Dünya birliyi Azərbaycandakı
demokratik idarəçiliyin nəticəsini ədalətli və
şəffaf seçkilərdə görür
Azərbaycanın müstəqillik tarixinə nəzər
saldıqda bir daha şahidi oluruq ki, əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş daxili və
xarici siyasətin uğurla davam etdirilməsi ölkəmizin
beynəlxalq aləmdəki mövqeyini getdikcə möhkəmləndirmiş,
əlaqələrini genişləndirmişdir. Son on ildə
Azərbaycan inkişafının intibah dövrünü
yaşadı. Bütün sahələr üzrə
ölkəmiz rekord göstəricilərə nail oldu,
regionların siması büsbütün dəyişdi,
dünya standartlarına cavab verən yeni müəsssisələr
yaradıldı. Respublikamız sürətli
inkişaf yoluna qədəm qoyaraq kosmik ölkəyə
çevrildi, dünyanın ən mötəbər beynəlxalq
təşkilatı olan BMT Təhlükəsizlik
Şurasının üzvü seçildi və bu quruma sədrlik
etdi.
Hazırda ölkəmiz Cənubi
Qafqaz iqtisadiyyatının 80 faizinə, valyuta
ehtiyatlarının 91 faizinə nəzarəti öz əlində
cəmləşdirib və bütün regional layihələrin
əsas müəllifinə çevrilib. Bu dövr ərzində
Azərbaycan insanının maddi rifah halı xeylı
yaxşılaşmış, yoxsulluğun səviyyəsi 50
faizdən 6 faizə düşmüş, siyasi institutlar və
vətəndaş cəmiyyəti təşkilatlarının
sərbəst fəaliyyəti üçün əlverişli
şərait yaradılmış və onlara dövlət tərəfindən
maddi dəstək verilmişdir. Xüsusi olaraq
qeyd olunmalıdır ki, bu müddət ərzində milli
maraqların qorunması, milli mənəvi dəyərlərimizin
inkişafı istiqamətində əhəmiyyətli tədbirlər
həyata keçirilmişdir. Reallaşdırılan
uğurlu daxili və xarici siyasət Azərbaycanla hər kəsin
hörmətlə və saygıyla davranmasının vacib
olduğunu bütün dünyaya sübut etdi.
Demokratik proseslərin,
azad sözün, müstəqil mətbuatın
inkişafına, insan hüquq və azadlıqlarının
qorunmasına xüsusi önəm verilməsi Azərbaycanın
beynəlxalq aləmdəki reytinqini getdikcə artırdı.
Bütün bunlar müstəqil dövlətimizin
dünya birliyinə inteqrasiyasını daha da sürətləndirdi.
Bu müddət ərzində respublikamızda bələdiyyə,
parlament və prezident seçkilərinin keçirilməsinə
yaradılmış əlverişli şərait, dövlət
başçısının şəffaf və ədalətli
seçkilərin təşkili üçün yüksək
siyasi iradə nümayiş etdirməsi demokratik proseslərin
inkişafına xüsusi önəm verməsinin nəticəsi
kimi dəyərləndirilməlidir.
Avropa
Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi
(ESİSC) ATƏT-in Demokratik Təsisatlar və İnsan
Haqları Bürosunun (ATƏT/DNİHB) Ehtiyacların Qiymətləndirilməsi
üzrə Missiya Hesabatında Azərbaycan əleyhinə qərəzli
məqamlara cavab olacaq “Azərbaycan Respublikası: müsbət
idarəçilik modeli” sərlöhvəli təhlili
yazıda göstərilən tutarlı faktlar beynəlxalq təşkilatın
ikili standart nümayiş etdirməsindən xəbər verir.
Bu cavab bir daha təsdiqləyir ki, bəzi beynəlxalq
təşkilatlar ölkəmiz haqqında hələ də qərəzli
olduqlarını ört-basdır edə bilmirlər. Görünür Azərbaycanın demokratik yolla
sürətli inkişafı və dünya birliyində
reytinqinin yüksəlməsi ermənipərəst beynəlxalq
qurumları hiddətləndirib. Onlar
prezident seçkiləri ərəfəsində belə qərəzli
hesabatlarla könül bulandırmağa
çalışırlar.
Seçkilər hər bir ölkədə
demokratiyanın əsas göstəricilərindən biridir. 1993-cü ildən
bəri ölkəmizdə keçirilən seçkilər
bir daha təsdiqlədi ki, Azərbaycan xalqı seçki mədəniyyətinə
malik, seçim etmək bacarığı olan bir xalqdır.
İndiyə qədərki seçkilər
sübut edib ki, millət öz taleyini həvalə etdiyi
insanı seçməkdə heç vaxt yanılmayıb.
Artıq ölkəmizdə azad, ədalətli
və şəffaf seçkilərin keçirilməsi ənənəsi
öz təsdiqini tapıb. Ölkəmizdə
demokratik seçkilərin keçirilməsi üçün
beynəlxalq təcrübəyə əsaslanan mükəmməl
hüquqi baza vardır. Bələdiyyə,
parlament və prezident seçkilərinin şəffaf, azad və
ədalətli keçirilməsi üçün hər
cür şərait yaradılmışdır. Əvvəlki illərdən bu günədək Azərbaycanda
keçirilən seçkilər ildən-ilə təkmilləşdirilib.
Ölkədə davamlı ictimai-siyasi sabitlik
hökm sürür, ən əsası ölkə
başçısının özünün demokratik
seçkilərin keçirilməsi üçün siyasi
iradəsi mövcuddur.
Cəmiyyətimiz gündən-günə daha da
inkişaf etdiyi, yeni demokratik dəyərləri əxz etdiyi
üçün qanunvericiliyin, o cümlədən seçki
qanunvericiliyinin təkmilləşdirilməsi təbii
sayılmalıdır. Azərbaycan hakimiyyəti hər zaman
seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə
bağlı təşəbbüslərə həssaslıqla
yanaşmışdır. Avropa
Şurası Venessiya Komissiyası ilə seçki
qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə
aparılan işin yekun nəticəsi olaraq 2008-ci ildə Milli
Məclisin qəbul etdiyi qanunla Seçki Məcəlləsinin
müxtəlif maddələrinə 91 əlavə və dəyişikliyin
edilməsi sənədin daha da təkmilləşdirilməsinə
xidmət etmişdir. Azərbaycan Respublikasının
2010-cu il 5 mart və 18 iyun, 2011-ci il 1 fevral, 2012-ci il 20 aprel və
2013 - cü il 30 aprel tarixli qanunlarına əsasən
Seçki Məcəlləsi daha da təkmilləşdirilmiş,
insanların seçmək və seçilmək hüququnun
məhdudlaşdırılması tam aradan
qaldırılmışdır. Bu da ölkəmizdə
insanların hüquq və azadlıqlarının
qorunmasının daim dövlətin diqqət mərkəzində
saxlanılmasının bariz nümunəsidir.
Avropa Şurası Venessiya Komissiyası ilə
uzunmüddətli məsləhətləşmələrdən
sonra yenilənən, daha demokratik sənəd olan Seçki Məcəlləsi
beynəlxalq təşkilatlar tərəfindən də olduqca
müsbət qiymətləndirilib. Avropa Şurası
Venessiya Komissiyasının rəhbərliyi məhz üzərində
yeniləndirmə aparılan Seçki Məcəlləsinin
azad və ədalətli seçkilər keçirmək
üçün yaxşı baza rolunu oynaya biləcəyini
bildirib.
Ümumiyyətlə, son on il ərzində Azərbaycanda azad, ədalətli,
şəffaf, demokratik və beynəlxalq standartlara uyğun
seçki keçirilməsi hakimiyyətin qarşıya
qoyduğu prioritet məsələlərdən olmuşdur. Beynəlxalq müşahidəçilərin ölkəmizdə
keçirilən seçkilərin nəticəsi olaraq
yaydıqları bəyanatlar da qarşıya qoyulan vəzifələrin
uğurla həyata keçirilməsindən xəbər verir.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il mayın 11-də
parlament seçkilərindən bir qədər əvvəl
imzaladığı “Azərbaycan Respublikasında seçki
praktikasının təkmilləşdirilməsinə dair” sərəncamı
ölkəmizdə keçirilən seçkilərin daha da
demokratikliyinin təmin edilməsi istiqamətində
mühüm əhəmiyyət kəsb etmişdir. Sərəncamda
seçki rəsmilərinin təlim kurslarından keçməsi
məqsədilə müvafiq proqramların hazırlanması,
bu sahədə bütün siyasi qüvvələrlə, beynəlxalq
təşkilatlarla hərtərəfli əməkdaşlığın
həyata keçirilməsi, seçki prosesinə qanunazidd
olaraq müdaxilə edən mərkəzi və yerli icra
hakimiyyəti orqanları rəhbərlərinin, digər
dövlət məmurlarının hüquqi məsuliyyətə
cəlb edilməsi, televiziya kanallarında deputatlığa
namizədlərin bərabər əsaslarla təbliği və
siyasi platformaların müzakirəsini təmin edən
proqramların hazırlanması, deputatlığa bütün
namizədlər üçün kütləvi informasiya vasitələrindən
bərabər qaydada istifadə etmələrini və onlar
üçün bərabər imkanların yaradılması,
ixtisaslaşmış ictimai rəyçilər tərəfindən
“exit poll” prosesinin aparılması, vətəndaşların
sərbəst toplaşmaq azadlığının təmini,
seçici vəsiqələrinin çatdırılması,
seçici siyahılarının dəqiq, dürüst tərtibi
və açıq nümayiş etdirilməsi
üçün zəruri tədbirlərin görülməsi
kimi məsələlər əksini tapmışdır.
Sərəncamdan
sonra seçki praktikasının təkmilləşdirilməsi
sahəsində görülən tədbirlərin səmərəliliyinin
artırılması, Seçki Məcəlləsinin müddəalarının
seçkilərə hazırlıq dövründə və səsvermə
günü tam və şərtsiz həyata keçirilməsi,
vətəndaşların seçki hüquqlarının daha
dolğun təmin edilməsi məqsədilə Azərbaycan
Respublikasının Prezidenti 2005-ci il oktyabrın 25-də
“Milli Məclisə seçkilərin hazırlanması və
keçirilməsi ilə bağlı təxirəsalınmaz
tədbirlər haqqında” növbəti sərəncam
imzalamışdır. Azərbaycan hakimiyyətinin
müasir demokratik standartlara uyğun seçkilərin
keçirilməsi istiqamətində siyasi iradəsi, o
cümlədən, seçki praktikasının ildən-ilə
təkmilləşdirilməsi dövlət
başçısının müşahidə olunan bəzi
nöqsanları tez bir zamanda aradan qaldırmaqda qətiyyətini
nümayiş etdirir.
Seçki praktikasının mütəmadi olaraq təkmilləşdirilməsi
istiqamətində maarifləndirmə işi daim diqqət mərkəzində
saxlanılmışdır. “Azərbaycan Respublikasında insan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28
dekabr tarixli və “Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27
dekabr tarixli prezident sərəncamlarına uyğun olaraq
seçki komissiyalarının sədrləri və üzvləri
arasında kurslar təşkil edilmişdir. Bu
kursların təşkili seçki prosesində öz səmərəsini
açıq şəkildə büruzə verir. Azərbaycanda seçici siyahılarının tərtibi
də beynəlxalq standartların tələbləri səviyyəsində
həyata keçirilir. Təcrübə
göstərir ki, bizim ölkəmizdəki seçici
siyahılarının tərtibi bir çox Avropa ölkələrindəki
prosedurlardan müsbət mənada fərqlənir. Ona görə də radikal müxalifət nümayəndələrinin
seçici siyahıları məsələsini dramatikləşdirmələri
yersizdir. Məsələn, əksər
xarici ölkələrdə seçici seçkilərdən
əvvəl seçici siyahısına düşmək
üçün özü müraciət etməlidir. Əgər həmin ölkələrdə
seçicinin adı müəyyən olunmuş vaxtda
seçici siyahısına düşməsə, sonradan həmin
seçicinin adının seçici siyahısına
salınması mümkün olmur. Azərbaycanda
isə seçici siyahıları davamlı olaraq yenilənir.
Hətta Seçki Məcəlləsinə
görə, seçici səsvermə günü şəxsiyyət
vəsiqəsini təqdim etməklə adını
siyahıya əlavə edə və səs verə bilir.
Bu da ölkəmizdə seçicilərin səsvermə
hüququnun təmin olunması üçün əlverişli
şəraitin yaradılmasından xəbər verir. Onu da qeyd edək ki, məntəqələrdə
seçkilərin müşahidəçilər tərəfindən
izlənilməsi baxımından Azərbaycanda keçirilən
seçkilər dünyada ən qabaqcıl yerlərdədir.
Azərbaycanın beynəlxalq qurumlarla uğurlu əməkdaşlığı
seçkilərin demokratik, şəffaf keçirilməsində
mühüm rol oynayır. Bu sahədə ölkəmizin
nüfuzlu beynəlxalq təşkilatlarla və seçki
praktikası zəngin olan dövlətlərlə əməkdaşlığı
təqdirə layiqdir. Hər dəfə
ölkəmizdə seçki keçirilən ərəfədə
beynəlxalq təşkilatlarla birlikdə tədbirlərin
keçirilməsi artıq ənənə halını
alıb. Belə tədbirlərin
keçirilməsi böyük əhəmiyyət kəsb
edir. Mərkəzi Seçki Komissiyası
beynəlxalq qurumlarla əməkdaşlıq etmək
üçün daim hazırdır və heç bir əməkdaşlıqdan
imtina edilmir. Azərbaycan hökuməti
ölkədə demokratik və Avropa standartlarına cavab verən
seçkilərin keçirilməsinə mühüm önəm
verir və bu istiqamətdə nüfuzlu beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq edir, daim bu əməkdaşlığın
davam etdirilməsinə hazır olduğunu bildirir. Hakimiyyət seçki prosesinin əhəmiyyətini
nəzərə alaraq, istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi,
istərsə də seçkilərə hazırlıq və
seçkilərin keçirilməsi istiqamətində gələcəkdə
də qarşılıqlı və konstruktiv ruhda əməkdaşlığın
davam etdirilməsində maraqlıdır. Bu
baxımdan, aparıcı beynəlxalq təşkilatların
MSK və seçki komissiyalarına, onların üzvləri
üçün treninq və seminarların təşkili, əhalinin
seçkilərlə bağlı məlumatlılığının
artırılması sahələrində yardımı
yüksək qiymətləndirilir.
Hazırda Azərbaycan
mühüm seçki kampaniyası ərəfəsindədir.
Məlum olduğu kimi, bu il okrtyabrın 9 -
da ölkəmizdə növbəti prezident seçkiləri
keçiriləcək. Qətiyyətlə demək olar ki,
dünya birliyi bu il də Azərbaycanda ədalətli,
şəffaf və demokratik seçkilərin şahidi olacaq. Bunu seçkilərlə əlaqədar aparılan
hazırlıq işləri də təsdiqləyir. Bu məqsədlə regionlarda Mərkəzi
Seçki Komissiyası və ATƏT-in Bakı ofisinin təşkilatçılığı
ilə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin
yolverilməzliyi” mövzusunda sessiyaları keçirilmişdir.
Tədbirdə Prezident Administrasiyasının rəsmisi,
ATƏT-in Bakı ofisinin rəhbəri Koray Targay, Avropa
Birliyinin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti
işlər vəkili Toralf Piltz və dairə seçki
komissiyalarının sədrləri, həmçinin rayon icra
hakimiyyətinin rəhbərləri də iştirak etmişlər.
Həyata keçirilən seminarlar və tədbirlər
seçkilərin yüksək səviyyədə
keçirilməsinə öz töhfəsini verir.
Məlum
olduğu kimi, seçkilər ölkənin növbəti beş illik taleyini həll edir. Ona
görə də Azərbaycan dövləti bu prosesə
çox həssaslıqla yanaşır. İndiyə
qədər keçirilmiş seçkilərdə seçki
məntəqələrinin 10 faizində veb-kameralar
quraşdırılmışdısa, builki prezident seçkilərində
artıq məntəqələrin 20 faizində veb-kameralar
quraşdırılacaq. Söz yox ki, dünyanın
heç bir yerində ideal seçkilər keçirilmir, əgər
kimsə bunu iddia edirsə, düşünürəm ki,
düzgün demir. Çünki seçkilər
milyonların iştirak etdiyi prosesdir. Bütün
bunlara baxmayaraq, ölkəmizdə keçirilən
seçkilərdə mütəşəkkilliyin və
obyektivliyin təmin olunması üçün bütün
imkanlardan istifadə edilir. Hazırda
dünya ictimaiyyətinin diqqəti Azərbaycana yönəlib.
Artıq ATƏT-in Demokratik Təsisatlar və İnsan
Haqları Bürosunun 310 peşəkar müşahidəçisinin
Azərbaycandakı prezident seçkisi prosesini izləyəcəyi
barədə məlumat verilib. Bu, yalnız bir
beynəlxalq təşkilatın müşahidəçiləridir.
Seçki prosesinə qədər beynəlxalq
müşahidəçilərin sayı daha da artacaq. Hesab edirəm ki, sürətlə inkişaf edən
Azərbaycanın qarşısında çox böyük vəzifələr
durur. Azərbaycanın gələcək
rifahı demokratik cəmiyyət quruculuğundan keçir və
prezident seçkiləri bu prosesin uğurla aparılmasına
bir sübut olacaq.
Ölkədə azad, demokratik və şəffaf
seçki mühiti yaradılıb. Prezident seçkilərində
namizəd kimi iştirak etmək istəyənlərin sayı
da bunu təsdiqləyir. Bütün siyasi
partiyaların iştirakı üçün bərabər
imkanlar yaradıldıb. Bunun nəticəsidir
ki, artıq 22 nəfər Mərkəzi Seçki
Komissiyasına müraciət edərək prezident seçkilərinə
namizəd kimi qatılmaq arzusunda olduğunu bildirmişdir.
Onlardan 21 namizəd ilkin mərhələni
keçərək MSK-dan imza vərəqələrini
almış və onların hər biri bərabərhüquqlu
şəkildə imza toplamaq kampaniyasını həyata
keçirmişlər. Son olaraq 10 namizəd
prezidentlik uğrunda mübarizəyə başlayıb. Bu isə o deməkdir ki, seçkilərin azad və
ədalətli keçirilməsi üçün tələb
olunan əsas prinsiplərdən biri, rəqabətlilik prinsipi
tam şəkildə təmin olunub. İndi
cəmiyyətin ən müxtəlif spektrini təmsil edən
nümayəndələr seçki yarışına
qoşularaq öz potensialını səfərbər ediblər.
Müşahidələr göstərir ki, bu
dövrədək olan bütün seçki prosesi
qanunvericiliyin tələbinə uyğun şəkildə təşkil
edilib. Əminliklə demək olar ki, bu
cür münbit mühit axıra kimi davam edəcək və
Azərbaycan 9 oktyabr gününü demokratiyanın növbəti
təntənəsi kimi tarixə yazmağı bacaracaq.
Ancaq təəssüflər olsun ki, seçkilərin
keçirilməsi və onların nəticələrinin dəyərləndirilməsi
ilə bağlı qərəzli tendensiyalar yenə də
müşahidə olunur. Bəzi xırda nöqsanları
şişirdib elə təqdim edirlər ki, guya seçkilərə
hazırlıq antidemokratik yöndə aparılır, bu da
bütün seçkiləri şübhə altına almaq cəhdi
olur.Adını azərbaycanlı qoyan bəzi antimilli dairələrin
bu işdə ermənipərəst təşkilatlarla əməkdaşlığı
hər birimizdə ikrah hissi qoğurur. Ermənilərin
çaldığı havaya oynayan beynəlxalq təşkilatlardan
biri olan “Human Rights House” şəbəkəsinin Azərbaycandakı
seçkiqabağı mühiti narahatedici kimi təqdim etməsi
qərəzlidir və bu, mövcud reallığı təhrif
edir. Bu təşkilat ermənipərəst
dairələrin sifarişlərini yerinə yetirməklə
yanlış və subyektiv məlumatlar yaymaqla seçki
öncəsi ölkəmizdə çaşqınlıq
yaratmağa cəhd edir.
Prezident seçkilərinə xeyli vaxt qalsa da, Azərbaycanda
prezident seçkisinin saxtalaşdırılacağını
elan edən bu qurum bununla nəinki öz qeyri-ciddiliyini və
qeyri-professional fəaliyyətini, həm də konkret
sifariş yerinə yetirdiyini göstərir. Təsadüfi deyil ki,
çoxsaylı erməni diaspor təşkilatları “Human
Rights House”un tərəfdaşları kimi
çıxış edir. Məndə olan məlumata
görə, bu qurumun katibliyində maliyyə işlərinə
Saro Saroyan adlı erməni baxır.
“Human Rights House” şəbəkəsi
demokratiyanın, haqq - ədalətin tərəfdarıdırsa,
20 il ərzində bir dəfə də
olsun Ermənistanın işğalçılıq siyasətini
tənqid edəydi. Bu işğal nəticəsində 20 ildən
çoxdur ki, öz evinə qayıda bilməyən,
fundamental insan hüquqlarından məhrum edilən 1 milyondan
çox azərbaycanlı məcburi köçkün və
qaçqın haqqında bir dəfə də olsun məsələ
qaldıraydı. Bütün bunlardan sonra bu təşkilatın
demokratiyadan, haqq - ədalətdən danışması,
özünü obyektivliyin tərəfdarı kimi göstərməsi
siyasi riyakarlıqdır.
Təbii ki, seçki həm də siyasi güclərin
mübarizəsidir. Bu gün siyasi qüdrətə malik,
xalqın dəstəyini qazanacağına əmin olan siyasi
qurumlar yalnız və yalnız normal seçkinin baş
tutmasına çalışır. Bu
işdə maraqlı olmayan qüvvələr isə
hazırda bir sıra bəhanələrlə seçkini
pozmağa yönəlik addımlar atmaq niyyətindədir.
Sözsüz ki, onların bütün
addımları gücsüzlükdən, özünə əminsizlikdən
və ən əsası siyasi konsepsiyasızlıqdan
qaynaqlanır. Xalqın etimadını əldə
edə bilməyən bu qüvvələr nə yolla
olursa-olsun Azərbaycan dövlətçiliyinə, seçki
mədəniyyətinə ziyan vurmaq, imicinə xələl gətirmək
istəyirlər. Amma onlar hər zamankı kimi istəklərinə
nail ola bilməyəcəklər. Azərbaycan
bu il keçiriləcək prezident
seçkiləri ilə demokratik proseslərin inkişafına
xüsusi önəm verdiyini bir daha sübut edəcək.
Mirkazım KAZIMOV,
Milli Məclisin
deputatı,
Yeni Azərbaycan
Partiyası Siyasi Şuranın üzvü
Xalq qəzeti.-
2013.- 25 sentyabr.- S. 4.