“İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan
olunması ilə bağlı Tədbirlər Planının
icrası uğurla davam
edir
Aparılan uğurlu islahatlar və həyata keçirilən irimiqyaslı layihələr nəticəsində iqtisadi və sosial-siyasi sahələrdə dinamik inkişafa nail olan Azərbaycan Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə Dünya Rəqabətlilik Hesabatında qlobal rəqabətqabiliyyətlilik indeksinə görə 7 pillə irəliləməklə, dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutmuş, bununla da MDB məkanında növbəti dəfə öz liderliyini qorumuşdur.
Qarşıdakı illərdə də yüksək rəqabətqabiliyyətli iqtisadiyyata doğru irəliləməyi hədəf seçən Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi ümumi iqtisadiyyatın tərəqqisində təkanverici qüvvə, katalizator rolunu oynayacaq əsas amil kimi nəzərdən keçirilir. Məhz bu baxımdan 2013-cü ilin Azərbaycanın ümumi sosial-iqtisadi inkişafı fonunda iqtisadi potensialın artırılmasında xüsusi paya malik olan İKT sahəsinə həsr edilməsi təsadüfi deyildir. “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin artıq geridə qalan ilk yarımilində İKT sektorunun inkişafı ilə bağlı genişmiqyaslı tədbirlərin, müvafiq layihələrin icrasına başlanılmışdır. “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində görülən işlərə toxunmazdan əvvəl qeyd edim ki, dövlət başçısının 2013-cü il 28 mart tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənmişdir. Rabitə və informasiya texnologiyaları nazirinin 2013-cü il 22 aprel tarixli 65 nömrəli əmri ilə RİTN-ə aid bəndlər üzrə əlavə Tədbirlər Planı təsdiq edilmiş və tədbirlərin icrası RİTN-in şöbə, birlik və müəssisələrinə tapşırılmışdır.
Tədbirlər Planı 4 bölmədən ibarətdir: “Təşkilati tədbirlər” bölməsinə 4, “Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi” bölməsinə 5, “İKT potensialının gücləndirilməsi” bölməsinə 17, “İnformasiya cəmiyyəti və insan potensialının inkişafı” bölməsinə isə 26 bənd daxildir.
Ümumilikdə, 52 bənddən ibarət olan Tədbirlər Planının 23 bəndinin əsas icraçısı digər dövlət qurumlarıdır. Tədbirlər Planının icrasına gəlincə, “Təşkilatı tədbirlər” bölməsi üzrə nəzərdə tutulan işlər çərçivəsində “www.iktili.az” saytı yaradılmış, təşviqat xarakterli məlumatlar hazırlanmış və Bakı şəhərinin bir çox reklam tablolarında, həmçinin təşviqat xarakterli məlumatlar regionların rabitə müəssisələrində yerləşdirilmişdir. Eyni zamanda, təşkilati tədbirlər çərçivəsində informasiya təhlükəsizliyi problemləri üzrə I respublika elmi-praktik konfransı keçirilmişdir.
“Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi” üzrə bəndlərin icrası məqsədilə RİTN üzrə təsdiq olunmuş Tədbirlər Planına əsasən, “İnformasiya cəmiyyətinin inkişafı üzrə 2013-2020-ci illər üçün Milli Strategiya”nın layihəsi və eyni zamanda, iki qanun layihəsi hazırlanmışdır. Həmçinin “az.” domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları hazırlanmışdır. Qaydalarda domen adlarının onlayn əldə edilməsi də nəzərdə tutulmuşdur. Artıq domen adlarının qeydiyyatının onlayn sistemi hazırlanaraq www.online.az saytı istifadəyə verilmişdir. Domen adların qeydiyyatı prosedurunun sadələşdirilməsi, o cümlədən onlayn şəkildə tətbiqi ölkənin istənilən yerindən domen adın qeydiyyatına imkan yaradır. Bu, eyni zamanda, Azərbaycanda internetin inkişafı üzrə növbəti uğurlu addım kimi dəyərləndirilir. Saytın təkmilləşdirilməsi, yeni imkanlar yaradılmaqla funksiyalarının genişləndirilməsi bundan sonra da davam etdiriləcəkdir.
Birinci yarımildə İKT sahəsində bir sıra normativ hüquqi aktlar qəbul olunmuşdur. Dövlət başçısı tərəfindən bu il “Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında” sərəncam, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" və “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında”, eyni zamanda, “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” fərmanlar imzalanmışdır. Bunlardan əlavə, “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” müqaviləyə qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
Tədbirlər Planının icrası üzrə rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması ilə bağlı işlər də aparılır. Telefon rabitəsi üzrə tariflərə yenidən baxılması üçün hazırlanan tarif paketi 2011-ci il iyunun 20-də RİTN-MİŞ-6/1804 nömrəli məktubla Tarif (qiymət) Şurasına təqdim olunmuşdur. Hazırda Tarif Şurasında rabitə tariflərinə baxılması üzrə RİTN ilə birgə işçi qrupu yaradılmışdır. Həmçinin UPX tariflərinin iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması məqsədilə tarif dəyişikliyi üzrə təkliflər paketi hazırlanmış və TŞ-yə təqdim olunmuşdur. Artıq təkliflərə Tarif Şurasında baxılmaqdadır. Eyni zamanda, rəqəmli yayıma keçidlə əlaqədar televiziya yayım tarifləri üzrə təkliflər də hazırlanaraq baxılması üçün Tarif (qiymət) Şurasına təqdim edilmişdir.
Bundan əlavə, internet tariflərinin aşağı salınması üzrə işlər də aparılır. Bu məqsədlə “Aztelekom” İstehsalat Birliyi (İB), Bakı Telefon Rabitəsi İB və özəl provayderlərin təklifləri alınaraq, aidiyyəti qurumların və internet seqmentində fəaliyyət göstərən internet servis provayderlərinin (İSP) iştirakı ilə nazirlikdə müzakirə olunmuşdur. Hazırda İSP-lərin hazırlanmış təkliflərə rəylərinin öyrənilməsi və yekun təklifin hazırlanması üzrə işlər aparılır.
İnternetin keyfiyyətinin artırılması çərçivəsində İSP və istifadəçilər arasında münasibətləri tənzimləyən yeni müqavilə forması hazırlanmışdır. Həmçinin “Telekommunikasiya xidmətləri üzrə abunəçi və ya ərizəçi tərəfindən operatorun, provayderin sərbəst seçimi və telekommunikasiya operatorlarının, provayderlərinin vasitə və qurğularının qarşılıqlı yerləşdirilməsi (quraşdırılması və ya tikintisi) və istifadəsi Qaydaları”nın layihəsi müzakirə mərhələsindədir. Respublikanın telefon şəbəkəsində vahid 7 rəqəmli yığım qaydasına keçid başa çatdırılmış və cari ilin yanvarın 1-dən köhnə yığım qaydası dayandırılmış, mayın 1-dən isə mobil cihazların qeydiyyat sisteminin tətbiqinə başlanılmışdır. Telekommunikasiya vasitələri və qurğularına 907 ədəd “Uyğunluq sertifikatı”, mülki dövriyyəsinə xüsusi tələb olunan müxtəlif tipli avadanlığın istismarı üçün 172 ədəd xüsusi icazə verilmişdir. Rouminq tariflərinin endirilməsi ilə bağlı işlər davam etdirilmiş və bir sıra istiqamətlər üzrə tariflər orta hesabla 35-40 faiz endirilmişdir. Eyni zamanda, Beynəlxalq standartlar əsasında sahə üzrə standartların hazırlanması bəndi üzrə beynəlxalq standartlar əsasında biometriya üzrə 3, rəqəmli TV üzrə 4, proqram məhsulları üzrə 2 və informasiya texnologiyaları terminologiyası üzrə 2 olmaqla, ümumilikdə, 11 milli standart hazırlanmışdır. Hazırda onların dövlət qeydiyyatına alınması üçün müvafiq işlər aparılır.
Fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peykinin Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə çıxarılması da 2013-cü ilin ən mühüm hadisələrindəndir. Azərbaycan ərazisində rəqəmli TV yayımına keçidin təmin olunması işləri çərçivəsində artıq Milli TV və radio proqramları paketi “Azərspace” peyki vasitəsilə yayımlanır. Ümumiyyətlə, “Azərkosmos” ASC Azərbaycanın bütün yerli və regional kanallarının milli peyk üzərindən yayımını təşkil etmək üçün texniki cəhətdən tam hazırdır. Bundan əlavə, bu ilin sonunadək “Azərkosmos” ASC üçün universal stansiyanın tikintisinə başlanılması nəzərdə tutulur.
Yerüstü stansiyanın qurulmasının əsas məqsədi müxtəlif - həm optik, həm də radar peyklərdən real vaxt rejimində alınan yüksək ayırdetməli məlumatların qəbulu üçün yerüstü infrastrukturun yaradılmasıdır. Yüksək ayırdetməli peyklərdən məlumatların əldə edilməsi və universal yerüstü stansiyanın imkanlarından istifadə olunması gələcəkdə bir sıra mühüm məqsədlərə çatmağa imkan yaradacaqdır. Bu məqsədlərə dövlət sərhədlərinin monitorinqinin həyata keçirilməsi, ətraf mühitin, havanın, dəniz sularının çirklənməsinin və neft sızmalarının aşkar edilməsi, neft və qaz sənayesi tullantılarının monitorinqi, meteorologiya və iqlim dəyişikliyinin proqnozu, ekologiya və təbii sərvətlərin tədqiqatı, kartoqrafiya və şəhərsalma işləri üçün müvafiq məlumatların əldə edilməsi, fəlakətlər və fövqəladə halların aradan qaldırılmasına dəstək, kənd təsərrüfatının dəstəklənməsi və s. daxildir.
Bütün bunlarla yanaşı, “Azərkosmos” ASC yüksək ayırdetməli peyk xidmətlərinin təchizatçıları ilə aparılmış danışıqların nəticəsi olaraq razılaşdırılmış distribüter müqaviləsi əsasında 2013-cü ildən aidiyyəti dövlət qurumlarının optik və radar peyk təsvirləri ilə təchiz edilməsinə başlamışdır. Paralel olaraq yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə planlaşdırılır. Artıq bu istiqamətdə istehsalçı şirkətlərlə danışıqlar aparılır. “Azərkosmos” ASC-də “ISO 9001:2008” auditi keçirilərək “Bureau Veritas”ın beynəlxalq keyfiyyət standartına uyğunluq sertifikatının əldə olunması təmin olunmuşdur. Artıq peykin BMT-də beynəlxalq qeydiyyata alınması üçün sənədlər tərtib edilmişdir.
“İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yaddaqalan hadisələrindən biri də İnformasiya Texnologiyaları Universitetinin (İTU) fəaliyyətə başlamasıdır. İTU 2013/2014-cü tədris ilində bakalavr səviyyəsində dövlət sifarişi əsasında informasiya təhlükəsizliyi, kompyuter elmləri, kompyuter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirəcəkdir. Artıq qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış ilk 60 gənc bu ali məktəbə daxil olmuş və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi onların hər birinə “Notebook” hədiyyə etmişdir. Eyni zamanda, onlar nazirliyin birlik və müəssisələrində təcrübə keçmək imkanı qazanacaq, RİTN-in birlik və müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunacaqlar. İTU məzunlarına xaricdə magistr pilləsində təhsil almaq üçün də nazirlik tərəfindən dəstək veriləcəkdir.
“İnformasiya-kommunikasiya texnologiyaları ili”nin ilk yarımilində “E-hökumət”in inkişaf etdirilməsi də diqqət mərkəzində olmuşdur. Bu istiqamət üzrə görülən işlər çərçivəsində “E-hökumət” portalının yeni versiyası istifadəyə verilmiş, “e-imza”nın tətbiqi genişləndirilmişdir.
Hazırda dövlət orqanlarının “E-hökumət” portalına qoşulması prosesi davam etdirilir. Statistikaya əsasən, 2012-ci ilin dekabrından bu ilin sentyabrın 1-dək portala ümumilikdə, 325 min 63 daxilolma qeydə alınmış, müraciət edənlərin ümumi sayı isə 194 min 885 nəfər olmuşdur. Portala daxil olmaq üçün sadələşdirilmiş kod - parol alan istifadəçilərin sayında da artım müşahidə edilir. Bu rəqəm hazırda 19 min 305-ə çatmışdır. Eyni zamanda, “Elektron imza” vəsiqələri almış istifadəçilərin sayı 15 min 613, portal vasitəsilə təqdim edilən xidmətlərin sayı 251 olmuşdur. Portalın “Facebook” sosial şəbəkəsində istifadəçilərinin sayı da artmaqda davam edir. İndi bu rəqəm 74 min 500 nəfər təşkil edir.
İnformasiya texnologiyalarından istifadə sahəsində dövlət qulluqçularının hazırlıq səviyyələrinin artırılması üzrə tədbirlərin görülməsi üçün RİTN tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yaradılmış “Elektron hökumət” tədris sinfində onlara qısamüddətli ixtisasartırma kursları keçirilmişdir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətin genişləndirilməsi məqsədilə cari il aprelin 18-də RİTN və Koreya Respublikasının Xarici İşlər Nazirliyi arasında Azərbaycanda “Elektron hökumət” üçün Təlim Mərkəzinin yaradılmasına dair Qrant Razılaşması" imzalanmışdır. Bu razılaşmaya əsasən, hazırda respublikamızın paytaxtı və 15 bölgəsində yaradılacaq təlim mərkəzlərinin fəaliyyətinin təşkili üzrə işlər görülməkdədir.
Tədbirlər Planında yer alan əsas istiqamətlərdən biri də ölkədə bu il keçiriləcək prezident seçkiləri prosesi ilə bağlıdır. Bu sahədə İKT-nin tətbiqinin genişləndirilməsi işləri çərçivəsində seçki dairələrinin optik kanallar vasitəsilə Mərkəzi Seçki Komissiyasına qoşulması və veb-kameraların quraşdırılması davam etdirilir.
Qarşıda duran məqsədlərdən biri də regionlarda genişzolaqlı internet xidmətlərindən istifadənin genişləndirilməsi üzrə tədbirlərin görülməsidir. Bu məqsədlə pilot layihənin həyata keçirilməsi çərçivəsində “Milli genişzolaqlı internetin inkişafı” layihəsi hazırlanmışdır. Pilot layihənin Göyçay rayonunda həyata keçirilməsi təklif olunmuşdur.
Tədbirlər Planına əsasən, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası əsas icraçılar olmaqla, qeyri-hökumət təşkilatlarını cəlb edərək onlayn medianın inkişafı üzrə tədbirlərin görülməsi də nəzərdə tutulur. Artıq “Nar Mobile” operatoru, Multimedia İnformasiya Mərkəzi tərəfindən gerçəkləşdirilən və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə “İnformasiya cəmiyyətinin jurnalisti” proqramı çərçivəsində “Onlayn medianın inkişafına dəstək” layihəsinə başlanılmışdır.
“İnformasiya-kommunikasiya texnologiyaları ili”ndə həyata keçirilən genişmiqyaslı layihələrdən biri də “Mən azərbaycanlıyam” onlayn bilik yarışmasıdır. “Əhəmiyyətli mövzular üzrə onlayn tədbirlərin keçirilməsi” üzrə müvafiq bəndə uyğun icra edilən layihənin coğrafi əhatə dairəsi gündən-günə artır. Hazırda onlayn bilik yarışmasına qatılanların sayı 64 mini keçmişdir. Bu istiqamət üzrə təşkil olunan digər layihə “Mənim Azərbaycanım” internet fotomüsabiqəsidir. İyunun 1-dən başlayan müsabiqə hazırda 3 nominasiya üzrə - “Təbiət”, “Tarix” və “Ən orijinal foto” üzrə davam edir.
Eyni zamanda, ötən müddətdə “Ali məktəb tələbələri arasında İKT üzrə müsabiqə, viktorina, olimpiadaların, həmçinin onlayn olimpiadaların keçirilməsi” bəndinə uyğun olaraq informatika üzrə olimpiada da təşkil edilmişdir. İKT üzrə beynəlxalq və ümumrespublika konfranslarının, forumların, seminarların, “dəyirmi masa”ların, sərgilərin keçirilməsi istiqamətində “E-hökumət: gömrükdə innovasiyalar”, “Riyaziyyat və informatikanın aktual problemləri” mövzusunda beynəlxalq konfranslar da keçirilmişdir. Artıq RİTN-in “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində “Respublikada “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda elan etdiyi analitik məqalə müsabiqəsinin ikinci mərhələsi elan edilmişdir. Başa çatan birinci turda bir sıra yeniliklər tətbiq edilmişdir. İlk mərhələdə “Elektron hökumət” portalı vasitəsilə onlayn səsvermədən istifadə edilmiş və onlayn səsvermədə fəallıq müşahidə olunmuşdur. Səsvermənin daha obyektiv keçirilməsi üçün xüsusi elektron xidmət hazırlanmışdır. Nazirliyin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanan elektron xidmətə əsasən, ölkəmizdə ilk dəfə olaraq səs verən şəxsin şəxsiyyəti müəyyənləşdirilərək, onun yalnız bir dəfə səsvermədə iştirak etməsi təmin edilir. Səsvermənin bütün gedişatı loqlaşdırılır və fərdi məlumatlar haqqında qanunvericiliyə müvafiq olaraq qorunur. Gələcəkdə müxtəlif tipli sorğuların keçirilməsində bu xidmətin imkanlarından istifadə olunması nəzərə alınmışdır.
Tədbirlər Planında 22-ci bənd üzrə “Azərbaycana dair kontentin və “Vikipedia” kimi qlobal informasiya resurslarında Azərbaycan ilə əlaqədar məlumatların inkişaf etdirilməsi" nəzərdə tutulur. “Vikipedia”da Azərbaycan kontentinin artırılması üçün RİTN Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) ilə birgə araşdırmalar aparmışdır. Nazirliyin dəstəyi ilə “VikiHərəkat” layihəsinin icrasına başlanılmışdır. İlin sonunadək davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipedia” kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi, Azərbaycanda “Vikipedia” könüllülük hərəkatının yayılmasıdır.
Layihə üzrə ilkin mərhələdə Bakı şəhərində ölkənin 4 regionundan (Qərb, Şimal, Cənub, Mərkəz) gənclərin iştirakı ilə “Təlimçilərin təlimi” keçiriləcəkdir. İkinci mərhələdə isə hazırlanmış təmsilçilər paytaxtda və ölkənin 4 regionunda həvəskar vikipediaçılar üçün təlimlər keçəcəklər. Qərb bölgəsi üzrə təlim Gəncədə, şimal bölgəsi üzrə Xaçmazda, cənub bölgəsi üzrə Lənkəranda, mərkəz bölgəsi üzrə isə Şirvan şəhərində keçiriləcəkdir. Bölgələrdən olan iştirakçıların layihə rayonlarında iştirakına şərait yaradılacaqdır. Hazırda “Vikipedia” könüllülük hərəkatının yayılması, təlimlərin keçirilməsi yolu ilə həvəskar vikipediaçıların səriştəsinin artırılması üçün ərizə qəbuluna başlanılmışdır.
Tədbirlər Planının 29-cu bəndində isə İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi də nəzərdə tutulur. Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) cari ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə tədbirlər həyata keçirəcəkdir. Artıq EİF və RİTN İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədilə birgə qrant müsabiqəsini elan etmişlər. Müsabiqənin prioritetləri sırasına İKT və elmi tədqiqatların informasiya təminatı, innovativ inkişaf məsələləri, informasiya resursları, İKT-nin tətbiqi məsələləri, İnformasiya cəmiyyəti, e-hökumət və humanitar siyasət problemləri, inkişaf indeksləri sistemi, İKT və sosial həyat (tibbi-psixoloji, ailə, cəmiyyət və s.), kibertəhlükəsizlik biometrika və kriptoqrafiya, Azərbaycanda elm sahəsində vəziyyətin qiymətləndirilməsi və s. məsələlər daxildir. Müsabiqə üzrə maliyyələşdirilmənin ümumi həcmi bir milyon iki yüz min manat nəzərdə tutulmuş və EİF müsabiqəyə bir milyon manat maliyyə vəsaiti ayırmışdır. Sentyabr - oktyabr aylarını əhatə edəcək müsabiqəyə maliyyə həcminə görə kiçik (10 000 manatadək) və orta (10 000 - 100 000 manat arasında) maliyyə həcmli layihələr qəbul olunacaqdır. Nəticələrin isə 2013-cü il noyabrın 10-da açıqlanması nəzərdə tutulur.
Bundan əlavə, cəmiyyətin informasiya-kommunikasiya texnologiyalarına tələbatının öyrənilməsi, İKT-nin kütləviləşdirilməsi üzrə tədbirlərin keçirilməsi ilə əlaqədar “Azərbaycanda informasiya cəmiyyəti 2013” məcmuəsi də çap olunmuş, “Rabitə dünyası”, “www.mincom.gov.az”, “www.iktili.az” və “www.ictnews.az” saytlarında mütəmadi olaraq məlumatlar yerləşdirilir və müxtəlif sorğular keçirilir. Nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan “Elektron Hökumət bülleteni elektron və çap formasında yayılır. Ümumilikdə bu gün “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası uğurla davam edir.
Müşfiq ƏMİROV,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
mətbuat xidmətinin rəhbəri
Xalq qəzeti.- 2013.- 24 sentyabr.- S.
3.