Vüsalə
HÜSEYNLİ: “Açıq hökumətin təşviqi cəmiyyətlə
dövlətin sıx əməkdaşlığına xidmət
edir”
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planın”da gənclərin fəal iştirakçılığının təmin edilməsi və vətəndaş cəmiyyəti strukturlarını cəlb etməklə bu fəaliyyətin həyata keçirilməsinin effektivliyinin artırılması” layihəsinin icraçıları olan “Gənclər Koalisiyası” Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə növbəti ictimai dinləməni Şəmkir şəhərində keçirib.
İctimai dinləmədə çıxış edən layihənin əlaqələndiricisi Vüsalə Hüseynli Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı və 2012-2015-ci illər üçün korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı dövlət tərəfindən görülmüş işlər barədə məlumat verib. Bu missiya dövlətin cəmiyyətlə olan münasibətlərinin daha da gücləndirilməsinə, vətəndaşların hüquqi və sosial problemlərinin aradan qaldırılmasında mühüm əhəmiyyət daşıyır. QHT rəhbəri bildirib ki, bu istiqamətdə dövlət tərəfindən aparılan səmərəli fəaliyyət məhz vətəndaşlarımızın rifahının daha da yaxşı olması üçün hədəflənibdir.
V.Hüseynli qeyd edib ki, bunun bariz nümunəsi son vaxtlar sahibkarlığın inkişafı üçün, insanlarımızın vaxtdan daha səmərəli istifadə etmələri üçün, “bir pəncərə” sisteminin, “elektron hökumət” portalının, nazirlik və icra qurumlarının fəaliyyətlərinin “online” sistemə keçirilməsi, ən mühümü isə “ASAN xidmət” mərkəzlərinin yaradılmasıdır. Artıq bu addımlar öz müsbət nəticəsini göstərməkdədir. Vətəndaşlarımız artıq atılan bu addımlardan razılıqlarını internet sosial şəbəkələrində və ictimai qruplarında da ifadə edirlər. Bu siyasətin bəhrəsidir ki, ucqar kənddə yaşayan vətəndaşımız artıq uzaq məsafə qət etmədən, bir sıra problem və məsələləri elektron şəkildə elə həmin yerdən həll edir.
QHT sədri “Elektron imza”nın əhəmiyyətini də xüsusi vurğulayaraq ölkəmizdə tətbiqi barədə ətraflı məlumat verib. O, bu prosesdə region gənclərinin iştirakının daha önəmli olduğunu vurğulayıb. V.Hüseynli ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu, görmək istədiyi Azərbaycanın çiçəklənməsinin bu gün ölkə rəhbərliyi tərəfindən uğurla reallaşdırıldığını və qeyd etdiyi bütün faktların insanların həyatında, yaşamında hiss olunduğunu vurğulayıb.
Daha sonra “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyinin həmtəsisçisi, BDU-nun müəllimi Vüqar Zifəroğlu çıxış edərək bildirdi ki,elektron xidmətlərin təşkili sahəsində 2010-cu ildə ölkədə ikinci “Elektron Azərbaycan” dövlət proqramı qəbul edilmişdir. 2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı imzalanmışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil etmişlər. Elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə vahid elektron hökumət portalı yaradılmışdır. V. Zifəroğlu göstərilən nümunələrin dövlətin yürütdüyü uğurlu informasiya-kommunikasiya siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Daha sonra tədbirdə Şəmkir şəhərindəki “Heydər Əliyev Mərkəzi”nin müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Məleykə Əliyeva çıxış edərək dövlətin informasiya siyasətinin bölgələrdə müsbət nəticə verdiyini qeyd edərək bu missiyanın bütövlükdə Azərbaycan insanının inkişafına yönəldiyini vurğulayıb.
Tədbirdə “Şəmkir Regional Qeyri Hökumət Təşkilatlarının Resurs və Təlim” İctimai Birliyinin sədri Fuad Bədəlov, “Korrupsiya Riskinin Qiymətləndirilməsi”İctimai Birliyinin sədri Kəmalə Kərimova, Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, gənclər, tələbələr və digər ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Anar TURAN
Xalq qəzeti.- 2013.- 24 sentyabr.- S.
3.