Neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramının ilk buraxılışı olmuşdur

 

Azərbaycanda həyata keçirilən mühüm neft-qaz hasilatı və ixracı layihələrinin operatoru olan bp şirkəti ölkəmizdə humanitar sahələrdə, o cümlədən təhsil sahəsində də bir sıra uğurlu təşəbbüslərlə çıxış edir. Şirkətin bir il əvvəl başladığı neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramı bu baxımdan diqqəti cəlb edir. Xatırladaq ki, bir neçə milyon dollar dəyərində olan bu təlim proqramı yerli neft-qaz ixtisaslı məzunlar üçün nəzərdə tutulmuşdur. Proqramın məqsədi isə bp-yə qoşulmaq istəyən gənc mühəndislərin ixtisasının artırılmasına dəstək göstərməkdən ibarətdir.

Neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi  proqramına ilk qəbul yerüstü mühəndislik, geologiya-geofizikaquyular üzrə ixtisaslaşan 55 məzundan ibarət olmuşdur. Həmin gənclər isə 2011-ci ildə bp şirkətinin neft-qaz ixtisaslı məzunlar üçün elan etdiyi yerlərinə ərizə vermiş təxminən min nəfərin arasından seçilmişlər.

Təlim iştirakçılarından artıq 45 nəfəri artıq proqramı uğurla başa çatdıraraq karyeralarının inkişafında növbəti addım olanbp-nin dünya üzrə həyata keçirdiyi “Gənc mütəxəssis” proqramına qoşulmuşlar. Üç nəfər isə şirkət  daxilində müxtəlif mütəxəssis vəzifələrinə işə götürülmüşlər.

İlk buraxılış münasibətilə Bakıdakı “Marriott” mehmanxanasında təntənəli mərasim keçirildi. Tədbirdə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell  neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramının birinci ilinin nəticələrinin  çox uğurlu olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, bu nəticələr bp-yə  2013-cü ildə şirkətdəki neft-qaz ixtisaslı gənc mütəxəssis vəzifələrinə rekord sayda yerli mütəxəssisi işə götürmək imkanı verir. bp-nin dəstəyi ilə ixtisası artırılan yerli neft-qaz mühəndislərinin sayının  ilbəil artacağını vurğulayan Q. Birrell karyeralarını adıçəkilən şirkətdə qurmaq istəyən və proqramın növbəti təlim ili üçün seçilmiş məzunlarla daha bir uğurlu tədris ilinə ümid bəslədiklərini əminliklə bildirdi. Sonda şirkət prezidenti bp-nin Azərbaycandakı ailəsinə qoşulmaq  imkanı verən bu dünya səviyyəli təlim proqramını uğurla başa çatdırmış gənc mütəxəssisləri təbrik etdi, onlara gələcək karyeralarında uğurlar arzuladı.

Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə neft-qaz sahəsində əldə olunan uğurlardan bəhs edərək neft kapitalının insan kapitalına çevrilməsi yönündə görülən işlərdən söhbət açdı. bp-nin reallaşdırdığı bu layihənin əhəmiyyətini vurğulayan nazir müavini təlim proqramını uğurla başa çatdıran gənc mütəxəssislərə təbriklərini çatdırdı, onlara ölkəmizin iqtisadi inkişafı naminə səylə çalışmağı tövsiyə etdi.

Sonra neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramından bəhs edən videoçarx nümayiş etdirildi.

Axırda proqramı uğurla başa vuran 48 məzuna beynəlxalq səviyyəli sertifikatlar təqdim olundu.

Yeri gəlmişkən, neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramına qəbul hər il bp-nin məzunların işə qəbulu planları çərçivəsində həyata keçirilirproqram  sentyabr ayından başlayaraq on bir ay davam edir. bp şirkəti artıq təlim proqramının ikinci ili üçün müxtəlif yerli və beynəlxalq universitetlərdən 88 məzun qəbul etmişdir. Həmin məzunlar isə bp-yə işə girmək üçün ərizə vermiş təxminən 3 min nəfər gəncin arasından seçilmişlər.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 26 sentyabr.- S. 9.