Bu gün
ölkə neftçilərinin peşə bayramıdır!
Dövlət
qayğısı neftçiləri yeni
nailiyyətlərə ruhlandırır
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il avqust ayının 16-da “Neftçilər Günü” peşə bayramının təsis edilməsi haqqında imzaladığı tarixi fərman, eləcə də son illər neft sənayesindəki fədakar əməklərinə görə fərqlənənlərin orden, medal və fəxri adlarla təltif olunması bu şərəfli peşə sahiblərinə göstərilən yüksək dövlət qayğısının parlaq təzahürüdür.
Dövlətin göstərdiyi yüksək etimadı layiqincə doğruldan bu çətin və şərəfli peşə sahibləri, hər il olduğu kimi, builki bayramı da yüksək nailiyyətlərlə, uğurlu iqtisadi göstəricilərlə qarşılayırlar. Sevindirici haldır ki, artıq “Neftçilər Günü” ölkəmizdə əsl ümumxalq bayramına çevrilmişdir. Bu da, heç şübhəsiz, neft sənayesinə, neftçi peşəsinə olan hörmət və ehtiramdan irəli gəlir.
“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin kollektivi builki peşə bayramını yüksək əmək nailiyyətləri, xoş ovqatla qarşılayır. Xatırladaq ki, hazırda “Qərbi Abşeron”, “Abşeron”, “Darvin bankəsi”, “Pirallahı” və “Gürgan” yataqlarının istismarını həyata keçirən Pirallahı neftçiləri son illər neft və qaz hasilatına dair proqnoz tapşırıqlarını artıqlaması ilə yerinə yetirirlər. Hərtərəfli dövlət qayğısından ruhlanan “qara qızıl” ustaları 2013-cü ilin ötən dövründə də yüksək nailiyyətlərə, uğurlu iqtisadi göstəricilərə imza atmışlar. Belə ki, ilin əvvəlindən uğurlu start götürən “Abşeronneft” NQÇİ-nin kollektivi ötən yeddi ayda 121 min 975 ton əvəzinə 138 min 951 ton neft hasil edərək proqnoz tapşırığını 113,9 faiz yerinə yetirmişdir. Bu isə ötən ilin müvafiq dövründəkindən 21 min 240 ton və ya 18 faiz çoxdur. Bundan əlavə, neftçilər ilin əvvəlindən 119 min 826 ton “qara qızıl” təhvil verərək plana 114,4 faiz əməl etmişlər. İdarənin qaz hasilatı və təhvili üzrə əldə etdiyi göstəricilər də uğurludur. Belə ki, yanvar-iyul ayları ərzində Pirallahı neftçiləri 25 milyon 720 min kubmetr əvəzinə 26 milyon 413 min kubmetr qaz hasil etmişlər ki, bu da proqnoz tapşırığının 102,7 faiz yerinə yetirilməsi deməkdir. Yeri gəlmişkən, Pirallahı adasının 16 minlik əhalisinin, eləcə də buradakı sosial obyektlərin “mavi yanacağa”olan tələbatı məhz “Abşeronneft” NQÇİ tərəfindən istehsal edilən təbii qaz hesabına ödənilir. Cari ilin yeddi ayı ərzində idarə üzrə 16 milyon 835,7 min kubmetrdən artıq “mavi yanacaq” təhvil verilmişdir ki, bu da nəzərdə tutulduğundan 695,7 min kubmetr çox və ya plana 104,3 faiz əməl olunması deməkdir.
Neft hasilatının artırılması üçün bütün imkanları səfərbər edən “Abşeronneft” NQÇİ-də hesab edirlər ki, əldə olunmuş bu uğurların başlıca səbəbi ölkənin neft sənayesinə, neftçilərə göstərilən dövlət qayğısının məntiqi nəticəsidir. İdarənin rəisi Şahmar Hüseynov dedi: - Son illər Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyi rəhbərliklərinin diqqət və qayğısından ruhlanan kollektivimiz buna əməli işlə cavab verməyə çalışır. Neftçilərimiz bir sadə həqiqəti də dərk edirlər ki, ölkəmizin iqtisadi qüdrətinin ilbəil artması, xalqımızın rifah halının anbaan yaxşılaşması həm də onların fədakar əməyindən çox asılıdır. Onu da qeyd etmək istəyirəm ki, qayğı və diqqət sayəsində idarəmizdə texniki-təşkilati tədbirlərin sayı getdikcə artırılır. Neft və qaz hasilatı üzrə proqnoz tapşırıqlarının artıqlaması ilə yerinə yetirilməsinin əsas səbəblərindən biri isə, heç şübhəsiz, istismar fonduna daxil olan quyuların hər birinin imkanlarının diqqətlə öyrənilməsi, işlək fondun təzələnməsi üçün məqsədyönlü tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi ilə bağlıdır. Hazırda idarəmizin ümumi istismar fonduna 526 quyu daxildir. Həmin quyulardan 466-si işlək fonda aiddir ki, bu da ümumi istismar fondunun 88,6 faizini təşkil edir.
Müəyyən səbəblər üzündən istismarı dayandırılmış quyulardan isə daha məhsuldar hesab olunanların bərpa edilərək yenidən işlək fonda qaytarılması üçün lazımi tədbirlər görürük. Cari ilin ötən dövründə fəaliyyətsiz fondda olan 22 quyu təmir edilərək yenidən istismara daxil edilmişdir ki, bu da nəzərdə tutulduğundan 13 quyu çoxdur. Həmin quyulardan isə 5034 ton əlavə neft alınmışdır. Bu istiqamətdə səylərimizi getdikcə artırırıq. Təkcə onu deyə bilərəm ki, hazırda idarə üzrə 12 neft və bir qaz quyusu mənimsəmə prosesindədir...
Yeri gəlmişkən, idarənin istismar etdiyi yataqlar ehtiyatlarla zəngin olduğundan son illər qazma işləri xeyli intensivləşmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2013-cü ilin yeddi ayında qazmadan 15 quyu alınmışdır ki, bunlardan da 7740 ton neft çıxarılmışdır. İdarə üzrə neft və qaz hasilatının sabit saxlanılması məqsədilə geoloji-texniki tədbirlərin, eləcə də cari və əsaslı təmir işlərinin vaxtlı-vaxtında aparılmasına da diqqət getdikcə artırılır. Cari ilin yanvar-iyul ayları ərzində 55 quyuda aparılmış geoloji tədbirlər hesabına 3972 ton əlavə neft çıxarılmışdır. Bundan əlavə, hesabat dövründə həyata keçirilmiş texniki tədbirlər də yüksək iqtisadi səmərə ilə müşayiət olunmuşdur. Belə ki, istismar quyularında aparılmış 648 texniki tədbir 3489 ton əlavə neft hasilatına imkan yaratmışdır. İdarənin istismar etdiyi yataqlar üzrə işlək quyuların sabit və ahəngdar rejimdə işləməsini təmin etmək məqsədilə təmir briqadaları da yüksək əzmkarlıq nümayiş etdirmişlər. Belə ki, ilin ötən dövründə onların səyi ilə quyularda 935 əvəzinə 1382 yeraltı təmir işi aparılmışdır. İdarənin əsaslı təmir briqadaları tərəfindən həyata keçirilmiş 146 əsaslı təmir işi də yüksək səmərə vermiş, nəticədə 7638,3 ton əlavə neft hasil edilmişdir.
Göründüyü kimi, 20 sentyabr
– “Neftçilər Günü”nü yüksək bayram əhval-ruhiyyəsi
ilə qeyd edən Pirallahı neftçiləri
ili də uğurlu
göstəricilərlə başa
çatdırmaq üçün bütün imkanları səfərbər etmişlər.
Xalq qəzeti.- 2013.- 20 sentyabr.- S.
4.