Qaz təsərrüfatı işçiləri bayramı böyük uğurlarla qarşılayırlar

 

Ölkənin qaz təsərrüfatı işçiləri də “Neftçilər Günü və “Əsrin müqaviləsi”nin imzalanmasının 19-cu ildönümünü uğurlu göstəricilərlə, bayram əhval-ruhiyyəsi ilə qeyd edirlər. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və  “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı mühüm işlər görən  Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi cari ilin ötən dövründə də bu istiqamətdə bir sıra nailiyyətlər qazanmışdır.

Əhalinin və digər istehlakçıların “mavi yanacaqla normal və təhlükəsiz  təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri istiqamətində əldə edilmiş uğurlar isə, heç şübhəsiz, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının məntiqi nəticəsidir.

“Azəriqaz” İB-nin Dövlət Neft Şirkətinin tərkibinə daxil olmasından ötən dövr əzrində ölkədə qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlər xeyli sürətlənmiş və miqyası genişlənmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki,  cari ilin 7 ayı ərzində ölkə üzrə 113 yaşayış məntəqəsinin qazlaşdırılması başa çatdırılmış, 82 min 577 yeni əhali abonenti təbii qazla təmin olunmuşdur. Bütövlükdə isə 2009-2013-cü illərdə ölkədə 398 min 101 yeni əhali abonenti təbii qazla təmin olunmuşdur. Həyata keçirilmiş tədbirlər nəticəsində 2013-cü il avqustun 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 561 min 750-yə çatmışdır. Həmin abonentlərin 679 min 440-ı Bakı şəhəri, 882 min 310-u isə regionların payına düşür.

Şəbəkənin qaz nəqletmə imkanlarının artırılması, yaşayış məntəqələrinin qazlaşdırılması üçün 2009-2013-cü illərdə 21825,4 kilometr yeni qaz kəməri quraşdırılmışdır ki, bunun da 5667,7 kilometri cari ilin ötən dövrünün payına düşür. Bundan əlavə, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 2009-2013-cü illərdə 6907,6 kilometr qaz kəməri, eləcə də 13 qazpaylayıcı stansiya və tənzimləyici məntəqə qurulmuş, 40-ı isə əsaslı təmir olunmuşdur.

Məlum olduğu kimi, “Azəriqaz” İB-nin qarşısında duran əsas vəzifələrdən biri də istehlakçılara fasiləsiz və normal rejimdə təbii qazın verilməsi, həmçinin istehlak olunan qazın dəyərinin  tam həcmdə və vaxtında ödənilməsinə nail olmaqdan ibarətdir. Bu istiqamətdə görülən məqsədyönlü işlər yığım səviyyəsinin yaxşılaşdırılması və istehlak olunan qazın dəyərinin tam ödənilməsinə imkan yaratmışdır. Belə ki, cari ilin 7 ayı ərzində əhali sektoru üzrə 135 milyon 674,40 min manat (101,94 faiz) vəsait toplanmışdır.

2009-cu ildən ötən dövr ərzində əhali abonentlərinin mənzillərində 1 milyon 372 min 667 ədəd qaz sayğacı, o cümlədən 723 min 533 ədəd “smart-karttipli sayğac quraşdırılmış və ya dəyişdirilmişdir. Yeri gəlmişkən, “smart-karttipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemlərin qarşısını almaq məqsədilə əsaslı yeniliklər tətbiq edilmişdir.  Kütləvi ödənişlərin artması səbəbindən cari ilin mart ayından etibarən yenilənmiş proqram təminatının tətbiqinə başlanmışdır. Bu da öz növbəsində təxminən 1 milyon abonentə keyfiyyətli xidmət göstərməyə imkan verəcəkdir.

Qaz istismar sahələrinin daxili imkanları hesabına  görülmüş məqsədyönlü işlər də öz müsbət nəticəsini göstərməkdədir. Belə ki, 2013-cü ilin yanvar-iyul ayları ərzində adı çəkilən sahələr tərəfindən daxili imkanlar hesabına 246070 paqonometr, o cümlədən Bakı, Sumqayıt və Abşeron qaz istismar sahələri üzrə 61586 paqonometr, regionlar üzrə isə 184484 paqonometr müxtəlif diametrli yeni qaz xətləri çəkilərək istismara verilmişdir. Eyni zamanda, qaz şəbəkələri üzərində 956 ədəd qaztənzimləyici və 638 ədəd siyirtmə quraşdırılmışdır.

İstehsalat birliyi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə qaz istismar idarələri üzrə təbii qaz itkisi 5,5 faiz, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 10,6 faiz azalmışdır. Yeri gəlmişkən, texnoloji qaz itkilərinin azaldılması üçün görülən tədbirlərin də müsbət nəticələri getdikcə hiss olunur. Belə ki, “Azəriqaz” İB-nin qəbul-təhvil nöqtələrində yerləşən ölçü qovşaqları uzun müddət istismarda olduğunormativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi üçün yenidən qurulur. Qeyd edək ki, bu ölçü qovşaqları vasitəsilə rayon qaz istismarı sahələri, müəssisə və təşkilatlar qazla təmin olunur. Ölçü qovşaqlarından keçən qazın sərfiyyatını müəyyən etmək üçün sərfölçmə cihazlarından və elektron tipli sayğaclardan istifadə olunur.

2013-2014-cü illərin payız-qış mövsümündə istehsalatın ahəngdar işləməsini və istehlakçıların fasiləsiz təbii qaz təchizatını təmin etmək məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xüsusi tədbirlər proqramı işlənib hazırlanmışdır. Buna uyğun olaraq yerlərdə işlərin icrası mərhələlərlə həyata keçirilir.

Son illər layihə-smeta sənədlərinin ekspertizası, razılaşdırılması və texniki şərtlərin hazırlanması ilə bağlı işlərə də diqqət xeyli  artırılmışdır. Bunun nəticəsidir ki, təkcə 2013-cü ilin  7 ayı ərzində fizikihüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 2484 ədəd, texniki şərt verilmişdir. Birliyin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, eləcə də yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 515, iyul ayında isə 49 texniki şərt, texniki tapşırıq və layihə tapşırıqları hazırlanmışdır. Bundan əlavə, cari ilin yanvar-iyul aylarında “Azəriqaz” İB-nin layihə-konstruktor bürosu tərəfindən 3111 layihə-smeta sənədi hazırlanaraq birliyə və digər sifarişçilərə təhvil verilmişdir.

Birlikdə əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunması, işçilərin sağlamlığının qorunması, ekoloji qanunvericiliyə əməl edilməsi və beynəlxalq standartların tətbiq edilməsi istiqamətində də bir sıra mühüm işlər görülmüşdür.  Bütün bunlar isə qaz təsərrüfatı işçilərini daha yüksək nailiyyətlərə ruhlandırır.

 

Xalq qəzeti.- 2013.- 20 sentyabr.- S. 4.