Şərur rayonunun Sərxanlı kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

 

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar Şərur rayonunun quruculuq xəritəsinin genişlənməsinə və kənd yaşayış məntəqələrinin müasirləşməsinə səbəb olmuşdur. Son illər rayonun kəndlərində kompleks abadlıq-quruculuq işləri aparılmış, bu istiqamətdə həyata keçirilən tədbirlər 2013-cü ildə də davam etdirilmiş, Sərxanlı kəndində məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri üçün yeni binalar tikilmişdir. Sentyabrın 25-də Sərxanlı kəndində inşa olunan sosial obyektlər istifadəyə verilmişdir.

 

Müasir tədris şəraiti Sərxanlı kənd tam orta məktəbinin uğurlarını artıracaq

 

Muxtar respublikamızda insan kapitalının formalaşdırılması prinsipinə əsaslanan təhsil islahatları tədrisin səviyyəsini yüksəltməklə yanaşı, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsinə də səbəb olmuşdur. Bu gün şəhər, qəsəbə və kəndlərimizdə müasir məktəb binaları tikilir, təhsil infrastrukturu müasirləşdirilir. Sərxanlı kənd tam orta məktəbinin binasında da lazımi tədris şəraiti yaradılmışdır.

Sentyabrın 25-də məktəb binasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov demişdir ki, kənd yaşayış məntəqələrində aparılan geniş abadlıq işləri sakinlər tərəfindən rəğbətlə qarşılanır. Sərxanlı kəndində istifadəyə verilən yeni sosial obyektlər də sakinlərin rahatlığının təmin olunmasına xidmət edir. Qeyd olunmuşdur ki, son 10 ildə rayonda 34 məktəb binası inşa edilərək, yaxud yenidən qurularaq istifadəyə verilmişdir. Yaradılan şərait rayonda təhsilin inkişafına səbəb olmuşdur. İbrahim Məmmədov rayonun inkişafına göstərilən qayğıya görə sakinlər adından minnətdarlıq etmişdir.

Məktəbin müəllimi Gülənbər Novruzova çıxış edərək demişdir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan təhsil strategiyası bu gün ölkəmizdə uğurla davam etdirilir. Sərxanlı kəndində müasir məktəb binasının tikintisi Azərbaycanın bugünkü inkişafının və təhsil quruculuğu istiqamətində görülən işlərin təzahürüdür. Məktəb binasında yaradılan şərait təhsilin səmərə və keyfiyyətini xeyli artıracaqdır. Ona görə də pedaqoji kollektiv üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməli, göstərilən qayğıya əməli işlə cavab verməlidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Hər bir dövlət əgər istəyirsə ki, öz inkişafını təmin etsin, öz millətinin elmini dünya standartlarına çatdırsın, o, mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir” - fikrini xatırladaraq demişdir: Ümummilli liderimizin bu tövsiyələri, müəyyənləşdirdiyi siyasi xətt ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə təhsil infrastrukturu müasirləşdirilir. Azərbaycanda, eləcə də muxtar respublikamızda təhsil sahəsində görülən işlər, istifadəyə verilən müasir məktəb binaları bu sahəyə göstərilən dövlət qayğısının təzahürüdür.

Ali Məclisin sədri demişdir: Hər bir ölkənin inkişafı təhsildən başlayır. Təhsil ümumxalq işinə çevrilməli, cəmiyyət, dövlət, vətəndaşlar bu sahənin inkişafında yaxından iştirak etməlidir. Bu gün orta məktəblərdə təhsil alan gənclər bilikli və savadlı olmaqla yanaşı, öz qabiliyyətlərinə uyğun peşəyə də yiyələnməli, onu dərindən öyrənməlidirlər. Bu mənada təhsilin inkişafı həm də ölkənin, cəmiyyətin, xalqın inkişafı deməkdir.

“Təhsil sistemi bu gün Azərbaycanda prioritet sahələrdən biridir. Tədrisin yüksək səviyyədə təşkili, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, Sərxanlı kənd tam orta məktəbi də informasiya texnologiyaları ilə tam təmin olunmuş, müasir laboratoriyalar yaradılmış, kitabxana istifadəyə verilmiş, tədrisin məzmun və keyfiyyətcə yeniləşməsi isitqamətində ardıcıl tədbirlər görülmüşdür. Bu gün Sərxanlı kənd tam orta məktəbini bitirən hər bir şagird dünyanın istənilən xarici ölkəsində ali təhsil ala bilər. Çünki yaradılan şərait müasir təhsilin qarşıya qoyduğu tələblərin yerinə yetirilməsinə imkan verir.

Ali Məclisin sədri demişdir: Tədrisin səmərəli təşkili üçün məktəb və valideynlər birlikdə işləməlidirlər. Bu gün məktəbdə təhsil alan gənc gələcəkdə ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərəcəkdir. Ona görə də şagirdlər təhsilli, peşəyə sahib olan, intellektli, vətənpərvər böyüməlidirlər. Sərxanlı kənd tam orta məktəbinin bu sahədə uğurlu nailiyyətləri vardır. Bu da məktəb kollektivinin gərgin əməyinin nəticəsidir.

Ali Məclisin sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür etmiş, onlara tədrisdə uğurlar arzulamış, binanın açılışını bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan bina 234 şagird yerlikdir. Məktəbdə 3-ü elektron lövhəli olmaqla 13 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompyuter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır.

Ali Məclisin sədri məktəbə ilk dəfə qədəm qoyan birincilərin təhsil aldığı sinfə baxmış, onların dərs prosesi ilə maraqlanmışdır. Bildirilmişdir ki, bu il məktəbin birinci sinifinə 15 şagird qəbul olunmuşdur.

Kompyuter otaqlarında 14 kompyuter quraşdırılmış və internetə qoşulmuşdur. Məktəbdə hər 6 şagirdə 1 kompyuter düşür. Eyni zamanda məktəbin kitabxana fondu da zənginləşdirilmiş, fonda 7452 kitab verilmişdir.

Muxtar respublikamızda şagirdlərin biliklərə daha dərindən yiyələnmələri, dərslərin yüksək səviyyədə təşkili diqqət mərkəzində saxlanılır, təhsil müəssisələri yeni tədris vasitələri - elektron lövhələrlə təmin olunurlar. Məktəb binasında da elektron lövhəli siniflər yaradılmış, dərslərin bu siniflərdə tədrisi təşkil olunmuşdur. Tədris prosesində əyani vasitələrlərdən və elektron dərsliklərdən geniş istifadə olunur.

Məktəbin kimya, bilogiya və fizika laboratoriyalarında yaradılan şərait, quraşdırılan avadanlıqlar bu fənlər üzrə biliklərin daha dərindən mənimsənilməsinə imkan verəcəkdir. Müəllimlərin Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təşkil olunan təlim kurslarında iştirakı isə dəqiq fənlərin keyfiyyətli tədrisinə səbəb olmuşdur.

Məktəbin hərbi kabinəsində və idman zalında yaradılan şərait şagirdlərin vətənpərvər, ilkin hərbi biliklərə malik və sağlam gənclik kimi böyüməsinə imkan verəcəkdir.

Müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüşən Ali Məclisin sədri demişdir ki, Sərxanlı kəndində təhsilin inkişafı üçün hər cür şərait yaradılıb. 2012-2013-cü dərs ilində məktəbi bitirən məzunlardan 2-si ali məktəblərə, 2-si isə orta ixtisas məktəbinə qəbul olunmuşdur. Məktəbdə quraşdırılan müasir tədris avadanlıqları bundan sonra da şagirdlərin biliklərinin artırılmasına hərtərəfli köməklik göstərəcəkdir. Pedaqoji kollektiv uşaqların asudə vaxtlarının səmərəli təşkili, keçilən dərslərin məzmunca yenilənməsi sahəsində daim iş aparmalı, öz üzərlərində işləməlidirlər. Çünki yenilikçi, savadlı, öz üzərində işləyən müəllim təhsilli gəncliyin yetişməsində vacib şərtdir.

Məktəbin müəllimi Gülmay Müstafayeva bildirmişdir ki, Sərxanlı kəndində təhsilin inkişafı sahəsində görülən işlər kollektivi daha səylə çalışmağa ruhlandırır. Müəllimlər çalışır ki, yalnız savadlı və bilikli deyil, eyni zamanda ölkəmiz üçün faydalı vətəndaşlar yetişdirsinlər. Bunun üçün, ilk növbədə təhsilə qayğı və diqqət lazımdır. Bu da muxtar respublikamızda vardır. Gülmay Müstafayeva yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.

Binada fərdi qazanxana quraşdırılmış, həyətdə geniş abadlıq işləri aparılmış, açıq idman qurğuları qoyulmuşdur.

 

Sərxanlıda yeni Kənd mərkəzi istifadəyə verilmişdir

 

Sentyabrın 25-də Sərxanlı Kənd mərkəzinin açılışı olmuşdur.

Tədbirdə çıxış edən kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Asəf Quliyev bildirmişdir ki, kənddə insanların sosial problemlərinin həlli, məşğulluğun təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İstifadəyə verilən sosial obyektlər əhalinin rahatlığına xidmət edəcəkdir. Muxtar respublikada kəndlərin inkişafına göstərilən qayğıdan Sərxanlıya da pay düşmüşdür. Kənd fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təmin olunmuş, mənzillər telefonlaşdırılmışdır. Sakinlərə güzəştli şərtlərlə kreditlər verilir, əkinçiliyin və heyvandarlığın inkişafı üçün lazımi şərait yaradılır. Bu il sakinlərə 11 min manatdan artıq kredit verilmişdir. Yaradılan şərait əhalinin məskunlaşmasına da öz təsirini göstərmiş, son illər kənddə gənc ailələr tərəfindən 15 fərdi yaşayış evi tikilmişdir. Asəf Quliyev tikilənlərdən və qurulanlardan səmərəli istifadə edəcəklərini, sakinlərə nümunəvi xidmət göstərəcəklərini bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: Bu il Sərxanlı kəndində aparılan tikinti-quruculuq işləri kəndin abadlaşmasına, onun muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olmasına səbəb olmuşdur. Həyata keçirilən bu tədbirlər ölkəmizin sosial-iqtisadi inkişafının göstəricisidir. Bu iqtisadi inkişaf isə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Artıq Azərbaycanda dövlət-xalq birliyi, sabitlik mövcuddur. Düzgün siyasi xətt, dövlət-xalq birliyi və sabitlik isə ölkənin hərtərəfli inkişafında başlıca şərtdir.

Ali Məclisin sədri demişdir: Bu gün ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, şəhər, qəsəbə və kəndlərdə müasir infrastruktur yaradılır, insanların sosial problemləri həll olunur. Sərxanlı kəndində də insanların yaşayışı, onların rifah halının yüksəldilməsi, sosial problemlərinin həll olunması diqqət mərkəzində saxlanılmış, kənddə yeni sosial obyektlər inşa olunmuşdur. Kənddə dövlət strukturları, xidmət sahələri üçün lazımi iş şəraiti yaradılmış, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti yüksəldilmişdir. Bununla yanaşı, gələcəkdə kənddə içməli su və kanalizasiya sistemləri də çəkiləcəkdir. Muxtar respublikanın kəndlərində həyata keçirilən bu cür kompleks tədbirlər kənd yaşayış məntəqlərinin inkişafına, şəhərlə kənd arasındakı fərqin aradan qaldırılmasına səbəb olmuşdur.

Ali Məclisin sədri göstərilən dövlət qayğısından səmərəli istifadə olunmasının vacibliyini bildirərək demişdir: Sərxanlı kənd sakinləri qurulanları, yaradılanları qorumalı, dövlət tərəfindən verilən kreditlərdən səmərəli istifadə olunmalı, yaşıllıqlar artırılmalı, fərdi təsərrüfatlar genişləndirilməlidir. Dövlət qurumları kəndin abadlaşmasında, insanların problemlərinin vaxtlı-vaxtında həll olunmasında öz vəzifə borclarını layiqincə yerinə yetirməlidirlər.

Ali Məclisin sədri bir daha sakinləri təbrik etmiş, onlara xoş gün və firavan həyat arzulamış, açılışı bildirən lenti kəsmişdir.

Müasir standartlara uyğun inşa edilən kənd mərkəzi iki mərtəbədən ibarətdir. Mərkəzdə 4 mindən artıq kitab fondu olan kitabxana, polis sahə və baytarlıq məntəqələri, eləcə də rabitə evi vardır. Rabitə evində poçt bölməsinin fəaliyyəti təşkil olunmuşdur. Həmçinin kənddə abunəçilərə yüksək səviyyədə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və digər elektron xidmətlər göstərilir.

Polis sahə məntəqəsi üçün ayrılan iş otaqlarında nümunəvi xidmət şəraiti yaradılmışdır. Məlumat verilmişdir ki, məntəqə Sərxanlı, Muğancıq Müslüm və Muğancıq Mehrab kəndlərini əhatə edir. Binada baytarlıq məntəqəsinin fəaliyyəti üçün də şərait yaradılmışdır. Ali Məclisin sədri yaradılan şəraitlə tanış olmuş, xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Binanın ikinci mərtəbəsində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi üçün iş otaqları ayrılmış, 70 yerlik tədbirlər zalı istifadəyə verilmişdir.

 

Sərxanlı kənd həkim ambulatoriyası müasir binada yerləşəcək

 

Milli səhiyyə sisteminin yaradılması və inkişafı hər bir dövlətin iqtisadi qüdrətinin və sosial siyasətin əsas göstəricisidir. Muxtar respublikamızda səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Sərxanlı kəndində həkim ambulatoriyası üçün müasir binanın inşası bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

Sentyabrın 25-də Sərxanlı kənd həkim ambulatoriyasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Ölkəmizdə əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Bütün yaşayış məntəqələrində, eləcə də kəndlərdə insanlara lazımi səviyyədə tibbi xidmət göstərilir. Bu gün Sərxanlı kəndində istifadəyə verilən həkim ambulatoriyasında hamilə qadınlara patronaj xidməti göstəriləcək, uşaqlar arasında peyvənd işi aparılacaq, tibb işçiləri kənddə gigiyenik qaydalara əməl edilməsini diqqətdə saxlayacaq, səhiyyə maarifi işi yüksəldiləcəkdir. Ambulatoriya üçün lazımi ştatlar ayrılmış, müasir tibbi avadanlıqlar quraşdırılmışdır. Bu gün Naxçıvan Dövlət Universitetində, Naxçıvan Tibb Kollecində hazırlanan ixtisaslı kadrlar imkan verəcəkdir ki, səhiyyə müəssisələri ali və orta ixtisaslı tibbi kadrlarla tam təmin olunsun.

Ali Məclisin sədri demişdir: Ambulatoriyanın kollektivi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bilik və bacarıqlarını artırmalıdırlar. Rayon Mərkəzi Xəstəxanası ambulatoriyalarla, feldşer-mama məntəqələri ilə əlaqəli işləməli, həkimlərin peşə hazırlığı artırılmalı, bu məqsədlə kurslar təşkil olunmalıdır.

Ali Məclisin sədri bir daha kollektivi təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.

Həkim-ginekoloq Ofeliya Mehdiyeva ambulatoriyada yaradılan yüksək şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Açılışı bildirən lent kəsildikdən sonra həkim ambulatoriyasına baxış olmuşdur.

İki mərtəbədən ibarət olan binada stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, aptek, ginekoloq və manipulyasiya otaqları yerləşir. Bildirilmişdir ki, bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı ölkələrinin istehsalı olan müasir avadanlıqlar quraşdırılır, yüksək səviyyədə müayinə və müalicə işləri aparılır. Həkim ambulatoriyası lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuşdur. Haliyədə ambulatoriyada 9 tibb işçisi sakinlərə xidmət göstərir.

Qeyd olunmuşdur ki, son illər muxtar respublikada həyata keçirilən profilaktik və əksepidemik tədbirlər nəticəsində ana və uşaq ölümü minimuma enmişdir. Eyni zamanda əhali arasında poliomielit, difteriya və malyariya kimi yolxucu xəstəliklər qeydə alınmır. Sərxanlı kənd həkim ambulatoriyasında yaradılan şərait də tibbi profilaktik tədbirlərin, uşaqlar arasında peyvənd işinin yüksək səviyyədə təşkilinə imkan verəcəkdir.

Həkim ambulatoriyasının həyətində abadlıq işləri aparılmışdır.

 

Xidmət mərkəzi sakinlərin gündəlik tələbatını ödəyəcəkdir

 

Sentyabrın 25-də Sərxanlı kənd Xidmət mərkəzinin açılışı olmuşdur.

Ali Məclisin sədri açılışı bildirən lenti kəsmişdir.

Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları olmaqla 2 mağaza yerləşir.

Bildirilmişdir ki, muxtar respublikada sahibkarlığın inkişafına lazımi dövlət dəstəyinin göstərilməsi yeni müəssisələrin yaradılmasına səbəb olmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində yerli istehsalın həcmi artırılmış, daxili bazar keyfiyyətli məhsullarla təmin edilmişdir. Sərxanlı kənd Xidmət mərkəzində də muxtar respublikada, eləcə də Şərur rayonunda istehsal olunan keyfiyyətli məhsulların satışına üstünlük verilir. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin sədri Sərxanlı kənd sakinləri ilə görüşmüşdür.

Kənd sakini Hatəm Hüseynov demişdir ki, Sərxanlıda həyata keçirilən quruculuq tədbirləri insanların torpağa bağlılığını artırır, onların rahat yaşamalarına, təsərrüfat işləri ilə məşğul olmalarına şərait yaradır. Kənddə sakinlər müxtəlif təsərrüfat sahələri ilə məşğul olur, bol məhsul əldə edirlər. Bütün bunlar yaradılan şəraitin və göstərilən dövlət qayğısının nəticəsində mümkün olmuşdur. Qarşıdan Prezident seçkiləri gəlir. Sərxanlı kəndinin əhalisi də prezident seçkilərində ölkəmizi, eləcə də muxtar respublikamızı tərəqqiyə qovuşduran ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini dəstəkləyəcəkdir.

Ali Məclisin sədri tikilənləri, qurulanları çəkilən zəhmətin, göstərilən qayğının nəticəsi kimi dəyərləndirərək demişdir: Sərxanlı kəndində həyata keçirilən tədbirlər ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sədaqətin nəticəsidir. Bu siyasi xəttin davam etdirilməsi ölkəmizin inkişafına, insanların rifah halının yaxşılaşmasına səbəb olmuşdur. Sərxanlı kəndində 204 nəfər dövlət büdcəsindən əməkhaqqı, pensiya və müavinət formasında vəsait alır. Kənddə əhalinin məşğulluğu təmin olunmuş, sosial problemləri həll edilmişdir. Sakinlər yaradılanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişaf və tərəqqisinə öz töhfələrini verməlidirlər.

 

*   *   *

 

Sərxanlı kəndində abadlıq işləri də aparılmış, kənddaxili yollar təmir edilmiş, 2200 metr məsafəyə asfalt örtük salınmış, 3 sukeçidi qoyulmuşdur. Kənddə rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə 1600 metr fiberoptik, 1500 metr yeraltı və 6500 metr uzunluğunda yerüstü kabellər çəkilmişdir. Həmçinin 3500 metr elektrik xətti yenilənmiş, 1100 metr qaz xətti çəkilmiş, su arxları təmizlənmişdir.

 

Xalq qəzeti.- 2013.- 26 sentyabr.- S. 5.