Bilik və zəka
məbədi
Azərbaycan Milli
Kitabxanasının yaranmasından 90 il ötür
Milli Kitabxana Azərbaycanın müstəqilliyi illərində özünün inkişafının ən yüksək pilləsinə qədəm qoymuşdur. 1993-cü ilin ikinci yarısından Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada başlanan möhtəşəm yenidənqurma prosesi kitabxana işi sahəsində də xeyli canlanmaya səbəb olmuşdu.
Bu canlanma Azərbaycan elminin və mədəniyyətinin flaqmanlarından biri hesab olunan Milli Kitabxananın fəaliyyətində də özünü göstərmişdi. XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə elmin və mədəniyyətin inkişafına laqeyd münasibətin acı nəticəsi olaraq artıq 1997-ci ildə Milli Kitabxananın kitab fondunun formalaşmasında son 7 il ərzində yol verilmiş ciddi nöqsanlar öz “bəhrəsini” verməyə başlamışdı. Keçmiş SSRİ məkanından ədəbiyyatın daxil olması tamamilə dayanmışdı və kitabxana yalnız yerli nəşriyyatlar hesabına komplektləşdirilməyə başlamışdı. Lakin yerli nəşriyyatlar çox az miqdarda ədəbiyyat çap edir və bu da Milli Kitabxananın işinə mənfi təsir göstərirdi. Belə ki, əgər 1993-cü ildə hələ ümumittifaq nəşrlərinin Milli Kitabxanaya daxil olmasının tam kəsilmədiyi dövrdə il ərzində kitabxanaya 20957 nüsxə ədəbiyyat daxil olmuşdusa, artıq bu əlaqələrin tam kəsildiyi 1997-ci ildə Milli Kitabxanaya il ərzində cəmi 7561 nüsxə yeni ədəbiyyat daxil olmuş, onların da 1738 nüsxəsi kitablar olmuşdur. Bu da ötən əsrin 90-cı illərinin əvvəllərində respublikada kitab nəşri işinə və kitabxanaların kitabla təchizatı işinə biganə münasibətin acı nəticələri idi və bu göstəricilər getdikcə azalmağa doğru gedirdi. Belə şəraitdə bütün mədəniyyət müəssisələrinə, o cümlədən kitabxanalara bir “hücum” başlanmışdı: kitabxanaların binaları əllərindən alınır, onlar bağlanaraq qiymətli kitab fondları küçələrə tökülür, özəlləşdirmə adı altında qanunsuz işlər görülürdü.
Milli Kitabxananın binasına da müştəri gözü ilə baxanlar, onun zəngin fondunun bir hissəsinin həyətə tökülərək yandırılmasını israrla tələb edənlər də var idi. Nə yaxşı ki, ölkəmizin tarixinin ən azı 70 illik bir dövrünə aid qiymətli materialların məhvinə mane olan ziyalılar tapıldı və bu dəhşətli hadisənin qarşısı alınmış oldu. Ancaq Milli Kitabxananın binasının iqamətgaha çevrilməsi və yaxud başqa məqsədlər üçün istifadəsi fikirləri ara-sıra yenə də səslənirdi.
1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin ikinci dəfə respublikada hakimiyyətə gəlməsi bu ehtimallara son qoydu, Milli Kitabxananın və digər mədəniyyət müəssisələrinin üzərində dolaşan qara buludları tamamilə dağıtdı. Onların kənar “hücumlardan” etibarlı müdafiəsini təmin edəcək qanunvericilik bazasının yaradılmasına böyük ehtiyac var idi. Bu məsələnin vacibliyini əsas amil hesab edən ulu öndər Heydər Əliyev hələ 1994-cü ildə Mədəniyyət Nazirliyinə “Mədəniyyət haqqında”, “Kitabxana işi haqqında” və digər qanunların işlənib hazırlanması barədə xüsusi göstəriş vermişdi.
Kitabxana işi sahəsində yol verilmiş ciddi nöqsanların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin ciddi tapşırığı ilə tədbirlər görülmüş, tezliklə “Mədəniyyət haqqında” və “Kitabxana işi haqqında” Azərbaycan Respublikası qanunlarının hazırlanması istiqamətində işlərə başlanmış, ilkin layihələr Nazirlər Kabinetinin iclasında ulu öndər Heydər Əliyevin ciddi tapşırığı əsasında 1996-cı ildə kitabxana işçilərinin respublika müşavirəsində geniş müzakirə olunmuşdur. Bu tədbirin yekunu olaraq Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı qəbul olunmuş, Milli Kitabxanada işin tamamilə yenidən qurulması istiqamətində addımlar atılmağa başlanmışdı.
1995-1997-ci illərdə Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyev Milli Kitabxanaya 4 dəfə səfər etmiş və onun kitabxanaya hər gəlişi bu elm məbədinə yeni bir abu-hava, təkmilləşmə gətirmişdir.
Bunların içərisində ilk növbədə Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətləri əks etdirən kitabların təqdimat mərasimlərinin keçirilməsini qeyd etmək olar. Bu mərasimlərdə iştirak edən Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev Milli Kitabxananın fəaliyyətini və orada çalışan insanların əməyini yüksək qiymətləndirmişdi: “Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya, burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm”. Bu dahiyanə fikirləri yalnız ziyalı, dahi və uzaqgörən insan söyləyə bilərdi.
Onun 1995-ci ildə Milli Kitabxanada “Vətənə, Dövlətə, Xalqa sədaqət andı” kitabının təqdimat mərasimində iştirakı kitabxananın həyatında böyük bir hadisəyə çevrilmişdi. Bu mərasimdə iştirak edən ulu öndər Heydər Əliyev kitabxananın yeni ədəbiyyatla təchizatı işinin vəziyyəti ilə maraqlanmış, Rusiyadan və digər uzaq xarici ölkələrdən kitabların alınmadığını görərək bu sahədə olan nöqsanları aradan qaldırmaq məqsədilə ciddi göstəriş vermiş, eyni zamanda, Milli Kitabxananın fondunun xarici dillərdə olan ədəbiyyatla komplektləşdirilməsi məqsədilə hər il kitabxanaya əlavə olaraq 5 min ABŞ dolları vəsait ayrılması barədə göstəriş vermişdir. 1995-ci ildə Milli Kitabxana üçün bu vəsait çox böyük məbləğ hesab olunurdu.
Sonrakı illərdə ulu öndər 1996-cı il 4 mart tarixində Milli Kitabxanada keçirilən “Heydər Əliyev: siyasi portretin cizgiləri” kitabının, 1997-ci il 5 noyabr tarixində “Azərbaycan qaçqınları” fotoalbomunun və 20 noyabr tarixində “Azərbaycan internəşnl” jurnalının beş illiyinə həsr olunmuş təqdimat mərasimlərində iştirak etmişdir.
Milli Kitabxanada çıxışı zamanı “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” deyən ulu öndər Milli Kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın qiymətli kitab bağışlamışdır. Bu kitabların içərisində ulu öndərin şəxsi avtoqrafı ilə Milli Kitabxanaya hədiyyə etdiyi və dünyanın bir sıra ölkələrindən gətirdiyi, habelə Məkkəyə ziyarəti zamanı ona bağışlanan nəfis “Qurani-Kərim” də vardır. Ulu öndərin kitabxanaya hədiyyə etdiyi kitablar bu gün Milli Kitabxananın kolleksiyasının ən qiymətli nümunələri kimi Nadir kitablar fondunda mühafizə olunur.
Eyni zamanda, Azərbaycan Milli Kitabxanasının kolleksiyasında XVI əsrə aid qədim çap kitabları mühafizə edilir. Bu kitablar içərisində ən qədim və nadir nəşr “Türklər haqqında 10 nəsihət” (Yena şəhəri, 1595, alman dilində) hesab olunur. Milli Kitabxananın Nadir kitablar fondunda dünyanın ən qədim nəşriyyatlarından biri olan “Elzevir qardaşları nəşriyyatı”nın kolleksiyası da saxlanılır. Bu kolleksiyanın latın dilində “Homerin Hesiodla mübahisəsi” (Anno, 1573) kitabını kitabxananın ən qədim kitabı kimi göstərmək olar.
XX əsrin 90-cı illərinin sonlarında ulu öndərin mədəniyyət sahəsinə diqqət və qayğısının nəticəsi olaraq Milli Kitabxananın fəaliyyətində nəzərəçarpacaq irəliləyişlər özünü göstərməyə başlayırdı. Belə ki, artıq 2000-ci ildə Milli Kitabxanaya daxil olan yeni ədəbiyyatın sayı xeyli artaraq 14780 nüsxəyə çatmışdı ki, bunların da 9584 nüsxəsi kitablar olmuşdur. Müəyyən qədər yeni ədəbiyyatın alınmasında baş verən ciddi irəliləyişlər oxuculara xidmət işinin keyfiyyətinə də müsbət təsir göstərmişdi. Belə ki, kitabxananın daimi oxucularının sayı 1995-ci ildəkindən iki dəfə artaraq 2002-ci ildə 32 min nəfərə çatmışdı. Bütün bunlar oxuculara xidmət işinin keyfiyyətinin də kökündən dəyişməsinin nəticəsi idi.
Milli Kitabxananın inkişafının Heydər Əliyev mərhələsində kitabxanada yenidənqurma işləri həyata keçirilmiş və oxucuların zallarda oturub işləməsi üçün normal şərait yaradılmışdı. Belə ki, 1999-cu ildə 2000-2003-cü illərdə “Ərazilərin yenidən qurulması və bərpası” layihəsi üzrə Bakı şəhərində bir iri obyektdə yenidənqurma işlərinin aparılması məsələsi müzakirə olunarkən, 5 böyük müəssisə seçilərək Prezidentə təqdim olunmuşdu. Ulu öndər Heydər Əliyev bu siyahını nəzərdən keçirərək Milli Kitabxananı seçmişdi. Onun bu dahiyanə seçimi nəticəsində 2000-2003-cü illərdə Milli Kitabxana əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş: kitabxananın damı tam dəyişdirilmiş, istilik sistemi yenidən qurulmuş, oxu zallarında və iş otaqlarında oxucuların və işçilərin işləməsi üçün normal şərait yaradılmışdı.
Göründüyü kimi, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət öz nəticələrini verməyə başlamışdır.
Bu qanunlar mədəniyyətimizin müxtəlif sahələrində fəaliyyət göstərən minlərlə müəssisələri bazar iqtisadiyyatı şəraitində mülkiyyət formasının dəyişdirilərək özəlləşdirilməsi istiqamətindəki hücumlardan qorumuşdur. Onların normal yaşayıb fəaliyyət göstərməsi üçün toxunulmazlıq şəraiti yaratmışdır. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununda Milli Kitabxanaya ayrıca bir bölmə həsr olunmuş və bu elm məbədinin toxunulmazlığı üçün müddəalar öz əksini tapmışdır. Ölkə ərazisində dərc olunan çap məhsullarından Milli Kitabxanaya pulsuz məcburi nüsxələrin verilməsi ilk dəfə məhz bu qanunla təsbit olunmuşdur.
Bu dövrdə “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” qanun qüvvəyə minmiş, lakin burada mədəniyyət müəssisələrinin müdafiəsi məsələsi nəzərdə tutulmamışdı. Məhz ulu öndərin ciddi tapşırığı ilə hazırlanan və 1998-ci ildə onun imzaladığı “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında qanuna əlavələr”də mədəniyyət müəssisələrinin, o cümlədən kitabxanaların özəlləşdirilməsinin qadağan edilməsinin qanunvericilik şəklində təsbit olunması minlərlə kitabxananın özəlləşdirmə adı altında bağlanaraq binalarının əllərindən alınmasının və qiymətli kitab fondlarının küçəyə atılmasının qarşısını almış oldu. Bütün bunlar Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında əvəzolunmaz xidmətləri idi.
XX əsrin 90-cı illərinin sonunda Milli Kitabxanada həyata keçirilən işlərin təşkilində əsas istiqamət müstəqil Azərbaycanın nailiyyətlərinin geniş təbliğ edilməsinə və latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunan kitabların fondda ümumi çəkisinin artmasına gətirib çıxaran tədbirlərin görülməsindən ibarət olmuşdur.
XX əsrin 90-cı illərinin sonundan başlayaraq Azərbaycan Milli Kitabxanasında informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqinə başlanması da xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətləri idi. 1998-ci ildə respublikamızda kitabxanada ilk internet zalı məhz Milli Kitabxanada yaradılmış, 2000-ci ildə isə ilk Tədris Mərkəzi təşkil olunmuş, mərkəzdə ilk dəfə olaraq respublikamızın kitabxana işçiləri üçün kompyuter təlimi üzrə və internetdə axtarış aparmaq vərdişlərinin aşılanması üzrə treninqlər həyata keçirilmişdir. 2003-cü ildə elektron kataloqun tərtibi işlərinə başlanılmışdır.
Son on ildə Milli Kitabxana günü-gündən inkişaf edərək dünyanın ən modern kitabxanalarının sırasına daxil olmuşdur.
2004-2013-cü illər ölkəmizin həyatında sürətli iqtisadi inkişaf dövrü kimi xarakterizə olunur. Təbii ki, bu iqtisadi yüksəliş elmin, təhsilin və mədəniyyətin inkişafına da əsaslı müsbət təsir göstərmişdi. Ölkədə kitab nəşri sahəsində böyük naliyyətlər əldə olunmuş, qəzet və jurnalların nəşri geniş vüsət almış və bu sahədə mövcud qadağalar tamamilə aradan qaldırılmış, mədəniyyət müəssisələrinin genişmiqyaslı yenidənqurulması işlərinə başlanılmışdı və s.
Məlum olduğu kimi, 1992-ci ildə Azərbaycan xalqının həyatında dördüncü dəfə baş verən əlifba dəyişikliyi kitabxanalarımızı çox çətin vəziyyətə salmışdı, kitabxanalar köhnə kitab anbarlarına çevrilmişdilər, 70 illik sovet dönəmində çap olunan külli miqdarda ədəbiyyat demək olar ki, kütləvi oxucular, gənclər üçün lazımsız kağız parçalarına çevrilmiş, onlar həm ideoloji cəhətdən, həm də əlifba baxımından köhnəlmişdi.
Belə bir vaxtda-yəni 2003-cü ildə uzaqgörən ulu öndər Heydər Əliyev bütün sahələrdə tamamilə latın əlifbasına keçilməsi və kiril əlifbasından istifadənin qadağan olunması barədə sərəncam imzaladı. Prezidentin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, yaxın beş il ərzində Azərbaycan ədəbiyyatı klassiklərinin, müasir Azərbaycan yazıçı və şairlərinin əsərlərindən, ensiklopediya və lüğətlərdən, dünya yazıçılarının əsərlərindən ibarət sovet dövründə kiril əlifbası ilə çap olunmuş bütün nəşrlər latın qrafikası ilə yüksək keyfiyyətlə dövlət vəsaiti hesabına hər biri 25 min nüsxə tirajla çap olunmuşdu. Bu sərəncamın ən vacib əhəmiyyətindən biri onda idi ki, bu tirajın bütünlüklə kitabxanalar arasında pulsuz bölüşdürülməsi nəzərdə tutulurdu.
Təbii ki, bu kitabların çap olunaraq kitabxanalara göndərilməsi hər yerdə olduğu kimi, Milli Kitabxanada da böyük ruh yüksəkliyinə səbəb olmuşdu. Heç təsadüfi deyildir ki, bu nəşrlərin hər birindən 100 nüsxə Milli Kitabxanaya verilirdi ki, bu da çox böyük əhəmiyyət kəsb edirdi. Bu, hər şeydən əvvəl, Milli Kitabxanaya üz tutan gənc oxucular üçün çox vacib idi. Digər tərəfdən, Milli Kitabxananın fondunun latın əlifbası ilə çap olunan milli ədəbiyyatla xeyli zənginləşməsi demək idi.
Bundan sonra Milli Kitabxananın kitab fondu sürətlə artmağa başladı və artıq 2005-ci ildə kitabxananın fonduna daxil olan yeni ədəbiyyatın sayı demək olar ki, iki dəfə artaraq 24068 nüsxəyə çatmışdır. Əlbəttə, bu müstəqillik qazandıqdan sonrakı dövrdə Milli Kitabxananın tarixində çox yüksək bir göstərici idi. İldən-ilə kitabxananın fonduna daxil olan ədəbiyyatın sayının durmadan artması Milli Kitabxananın ümumi kitab fondunun da sürətlə artmasına səbəb olmuşdu. Belə ki, 2002-ci ildə kitabxananın ümumi kitab fondunun həcmi 4445455 nüsxə idisə, 2012-ci ilin 1 dekabrında kitabxananın kitab fondunda saxlanılan kitabların sayı 4560000 nüsxəni ötmüşdür. Xüsusilə qeyd etmək lazımdır ki, 2004-2012-ci illərdə fonda daxil olan ədəbiyyatın həcmində milli dildə ədəbiyyatın xüsusi çəkisi də xeyli artmışdır. Belə ki, əgər 2000-ci ildə bu rəqəm ümumi daxil olan ədəbiyyatın cəmi 50-60 faizini təşkil edirdisə, artıq 2012-ci ildə bu göstərici 85-90 faizə çatmışdı.
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə müvafiq olaraq M.F.Axundov adına Dövlət kitabxanasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü il tarixli qərarı ilə “Milli Kitabxana” statusu verilmişdir. Bu status kitabxananın qarşısına qoyulmuş vəzifələrin əhatəsini xeyli genişləndirmiş və ölkənin ictimai həyatında onun rolunu artırmışdır.
Milli Kitabxananın strukturu tamamilə yenidən qurulmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunan yeni strukturda müasir dövrün tələbləri ilə səsləşən bir sıra yeni şöbələr “Elektron informasiya xidməti”, “İnfrostrukturun təşkili və proqram təminatı şöbəsi”, “Avtomatlaşdırma və informasiya texnologiyaları”, “Elektron resursların yaradılması”, “Analitik elektron məlumat bazasının təşkili ”, “Elektron kataloqun formalaşdırılmasına dəstək” , “Elektron dissertasiya fondunun təşkili və ondan istifadə”, “Elektron resurslardan istifadə”, “Lokal şəbəkə vasitəsilə virtual xidmət”, “Kitabxanaların metodik təminatı” şöbələri və bir sıra yeni bölmələr yaradılmışdır.
Milli Kitabxananın fondunun sürətlə artımı və latın qrafikası ilə oxucu sorğularına tam uyğun gələn ədəbiyyatın kütləvi şəkildə nəşri respublikada oxucuların yenidən kitabxanalara qayıtmasına və onların sayının gündən-günə xeyli artmasına səbəb olmuşdu. Təbii ki, bu özünü Milli Kitabxananın fəaliyyətində də göstərirdi. Belə ki, Milli Kitabxanada oxuculara xidmət işi günü-gündən yaxşılaşırdı. Ən əvvəl bu özünü kitabxanaya üz tutan oxucuların sayında büruzə verirdi, onların sayı ildən-ilə artmaqda davam edirdi. Əgər 1999-cu ildə kitabxananın daimi oxucularının sayı 26536 nəfər təşkil edirdisə, bu göstərici 2005-ci ildə 31494 nəfərə, 2012-ci ildə isə 36360 nəfərə çatmışdır. Bütün bunlar isə Milli Kitabxananın Azərbaycan dövlətinin kitab nəşri və kitabxana işi sahəsində apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsi hesab oluna bilər. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, son 5 il ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il 30-35 adda kitab çap olunaraq kitabxanalara göndərilir.
2005-ci ildən başlayaraq, Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri genişlənməyə başlamışdır. Kitabxananın ilk beynəlxalq əlaqəsi 1991-ci ildə Türkiyə Milli Kitabxanası ilə olmuşdur. Lakin sonralar bu istiqamətdə işlər zəifləmişdir. 2005-ci ildə Rusiya Milli Dövlət Kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmışdır. Sonrakı illərdə Milli Kitabxana Fransa, Avstriya, Niderland, Latviya, Estoniya, İordaniya, Suriya, Slovakiya, Çexiya, Belarus, Qırğızıstan, Tacikistan, İran İslam Respublikası və digər ölkələrin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalamışdır ki, bu ölkələrin sayı artıq 30-a çatmışdır.
Müstəqillik illərində Milli Kitabxananın beynəlxalq kitab mübadiləsi istiqamətində də xeyli işlər görülmüşdür. 2000-ci ildə kitabxana beynəlxalq kitab mübadiləsi yolu ilə cəmi 145 nüsxə ədəbiyyat almış və bir nüsxə də kitab göndərməmişdirsə, 2006-cı ildə Milli Kitabxana beynəlxalq kitab mübadiləsi yolu ilə 1296 nüsxə kitab almış və 900 nüsxə kitab göndərmişdir. Artıq 2012-ci ildə kitabxananın beynəlxalq kitab mübadiləsini həyata keçirdiyi xarici ölkə milli kitabxanalarının sayı 60-dan çox olmuş və həmin ildə dünya kitabxanalarına 5000 nüsxədən artıq kitab göndərilmiş və beynəlxalq kitab mübadiləsi yolu ilə alınan kitabların sayı isə 2000 nüsxəni keçmişdir. Bu kitabxanalar arasında ABŞ-ın Konqress Kitabxanasını, Rusiya Dövlət Kitabxanasını, İskəndəriyyə Kitabxanasını, Fransa, Almaniya, Böyük Britaniya, Avstriya, Niderland, Yaponiya, Çin, Türkiyə, Slovakiya, Çexiya, Portuqaliya və dünyanın digər ölkələrinin böyük kitabxanalarını göstərmək olar.
Azərbaycan Milli Kitabxanası Azərbaycan Respublikasının ən böyük dövlət kitabsaxlayıcısı, milli mətbuatımızın və kitabiyyatımızın dövlət arxivinin yaradıcısı, ölkənin bütün kitabxanaları üçün elmi metodik mərkəz funksiyasını yerinə yetirən, kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahəsində aparıcı elmi mərkəz rolunu oynayan və nəhayət, Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan elm məbədi və mənəviyyat xəzinəsidir.
Milli Kitabxana ölkənin baş kitabxanası kimi, respublikanın əsl mədəniyyət mərkəzinə, mədəni-kütləvi tədbirlərin, yeni kitabların təqdimat mərasimlərinin, kitab bayramlarının, müəlliflərlə oxucuların görüşlərinin keçirildiyi məkana çevrilmişdir. Son illər ərzində elə bir ay olmamışdır ki, Milli Kitabxanada böyük bir tədbir keçirilməsin, ziyalılar, kitabsevərlər burada toplaşmasın.
Milli Kitabxana “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanunu ilə ona verilmiş milli çap məhsullarının arxiv fondunun yaradılması və Milli biblioqrafiya vəsaitlərinin tərtibi funksiyasını da müvəffəqiyyətlə yerinə yetirir. Artıq 2004-cü ildən başlayaraq kitabxana ölkə ərazisində nəşr olunan bütün çap məhsullarının dövlət qeydini aparır və il ərzində ölkədə nəşr olunan bütün materialları özündə əks etdirən “Birillik Azərbaycan kitabiyyatı”nı çap edir. Cari dövlət biblioqrafiyasının vacib atributu olan bu nəşrin artıq 20-dən çox buraxılışı çap olunmuşdur.
Milli Kitabxana 2006-cı ildən öz fonduna daxil olan yeni ədəbiyyatın cari biblioqrafik göstəricilərini tərtib etməyə başlamışdır. “Yeni kitablar” adlı cari biblioqrafik informasiya göstəricisi hər rübdə bir dəfə nəşr olunur və həmin dövr ərzində Milli Kitabxananın fondlarına daxil olan bütün yeni ədəbiyyat orada öz əksini tapır. Burada Azərbaycan, rus və digər xarici dillərdə olan bütün nəşrlər əhatə olunur. Materiallar elm sahələri üzrə qruplaşdırılır və oxucuların istifadəsini asanlaşdırmaq məqsədilə hər bir kitabın şifrəsi də verilir.
Hazırda Milli Kitabxanaya daxil olan dövri mətbuatın əksəriyyətinin məzmunu açılır və orada gedən bütün vacib materialların analitik təsvirləri analitik elektron məlumat bazasında öz əksini tapır. Bütün bunlar Azərbaycan mətbuatının elektron məlumat bazasının yaradılması işinə xidmət edir və gələcəkdə fundamental milli biblioqrafiya vəsaitlərinin tərtibi və nəşri üçün əlverişli zəmin yaradılmasında əsas olacaqdır.
2008-ci ilin dekabr ayından Milli Kitabxanada ölkə mətbuatının tammətnli analitik elektron-məlumat bazasının yaradılmasına başlanılmışdır. Yəni 100-dən çox qəzet və jurnalda dərc olunan materialların tam elektron mətnləri mövzu və predmetlər üzrə qruplaşdırılaraq Milli Kitabxananın elektron kataloqunun analitik məlumat bazasına daxil edilir. Bununla da artıq sayı 100 min nəfərə çatan kitabxananın virtual oxucuları nəinki dövri mətbuat materiallarının biblioqrafik təsvirlərini, hətta onların tam elektron mətnlərini də kitabxananın saytı və elektron kataloqu vasitəsilə açıb oxuya bilərlər.
Elektron resursların yaradılması istiqamətində atılan daha bir addım dövri mətbuat nümunələrinin tam komplektlərinin elektron versiyasını yaratmaqdan ibarətdir. Artıq bu istiqamətdə xeyli işlər görülmüş “Azərbaycan” “Ədəbiyyat”, “Kaspi”, “İrşad”, “Açıq söz”, “Həqiqət”, “Sədayi həqq”, “Doğru söz”, “Bəsirət”, “Ziyayi Qafqaziyə”, “Əkinçi” qəzetlərinin, “Dəbistan”, “İnqilab və mədəniyyət”, “Məzəli”, “Şəlalə” jurnallarının, “Zaqafqaziya Komissiyasının Aktları” və “Kavkazskiy kalendar” məcmuələrinin tam komplektlərinin elektron versiyası yaradılmış və kitabxananın lokal şəbəkəsinə yerləşdirilərək oxucuların istifadəsinə təqdim edilmişdir.
Siyasi sənədlər arxivindən 1904-1921-ci illərdə nəşr olunmuş 34 adda qəzet, 18 cild “Kavkazskiy kalendar”, 22 cild “Kavkazskiy sbornik” kitablarının surəti, Milli Arxiv İdarəsindən isə “Azərbaycan” (1918-1920) qəzetinin çatışmayan nömrələrinin surəti çəkilərək kitabxanaya gətirilmişdir.
Milli Kitabxananın oxuculara və kitabxanalara təqdim etdiyi son yenilik kitabxanaçıların sifarişi əsasında digər kitabxanaların oxucularına Milli Kitabxananın lokal şəbəkəsində yerləşdirilmiş təmmətnli kitabların müəyyən hissələrinin elektron çatdırılması sisteminin tətbiqindən ibarətdir.
2008-ci ilin may ayından etibarən Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazası Avropa Elektron Kitabxanasına daxil edilmişdir. Yəni kitabxananın oxucuları Avropanın 50-dən çox kitabxanasının fondlarında və kataloqlarında birbaşa axtarış aparmaq imkanı əldə etmişlər. Eyni zamanda, 50-dən çox Avropa ölkəsinin milli kitabxanasının oxucuları da Azərbaycan kitabxanasının fond və kataloqlarından istifadə etmək imkanı qazanmışlar. Bu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm bir vasitədir. Artıq bu gün kitabxanaya gələn oxucular sayı yüzlərlə olan ənənəvi kataloq və kartotekalarda saatlarla axtarış aparmaq əvəzinə, kitab verilişi məntəqəsində quraşdırılan kompyuterlərə yaxınlaşaraq 2-3 dəqiqə ərzində Milli Kitabxananın elektron kataloqunda olan istədikləri kitabı tapa bilir və sifariş edirlər. Oxucular elektron kataloqa o dərəcədə öyrəşmişlər ki, bəzən köhnə ənənəvi kataloqda axtarış aparmağa tənbəllik edirlər.
2008-ci ilin mart ayından Milli Kitabxanada oxuculara virtual kitab
sifarişi imkanı da yaradılmışdır.
Milli Kitabxana
hər il kitabxana işinin bu və ya
başqa məsələlərinə dair xeyli miqdarda metodik vəsaitlər
nəşr edir və kitabxanalara göndərir. Bunların
içərisində XX əsrin 60-70-ci illərində
çap olunan və müəyyən səbəblərdən
uzun müddət çap olunmayan “Əlamətdar və tarixi
günlər təqvimi”ni xüsusilə
qeyd etmək lazımdır. 2004-cü ildə bu vəsaitin nəşri
yenidən bərpa olunmuş və həmin ildə 2005-ci ili əhatə edən ilk buraxılış
işıq üzü görmüşdür. Təqvimin
2006-2012-ci illərə aid buraxılışları və
2013-cü ili əhatə edən 9-cu
buraxılış çap olunmuşdur.
Milli Kitabxana respublikada mövcud olan mərkəzləşdirilmiş
və kütləvi kitabxanalara metodik mərkəz
funksiyasını yerinə yetirdiyinə görə mütəmadi
olaraq kitabxananın əməkdaşları şəhər və
rayon kitabxanalarına ezamiyyələr təşkil edirlər. Bu ezamiyyələrin
məqsədi region kitabxanalarının fəaliyyətinin
yaxşılaşdırılması, kitabxanaçılarda
yeni texniki vasitələrdən istifadə vərdişlərinin
təkmilləşdirilməsi, dövrün tələbləri
səviyyəsində oxuculara xidmət göstərmələrinə
kömək etməkdən ibarət olmuşdur.
Milli Kitabxanada keçirilən kütləvi tədbirlər,
sərgilər, mühazirələr, kitab və elektron məlumat
bazalarının təqdimatları, elmi konfranslar ədəbiyyatın
təbliğində mühüm rol oynayır. İl ərzində
oxu zallarında, not nəşrləri və səsyazmaları
şöbəsində, konfrans zalında mütəmadi olaraq
yeni ədəbiyyat sərgiləri təşkil edilir.
Ümumilikdə hər il kitabxanada 100-ə
yaxın kütləvi tədbir keçirilir.
Son illərdə Milli Kitabxana Mədəniyyət və
Turizm Nazirliyi ilə birlikdə xarici ölkələrdə
keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında da
fəal şəkildə iştirak etməyə
başlamışdır. Belə ki, təkcə 2012-ci il ərzində Milli Kitabxana Frankfurt,
Budapeşt, London, Moskva, Kiyev, İstanbul, Kişinyov, Minsk beynəlxalq
kitab sərgilərində öz ekspozisiyası ilə
uğurla təmsil olunmuşdur.
Milli Kitabxana XX əsrin 70-80-ci illərində “Azərbaycan
mədəniyyəti və incəsənəti haqqında yeni
ədəbiyyat” adlı cari biblioqrafik informasiya göstəricisi
nəşr edirdi və maliyyə problemləri ilə əlaqədar
neçə illərdən bəri bu vəsaitin nəşri
dayandırılmışdı. Avtomatlaşdırılmış
sistem tətbiq olunduqdan sonra bu cari biblioqrafik vəsaitin nəşri
bərpa edilmiş və onun tam mətni kitabxananın
saytında müvafiq bölmədə yerləşdirilmişdir.
Milli Kitabxanada 2009-cu ildən fonoteka fondunun
qrammafon vallarının CD-yə köçürülməsi
işinə başlanmışdır. Hazırda
3000-dən çox qrammafon valı CD-yə
köçürülmüşdür ki, bu işdə milli
musiqimizə xüsusi yer verilmişdir. Artıq
bu materialların kataloqunun birinci buraxılışı “Azərbaycanın
səs xəzinəsi” seriyasında çap olunaraq
kitabxanalara, musiqi və incəsənət məktəblərinə
göndərilmişdir.
Ölkədə
elmi-mədəni və ədəbi irsin qorunub
saxlanılmasında mühüm xidmətləri olan Azərbaycan
Milli Kitabxanası dövlət başçısının
2013-cü il 24 iyun tarixli sərəncamı
ilə 90 illik yubileyini dövlət səviyyəsində təntənəli
şəkildə qeyd edilir. Milli Kitabxananın 90 illik yubileyi ərəfəsində
Avropa Milli Kitabxanaları Konfransının 27-ci illik
görüşünə və “Avrasiya Kitabxanalar
Assambleyası” əməkdaşlıq təşkilatının
XV ümumi iclasına ev sahibliyi etməsi də
Milli Kitabxananın növbəti uğurundan xəbər verir.
Kərim
TAHİROV,
Milli
Kitabxananın direktoru, fəlsəfə doktoru, dosent, əməkdar
mədəniyyət işçisi
Xalq qəzeti.- 2013.- 25 sentyabr.- S.
5.