“Türk
dünyasında ədəbiyyat...” kitabı nəşr edilib
Bu yaxınlarda Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) “Türk Dünyasında Ədəbiyyat... Ədəbiyyat(ımız)da Türk Dünyası...” adlı layihə çərçivəsində yeni nəşri işıq üzü görüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Türk dünyasında ədəbiyyat...” adlanan bu kitabda Əkbər Qoşalının (Azərbaycan), dos.dr. Rıdvan Canımın (Türkiyə) və Mehmet Doğanın (Türkiyə) məruzələri yer alır. Bu məruzələr uyğun olaraq, Azərbaycan yazıçılarının “Ədəbiyyatımız və Türk Dünyası” adlı hesabat yığıncağında (Yazıçıların XIII Qurultayı qarşısında Bakıda - AYB-nin “NATAVAN Klubu”nda), Türkiyənin X Şeir Şölənində (2013-cü ildə Bişkekdə - Manas Universitetində), yenə həmin Şöləndə – Qırğız Dövlət Filarmoniyasında oxunub.
Məruzələrlə yanaşı, araşdırmaçı-jurnalist Əfsanə Bayramqızının hazırladığı “Türksoylu xalqların elektron media kataloqu” kitabından ədəbiyyatla (mədəni irslə) bağlı bölümlər də topluya daxil edilib. Kitab türkologiya, filologiya, ümumən ədəbiyyat və türk dünyası mövzusunda araşdırma aparan, bu yöndə əsərlərlə maraqlanan oxucular üçün gərəkli mənbədir. “QHT Nəşriyyatı”nda çap edilən kitabın tərtib və ümumi redaktəsi Əkbər Qoşalıya, redaktorluğu Rəsmiyyə Sabir və Şəmsəddin Kuzəçiyə aiddir.
Kitabın məsləhətçiləri isə professor Nizami Cəfərov və Arif Əmrahoğludur.
Əfsanə
ƏLƏSGƏRLİ
Xalq qəzeti.- 2013.- 24 sentyabr.- S.
7.