Son on ildə Azərbaycan
dünyanın mədəniyyət mərkəzlərindən
birinə çevrilmişdir
Haqlı olaraq deyillər ki, Azərbaycan mədəniyyəti dünyanı fəth edir. İndi dünyanın elə bir ölkəsi yoxdur ki, orada Azərbaycan mədəniyyəti və incəsənəti ilə tanışlıq olmasın. Demək olar ki, hər il müxtəlif ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilir, rəssamlarımızın sərgiləri təşkil olunur, filmlərimiz festivallarda nümayiş olunur. Beynalxalq miqyasda Azərbaycan mədəniyyətini sevir, ona böyük hörmət və məhəbbət bəsləyirlər. Bu nailiyyətin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Ulu öndər deyirdi: “ Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.
Son on il ərzində qazanılmış mədəni nailiyyətlər dövlətin yeritdiyi mədəniyyət siyasətinin bariz nümunəsidir. Bu on il ərzində mədəni həyatımızın inkişafına dair qəbul olunan dövlət proqramları bu sahənin davamlı inkişafına güclü stimul yaratmışdır.
Bu dövr ərzində dövlətin mədəniyyət siyasəti şərəfli inkişaf yolu keçdi. İslahatların prioritet sahələri müəyyənləşdirildi. Bunlar mədəni və tarixi irsin mühafizəsi, yaradıcılığın dəstəklənməsi, milli kinematoqrafiyanın dirçəldilməsi, mədəniyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi və s. məsələlər idi. Baxın, sonrakı illərdə hansı layihələr həyata keçirildi.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəniyyət və incəsənət sahəsində 1000-dən çox beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirilmiş, ölkəmiz bir çox beynəlxalq festival və müsabiqələrə ev sahibliyi etmişdir. Onların sırasında Beynəlxalq Rostropoviç festivalları, I və II beynəlxalq muğam festivalı və müsabiqələri, Bakı beynəlxalq caz festivalları, Ü.Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalları, Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi Qəbələ Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Teatr Konfransı, Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi, Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı, I Bakı Beynəlxalq Kukla Teatrları Festivalı, I Beynəlxalq Kukla Biennalesi, Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkası kimi mötəbər tədbirləri xüsusi qeyd etmək lazımdır.
Bu tədbirləri sadalamaqla
qurtaran deyil. Mədəniyyətin
maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə bağlı həyata keçirilən layihələr milli mədəniyyətimizin inkişafına ən yaxşı töhfədir. Bakıda və regionlarımızın
mərkəzlərində teatrlarımız təmir olunmuş, müasir standartlara uyğun tamaşa müssisələri yaradılmışdır.
Gənc Tamaşaçılar
Teatrı, Rus Dram Teatrı, Milli Akademik Dram Teatrı, Musiqili Komediya Teatrı əsaslı təmirdən sonra tamaşaçıların
ixtiyarına verilmişdir. Bakıdakı Nizami kinoteatrında
aparılan əsaslı
təmir işləri
onu müasir Kino Mərkəzinə
çevirmişdir. Bu gün həmin Kino Mərkəzi beynəlxalq tədbirləri yüksək
səviyyədə keçirməyə
imkan verir. Muzeylərimiz, kitabxanalarımız,
mədəniyyət evləri
və sarayları
da öz görkəmini dəyişmiş, tamamilə
yeniləşmişdir. Muğam Mərkəzinin
və Xalça Muzeyinin inşası da təqdirəlayiq layihələrdəndir. Hər
region mərkəzində yeni mədəniyyət sarayları,
kitabxanalar, muzeylər
inşa edilir, yaxud da köhnələr yenidən əsaslı təmir edilib istifadəyə verilib. Elə bu yaxınlarda
Şəmkirdə istifadəyə
verilən mədəniyyət
obyektləri, Gənclik
Mərkəzi, Bayraq muzeyi, Heydər Əliyev Mərkəzi
ətrafında yaradılan
park bunun canlı nümunəsidir.
Digər rayon mərkəzlərində
də belə obyektlər kifayət qədərdir.
Bakıda
və regionlarda yaradılan Heydər Əliyev parkları və muzeylər əsl mədəniyyət müəssisələrinə
çevrilmişdir. Bunlar xalqımızın
istirahətinin təşkilində
mühüm rol oynayır.
Dövlət sifarişi ilə
çəkilən filmlərin
sayı ilbəil artmağa başlamışdır.
Yeni filmlərimiz beynəlxalq festivallarda mükafatlara
layiq görülmüşlər.
Mən rəssamam, ölkədə bu
sənətə
göstərilən qayğının şahidiyəm.
Dəfələrlə Azərbaycan rəssamlarının xarici ölkələrdəki sərgilərində
iştirak etmişəm.
Azərbaycan rəssamlarının
əsərlərinə necə böyük marağın olduğunun şahidi olmuşam. Ümumiyyətlə, ölkədə
təsviri sənətinin
inkişafı, təbliği,
gənc rəssamların
yaradıcılığının dəstəklənməsi istiqamətində
görülən işlər onu deməyə əsas verir ki, bu sənət həqiqətən
yüksək inkişaf yoluna çıxarılmışdır. Son on ildə bu sahədə 400-ə yaxın
respublika və beynəlxalq əhəmiyyətli
tədbir və sərgilər keçirilmişdir.
2007, 2009 və 2011-ci illərdə İtaliyada keçirilən Dünya Təsviri Sənət Sərgisində (Venesiya Biennalesi) Azərbaycan pavilyonu təşkil edilmişdir. 2012-ci il
9-16 dekabr tarixində nazirliyin Azərbaycan Rəssamlar İttifaqı
və “Yarat” Müasir İncəsənət Məkanı
ilə birlikdə Bakıda təşkil etdiyi “Zamanın simaları” mövzusunda “Alüminium” V Beynəlxalq
Müasir İncəsənət
Biennalesi geniş maraq doğurmuşdur. Gənc rəssamlara xüsusi qayğı
göstərilir.
Yeni istedadların üzə
çıxarılması üçün
müsabiqələr, sərgilər
keçirilir.
Xüsusilə gənclər
təşkilatları bu
işdə xüsusi fəallıq göstərirlər.
Məsələn, “Yarat”
Müasir İncəsənət
Məkanı
belə müstəqil qeyri-hökumət təşkilatıdır.
Onun əsas məqsədlərindən biri də gənclərə
dəstək verilməsi,
gənc istedadların
üzə çıxarılmasıdır.
Bəhs olunan dövrdə Azərbaycanın mədəni
irsinin özünəməxsusluğunun
qorunub saxlanılması,
tarix-mədəniyyət abidələrinin
öyrənilməsi və
mühafizəsi ilə
bağlı ardıcıl
tədbirlər görülmüşdür.
2007-ci ilin 29 iyun
tarixində Qobustan Milli Tarix-Bədii Qoruğu YUNESKO-nun Dünya
İrsi Siyahısına
daxil edilmişdir. 2012-ci ilin martında Qobustan qoruğunun yeni inzibati binası
və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyasının
rəsmi açılış
mərasimi olmuşdur.
ABŞ Dövlət Departamenti
Qobustan Qoruğunu
“Museum connect 2012” layihəsinə tərəfdaş seçmişdir.
Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın incəsənətimizin
inkişafına verdiyi
dəstək bu gün də davam edir. Muğam
sənətimizin inkişafı
yolunda Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr
xalqımız tərəfindən
böyük minnətdarlıq
hissi ilə qarşılanır.
Mədəniyyət
tariximizə bir sıra görkəmli şair, yazıçı
və mütəfəkkirlərimizin
yubileylərinin dövlət
səviyyəsində qeyd
olunması ənənəvi
hal almışdır.
Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamlarına uyğun
olaraq təkcə 2012-ci il ərzində Nizami Gəncəvinin 870, Mirzə
Fətəli Axundzadənin
200, Xurşudbanu Natəvanın
180, Mirzə Ələkbər
Sabirin 150, Məmməd
Səid Ordubadinin 140, Hüseyn Cavidin 130, Əhməd Cavadın 120, Mirvarid Dilbazinin 100, Xəlil Rza Ulutürkün 80 illik yubileyləri geniş tədbirlərlə qeyd olunmuşdur. Dahi Azərbaycan şairi
Nizami Gəncəvinin
870 illik yubileyi xüsusilə genişmiqyaslı
olmuşdur. 2012-ci ilin sentyabr ayında
şairin vətəni
Gəncədə, oktyabrda
Bakıda 14 ölkədən
150-dən çox qonağın
iştirakı ilə
keçirilən tədbirlər
beynəlxalq miqyaslı
ədəbiyyat bayramına
çevrilmişdir. Hindistanın
İ.Qandi adına
Mədəniyyət Mərkəzi
ilə birgə 2012-ci
ilin noyabr ayında Nyu Dehli şəhərində
Nizami Gəncəviyə
həsr edilmiş elmi konfrans, dekorativ, rəsm, xalça, numizmatika və tematik kitab sərgisi keçirilmişdir.
Ötən on ildə Mədəniyyət
və Turizm Nazirliyinin ən geniş sahələrindən
olan kitabxana-informasiya sahəsinin inkişafı
və modernləşdirilməsi
prioritet istiqamətlərdən
biri olaraq qalmışdır. Prezidentin
20 aprel 2007-ci il tarixli “Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması barədə”, 6 oktyabr
2008-ci il tarixli “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı”nın
təsdiq edilməsi barədə müvafiq sərəncamlarına uyğun
olaraq kitabxanalar vahid informasiya sahəsinə daxil olmuş, şəhər,
rayon mərkəzi kitabxanalarının
veb-saytları yaradılmış,
elektron kataloq və elektron kitabxanalar təşkil olunmağa başlanmışdır.
2006-cı
ilin oktyabrında Parisdə YUNESKO-nun baş
qərargahında təşkilatın
60 illiyinə həsr olunmuş həftə çərçivəsində “Azərbaycan: sivilizasiyalar və mədəniyyətlərin
kəsişməsində” mövzusuna
həsr olunmuş tədbir təşkil edilmişdir. Həmin il Bakıda
islam ölkələri
turizm nazirlərinin V konfransı keçirilmişdir.
2007-ci ildə YUNESKO-da
görkəmli xalçaçı-rəssam
Lətif Kərimovun,
2008-ci ildə Mir Cəlal
Paşayevin və “Leyli və Məcnun”
operasının 100 illik
yubileyləri qeyd olunmuşdur. Azərbaycanın təşəbbüsü ilə 2008-ci ilin 2-3 dekabr tarixində Bakıda Avropa və İSESKO-ya üzv bir sıra
dövlətlərin iştirakı
ilə mədəniyyət
nazirlərinin konfransı
keçirilmişdir. Tədbirdə
“Mədəniyyətlərarası dialoqun təşviqinə
dair Bakı Bəyannaməsi” qəbul
olunmuş beynəlxalq
miqyasda mədəniyyətlərarası
dialoqun inkişafına
dair “Bakı prosesi”nin əsası
qoyulmuşdur. Bu prosesin
davamı olaraq 7-9 aprel 2011-ci il tarixində Bakıda təşkil edilən Dünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilmiş, 100-dən çox
ölkə nümayəndəsinin
qatıldığı tədbir
geniş beynəlxalq rezonans doğurmuşdur.
Forum dünyada yeganə
beynəlxalq tədbirdir
ki, YUNESKO, BMT Sivilizasiyalar
Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası,
İSESKO, Avropa Şurasının
Şimal-Cənub Mərkəzi
kimi nüfuzlu qurumlar onun təşkilində
əməkdaşlıq edir.
Ölkə başçısının
27 may 2011-ci il tarixli sərəncamı ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iki ildən bir Bakıda keçirilməsi qərara
alınmışdır və
bu il 29 may - 1 iyun tarixində paytaxtımız növbəti
dəfə bu mötəbər tədbirə
ev sahibliyi etmişdir. 2009-cu ildə Bakı şəhəri İslam Mədəniyyətinin
Paytaxtı elan olunmuş, il
ərzində 100-dən çox
milli və beynəlxalq tədbir təşkil edilmişdir.
2009-cu ildə Azərbaycan
Aşıq sənəti
və Novruz bayramı YUNESCO-nun Qeyri-maddi
mədəni irsin Reprezentativ siyahısına
daxil edilmişdir. 2010-cu ildə
Azərbaycan Xalça
sənəti, 2012-ci ilin
dekabrında isə
tar ifaçılıq sənətimiz
YUNESCO-nun Qeyri-maddi mədəni
irs üzrə
Reprezentativ siyahısına
daxil edilmişdir.
Mədəniyyətə göstərilən qayğı
və diqqət ilbəil artır.
Sərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanda hər
iki qitənin mədəniyyətlərinin sintezi fonunda çox zəngin bir mədəni irs formalaşmışdır.
Bu gün həmin mədəni
irs qorunur, inkişaf etdirilir və gələcək nəsillərə çatdırılması
üçün strateji istiqamətlər müəyyənləşdirilir.
İnanırıq ki,
Azərbaycan Respublikası öz mədəni nailiyyətləri
ilə də dünyanın inkişaf etmiş dövlətləri
səviyyəsinə çatacaq.
Elçin ORUCOV,
əməkdar mədəniyyət işçisi,
rəssam
Xalq qəzeti.- 2013.- 21 sentyabr.- S.
8.