“ƏSRİN MÜQAVİLƏSİ”nin uğurları ölkəmizin sosial-iqtisadi inkişafını sürətləndirir

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməli sayılan “Əsrin müqaviləsi” nin imzalanmasından 19 il ötür. Ötən müddətdə Azərbaycanın neft strategiyası çərçivəsində həyata keçirilən tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkəmizin dinamik sosial-iqtisadi  inkişafı üçün möhkəm zəmin yaratmışdır. Belə ki, özünün zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə edən  Azərbaycan Respublikası həm də regionun ən sabitdinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Bununla yanaşı, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında da  getdikcə yaxından iştirak edir.

Ötən illər ərzində neftqaz ixracından əldə edilən gəlirlər hesabına Azərbaycanın iqtisadi imkanları xeyli artmış, ölkəmiz bir sıra regional layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilmişdir. “Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması ilə əsası qoyulmuş  Azərbaycanın yeni neft strategiyası iqtisadiyyatın şaxələndirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün  əlverişli imkan yaratmışdır. Bu da öz növbəsində ölkənin neftdən asılılığının azalmasına və yeni yerlərinin yaradılmasına səbəb olur.

Bununla belə, Azərbaycanda neft-qaz sektoru hələ uzun illər iqtisadiyyatın aparıcı sahəsi olaraq qalacaqdır. Bu baxımdan ölkəmizin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutan hasilatın pay bölgüsü tipli sazişlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın yeni neft strategiyasının əsasını qoymuş  “Əsrin müqaviləsi” çərçivəsində əldə olunmuş nailiyyətlərin sırası ilbəil genişlənir. 2013-cü ilin  birinci yarısında  konsorsium iştirakçıları tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 374 milyon dollar, əsaslı məsrəflərinə isə  2 milyard 514 milyon dollar xərclənmişdir. Hesabat dövründə müqavilə sahəsindəki beş hasilat platformasından ümumilikdə 16,4  milyon ton  neft hasil olunmuşdur. Həmin platformalar üzrə ümumi orta gündəlik neft hasilatı isə 672 barrel təşkil etmişdir. Bunun da 73 min  barreli “Çıraq”, 152 min  barreli “Mərkəzi Azəri”, 194 min  barreli “Qərbi Azəri”, 118 min barreli “Şərqi Azəri” və 135 min  barreli “Dərinsulu Günəşli” platformalarının payına düşür. Bütövlükdə isə 1997-ci ilin noyabr ayında “Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin hasilatına başlanıldığı andan 2013-cü ilin ortalarınadək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 308 milyon tondan artıq neft çıxarılmışdır.

Cari ilin ötən dövründə müqavilə sahəsində 72 hasilat quyusundan neft hasil edilmişdir. Bundan əlavə, daha 31 quyudan isə texniki məqsədlər üçün istifadə olunmuşdur ki, bu da hasilat quyularının sabit rejimdə işləməsini təmin etmişdir.

“Azəri”, “Çıraq” və “Günəşli” (dərinsulu hissəsi) yataqlarında neftlə bərabər səmt qazı da çıxarılır. “Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, həmin qaz təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir. “Azəri-Çıraq-Günəşli” layihəsinin operatoru olan bp şirkəti 2013-ci ilin birinci yarısında “Azəri” yatağındakı üç hasilat platformasından səmt qazının 28 düyməlik sualtı kəmər vasitəsilə Səngəçal terminalına, oradan isə Azərbaycanın daxili istifadəsi üçün ölkənin qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Bununla yanaşı, “Çıraq” patformasından hasil edilmiş səmt qazının da bir hissəsi   mövcud 16 düyməlik sualtı kəmər vasitəsilə ARDNŞ-in Neft Daşlarındakı kompressor stansiyasına nəql olunmuşdur. Bu ilin altı ayında   konsorsium iştirakçıları tərəfindən Azərbaycanın qazpaylayıcı şəbəkəsinə gündə təxminən 6,7 milyon kubmetr olmaqla 1 milyard 210 milyon kubmetr səmt qazı təhvil verilmişdir. “Azəri” yatağından çıxarılan səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı  boru kəmərləri ilə “Mərkəzi Azəri” platformasına körpü vasitəsilə birləşdirilmiş kompressorsuvurma platformasına göndərilmişdir. Hazırda adıçəkilən platforma vasitəsilə beş quyudan laya qazvurma əməliyyatları davam edir.

İlin ötən dövrü ərzində “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində qazma işləri də uğurla davam etdirilmişdir.  Belə ki,  yanvar-iyun aylarında  “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 5 hasilat və 2 suvurma quyusu qazılaraq istismara verilmişdir. Qazma əməliyyatları uğurla başa çatdırılan A16 hasilat quyusu aprelin əvvəlində istismara daxil edildikdən sonra A09 quyusunda texniki əməliyyatlar aparılmışdır. May ayında isə A14u quyusunda qazma əməliyyatlarına start verilmişdir. Həmin quyunun bu ilin üçüncü rübündə istismara verilməsi planlaşdırılır. İlin dördüncü rübündə “Çıraq” yatağında daha bir hasilat quyusunun qazılması nəzərdə tutulur. Bundan əlavə, ilin son rübündə qazma qurğusunda profilaktika işləri aparılacaq, həmçinin bəzi quyularda lazımi texniki əməliyyatlar həyata keçiriləcək.

2013-cü ilin ilk ayında “Azəri” yatağının mərkəzi hissəsində iki quyuda texniki əməliyyatlar aparılmaqla yanaşı, yeni bir hasilat quyusunun qazılmasına start verilmiş və həmin quyu aprel ayında istismara verilmişdir. Daha sonra burada iki quyuda texniki əməliyyatlar həyata keçirilmişdir. Mayın əvvəlində qazılmasına başlanılmış B26 injektor quyusu iyulun sonunda istismara daxil edilmişdir. İlin sonunadək isə “Mərkəzi Azəri”də planlaşdırılan texniki əməliyyatlarla yanaşı, yeni bir hasilat quyusunun qazılması da nəzərdə tutulur.  Yeri gəlmişkən, Azərbaycanda “Əsrin müqaviləsi” çərçivəsində böyük neft hasilatına məhz 2005-ci ilin fevral ayında “Mərkəzi Azəri” platformasının istismara daxil edilməsi ilə başlanılmışdır.

Cari ilin birinci yarısında “Azəri” yatağının qərb və şərq hissələrində də uğurlu qazma işləri həyata keçirilmişdir. Belə ki, “Qərbi Azəri” yatağında C27 hasilat quyusu tamamlanaraq mart ayında istismara verilmişiki quyuda texniki əməliyyatlar aparılmışdır. İlin qalan dövrü ərzində isə burada lazımi texniki əməliyyatlar aparılmaqla yanaşı, C29 hasilat quyusunun qazılması da planlaşdırılır. “Şərqi Azəri” yatağında bir sıra quyularda texniki əməliyyatlar həyata keçirilmiş və D22 hasilat quyusu istismara daxil edilmişdir. May ayında isə D23 suvurma quyusunun qazılmasına start verilmiş və həmin quyunun üçüncü rübdə təhvil verilməsi nəzərdə tutulur.

“Dərinsulu Günəşli” platformasında yanvar ayında  bir quyuda lazımi texniki əməliyyatlar həyata keçirilmiş və E18 hasilat quyusunun qazılmasına  başlanmışdır. Bu quyunun isə ilin sonunadək təhvil verilməsi gözlənilir. Bununla yanaşı, ilin qalan dövrü ərzində “Dərinsulu Günəşli” platformasında bəzi yerüstü avadanlıqlar təmir olunacaq  və E02y quyusunda qazlift quraşdırılması üçün yenidən tamamlama işləri həyata keçiriləcək. Yeri gəlmişkən, “Dərinsulu Günəşli” platformasından 3,2 və 5,2 kilometr aralıda yerləşən üç sualtı qazma mərkəzindən qazılan 13 sualtı quyu vasitəsilə kollektora gündə təqribən 400 min barrel su vurmaq mümkün olacaq. Qeyd etdiyimiz kimi, bu,  Xəzər dənizində ilk mühüm sualtı işlənmə layihəsidir və gələcəkdə digər yataqlarda da analoji proqramın tətbiqinə geniş yol açır.

Bu ilin ötən dövrü ərzində “Əsrin müqaviləsi” çərçivəsində ixrac əməliyyatları da uğurla davam etdirilmişdir. Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neft və səmt qazı sualtı boru kəmərləri vasitəsilə Səngəçal sahil terminalına nəql olunur. Terminalın texniki emal sistemlərinin gücü  isə gün ərzində 1,2 milyon barrel nefti qəbul edib ixraca yönəltməyə imkan verir. 2013-cü ilin altı ayında  Səngəçal terminalından 144 milyon barrel neft ixrac olunmuşdur. Xam neftin 126 milyon barreli Bakı-Tbilisi-Ceyhan, 14 milyon barreli Bakı-Supsa kəmərləri, təqribən 3 milyon barreli isə dəmir yolu vasitəsilə daşınmışdır. Bundan əlavə, yarım il ərzində Azərbaycandan xaricə 1 milyon barrelə yaxın kondensat ixrac edilmişdir.

Yeri gəlmişkən, Azərbaycan neftini dünya bazarına daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin fəaliyyəti getdikcə genişlənir. 2013-cü ilin altı ayında Bakı-Tbilisi-Ceyhan kəməri üzrə əsaslı xərclərə 26  milyon dollar sərf olunmuşdur. Hazırda adıçəkilən kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrel təşkil edir. Bu ilin birinci yarısında kəmər vasitəsilə 17 milyon ton xam neft ixrac olunmuşdur. Bütövlükdə isə 2006-cı il iyun ayının 4-də ilk tankerin Türkiyənin Ceyhan limanından yola salınmasından indiyədək Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilmiş 229 milyon ton xam neft 2227 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Ötən dövrdə Bakı-Tbilisi-Ceyhan kəmərinin bir gün üçün ən yüksək ötürmə gücü isə 1 milyon 44 min barrel təşkil etmişdir.

HazırdaAzəri-Çıraq-Günəşdilayihəsi üzrə xam neftin Şahdənizyatağından hasil edilən kondensatın nəqlini həyata keçirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə 2010-cu ilin iyul ayında imzalanmış yeni sazişə əsasən Türkmənistan nefti daşınır.  Bütün bunlar isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin rentabelli, həm uzunmüddətli fəaliyyəti üçün geniş imkan yaradır. Göründüyü kimi, “Əsrin müqaviləsiçərçivəsində hasil olunan neftin dünya bazarına çıxarılması üçün ölkəmizdə son dərəcə etibarlı geniş imkanlara malik ixrac sistemi mövcuddur. Bu da Azərbaycanın dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyinin ilbəil möhkəmlənməsinə imkan yaratmaqla yanaşı, ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirir.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 21 sentyabr.- S. 5.