəql olunmuşdur. Sevindirici haldır ki,
son vaxtlar Qazaxıstan və Rusiya şirkətlərinin də
BTC-yə marağı artmaqdadır.
Azərbaycan qazının uzunmüddətli sazişlər
əsasında Avropa Birliyi ölkələrinə tədarük
olunması üçün mühüm addımlar
atılmışdır. “Şahdəniz-2" layihəsi çərçivəsində
hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi
Avropadakı istehlakçılara çatdırılması
üçün konsorsium tərəfindən Trans-Adriatik Boru
Kəmərinin (TAP) seçilməsini ilin mühüm hadisələrindən
hesab etmək olar. Qeyd etmək
lazımdır ki, TAP layihəsi çərçivəsində
Avropa bazarlarına ildə 16 milyard kubmetrdən çox Azərbaycan
qazı daşınacaqdır. Artıq ARDNŞ, BP və
“Statoil” bu layihədə 20 faiz, “Total” isə 10 faiz paya sahib
olmuş və “TAP AG” şirkətinin digər səhmdarları
ilə alqı-satqı müqaviləsi
imzalanmışdır.
Azərbaycan
və Türkiyə arasında TANAP—Transanadolu qaz kəmərinin
inşasına dair ikitərəfli sənədlərin
imzalanması da bu istiqamətdə atılmış mühüm
addımlardandır. Hökumətlərarası
saziş artıq hər iki ölkənin parlamenti tərəfindən
ratifikasiya olunmuşdur. Azərbaycan və Türkiyənin dövlət və hökumət
başçılarının birgə təşəbbüsü
və siyasi qətiyyəti nəticəsində qısa bir
müddətdə beynəlxalq birliyin enerji gündəmində
özünə möhkəm yer tutmuş TANAP layihəsi nəinki
iki qardaş ölkə arasında strateji əməkdaşlığı
yeni səviyyəyə qaldırmış, eyni zamanda,
Avropanın enerji təhlükəsizliyi məsələsinin
praktiki həllinə mühüm təkan vermişdir. Kəmərin ilkin ötürücülük
qabiliyyəti ildə 16 milyard kubmetr həcmində planlaşdırılır,
gələcəkdə isə bu göstəricinin 31 milyard
kubmetrə çatdırılması gözlənilir.
Belə ki, növbəti mərhələlərdə Azərbaycanın
digər yataq və strukturlarından (“Ümid”, “Abşeron”,
“Babək”, “Naxçıvan” və s. ) hasil ediləcək
qazın da TANAP kəməri vasitəsilə ixracı nəzərdə
tutulur. Layihədə ARDNŞ 80 faiz, Türkiyənin
BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20
faiz paya malikdir. “Şahdəniz-2" layihəsi üzrə
tərəfdaşlarımız da TANAP-a qoşulmaq niyyətindədirlər. Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi
və TANAP layihəsinin həyata keçirilməsi
Avropanın enerji təhlükəsizliyində ölkəmizin
rolunu yüksəltməyə böyük imkan yaradacaq.
Azərbaycanın təbii qaza olan tələbatının
davamlı təminatı və ixrac imkanlarının
genişləndirilməsi məqsədilə ARDNŞ
qarşısında yeraltı qaz anbarlarının aktiv
tutumunun artırılmasına dair qoyulmuş vəzifə təxirə
salınmadan və yüksək keyfiyyətlə yerinə
yetirilir. Qısa müddət
ərzində Qaradağ və Qalmazdakı yeraltı qaz
anbarlarının aktiv tutumu genişləndirilmiş və
ötən il 3,3 milyard kubmetrə
çatdırılmışdır. Yeni quyular
qazılması hesabına yeraltı anbarların aktiv qaz həcminin
5 milyard kubmetrə qədər çatdırılmasını planlaşdırırıq.
“Azəriqaz” İB tərəfindən əhali və digər
istehlakçıların “mavi yanacaq”la təmin olunması,
yaşayış məntəqələrinin
qazlaşdırılması və qaz təminatının bərpası,
təchizat şəbəkəsinin əsaslı təmiri
üzrə qazanılan nailiyyətlər ilbəil artır. Bu istiqamətdə
görülən işlər ölkənin qaz təsərrüfatının
dinamik inkişafına yol açır. Təkcə cari ilin 8 ayı ərzində
113 yaşayış məntəqəsinə təbii qaz
verilmiş, ölkə üzrə 90270, o cümlədən
Bakı şəhərində 20529,
regionlarda 69741 əhali abonenti təbii qazla təmin
olunmuşdur. Sentyabrın 1-nə olan məlumata görə,
ölkə üzrə abonentlərin ümumi sayı 1 milyon
569 min 860-a çatmışdır. Son illər 6361 kilometrlik
yeni qaz kəmərləri çəkilmiş, 987,8 kilometr uzunluğunda kəmərlərdə
isə əsaslı təmir aparılmışdır.
Ümumilikdə, 2009-2013-cü illər ərzində 22518,7 kilometr uzunluğunda yeni qaz kəmərləri
quraşdırılmış, 6941,7 kilometrlik qaz kəmərləri
isə əsaslı təmir edilmişdir.
Azərbaycan bu gün dünya bazarında təkcə
neft və qazın deyil, həm də neft məhsullarının
ixracatçısı kimi tanınır. ARDNŞ-in emal kompleksinə
aid neftayırma zavodlarının - bu yaxınlarda 60 illik
yubileyini qeyd etdiyimiz Heydər Əliyev adına
Bakı Neft Emalı Zavodu və “Azərneftyağ” zavodunun əməkçiləri,
həmişə olduğu kimi, xam neftdən səmərəli
istifadə etməklə mühərrik yanacaqlarının
istehsalının artırılması və keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində
uğurla işləmişlər. Zavodlarda emal
olunmuş neftin həcmi ötən ilin müvafiq dövrü
ilə müqayisədə 167 min ton artmışdır.
Neftayırma zavodlarında, eləcə də “Azərikimya”
İB-də əldə olunmuş yüksək istehsalat
göstəricilərinin qorunub saxlanması və məhsulların
keyfiyyətinin Avropa standartlarına
uyğunlaşdırılması məqsədilə texnoloji
proseslərin yeniləşdirilməsi, təkmilləşdirilməsi
və optimallaşdırılması, xüsusilə də ekoloji
səmərəliliyinin artırılması istiqamətində
mütəmadi olaraq kompleks işlər aparılır.
Son illər ölkəmizdə həyata
keçirilən inkişaf və tərəqqi strategiyası
çərçivəsində enerji sektorunda
qazanılmış nailiyyətlərin məntiqi davamı
olaraq bu gün qarşımızda qoyulmuş əsas məqsədlərdən
biri rəqabətədavamlı, müasir standartlara cavab verən
məhsullar istehsal edə biləcək yeni neft-qaz emalı və
neft-kimya kompleksinin
inşa edilib istismara verilməsidir. Bu kompleksdə qaz emalı, neft emalı və
neft-kimya zavodlarının,
enerji blokunun və 40-a yaxın texnoloji qurğunun fəaliyyəti
nəzərdə tutulur.
Daha bir
mühüm layihə
Sumqayıtda yaradılacaq Kimya Sənaye
Parkıdır. Azərbaycan iqtisadiyyatının, xüsusən
sənayenin özəl sektorunun inkişafında mühüm
rol oynayacaq bu parkda
“Azərikimya” İB-də istehsal olunan məhsullardan
müxtəlif çeşidli yekun istehlak mallarının
hazırlanması nəzərdə tutulur.
Ölkəmizdə həyata keçirilən nəhəng
layihələrdən biri də Dövlət Neft Şirkəti
və onun xarici tərəfdaşları tərəfindən
Bakıda Xəzər dənizi hövzəsində analoqu
olmayan yeni gəmiqayırma zavodunun inşa edilməsidir. Zavod və burada istehsal olunmuş birinci gəmi
istismara tam hazırdır. Müəssisənin istehsal
gücü ildə 25 min ton metal konstruksiya təşkil edir.
Zavod hər il 15 min ton yükqaldırma qabiliyyətinə
malik 4 ədəd tanker, 4 ədəd yedək-təchizat gəmisi
istehsal etmək, həmçinin 80-100 ədəd müxtəlif
təyinatlı gəmini təmir etmək imkanına malikdir.
Regionda ilk belə zavodun istismara verilməsi Xəzər hövzəsində
genişmiqyaslı kəşfiyyat, qazma, tikinti və təmir
işləri aparmağa qadir ixtisaslaşmış Xəzər
Dəniz Neft Donanmasının gəmi parkının yenilənməsində,
Xəzər Dəniz Gəmiçiliyinin, Azərbaycanın
digər dövlət qurumlarının, habelə hövzə
ölkələrinin müasir tanker və gəmilərlə
təmin olunmasında mühüm əhəmiyyət kəsb
edəcəkdir.
Güclü, modern, çevik və rəqabətədavamlı
beynəlxalq qurum kimi fəaliyyətini daim genişləndirən
ARDNŞ bu gün böyük enerji və biznes imkanlarına
malik beynəlxalq şirkətlər sırasına daxil olaraq
dünya enerji sektorunda özünə layiqli yer tutmuşdur. Şirkətimiz bu gün
Türkiyə Respublikasının neft-kimya sənayesinin
aparıcı qüvvəsi olan “Petkim Petrokimya Holdinq A.Ş.”-nin səhmlərinin əhəmiyyətli hissəsinə
(70 faiz) nəzarət edir, onun idarəçiliyini uğurla həyata
keçirir. Holdinq 2013-cü ilin birinci
yarısını müvəffəqiyyətlə başa
vurmuşdur. İstehsal olunmuş neft-kimya məhsullarının
ümumi həcmi 1 milyon 393,8 min ton təşkil
etmişdir. Hazırda ARDNŞ-in “SOCAR Turkey
Enerji A.Ş.” şirkəti tərəfindən idarə olunan
“Petkim” Türkiyənin termoplastik məhsullar bazarının tələbatının
25 faizini ödəyir. Şirkətimiz yeni
investisiyalar hesabına 2023-cü ilədək bu rəqəmi
40 faizə qaldırmağı planlaşdırır. Bu
isə mövcud 3,2 milyon tonluq istehsal
potensialını təxminən iki dəfə artıraraq 6
milyon tona çatdırmaq deməkdir.
Gürcüstandakı investisiya layihələrimiz də
özünü doğrultmuşdur. ARDNŞ-in neft və neft məhsullarının
dünya bazarına çıxarılmasında əhəmiyyətli
rola malik Kulevi Qara dəniz terminalı 2008-ci ildən uğurla fəaliyyət
göstərir. Terminalın işi qısa müddətdə
regionun bir çox şirkətlərinin diqqətini cəlb
etmişdir. Xatırladım ki, burada
hazırda Azərbaycan və Mərkəzi Asiya mənşəli
neft məhsullarının Avropaya ixracı təmin edilir.
Ötən il Kulevi terminalında propilenin qəbulu və
yüklənməsi üzrə yeni bir kompleks tikilərək istismara
verilmişdir.
ARDNŞ Ukrayna və Rumıniyanın pərakəndə
yanacaq satışı bazarlarına da inamla daxil olmuşdur. 2009-cu ildən
fəaliyyət göstərən “SOCAR Energy Ukraine” MMC-nin əsas
fəaliyyəti yanacaqdoldurma məntəqələri şəbəkəsini
inkişaf etdirmək, benzin və digər neft məhsullarının
topdansatışını həyata keçirməkdir.
Hazırda Kiyev, Lvov, Odessa və Xarkov şəhərlərində
MMC-nin 4 neft bazası və 37 yanacaqdoldurma məntəqəsi
istismardadır. Ən qısa zamanda daha 10 məntəqənin
istifadəyə verilməsi planlaşdırılır.
Rumıniya ərazisində neft məhsullarının
alqı-satqısının təşkili və beynəlxalq
standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata
keçirilməsi məqsədilə 2011-ci ildə təsis
edilmiş “SOCAR PETROLEUM SA” şirkəti isə ona məxsus
olan iki neft bazası və 16 yanacaqdoldurma məntəqəsi
vasitəsilə əhalini Avropa standartlarına uyğun “Euro
Dizel 95”, “Super Euro Dizel 98”, “Benzin 95” və ”Benzin
98” tipli neft məhsulları və qaz yanacaqları ilə təmin
edir. 5 ildir ki, Avropanın mərkəzində - İsveçrədə
Azərbaycana məxsus neft və neft məhsullarının son
istehlakçılara birbaşa satışını təmin
edən “SOCAR Trading” şirkəti “Azeri Light” markalı neftin
bazarlanması və rəqabət qabiliyyətinin yüksəldilməsi
kimi olduqca mühüm vəzifənin öhdəsindən
layiqincə gəlir. Azərbaycanın tarixində ilk treyder
şirkəti olan bu müəssisə böyük beynəlxalq
nüfuz qazanmış, fəaliyyət dairəsini genişləndirmiş,
Cenevrə, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri,
Nigeriya, Vyetnam, Moskva və Qahirədəki ofisləri vasitəsilə
dünya xam neft və neft məhsulları bazarında
özünə mühüm yer tutmuşdur.
Cəmiyyət
qarşısında sosial məsuliyyətini dərindən dərk
edən ARDNŞ ölkənin ictimai həyatında fəal
iştirak edir, respublikamızda həyata keçirilən
mühüm sosial-iqtisadi layihələrə layiqli töhfələr
verir. Hər il şirkətimizin maliyyə vəsaiti
hesabına ölkənin müxtəlif rayon və kəndlərində
əhalinin rifahının gücləndirilməsi məqsədilə
inşa olunan yeni məktəblər, kitabxanalar, xəstəxana və tibb məntəqələri,
idman qurğuları, istirahət obyektləri, körpülər,
park və xiyabanlar neftdən əldə olunan gəlirlərin
sosial infrastrukturun bərpasına yönəldildiyini sübut
edir.
Neftçilərin sosial-məişət məsələləri
də daim diqqət mərkəzindədir. Prioritet istiqamətlərdən
biri neftçilərin mənzil probleminin həllidir.
ARDNŞ üzrə hazırda 5022 nəfər işçi mənzil
qeydiyyatındadır ki, onların da 4528 nəfəri Bakı
şəhərini əhatə edir. Növbədə
olan əməkdaşların qısa müddətdə
yaşayış sahəsi ilə təmin edilməsi məqsədilə
2009-cu ildə “Neftçi” Mənzil Tikinti Kooperativi təsis
edilmişdir. 2009-2013-cü illərdə
1017 neftçi ailəsi, o cümlədən ARDNŞ-in Təqaüd
Proqramının 69 məzunu mənzillə təmin
olunmuşdur.
Ölkəmizdə
ətraf mühit və ekoloji tarazlığın qorunması
ilə bağlı həyata keçirilən
genişmiqyaslı dövlət proqramları çərçivəsində
neft-qaz yataqlarının işlənməsi, istismarı və
emal zamanı ətraf mühitin qorunması, sağlam ekoloji
mühitin yaradılması, təbii sərvətlərdən
düzgün istifadə olunması məsələlərini daim diqqət mərkəzində
saxlayan ARDNŞ-də işlənib hazırlanmış
xüsusi strateji planlar hazırda uğurla həyata
keçirilir. Bundan əlavə, neftlə çirklənmiş
torpaqların təmizlənməsi, lay sularının idarə
olunması, neft şlamı təmizləyici qurğuların
və dəniz suyunun şirinləşdirilməsi
üçün qurğuların quraşdırılması,
səmt qazlarının idarə olunması, tullantı mərkəzinin
yenidən qurulması, yaşıllaşdırma işlərinin
aparılması sahəsində mühüm işlər
görülür. 2013-cü ildə neftlə
çirklənmiş 1300 hektardan çox ərazi rekultivasiya
edilmişdir.
Bu gün
ARDNŞ-in müasir tipli bir şirkət olaraq ölkə
daxilində və xaricdə həyata keçirdiyi layihələrin
uğur qazanması üçün müasir biliklərə
yiyələnmiş gənc kadrlara böyük ehtiyacı var.
Azərbaycan Respublikası Prezidentinin
tapşırığına əsasən, şirkətin kadr
potensialının müasir tələblərə
uyğunlaşdırılması məqsədilə
çoxşaxəli kadr hazırlığı proqramı
müvəffəqiyyətlə icra olunur. Gənc
nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil
alması, peşəkar kadrlar hazırlanması istiqamətində
təqaüd proqramları həyata keçirilir. 2012-ci
ildə şirkətin maliyyə vəsaiti hesabına
Böyük Britaniya, Fransa və Almaniyanın nüfuzlu
universitetlərində oxuyan 24 məzun təhsilini müvəffəqiyyətlə
başa vurmuş və ARDNŞ-in müxtəlif struktur
bölmələrinə təyinat almışlar. ARDNŞ bundan sonra da dövlətin dəstəklədiyi
prioritet fəaliyyət istiqamətləri olan elm və təhsilin
inkişafına diqqətini davam etdirəcək və neft
kapitalının insan kapitalına çevrilməsi üzrə
səylərini artıracaqdır.
Son illər
ölkəmizdə gedən davamlı inkişaf prosesləri,
sürətli iqtisadi artım, əhalinin maddi rifahının
günbəgün daha da yaxşılaşması bir daha
sübut edir ki, xalqımızın ümumilli lideri Heydər
Əliyevin inkişaf və tərəqqi konsepsiyası və
onun nüvəsini təşkil edən yeni neft strategiyası
uğurla həyata keçirilir. Azərbaycanın
165 illik zəngin tarixə və şanlı ənənələrə
malik neft-qaz sənayesi əməkçiləri bu gün də
öz sələfləri kimi xalqımıza ləyaqətlə
xidmət edir, ölkənin sosial-iqtisadi, elmi-mədəni
yüksəlişinə mühüm töhfələr verirlər.
Xalqımızı əmin edirik ki, neftçilər
bundan sonra da Azərbaycan cəmiyyətinin avanqard qüvvəsi
olaraq Vətənimizin tərəqqisi və işıqlı
gələcəyi naminə əzmlə
çalışacaqlar.
Rövnəq
ABDULLAYEV,
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Xalq qəzeti.- 2013.- 20 sentyabr.- S. 3.