“Binəqədi
sahibkarları” İctimai Birliyinin
təqdimatı olmuşdur
Binəqədi rayonunda “Binəqədi sahibkarları” İctimai Birliyin təqdimatı keçirilmişdir. Tədbirdə 100-ə yaxın sahibkar iştirak etmişdir.
Təqdimat mərasimini giriş sözü ilə açan “Binəqədi sahibkarları” İctimai Birliyinin sədri Yusif Ağayev bildirmişdir ki, təşkilatın yaradılmasında əsas məqsəd bu rayonda sahibkarlığın inkişafının sürətləndirilməsi, sahibkarlıq subyektləri arasında əlaqələrin qurulması, koordinasiya edilməsi, rayonda işgüzar mühitin daha da yaxşılaşması, məşğulluğun artırılmasına töhfə verilməsi və bu sahədə problemlərin həllinə yardım göstərilməsidir.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov dövlətin sahibkarlara dəstək və qayğısından danışmış, Azərbaycanda sahibkarlığın sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. X.İsgəndərov ictimai birliyin gələcək fəaliyyətinə uğurlar arzulayaraq rayon icra hakimiyyətinin Binəqədi sahibkarlarına səlahiyyət çərçivəsində hər cür dəstək verilməsinə hazır olduğunu vurğulamışdır.
Təqdimat mərasimində çıxış edən sahibkarlar “Binəqədi sahibkarları” İctimai Birliyinin yaradılmasını müsbət qiymətləndirmiş, ictimai birliyə gələcək fəaliyyətində uğurlar arzulamış, fikir və təkliflərini bildirmişlər.
Tədbirin sonunda Y.Ağayev çıxış edərək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova birliyin fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür etmiş, ictimai birliyin aparatının formalaşması və səmərəli fəaliyyət göstərməsi üçün bütün sahibkarları fəal iştirak etməyə çağırmışdır.
V. BAYRAMOV
Xalq qəzeti.- 2013.- 20 sentyabr.- S. 6.