Su təchizatı sistemlərinin
yenidən qurulması dövlətimizin sosial-
iqtisadi siyasətinin mühüm
tərkib hissəsidir
Müsahibimiz “Azərsu” Açıq Səhmdar
Cəmiyyətinin sədri Qorxmaz Hüseynovdur
- Qorxmaz müəllim, 2003- 2013- cü illərdə ölkəmizin ictimai- siyasi, sosial- iqtisadi həyatında mühüm hadisələr baş vermişdir. Ölkə iqtisadiyyatında qazanılan uğurlar su təchizatı və kanalizasiya sektoruna da sirayət etmişdir. Son 10 ildə bu sahədə uğurları qısaca şərh edərdiniz.
- Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, 2003- 2013- cü illər əldə olunmuş nailiyyətlər baxımından Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaqdır. Müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü siyasət son 10 ildə uğurla davam etdirilmiş, ölkəmiz dinamik inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycanda ictimai- siyasi sabitliyin qorunması, iqtisadi tərəqqi, sosial inkişaf dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmişdir.
Azərbaycanda iqtisadiyyatın hərtərəfli inkişafı kommunal sektorun mühüm sahələrindən olan su təchizatı və kanalizasiya sektorundan da yan keçməmiş, ötən müddətdə mühüm dövlət proqramları qəbul edilmiş və iri infrastruktur layihələri icra olunmuşdur. İlk öncə xatırladım ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da bu dövrə təsadüf edir. Su təchizatı sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi məqsədilə ölkə Prezidentinin 11 iyun 2004- cü il tarixli 252 nömrəli sərəncamı ilə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin əsasında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Qısaca olaraq 2003- 2013- cü illərdə su təchizatı və kanalizasiya sektorunda əldə edilən nailiyyətlər barədə məlumat vermək istərdim. Həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində son 10 ildə 4280 kilometr uzunluğunda içməli su xətti çəkilmiş, 36 suqəbuledici qurğu, 164 su anbarı, 74 su nasos stansiyası tikilmiş,175 artezian və subartezian quyuları qazılaraq istismara verilmişdir. Hesabat dövründə tullantı sularının axıdılması sahəsində də mühüm işlər görülmüşdür. 2003- 2013- cü illərdə 1490 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmiş, üç çirkab sutəmizləyici qurğu tikilmiş, daha üçü təmir edilmiş, 20 kanalizasiya nasos stansiyası inşa edilmişdir. Bütün bunlar kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşmasına səbəb olmuşdur. Ümumilikdə 2003- 2013- cü illərdə su təchizatı və kanalizasiya sektoruna müxtəlif mənbələr hesabına 2,8 milyard manatdan çox vəsait ayrılmışdır. Bunun 1,8 milyard manatı dövlət büdcəsinin, 779 milyon manatı Dövlət Neft Fondunun, 196 milyon manatı isə xarici maliyyə qurumlarının payına düşür.
10 il əvvəl Bakı şəhərində 1 milyon 560 min sakin mərkəzləşmiş qaydada içməli su ilə təmin olunurdusa, indi bu rəqəm 2 milyon 366 min nəfər təşkil edir. Bu özünü istehlak olunan suyun həcmində də göstərir. Belə ki, əgər 2003- cü ildə Bakı şəhəri və Abşeron yarımadasına müxtəlif mənbələrdən 564 milyon kubmetr su verilmişdirsə, 2012- cü ildə bu göstərici 23 faiz artaraq 696 milyon kubmetrə yüksəlmişdir. 2011- 2013- cü illər ərzində Bakı şəhəri və onun qəsəbələrində həyata keçirilmiş layihələr nəticəsində daimi içməli su alanların sayı 600 min nəfər artmışdır. Ən son məlumatlara görə, Bakı şəhəri və onun qəsəbələrində 1 mln 485 min insan sutkada 24 saat fasiləsiz su ilə təchiz olunur.
- Məlum olduğu kimi, ölkəmizdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması prioritet elan edilmişdir. Əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı son 10 ildə “Azərsu” ASC tərəfindən bir neçə iri layihə həyata keçirilmişdir. Bu layihələrin tarixi əhəmiyyəti və istehlakçılara faydası barədə nə deyə bilərsiniz?
- Su təchizatı və kanalizasiya sektoru çox vacib sosial sahə olmaqla yanaşı, böyük investisiya tutumludur. Bu sahədə infrastrukturun əsas hissəsi ötən əsrin 50- 70- ci illərində yaradılmış və uzun illər istismar olunmuşdur. Onların çoxu istismar müddətini başa çatdırdığından istifadəyə yararsız vəziyyətə düşmüşdür. Üstəlik, ölkə əhalisinin artımı, yeni yaşayış massivlərinin salınması bu sahəyə diqqəti artırmışdır. Bütün bunlar nəzərə alınaraq ölkə əhalisinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması, həmçinin kanalizasiya xidmətlərinin yaxşılaşması mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Son zamanlar bu sahədə işlər intensiv xarakter almışdır. Həm Bakı şəhəri və Abşeron yarımadasında, həm də regionlarda böyük layihələr icra edilir. Hazırda 38 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Regionlarda reallaşdırılan layihələr rayon mərkəzlərinin yaxınlığında və magistral kəmərlərin keçdiyi ərazilərdə yerləşən 350- dən artıq kəndi də əhatə edəcəkdir.
İri layihələrə gəlincə, ilk növbədə, Oğuz- Qəbələ- Bakı su kəməri yada düşür. Hələ 2002- ci ilin dekabrında keçirilmiş müşavirədə ulu öndər Heydər Əliyev Oğuz- Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi. 2007- ci il mart ayının 1- də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi tarixində ən böyük yerli infrastruktur layihəsi olan və Bakı şəhərinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan Oğuz- Qəbələ- Bakı su kəmərinin təməli qoyuldu. Qeyd edim ki, su təsərrüfatı sektorunda sonuncu dəfə belə iri layihə ötən əsrin 70- ci illərində ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə həyata keçirilmişdir. Bu baxımdan Oğuz- Qəbələ- Bakı kəmərinin tikintisi su təsərrüfatı sektorunda son 10 ilin ən əlamətdar hadisəsidir. 2010- cu il dekabrın 28- də kəmərin rəsmi açılış mərasimi keçirilmiş və ilk su Bakı sakinlərinə çatdırılmışdır. Oğuz- Qəbələ- Bakı kəməri tikilməsəydi, heç şübhəsiz ki, bu gün Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında ciddi problemlər yaşanacaqdı. Kəmər istismara verildikdən sonra Bakı şəhərində fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi 39 faizdən 63 faizə yüksəlmiş, qrafiklə su verilən ərazilərdə isə fasilə intervalları kifayət qədər azalmışdır. Hazırda bu kəmərlə paytaxta saniyədə 4 kubmetrdən artıq su verilir. Bakı şəhəri və Abşeron yarımadasına verilən içməli suyun keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə həyata keçirilmiş “Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi”nin icrası 2000- ci illərin ortalarında başa çatmışdır. Ceyranbatan və Kür sutəmizləyici qurğular komplekslərində aparılan əsaslı yenidənqurma işləri nəticəsində hər iki kompleksdə emal olunan suyun keyfiyyəti müasir standartlara uyğunlaşdırılmışdır.
2011- ci ildə daha bir iri layihənin icrasına başladıq. Həmin ilin sentyabrın 8- də Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksində ən son texnologiyaya uyğun ultrasüzgəcli sutəmizləyici qurğunun təməli qoyuldu. Məhsuldarlığı saniyədə 6 kubmetr olacaq qurğu vasitəsi ilə yaxın gələcəkdə paytaxta verilən içməli suyun həm həcmi artacaq, həm də keyfiyyəti yüksələcəkdir. Bir faktı deyim ki, Ceyranbatanda tikilən ultrasüzgəcli qurğu miqyasına və məhsuldarlıq göstəricisinə görə dünyanın ən böyük ultrasüzgəcli qurğusu olacaqdır.
- İçməli su təchizatı yaxşılaşdıqca kanalizasiya xidmətlərindən istifadə də aktuallıq kəsb edir. Ötən dövrdə ölkədə kanalizasiya infrastrukturunun yenidən qurulması və yenilərinin yaradılması istiqamətində hansı işlər görülmüşdür?
- “Azərsu” Açıq Səhmdar Cəmiyyəti olaraq fəaliyyətimizin mühüm bir hissəsi kanalizasiya sektoru ilə bağlıdır. Bu sahədə ən böyük layihə Hövsan Aerasiya Stansiyasında həyata keçirilmişdir. 2006- 2007- ci illərdə Bakı şəhərinin kanalizasiya infrastrukturunun yaxşılaşdırılması məqsədilə “Hövsan təmizləyici qurğular stansiyası, 2 saylı Zığ nasos stansiyası və əsas ötürücü kanalizasiya kollektorlarının yenidən qurulması və genişləndirilməsi” layihəsi həyata keçirilmişdir. Fransa hökumətinin ayırdığı 35 milyon avro kredit və Azərbaycan büdcəsindən ayrılmış 44,9 milyon manat vəsait hesabına görülən işlər nəticəsində Hövsan Aerasiya Stansiyasının sutkalıq məhsuldarlığı 480 min kubmetrdən 640 min kubmetrədək artırılmışdır. 2009- cu ilin sonlarında layihənin icrası tam başa çatdırılmışdır. Bundan sonra isə kanalizasiya infrastrukturunun müasir standartlar səviyyəsində qurulması ilə bağlı “Azərsu” ASC- yə konkret tapşırıqlar verilmişdir. 2011- ci ildən bu sahədə başlanan işlər həm paytaxtda, həm də bölgələrdə geniş vüsət almışdır. Bakı şəhərində uzun müddət istismarda olan və yararsız vəziyyətə düşmüş xətlərin bir hissəsi dəyişdirilmiş, yeni kanalizasiya xətləri və kollektorlar çəkilmiş və hazırda bu sahədə işlər davam etdirilir. Burada xüsusilə tunel tipli kanalizasiya kollektorlarının tikintisini qeyd etmək istərdim. Hazırda paytaxtın çirkab suları müxtəlif ərazilərdə qurulmuş nasos stansiyaları tərəfindən idarə olunaraq Hövsan stansiyasına ötürülür və orada təmizlənərək dənizə axıdılır. Paytaxtın gələcəkdə sürətli inkişafını nəzərə alaraq tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlamışıq. Tunel kollektorları paytaxtın şərq- qərb istiqamətlərini əhatə etməklə çirkab suların tam idarə olunmasına imkan verəcək. Hazırda Xırdalan- Xocasən, Bilgəh- Pirşağı, Dərnəgül- Bakıxanov- Qaraçuxur- Zığ tunel kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Bununla da çirkab suların Hövsan stansiyasına və Lökbatan qəsəbəsi yaxınlığında tikilən təmizləyici qurğuya nasoslarla deyil, özüaxımlı rejimdə ötürülməsi təmin olunacaqdır. Qeyd edim ki, tunel tipli kollektorlar TBM tipli qazma qurğusu vasitəsi ilə tikilir və bu zaman yerüstü obyektlər inşaat işləri üçün heç bir problem yaratmır.
Uzun müddətdir istismarda olan kanalizasiya kollektorlarının yuyulması işləri də həyata keçirilir. 2011- ci ildə ilk dəfə olaraq Sahil kanalizasiya kollektoru yeni texnologiya əsasında təmizlənmiş və bu təcrübədən digər magistral kanalizasiya xətlərinin təmizlənməsində istifadə olunmuşdur.
- Qorxmaz müəllim, son 10 ildə ölkə regionlarının inkişafı ilə bağlı iki Dövlət Proqramı icra edilmişdir. Şübhəsiz ki, bu proqramlarda prioritet sahələrdən biri kimi içməli su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması göstərilmişdir. Bu sahədə regionlarda həyata keçirilən layihələr barədə fikirlərinizi bilmək istərdik.
- İstər 2004- 2008- ci illəri, istərsə də 2009- 2013- ci illəri əhatə edən regional inkişaf proqramlarında ölkənin su təsərrüfatı sisteminin yenidən qurulması mühüm sosial- iqtisadi siyasətin tərkib hissəsi kimi göstərilmişdir. Proqramda nəzərdə tutulan tələblərdən irəli gələrək bölgələrdə yeni layihələrin icrasına başlanmışdır. 2011- ci ildən sonra bu sahəyə ayrılan vəsaitlərin artımı, eləcə də dövlətimizin bizə verdiyi mənəvi stimul layihələrin əhatə dairəsini genişləndirməyə imkan yaratdı. 2011- 2012- ci illərdə mütəşəkkil şəkildə bir neçə rayonda layihələrin təməli qoyuldu. İntensiv şəkildə həyata keçirilən tikinti- quraşdırma işləri öz səmərəsini verdi. Cəmi bir il sonra İmişli və Zərdab şəhərlərinə yeni mənbədən içməli suyun verilməsi təmin edildi. Bu il isə Şirvan, Hacıqabul, Kürdəmir, Qax, Biləsuvar, Lənkəran, Şabran, Siyəzən, İsmayıllı, Oğuz, Zaqatala, Yardımlı, Quba, Şəmkir, Naftalan şəhərlərinə içməli suyun verilməsinə başlanıldı. Ümumiləşdirib deyə bilərəm ki, bu gün bütün şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri hazırlanıb, 38 şəhərdə işlər başlanıb, 10- dan artıq şəhərdə isə bu ilin sonu və gələn ilin birinci yarısında işlərə başlanılmasına hazırlıq görülür. Yeni layihələr çərçivəsində sugötürücü sistemlər yenilənir, sutəmizləyici qurğular, iritutumlu su anbarları tikilir, magistral xətlər çəkilir, yeni su və kanalizasiya şəbəkələri qurulur, çirkab sutəmizləyici qurğular yaradılır, sayğaclaşma işləri aparılır.
Regionlarda görülən işlərdən bəhs edərkən həyata keçirdiyimiz iki böyük layihəni xüsusi qeyd etmək istərdim. 2012- ci ilin iyul ayında Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin 470 min nəfər sakinini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin etmək üçün Şirvan- Muğan qrup su kəmərinin tikintisinə başlanıldı. Cəmi bir ildən sonra uzunluğu 107 kilometr olan kəmərin tikintisi başa çatdırılıdı. Artıq Hacıqabul, Şirvan və Biləsuvar şəhərləri bu mənbədən keyfiyyətli su alır. Ucar, Zərdab, Kürdəmir şəhərləri və 64 kəndi su ilə təmin edəcək Külüllü mənbəyi də artıq insanlara xidmət göstərir. Hazırda bu məndədən Zərdab və Kürdəmirə su verilir, Ucara suyun verilməsinə hazırlıq görülür. Külüllü 67 yaşayış məntəqəsinin 170 min sakinini keyfiyyətli içməli su ilə təmin edəcək bir mənbədir.
- Təbii ki, layihələr şəhər və rayon mərkəzləri ilə yekunlaşmır. Hətta ucqar kənd və qəsəbələrdə əhalinin içməli su layihələri icra edilir. Bu layihələrin sosial əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Bəli, yuxarıda sadaladığım şəhər və rayon mərkəzləri ilə yanaşı, içməli sudan əziyyət çəkən kəndlərin də problemləri mərhələli şəkildə həll edilir. İlk növbədə, içməli su çatışmazlığının kəskin müşahidə olunduğu yaşayış məntəqələri müəyyənləşdirilir. Qeyd edim ki, bəzi kənd yaşayış məntəqələri şəhərlərdə həyata keçirilən layihələrin tərkib hissəsi olaraq içməli su ilə təmin olunur. Amma elə kəndlər də vardır ki, onlar şəhər mərkəzlərindən, su mənbələrindən və magistral xətlərdən kənarda yerləşir. Bu halda həmin kəndlər üçün xüsusi layihələr icra olunur. “Azərsu” ASC- nin təxirəsalınmaz tədbirlər proqramına əsasən, ölkənin bütün rayonlarını əhatə edən yüzlərlə kənddə işlər görülmüşdür. Bu il Oğuz rayonunun 17 min insanın yaşadığı 7 kəndində su layihələri başa çatıb. Hazırda Masallının 23, Yardımlının 15 kəndini əhatə edən layihələr icra olunur. Eyni zamanda, Qusar, Salyan, Goranboy, Qobustan və digər rayonların sudan əziyyət çəkən kəndlərində su təchizatı sistemləri yaradılır.
Qaçqın və məcburi köçkünlərin, sərhəd bölgəsində yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxlayırıq. Bilirsiniz ki, su mənbələrimizin bir hissəsi işğal altındadır. Biz vaxtilə həmin mənbələrdən qidalanan kəndlərə indi alternativ mənbələrdən içməli suyun verilməsinə çalışırıq. Məsələn, 2013- cü ildə Goranboy rayonunun cəbhə xəttində yerləşən Tapqaraqoyunlu kəndində yeni layihənin icrasına başladıq və qısa müddətdə kəndə yeni 20 kilometr uzunluğunda magistral su xətti çəkildi, kənddaxili şəbəkə quruldu və hazırda sakinlər fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunurlar.
- “Azərsu” ASC- nin həyata keçirdiyi layihələrin bir hissəsi “2011- 2013- cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial- iqtisadi inkişafına dair Dövlət Proqramı” əsasında reaılllaşdırılır...
- “2011- 2013- cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial- iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Bakı şəhəri və ətraf qəsəbələrdə 190 layihə üzrə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi işlərinin aparılması “Azərsu” ASC- yə həvalə olunmuşdur. 2011- ci ilin ortalarından layihələrin icrasına başlanılmış, ötən müddətdə xeyli işlər görülmüş və hazırda 100- dən çox obyekt üzrə layihələr icra edilir. Proqrama uyğun olaraq Abşeron yarımadasının kənd və qəsəbələrinin dayanıqlı içməli su təchizatı üçün Ceyranbatan- Balaxanı- Ramana- Qala- Pirallahı magistral su kəməri çəkilməli idi. Qısa müddətdə kəmərin Qala qəsəbəsinə qədər olan hissəsi istismara verildi. Bu kəmərlə Abşeron rayonunun Mehdiabad, Digah, Məhəmmədli, Binəqədi rayonunun Gülüstan yaşayış massivi, Sabunçu rayonunun Balaxanı, Zabrat, Sabunçu, Ramana, Xəzər rayonunun Qala, Şüvəlan, Mərdəkan qəsəbələrinə içməli su verilir. Qeyd edim ki, həmin yaşayış məntəqələrinin bir çoxunda, ümumiyyətlə, su şəbəkəsi mövcud olmamışdır. Şəbəkə olan yerlərdə isə əhali bəzən həftədə yalnız bir dəfə su ala bilirdi. Növbəti mərhələdə Ceyranbatan- Balaxanı- Ramana- Qala- Pirallahı magistral su kəmərinin Qala qəsəbəsindən Pirallahıyadək olan 35 kilometrlik hissəsinin tikintisi həyata keçiriləcəkdir. Bununla da Türkan, Zirə, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrinə suyun verilməsi təmin olunacaqdır. Ümumilikdə, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğu və Ceyranbatan- Balaxanı- Ramana- Qala- Pirallahı kəməri istismara verildikdən, həmçinin kənd və qəsəbələrdə yeni şəbəkələr qurulduqdan sonra Abşeron yarımadasında yaşayan 1 milyon nəfərdən artıq insanın içməli su problemi birdəfəlik həll ediləcəkdir. Sutəmizləyici qurğunun və magistral kəmərin tikintisi ilə yanaşı Abşeron yarımadasının kənd və qəsəbələrində mərkəzləşmiş içməli su şəbəkəsi yaradılır. Hazırda 30- dan artıq kənd və qəsəbədə tikinti işləri davam etdirilir.
İstehlakçılara verilən içməli suyun keyfiyyətinə ən müasir metodlarla nəzarət etmək üçün “Azərsu” ASC- nin yeni mərkəzi laboratoriyası inşa olunmuşdur. İçməli və çirkab suların tərkibinin daha dəqiq tədqiqi məqsədilə tikilən laboratoriyada ən müasir cihaz və avadanlıqlar quraşdırılmışdır və burada 138 parametr öyrəniləcəkdir. Yeni müasir laboratoriyada Avropa Birliyi ölkələrinin və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun analizlər aparılacaq və nəticələr əldə olunacaqdır. Yeni laboratoriyanın beynəlxalq akkreditasiyaya təqdim edilməsi də planlaşdırılır.
- “Azərsu” ASC- nin beynəlxalq maliyyə təşkilatları və xarici şirkətlərlə əməkdaşlığını necə qiymətləndirirsiniz?
- Həyata keçirdiyimiz layihələrin bir hissəsi beynəlxalq maliyyə təşkilatları ilə birgə reallaşdırılır. Bu sahədə Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniyanın KFW bankı, İsveçrənin SECO təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Səudiyyə İnkişaf Fondu ilə sıx əməkdaşlıq edirik. Beynəlxalq maliyyə qurumlarının krediti hesabına 21 şəhər və rayonda su və kanalizasiya layihələri həyata keçirilir. Gələcəkdə onların sayı 30- a çatacaqdır. Həmin təşkilatlar bu layihələrə 1 milyard 130 milyon dollar məbləğində kredit ayıracaqları barədə öhdəlik götürmüşlər. Bir məsələyə xüsusi diqqəti çəkmək istərdim ki, su təchizatı və kanalizasiya infrastrukturları nisbətən ağır sahələr olduğundan beynəlxalq maliyyə təşkilatları bu sahəyə vəsait ayırmağa ehtiyatla yanaşırlar. Amma Azərbaycanda yaradılmış ictimai- siyasi sabitlik və iqtisadi yüksəliş qoyulan vəsaitlər üçün təminat rolunu oynayır.
Bu gün Asiya İnkişaf Bankı Göyçay, Ağdaş və Beyləqan şəhərlərində, Dünya Bankı Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərində, Almaniyanın KFV Bankı Gəncə və Şəki şəhərlərində, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi Qusar, Xaçmaz, Xızı və Naftalan şəhərlərində icra olunan layihələri maliyyələşdirir. Bundan əlavə, layihələrin hazırlanması, icrası və xidmətlərin göstərilməsinə yerli şirkətlərlə yanaşı xarici tərəfdaşlar cəlb olunur. Bu gün “Azərsu” ASC müxtəlif sahələr üzrə onlarla xarici şirkətlə əməkdaşlıq edir. İşlərin keyfiyyətli icrasını təmin etməklə bağlı həmin şirkətlər qarşısında ciddi tələblər qoyulur.
- Bildiyimiz kimi, “Azərsu” ASC tərəfindən Bakı şəhəri və Abşeron yarımadasının 2035- ci ilədək perspektiv inkişafı nəzərə alınmaqla içməli su və tullantı suları, habelə yağış suları infrastrukturlarının yaxşılaşdırılması üzrə Master Plan hazırlanmışdır. Bu sənəd üzrə strateji məqsədlər və perspektiv planlar barədə nə deyə bilərsiniz?
- Bakı şəhəri ətrafında və Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemlərinin 2035- ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla müasir standartlara uyğun yenidən qurulması hədəf götürülmüşdür. Bu məsələləri kompleks həll etmək üçün bizim sifarişimizlə bu sahədə böyük təcrübəyə malik Türkiyə şirkətləri Master Plan hazırlamışdır. Sənəd hazırlanarkən şəhərin perspektiv inkişaf planı, ümumi əhali artımı, turizmin inkişafı, sənaye və yol infrastrukturunun genişlənməsi və s. amillər əsas götürülmüşdür. 2035- ci ilə qədər əhalinin artımı, Abşeron yarımadasında magistral su kəmərləri, su anbarları, kanalizasiya kollektorları, çirkab sutəmizləyici qurğuların məhsuldarlıqları və həcmləri müəyyənləşmişdir. Master Plana uyğun olaraq Abşeron yarımadasında 5900 kilometr su, 7100 kilometr kanalizasiya, 970 kilometr yağış suları xətləri çəkiləcəkdir. Bunlarla yanaşı, qarşıdakı illərdə ümumi tutumu 1 milyon 345 min kubmetr olan 80- dən çox su anbarı, ümumi məhsuldarlığı sutkada 1 milyon 375 min kubmetr olan 11 çirkab sutəmizləyici qurğunun tikintisi də nəzərdə tutulur.
Ümidvaram ki, “Azərsu” ASC- nin çoxminli kollektivi Azərbaycanda içməli su probleminin tamamilə aradan qaldırılması, hər bir kənd və şəhərin 24 saat keyfiyyətli su ilə təmin edilməsi ilə bağlı dövlətin qarşıya qoyduğu vəzifələri vaxtında və keyfiyyətlə icra edəcəkdir.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 25 sentyabr.- S.
6.