40 il milli musiqimizin
keşiyində
Xoşbəxt o kəslərdir ki, sevib-seçdiyi sənətindən zövq alır, onunla yaşayır. Belələri xalqın rəğbətini qazanır və yaşa dolduqca peşəsinin dəyəri kimi, özünün də nüfuzu artır.
Xalq musiqisinin, ulu muğam sənətinin incəliklərini gözəl bilən, milli musiqi xəzinəmizi zənginləşdirən insanlardan biri də Azərbaycan Milli Televiziyasının musiqi və əyləncəli proqramlar redaksiyasının böyük redaktoru, əməkdar incəsənət xadimi Çingiz Abbasovdur. Ömrünün 40 ilini xalq musiqisinin təbliğinə həsr etmiş Cingiz müəllim bu illər ərzində saysız–hesabsız verilişlər hazırlamış, milyonlarla tamaşaçının rəğbətini qazanmışdır.
1950-ci il yanvar ayının 24-də Zərdab rayonunda, ziyalı ailəsində dünyaya göz açan Çingiz Abbasov erkən yaşlarından musiqiyə maraq göstərmişdir. Atası Qurban kişi rayonun sayılıb-seçilən ağsaqqalarından olmuşdur. Respublikanın bir çox tanınmış xanəndə və musiqi ifaçılarından: Habil Əliyev, Əbülfət Əliyev, Əlibaba Məmmədov, İslam Rzayev, Arif Babayev, Canəli Əkbərov və digərləri Qurban kişinin evinin qonağı olmuş, onunla dostluq etmişlər. Bəlkə, elə bu səbəbdən də Çingiz xalq musiqisinə bu qədər maraq və həvəs göstərmiş, ömrünü bu sənətə həsr etmişdir. Onunla növbəti görüşümdə söhbətimin əsas mövzusu da məhz bu oldu.
– Çingiz müəllim, 40 ildir ki, Azərbaycan Televiziyasının musiqi verilişləri redaksiyasında çalışırsınız. Bu müddətdə eyni bir işlə məşğul olmaqdan yorulmadınızmı?
– Musuqi kimi zəngin, cazibəli bir aləmdən yorulmaq, doymaq olar? Mən uşaqlıqdan musiqimizin, xüsusən də xalq musiqisinin, muğamların vurğunu olmuşam. Hərdən boş vaxtlarımda öz-özümə zümzümə edəndə eşidənlər deyirdi ki, sən yaxşı xanəndə ola bilərdin. Mənə elə gəlir ki, xanəndə olsaydım tək öz həyatımı yaşayacaqdım. Amma indi əksər sənət adamlarının yaradıcılığı ilə sıx təmasdayam. Bu sənətə bağlılığım mənim taleyimi həmişəlik Azərbaycan Televiziyasına qovuşdurdu.
– Deyilənə görə, dayınız Ağahüseyn Məmmədovun da gözəl səsi olub?
– Bəli. Gənclik illərində o da oxuyardı. Heç yadımdan çıxımır, bir gün atam şəhərdən Habil Əliyevin, Zeynəb Xanlarovanın, Qulu Əsgərovun, İslam Rzayevin vallarını alıb gətirmişdi. Saatlarla bu vallara qulaq asmaqdan doymazdım. Bir dəfə ailəliklə Habil Əliyevin “Yanıqlı segah”ına qulaq asırdıq. Birdən dayım özünü saxlaya bilməyib oxudu. O, oxuduqca bir də gördüm ki, anamın gözləri dolub. O, nəmli gözləri ilə mənə baxıb köks ötürdü. Bu baxışları ilə, sanki, mənə demək istəyirdi ki, görürsən də oğul... Vaxtında dayının da əlindən tutub, yol göstərəni, “dayısı” olsaydı, o da tanınmış bir xanəndə ola bilərdi. Atamın yaxın qohumu Siracəddin Abbasov vaxtilə Opera və Balet Teatrında işləyib, Arif Babayev, Qulu Əsəgərovla birgə çıxış edib. “Leyli və Məcnun”da Zeyd, “Əsli Kərəm”də Sofi rollarında uğurla çıxış edib.
– Televiziyaya gəlişiniz yadınızdamı?
Əlbəttə. Bu işdə məşhur futbol şərhçisi Qərib Əhmədlinin və xalq artisti görkəmli rejissor, aktyor Lütfi Məmmədbəyovun böyük rolu olub. Allah hər ikisinə rəhmət eləsin. 1973-ci ildən bu günədək Azərbaycan Milli Televiziyasında çalışıram. Yeri gəlmişkən, Azərbayacan Televiziya və Radio Verilişləri QSC–nin sədri Arif Alışanovdan da çox böyük diqqət və qayğı görmüşəm. Fürsətdən istifadə edib ona da öz dərin təşəkkürümü bildirirəm.
– 40 illik əmək fəaliyyətiniz döründə nəyi qazanıb, nəyi itirdiniz?
İtirdiyim gəncliyimdir. Qazandığım isə, ilk növbədə, sənət adamlarının mənə olan hörmət və ehtiramıdır. Bu sənətə sevərək xidmət etmişəm. Zəhmətim, ötən illərim saçımı ağardıbsa, sənətə bağlılığım, eləyə bildiklərim üzümü ağardıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2006-cı ildə “Tərəqqi” medalına, 2011-ci ildə isə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşəm. Bundan da böyük xoşbəxtlik olarmı? Bu yüksək qiymətə görə ölkə rəhbərliyinə, eləcə də Azərbaycan muğamını bütün dünyaya tanıtdığı üçün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm.
Yeri gəlmişkən deyək ki, məhz Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam televiziya müsabiqələrində Çingiz Abbasovun böyük zəhməti, təşəbbüskarlığı var. Bu günlərdə musiqi ictimaiyyəti, iş yoldaşları Çingiz Abbasovun Azərbaycan Televiziyasındakı fasiləsiz, fədakar əməyinin 40 illiyini qədirbilənliklə qeyd edəcəklər.
Biz də bu əlamətdar hadisə münasibətilə həmkar dostumuzu ürəkdən təbrik edir, ona can sağlığı, sənətində yeni-yeni uğurlar arzulayırıq.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2013.- 21 sentyabr.- S.
11.