İsmayıllı:
insana, zəhmətə və xatirəyə
verilən qiymət ürək açır...
Dəqiq yadımda deyil. Rayonlarımızdan hansısa barədə yazı hazırlayanda şair dostumuz, bəlkə də hər yeni şeirinin ilk oxucularından olduğum Nüsrət Kəsəmənlidən nümunə gətirmişdim. Şair “Avtoportret” şeirində yazırdı:
Əllərimi uzadıb göylərə kök atıram,
Şeşi nəzərdə tutub, həmişə yek atıram.
Mən şeir yazmıram ki, ürəkdən yük atıram -
Tanış olaq oxucum, tanış olaq, bu mənəm.
Nədənsə son zamanlar İsmayıllı haqqında nəsə yazmaq istəyəndə mərhum dostumuzun bu sətirləri gəlib durur düz gözlərimin qabağında. Elə bil ki, mən İsmayıllı haqqında yazmıram, sadəcə hər sətirdə, hər səhifədə bu gözəl diyarın təbiəti və insanları haqqında səmimi fikirlərlə dolmuş ürəyimi boşaldıram. Özü də necə? İnandırıram sizi, bu rayonun sosial-iqtisadi inkişafı, müasirləşməsi, insanlara göstərilən hərtərəfli xidmət , zəhmətə verilən qiymət, İsmayıllının hər bir övladının xatirəsinin əziz tutulması istiqamətində həyata keçirilən tədbirlər, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil sahəsindəki uğurlar, gənclər siyasətinin dövlət başçımızın istədiyi səviyyədə qurulması, mədəni-kütləvi tədbirlərin yüksək səviyyədə təşkil olunması və ümumiyyətlə, rayon həyatının istənilən sahəsinə aid xəbər və icmallar həm bizi sevindirir, həm də oxucunun ürəyini açır. Onu da bilirəm ki, heç bir yazıya “İsmayıllı sürətlə inkişaf edir” kimi konkret bir cümlə ilə başlaya bilməmişəm. Çünki bu rayon ərazisində olarkən mütləq ürəyə toxunan, qəlbə yaxın olan, səmimi hisslər yaradan çoxsaylı məqamlarla üzləşirsən. Bu səfərim zamanı da belə oldu.
Bir axşam İsmayıllıda hamının yaxşı tanıdığı, əməkdar müəllim Şəfaqət Rəsulovla şəhərin müxtəlif küçələrində gəzib-dolaşdıq və ötüb-keçənlər barədə kifayət qədər söhbət etdik. Söhbət bizi mənim İsmayıllıda ən çox sevdiyim ünvanlardan birinə - Mübariz Orucov küçəsinə gətirdi. Mirdaməd Sadıqov İsmayıllı rayon icra hakimiyyətinin başçısı təyin ediləndən sonra bu küçə elə bir şəkildə yenidən qurulub, müasirləşdirilib ki, istənilən avropalı buranı görəndə gözəlliyin yatatdığı heyrətdən əli üzündə qalar. Küçənin abadlığı, yaşıllığı, işıqlandırılması, binaların görkəminin tamamilə yeniləşdirilməsi, bütün bunların fonunda buranın İsmayıllı olduğunu bir göz qırpımında təsdiqləyən ənənəvilik və millilik bu gözəllikləri yaradana rəhmət oxutdurur. Qərəz, biz xeyli gəzintidən sonra bu küçəyə gəldik və mən öncə “küçəsini” sevdiyim Mübariz Orucovun kimliyi ilə maraqlandım. Şəfaqət müəllim danışdı ki, Mübariz Orucov 1967-ci ildə şəhərin Yuxarıbaş deyilən hissəsində anadan olmuşdu. 1985-86-cı illərdə sovet qoşunları sırasında Əfqanıstan müharibəsində iştirak etmişdi. Hərbi xidmətdən sonra indiki Samara şəhərində Plan-İqtisad İnstitutunda oxuyurdu. Onun hərbi xidməti və tələbəlik illəri haqqında olan istənilən xatirə bu həmyerlimizin böyük ürək sahibi olduğundan söz açır. Mübarizin Azərbaycanın dövlət müstəqilliyinə qovuşmasına olan sevincinin miqyasını əzizlərinin söhbətində eşitmək adamın ürəyini dağa döndərir. Ancaq üçüncü kurs tələbəsi olan bu eloğlumuzun 1992-ci ildə təhsilini yarımçıq qoyub könüllü olaraq Qarabağın müdafiəsinə qoşulması artıq ürək böyüklüyündən deyil, o ürəkdəki Vətən sevgisinin ucalığından xəbər verirdi. 1992-ci ilin iyun ayında Kətik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mübariz Orucov İsmayıllı şəhər qəbristanlığında dəfn olunub və bu küçə onun xatirəsinə göstərilən ehtiramın ən ali nümunəsidir.
Şəfaqət müəllim danışdıqca mənim gözüm küçədən keçən qadınların arasında Mübarizin anasını axtarırdı. Yəqin Əflakə ana bu küçəyə hər gün gəlir. Hansı tərəfə baxsam, sanki Əflakə ananı görürdüm. Əslində isə onu tanımırdım. Bəlkə elə gördüyüm adamların arasında idi. Çünki bu küçədən keçən qadınların hamısı qürurlu, dəyanətli, ləyaqətli, bir sözlə elə Mübarizin anası kimi görünürdü. Yeri gəlmişkən, qeyd edim ki, Mirdaməd müəllimin İsmayıllıya gəlişindən sonra belə kövrək ünvanlardan biri də Mican kəndində doğulub böyümüş, cəbhəyə könüllü gedib şəhid olmuş Cəlal Rüstəmovun xatirəsinə yaradılmış “Şəhid bulağı”dır. Mirdaməd müəllim deyir ki, bizim siyasi borcumuz və məqsədimiz İsmayıllını dövlət başçımızın istədiyi, arzu etdiyi səviyyədə inkişaf etdirməkdir. Ancaq bu məqsədi reallaşdırarkən öz mənəvi borcumuzu da yerinə yetiririk. Mənəvi borcumuz isə İsmayıllının ənənələrini yaşatmaq və ləyaqətli oğullarımızın xatirəsinə ehtiram nümayiş etdirməkdir.
Mən elə bilirdim ki, rayon rəhbəri ilə görüşümüzdə Mirdaməd Sadıqovun hər sözü, söhbəti Azərbaycanın inkişafı, bu inkişafa İsmayıllının verdiyi və verəcəyi töhfələr barədə olacaq. Əslində bunlar da həqiqətdir. Amma Mirdaməd müəllimin düşüncəsinə qeyri-adi bir milli tarix təssübkeşliyi, milli ədəbiyyata sevgi dolu bağlılıq, milli musiqimizə vurğunluq kimi ali hisslər də hakimlik edir. Elə söhbətimizin böyük bir hissəsi məhz bu üç istiqamətdə oldu. İndidən hörmətli oxuculara deyim ki, bu söhbətlər barədə ayrıca yazı hazırlamaq istəyimiz qüvvəsində qalır. Qərəz, rayon rəhbəri danışdı ki, dövlət başçımızın İsmayıllıya hər səfəri təkcə yeni sosial obyektlərin açılışı və ya hansısa təməlqoyma mərasimi ilə yadda qalmır. O səfərlər həm də yurda bağlılığın nümunəsi, Vətən sevgisinin aliliyinə inam, insana qayğının uca tutulması kimi ibrətamiz məqamlarla yadda qalır. Bu il avqustun 14-də də belə oldu. Cənab dövlət başçımızın iştirakı ilə “İsmayıllı-1" Su Elektrik Stansiyasının, İvanovka - Hacıhətəmli - Mollaisaqlı avtomobil yolunun, İsmayıllı Tikiş Fabrikinin, Yeni Avtovağzalın açılış mərasimləri oldu. Bu tədbirlərin hər biri bizi sevindirdi. Ancaq onun hər söhbətindən, hər tövsiyəsindən idarəetmədə çalışan istənilən adam mütləq nə isə öyrənmiş olur. Ona görə də cənab dövlət başçımızı bütün rayonlarda səbrsizliklə gözləyirlər.
Mirdaməd müəllim bu gün İsmayıllıda yerinə yetirilməkdə olan tikinti, təmir və abadlıq işləri barədə söz açarkən təxminən 40 bəndlik bir siyahının olduğunu söylədi. Elə mən özüm də həmin siyahı ilə maraqlandım və gördüm ki, adı çəkilən işlər rayonun bütün ərazisini əhatə edir. Yəni, təkcə rayon mərkəzi deyil, bütün kənd və qəsəbələr bərabər səviyyədə inkişaf etdirilir. Rayon İcra Hakimiyyətinin inzibati binasının təmiri, Rayon Polis Şöbəsinin inzibati binasının tikintisi, Mərkəzi Xəstəxananın yenidən qurulması, Zərdabi küçəsində 150 nəfərlik xeyir-şər evinin tikintisi, şəhərin qaz təchizatının yaxşılaşdırılması üçün yeraltı qaz xətlərinin dəyişdirilməsi, şəhərin elektrik enerjisi təsərrüfatının yenidən qurulması, Sumağallı kəndində 4 meqavatt gücündə olan 2 su elektrik stansiyasının tikintisi, Müdrü, Mücü, Yeniyol və Pirəbilqasım kəndlərində yeni məktəb binalarının, Xəlilli kəndində 24 min tonluq taxıl terminalının və digər onlarla obyektin tikintisi və təmiri başa çatmaq üzrədir.
Yəni, rayonun hansı tərəfinə baxırsan, mütləq genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərinin şahidi olursan. Bu qəbildən olan bir neçə sosial obyektin açılışında isə biz də iştirak etdik. Özü də həmin açılışların hamısı eyni gündə oldu. Bir neçə kəlmə də o barədə.
Rayonda “İçməli su xəttinin təmiri” layihəsi üzrə Təzəkənd kəndində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının gerçəkləşdirdiyi növbəti icma layihəsinin açılış mərasimi oldu. Tədbirdə Dünya Bankının əməkdaşları, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd sakinləri iştirak edirdilər.
Açılış mərasimində çıxış edən Dünya Bankının nümayəndəsi, Azərbaycan Kənd İnvestitsiya Layihəsi üzrə tapşırıq rəhbəri Daniel Ouen layihə haqqında məlumat verərək bildirdi ki, layihə çərçivəsində 2190 metr uzunluğunda su xətti əsaslı təmir olunub, 2 ədəd 1 açarlı yeni bulaq tikilib, 1 ədəd mövcud bulağın təmiri reallaşdırılıb. Xatırladaq ki, bu layihədən 3000 nəfər faydalanacaq.
Bu gün İsmayıllıda bir tezis hakimdir ki, dövlətin gücü vətəndaşa qayğının miqyası ilə ölçülür. Hansı ölkədə vətəndaş yüksək qayğı ilə əhatə olunursa , deməli o ölkədə dövlət güclüdür. Rayonun Tircan və Topçu kəndlərində tibb məntəqəsinin, Lahıc qəsəbəsində və İvanovka kəndində isə xəstəxana binalarının açılış mərasimi keçirilərkən bu həqiqətlər bir daha yada salındı. Tircan kəndində son dərəcə yüksək zövq və ustalıqla inşa olunmuş tibb məntəqəsinin açılış mərasimində bildirildi ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri saysız-hesabsızdır. Onun ən böyük xidmətlərindən biri də odur ki, Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirib, ölkədə böyük inkişafın, tərəqqinin bünövrəsini qoyub. Müstəqillik, azadlıq olan yerdə inkişafın, tərəqqinin olması təbiidir. Bu gün sevincli anlarını yaşadığımız, bu müasir səhiyyə ocağının açılışı da dediklərimizi bir daha təsdiq edir.
Doğrusu, bu açılış mənim üçün bir də ona görə dəyərli oldu ki, neçə müddət idi köhnə dostumuz, sənətinə böyük hörmətlə yanaşdığım Aşıq Yanvar Bədəlovu görmürdüm. Bu tədbirdə çıxış edən ustad sənətkar kənd sakinləri üçün yaradılmış şəraitə görə aidiyyəti qurumlara minnətdarlığını bildirdi. Çıxışının sonunda, gülə-gülə: - Belə gözəl bir tibb məntəqəsinin olduğunu görən tircanlılar bundan sonra heç xəstələnməzlər də - deyə, razılığını bildirdi. Məntəqənin açılış rəmzi olan qırmızı lenti kəsməyin də elə aşığa həvalə olunması hamı tərəfindən təqdir edildi.
Sonra qədim tarixə və mədəniyyətə malik olan Lahıc qəsəbəsində ikimərtəbəli, müasir memarlıq üslubunda inşa olunmuş, 15 çarpayı yerlik xəstəxananın açılış mərasimi oldu. Qəsəbənin ağsaqqalı, qocaman müəllim Ənvər Balayevdən səhiyyə ocağının açılış lentini kəsməyi xahiş etdilər. O, bu xahişi böyük məmnunluqla yerinə yetirdi. Bir neçə saatdan sonra isə İvanovka kəndində istifadəyə verilən üçüncü tibb müəssisəsinin açılışı oldu. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimov göstərilən qayğıya görə ölkə başçısına, Səhiyyə Nazirliyinə və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirdi. O, yeni tibb məntəqələri və xəstəxanalarda rayon sakinlərinə daha yüksək səviyyədə tibbi xidmət göstəriləcəyini söylədi. Əmin olduğunu bildirdi ki, bu qəbildən olan sosial obyektlərin tikintisi bundan sonra da davam etdiriləcək.
...Biz İsmayıllıdan ayrılan günün ertəsi payız mövsümü rəsmi olaraq başlanırdı. Amma, buludlar həmin günü gözləmədilər. Elə həmin axşam az da olsa yağış yağdı. Sanki, göylər də bu xeyirxah əməllərə xeyir-dua verirdi. Payız dedim, Şəfaqət müəllimin bir ifadəsi yadıma düşdü. Demişdi ki, jurnalistlər İsmayıllının baharını çox sevirlər, turistlər isə yayını. Əlbəttə, haqlıdırlar. Ancaq bu diyarın payızı özgə aləmdir. Payızda İsmayıllının neməti bol, sərvəti zəngin, xidməti isə möhtəşəm olur. Yəni, İsmayıllı payızda cənnətə çevrilir.
Şəfaqət Rəsulov nə qədər haqlı olsa da, mənim də öz məntiqim var idi. Demişdim ki, payız gəlsə də, gəlməsə də ismayıllıların özləri bu diyarı cənnətə çevirirlər...
İlqar
HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 27 sentyabr.- S.
7.