Müəllim
adı uca tutulduqca təhsil
sistemindəki uğurlarımız daha da artır
Bu tezis daha çox Balakən məktəblərinə
şamil edilir
Bu gün gənc müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdəki siyasi - diplomatik uğurlarını, dünya miqyasında söz sahibinə çevrilməsini, BMT Təhlükəsizlik Şurası kimi mötəbər təşkilatın toplantılarına sədrlik etməsini, “Böyük iyirmilərin” sammitlərinə dəvət olunmasını, kosmosa öz rabitə peykini çıxararaq “Kosmik ölkələr” klubuna daxil olmasını, regionun ən dinamik inkişaf edən iqtisadiyyatını formalaşdırmasını və bu kimi onlarca faktı yada salan istənilən ekspert ilk növbədə iki məqam barədə fikir söyləyir: bu ölkə elmi şəkildə əsaslandırılmış siyasi kursla idarə olunur və bütün bu nailiyyətlərin təməlində elmin və təhsilin inkişaf etdirilməsi üçün göstərilən qayğı dayanır.
Tam əsaslandırılmış arqumentlərdir. Çünki müasir qloballaşma dövründə Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından, habelə kompyuter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Azərbaycan dövləti bu reallıqları nəzərə alaraq uğurlu elm və təhsil siyasəti yeridir. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin ildən-ilə artırılması da bu sahənin keyfiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli fəaliyyət göstərildiyini təsdiqləyir. Xatırladaq ki, 2004-cü ildən 2011-ci ilə qədər dövlətin təhsilə ayırdığı büdcə vəsaiti 6 dəfə artmışdır. 2013-cü ildə isə təhsil xərcləri üçün 1 milyard 530 milyon manatdan çox, yəni 2012-ci illə müqayisədə 1,2 faiz artıq vəsait ayrılmışdır. Bu bir faktdır ki, Azərbaycanın dövlət büdcəsindən ən çox vəsait ayrılan birinci sahə ordu quruculuğu, ikinci sahə isə təhsil sektorudur. Eləcə də ölkə həyatının bütün sahələrinin inkişafını təmin etmək məqsədiylə çoxsaylı dövlət proqramları icra olunsa da, həmin proqramların ən çox əhatə etdiyi sahə məhz təhsil sektorudur. Bu sahənin hərtərəfli inkişafını təmin etmək məqsədiylə 2004-cü ildən indiyədək 20-yə qədər dövlət proqramı təsdiq olunmuşdur. Nəticədə 2300-ə yaxın yeni məktəb binası tikilmişdir. Xüsusilə qeyd etməyi vacib sayırıq ki, dövlətin təhsilə göstərdiyi bu qayğı və diqqət məktəblərimiz və müəllimlərimiz tərəfindən cavabsız qalmır. Azərbaycan məktəbinin uğurları ildən -ilə artır. Təkcə son dərs ilinin yekunlarına nəzər salarkən həmin tezisin nə dərəcədə həqiqəti əks etdirdiyinin şahidinə çevrilirik. 2012 - 2013-cü dərs ilinin yekunlarına görə ölkə üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 248 şagird qızıl və gümüş medalla təltif olunub. Qeyd edək ki, Təhsil Nazirliyi ötən dərs ilində qızıl və gümüş medal alan şəxslərin qəbul imtahanlarında göstərdiyi nəticələrinin təhlilini aparmışdır. Belə ki, 248 medalçıdan cəmi bir nəfəri etimadı doğrulda bilməmiş, pis nəticə göstərmişdir. Qalan göstəricilər isə kifayət qədər uğurlu sayılır. Medalçılardan 16 nəfər (6,5 faiz) isə xarici ölkələrin - ABŞ, Türkiyə və Niderlandın nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülmüşdür. Təhsilə qayğının Heydər Əliyev prinsiplərini uğurla davam etdirən dövlətimizin digər bir addımıyla respublikada “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrasına xüsusi diqqət yetirir. Dövlət proqramında əsas məqsəd azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə təhsil almasını və onun inkişafında yaxından iştirakını təmin etməkdir. Bu sahədə çalışanlar yeni dərs ili ərəfəsində təhsil naziri Mikayıl Cabbarovun biz müəllimlərin məmnunluğuna səbəb olan qərarlarına şahidlik etdilər. Belə ki, təhsil nazirinin göstərişi ilə yeni dərs ilindən ümumtəhsil məktəbi müəllimlərinin dərs yükü normasının yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması, məktəb direktorlarının maaşının müvafiq meyarlar üzrə artırılması, ingilis dilinin tədrisinin gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulumuş dəyişikliklər və digər zəruri məsələlər haqqında məlumat verilmişdir. Bundan başqa, müəllimlərin ənənəvi ümumrespublika toplantısında məktəb idarəçiliyinin müasir tələblərə uyğunlaşdırılması, orta ümumtəhsil müəssisələrində günüuzadılmış qruplar, formativ qiymətləndirmə jurnallarının dəyişdirilməsi, müəllim əməyinin stimullaşdırılması ilə bağlı islahatlar keçirilməsi barədə geniş müzakirə aparılmışdır.
Təhsil sahəsində çalışan insanların fədakar əməyi və təhsilə olan dövlət qayğısı sayəsində Balakən təhsilində də əksər məqsədlərə nail olunmuş, irəliyə doğru həlledici addımlar atılmışdır. Xüsusilə ötən tədris ili məktəb və müəllimlərimiz üçün daha uğurlu olmuşdur. Belə ki, ötən tədris ilində rayonda məktəb tikintisi və təmiri ilə yanaşı məktəblərin müasir avadanlıq, tədris vəsaitləri, istilik sistemləri ilə təchizatı diqqət mərkəzində saxlanılmış və bu sahədə tələb olunan bütün addımlar atılmışdır. Qaracabinə və Qullar 3 saylı ümumi orta məktəbi üçün 80, Xalatala tam orta məktəbi üçün 360, Katex-zavod tam orta məktəbi üçün 180, Qarahacılı tam orta məktəbi üçün 300 və Rüştətala kənd ibtidai məktəbi üçün 80 şagird yerlik yeni binalar tikilib istifadəyə verilmişdir. Eyni zamanda Nizami adına şəhər tam orta məktəbi əsaslı təmir edilmiş, məktəbin bütün avadanlığı yeniləri ilə əvəz olunmuşdur. Hazırda Hənifə kəndində 480, Qazbinə kəndində 220 və Qazma kəndində 2 saylı tam orta məktəb üçün 360, Qullar kəndində tam orta məktəb üçün 220 və Şambul kəndində 220 şagird yerlik məktəb binalarının tikintisi tamamlanmaq üzrədir. Yəni, yeni başlanan tədris ilində 11 min nəfərdən çox şagirdimiz müasir tipli məktəblərdə dərs alacaq. Bununla da rayon şagirdlərinin cəmi 2 faizi ikinci növbədə dərs almalı olacaq. 10 il əvvəl isə bu göstərici 30 faiz idi.
Bununla yanaşı Balakən təhsil şöbəsinin əməkdaşları da yeni dərs ili ərəfəsində aldıqları qiymətli hədiyyəyə görə həm rayon rəhbərliyinə, həm də Təhsil Nazirliyinə böyük minnətdarlıq hisslərini ifadə edirlər. Belə ki, dərs ilinin başlanmasına cəmi bir neçə gün qalmış təhsil şöbəsi üçün tikilmiş yeni binanın açılış mərasimi edildi. Biz Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevə bir də ona görə minnətdarlıq edirik ki, başçı rayonda inşaası davam etdirilən bütün sosial əhəmiyyətli binaların tikintisini daim diqqət mərkəzində saxlasa da, rayon təhsil şöbəsinin yeni binasında gedən işlərlə daha çox maraqlanırdı. Nəticədə biz bu gün heç zaman olmayan bir rahatlıq şəraitində və müasir avadanlıqlarla işləyirik. Xüsusilə qeyd olunmalı başqa bir məqam da ondan ibarətdir ki, biz aylardan bəri yeni dərs ilinə hazırlaşmaqla yanaşı növbəti payız-qış mövsümünə də hazırlaşırdıq və bu prosesdə də ən yaxın dəstəyi və ən mükəmməl köməyi məhz rayon rəhbərliyindən alırdıq və alırıq. Ötən dərs ilində olduğu kimi bu dərs ilində də istənilən hava şəraitində məktəblərin qızdırılması məsələsində problem olmayacaq. Cari tədris ilinin qış mövsümündə 26 məktəb və yeni tikilmiş on otaqlı 2 korpus istilik sistemi ilə, qalan məktəblər isə odunla qızdırılacaq. Məktəblərə yanacağın daşınması üçün hazırlıq işləri görülür.
Müasir cəmiyyətdə təhsilin vacib komponentlərindən birinə çevrilmiş İnformasiya və Kommunikasiya Texnologiyalarının tədris müəssisələrində tətbiqi ilə bağlı kifayət qədər iş görülmüşdür. Rayonda ümumtəhsil müəssisələrinin hər 100 şagirdindən 22-nə 1 kompyuter düşür. 11 məktəbdə 226 kompyuter sürətli internet şəbəkəsinə qoşulmuşdur. Bundan başqa ötən dərs ilində məktəblərə xeyli elektron dərs vəsaitləri verilmişdir. Yeri gəlmişkən, məktəblərin ümumi dərslik tələbatı da bu il əvvəlki illərə nisbətən daha yaxşı ödənilib. Bütün bu diqqət və qayğıya layiqincə cavab verən məktəb, müəllim və şagirdlərimiz eyni zamanda ölkədə müşahidə olunan ümumi inkişaf tendensiyası səviyyəsində təhsil uğurlarına imza atırlar. Bəzi konkret faktları yada salaq. Məsələn, 2013-cü ildə rayon məktəblərinin tam orta məktəb pilləsini bitirənlərin 338 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. Sonuncu tədris ilinin məzunlarından 215 nəfəri, ötən illərin məzunlarından isə 25 nəfəri tələbə adını qazanmışdır. 5 nəfər balakənli məzun 600-dən, 25 nəfəri isə 500-dən yuxarı bal toplayaraq respublikamızın ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşdur. Xatırladım ki, əvvəlki il 600-dən çox bal toplayan məzunlarımız cəmi 3 nəfər, 500-dən çox bal toplayanlar isə 16 nəfər olmuşdu. Fərq göz qabağındadır. Daha bir fərq isə ondan ibarətdir ki, builki qəbulda göstəricilərimiz daha da yaxşılaşmış, ötən ildəkindən 40 nəfər çox məzunumuz tələbə adını qazanmışdır.
Bu fərqi orta məktəb məzunlarının verdiyi buraxılış imtahanlarında da görürük. Belə ki, bu il rayonumuzdakı liseyin və Nizami adına orta məktəbin hər birinin məzunlarından 3 nəfəri, yəni, rayon üzrə 6 məzunumuz təhsildə qazandıqları xüsusi nailiyyətlərə görə “Qızıl medal”la təltif olunmuşdur. Həm onlar, həm də əvvəlki il bu mükafata layiq görülmüş 2 məzunumuz qəbul imtahanlarında yüksək bal toplayıb ali məktəblərə qəbul olunmaqla göstərilən etimadı doğrultmuşlar. Bundan başqa ötən dərs ilində balakənli şagirdlərdən 12 nəfəri müxtəlif olimpiadaların qalibi olmuşdur.
Xatırladım ki, bu il 3 məzunu “Qızıl medal” alan və yüksək balla ali məktəbə qəbul olan Nizami adına şəhər tam orta məktəb dövlət başçımızın müvafiq sərəncamı ilə elan olunmuş “Ən yaxşı ümumtəhsil məktəbi” ümumrespublika müsabiqəsinin qaliblərindən biri olmuşdur. Bundan başqa son illər balakənli müəllimlərdən 5 nəfəri “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 4 nəfər “Tərəqqi” medalı ilə, 12 nəfər isə Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Bütün bunlar isə ölkəmizdə dövlət və hökumət tərəfindən müəllim adının uca tutulduğunun göstəricisi kimi qiymətləndirilir. Ulu öndər Heydər Əliyevin dediyi kimi müəllim adı uca tutulan yerdə həmişə təhsilin çoxsaylı uğurlarından danışmaq mümkün olur.
Bir sözlə, Azərbaycanda təhsilin inkişafı və xalqımızın gələcəyi üçün sağlam vətəndaşların yetişdirilməsi ümummilli məsələyə çevrilmişdir. Bu, ilk növbədə dövlətin müəyyənləşdirdiyi təhsil strategiyasının tələbidir. Dövlət başçımız qeyd edir ki, hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq hər birimiz bu ali məqsədin reallaşmasında yaxından iştirak etməliyik. Çünki xalqımızın gələcəyi və sivilizasiyalı dünyaya inteqrasiyasının yeganə yolu məhz təhsilin inkişafından asılıdır. Biz Balakən rayonunun təhsil ictimaiyyətinin bütün nümayəndələri həmin çağırışı əsas tutaraq, təhsil naziri Mikayıl Cabbarovun irəli sürdüyü təklif və yeniliklərə istinad edərək və təbii ki, Balakən Rayon İcra Hakimiyyətinin yaxından köməyi ilə təmsil etdiyimiz sahənin daha da inkişaf etməsi üçün yeni dərs ilində və qarşıdakı bütün illərdə daha böyük səy və əzmkarlıqla çalışacağıq. Bunu zaman tələb edir, dövlətimizin daha da qüdrətləndirilməsi, xalqımızın daha firavan yaşaması üçün düşünülmüş siyasət tələb edir.
Mahir DİBİROV,
Balakən Rayon
Təhsil
Şöbəsinin müdiri
Xalq qəzeti.- 2013.- 21 sentyabr.- S.
7.