2013 - Yeni
ümidlər ili
Yer üzünə yeni - 2013-cü
il gəlib. Dünyanın bir çox xalqları hər
il təqvimin dəyişdiyi dekabrın 31-dən yanvarın
1-nə keçən gecəni böyük sevinc və
ümidlərlə qarşılayırlar. Adamlar Yeni il kimi
bayram etdikləri bu əziz gündə deyib gülür,
şənlənir, sevdikləri insanlara hədiyyələr
verirlər. Küçələrdə, mənzillərdə
yolkalar bəzədilir, uşaqların səbirsizliklə
gözlədikləri Şaxta baba və Qar qız evlərin əziz
qonaqlarına çevrilirlər.
Yeni il əsrlərdən bəri Azərbaycan xalqının da əziz bayramlarından biridir. Soydaşlarımız bu bayrama hər dəfə böyük şövqlə hazırlaşırlar, həvəslə bayram süfrələri açırlar. Bunun üçün ölkədə lazımi şərait də yaradılıb. Son illər xalqımız üçün bir-birindən uğurlu gəlir. Yola saldığımız 2012-ci il də ölkəmizin tarixində ciddi sosial-iqtisadi və mədəni uğurlarla yadda qaldı. Belə ki, təkcə son bir ildə ölkəmizin həm paytaxtında, həm də regionlarda bir çox iri sənaye və kənd təsərrüfatı müəssisələri işə düşüb, geniş infrastruktur layihələri uğurla icra olunub.
Ötən ilin ən yaddaqalan uğurları sırasında Bakıda “Eurovizion” kimi əhəmiyyətli beynəlxalq musiqi yarışmasının, eləcə də Beynəlxalq Humanitar Forumun keçirilməsini qeyd etmək yerinə düşərdi. Eyni zamanda, ölkəmiz idman sahəsində də beynəlxalq tədbirlərə ev sahibliyi edib - 17 yaşa qədər qızlar arasında Futbol üzrə dünya çempionatı Azərbaycanda keçirilib. Onu da demək lazımdır ki, 2012-ci ildə Azərbaycan dünyanın 155 ölkəsinin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir və 2013-cü ildə də bu mötəbər beynəlxalq təşkilatda Şərqi Avropanı təmsil etmək hüququnu həyata keçirməkdə davam edəcək. Təbii ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını şərtləndirən belə beynəlxalq tədbirlər hər birimizin qəlbində dərin məmnunluq və sevinc hissləri doğurur. Fərəhlənirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə illər ölkəmiz üçün bir-birindən uğurlu gəlir.
Keçən il təkcə Bakıda deyil, ölkənin hər yerində böyük abadlaıq-quruculuq işləri davam etdirilmiş, bölgələrdə yeni-yeni iş yerləri açılmış, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində uğurlu addımlar atılmışdır.
Yeni il bayramı ərəfəsində xalqımız başqa bir əziz bayramı- 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü də böyük coşqu ilə qeyd edir. Belə günlərdə milli duyğu və düşüncələrimiz aşıb-daşır, arzu-diləklərimiz sabaha qanad açır. Dünyanın hər yerində soydaşlarımızın fəal iştirakı ilə anamız Azərbayanın şərəfinə təntənələr qurulur. Həmrəylik duyğusu bizi güclü edir, öyünc və sevincimiz həyat eşqimizi yüksəldir. Beləcə, eldə, obada, bütün Azərbaycanda indi bayram-bayrama qarışıb. Bayramınız, mübarək əziz dostlar, əziz həmvətənlər!
Qarşılayın -
Qara Su İlanı ili gəlir
Bu gün dünya yeni ilə qədəm qoyur. Bu, Qara Su İlanı ilidir.
Qara su ilanı ili planetimizə, qədim Şərq təqviminə
əsasən, 2013-cü il fevralın 10-da daxil olacaq və 30
yanvar 2014-cü ilə qədər davam edəcək. Bununla da
Qara Su İlanı ili öz yerini zəhmli göy Ata təhvil
verəcək.
İlan aydın ifadəlidir, onda
qadınlara xas cəhətlər çoxdur. Xasiyyəti,
davranışı, fikir və hərəkətləri məhz
daha çox qadınlarda olduğu kimidir və ilan
özünün müdrikliyi, məqsədyönlüyü,
sakitliyi və bir qədər də qısqanclığı
ilə xarakterizə olunur. Qara Su İlanı Çin
bürcündə xüsusilə fərqlənən mütəfəkkir
üçbucağının təmsilçisidir, bu
üçbucağa ondan başqa Buğa və Xoruz bürcləri
də daxildir. Bu qrup ədalətin və hamı
üçün bərabər imkanların keşiyində
dayanır. Bunları varlıların qızıllarını
alıb yoxsullara paylayan və eyni zamanda, özünü də
unutmayan britaniyalıların
xalq qəhrəmanı Robin Quda bənzətmək olar.
Və
bizi, əlbəttə, ilk növbədə, 2013-cü ilin -
Qara Su İlanı ilinin nələr vəd etdiyi
maraqlandırır. Cavab birmənalıdır: sadəcə
olaraq rahatlıqdan başqa hər şey! Bu möcüzəli
il çoxdan bəri nə isə etmək istəyənlər
üçün çox yaxşı olacaq. Elə
hazırlaşıblar, hazırlaşıblar, bütün
gücləri ilə, ideyaları ilə və köməkçiləri
ilə birgə, amma hərəkətə keçə bilməyiblər.
İndi əsl məqamıdır, heç bir çətinlikdən,
narahatlıqlardan qorxmadan, taleyin hökmündən
çıxış edərək müqəddəs məqsədə
doğru getmək olar. İlan səxavətli
və müdrik varlıqdır. Bununla yanaşı, onun qəlbinin
dərinliyində gizlənmiş ən sonuncu hiss
paxıllıqdır. İlan, adətən, təmənnasız
olur. Ona görə də igid adamlar İlan ilində “va-bank”
getmək istəsələr də, mütləq xoşbəxtliyə
qovuşacaqlar. Sadəcə, riskə getmək lazımdır,
nəinki lazımdır, hətta vacibdir. Bir neçə dəfə
cəhd etmək gərəkdir. Ancaq, təbii ki, risk
özü də düşünülmüş
olmaldıdır və müəyyən bir layiqli məqsədə
xidmət etməlidir. Əlbəttə, sizə heç kim
banka gedib bütün pulları çıxarmağı və
kazinoya cummağı məsləhət görmür. Buna
İlan ilinin cavabı “yox”dur.
İlan
ilində yeni vəzifəyə təyinat almaq çox
yaxşıdır, amma bu zaman gərək nə
ixtisasını, nə də əsas xidmət yerini dəyişməyəsən.
Məsələ bundadır ki, Çin qoroskopunda İlan
müdrik və böyük ürəkli olsa da, qeyri-sabitliyi və
qeyri-ardıcıllığı ilə fərqlənir. Ona
görə də bu ölkədə İlan ilinə bir-iki ay
qalmış nikah bağlamaq üçün növbəyə
dururlar. Belə bir inam da mövcuddur ki, İlan yaxşı
ailə adamı deyil, ürəyi “xəyanətə və dəyişmələrə”
meyillidir. Ona görə də gənc kişi və
qadınlar möhkəm, səbrli, inamlı və
qarşılıqlı anlaşmaya əsaslanan ailə qurmaq
üçün Əjdaha ilində nikah bağlamağa
çalışırlar. Bu qədim Çin ənənəsini
qəbul edib bəlkə də toyu bir az gecikdirmək olar.
Bununla bərabər,
İlan ili yeni tanışlıqlar (istər işgüzar,
istərsə də başqa sahə olsun) üçün
çox münasibdir. Sevgi romanları ilk baxışdanca
coşub-daşa bilər. Mümkündür ki, elə ilk
görüşdən hər iki tərəf bir yerdə
olmağın mənasızlığını başa
düşsün və sülh yolu ilə ayrılsın.Ancaq
o da var ki, İlan ili iki qəribə - “təkliyə
alışmış” adamı bir-birinə elə bağlaya
bilər ki, ömür boyu onları heç nə ilə
ayırmaq olmaz. Buyurun, özünüz sınaqdan keçirin
və əmin olun!
İlan
ilində biz sadə, adi insanlar pulla mümkün qədər
ehtiyatlı olmalıyıq. Axı, ilin sahibi riski sevir. Bu il əmlak,
səhm, avtomobil və enerji daşıyıcıları
bazarında gözlənilməz sıçrayış və
enmələr ola bilər. Çalışın ki,
bütün iri alış-verişləri ya başa
çatmaqda olan Əjdaha ilində edin, ya da 2014-cü ilə
- At ilinə saxlayın. Xırda işlərlə
bağlı xərcləri, yəqin ki, nəzərə
almamaq olar.
İlan
ilində daha çox Dovşan ilində doğulanlar
ehtiyatlı olmalıdırlar. İlan sizin əbədi
antipodunuzdur. Ona görə də bir
il susun, vacib işlərinizi dönə-dönə
götür-qoy edin, xərclərinizi dəfələrlə
hesablayın, sağlamlığınızı qoruyun və
idmanın ekstremal növlərindən uzaq olun.
Əvəzində
Buğa və Xoruzlar xoşbəxt olacaqlar. Siz bütün ili
etibarlı müdafiə altında olacaqsınız, ona
görə də cəsarətlə sevin, pul qazanın, digər
işlərinizi görün, bir sözlə, kefiniz istəyən
kimi yaşayın.
Yeni il ənənələri
Əziz
oxucu, yəqin ki, soruşa bilərsən: Yeni ili qeyd etmək ənənəsi
harada və nə vaxt meydana gəlib? Bu barədə oxuyub
öyrəndiklərimizi sizinlə paylaşmaq qərarına
gəlmişik. Gəlin, lap əvvəldən başlayaq. Belə fərziyyələr var ki,
Yeni il bayramı ilk dəfə 5 min il bundan əvvəl
Mesopotamiyada qeyd edilib. Bu qədim ölkədə şumer,
babil, assur kimi mədəniyyət mərkəzləri
yaranmışdı. Mesopotamiyada əkin işləri
martın sonunda, Dəclə və Fərat çaylarında
su artandan sonra başlanırdı. Bu hadisə 12 gün ərzində
təntənəli yürüşlərlə, şənliklərlə
qeyd edilirdi. Qədim yəhudilər
Yeni ilin bayram edilməsini babillilərdən, yunanlar isə yəhudilərdən
öyrənmiş, Qərbi Avropaya da bu ənənə
yunanlardan keçmişdir. Qədim romalılar hələ
bizim eradan əvvəl Yeni il gecələrində səhərə
qədər şənlik edir, tanış və dostlarına
xoşbəxtlik diləyirdilər. Arxeoloqlar qədim Misir
piramidalarında qazıntı işləri zamanı üzərində
“Yeni ilin başlanğıcı” sözü
yazılmış qab tapmışdılar. Qədim Misirdə
Yeni il Nil çayı daşan zaman (təqribən
sentyabrın axırında) bayram edilirdi. Nilin daşması
çox mühüm hadisə hesab olunurdu. Ona görə ki,
çayın daşması sayəsində susuz səhrada
taxıl bitirdi. Yeni ildə tanrı Amonun, onun arvadının
və oğlunun kiçik heykəllərini minnətdarlıq
əlaməti olaraq qayığa qoyurdular. Qayıq Nil
çayı boyu çal-çağırın müşayiəti
ilə bir ay üzəndən sonra heykəlcikləri yenidən
qaytarıb məbədə qoyurdular.
Romalılar
imperator Yuli Sezarın yeni təqvimi tətbiq etməsinədək
Yeni ili martın əvvəlində bayram edirdilər. Yuli Sezar
eramızdan qabaq 45-ci ildə Misirdə olarkən misirlilərin
təqvimi ilə tanış olmuşdu. Bu təqvim 365
gündən və 12 aydan ibarət idi. Salnaməçilər
yazır ki, Yuli Sezar bu
tanışlıqdan sonra dərhal yeni təqvim
hazırlanması barədə əmr vermişdi.
Bu da bəllidir
ki, qədim xalqlar Yeni il bayramını müxtəlif vaxtlarda
qeyd edirdilər. Məsələn, qədim Yunanıstanda
bayram ilin ən uzun gününə - 22 iyuna
düşürdü. İngiltərədə isə bayram
şənliklərinə baharın ilk günündə -
martın 1-də başlayırdılar. Fransada Yeni ilin gəlişini
Böyük İnqilab Günü, yəni Respublikanın
yarandığı 22 sentyabrda bayram edirdilər.
I Pyotr
1699-cu ildə Avropa səyahətindən qayıdandan sonra Yeni
ilin 1 yanvardan hesablanması barədə fərman
imzalamışdı. İmperator Yeni il şərəfinə
yolkalar bəzədilməsi göstərişini vermişdi. I
Pyotr öz fərmanında, eyni zamanda, Yeni il günlərində
sərxoş olaraq şillələşmə və
yumruqlaşmanı qadağan etmişdi. Göstərilmişdi
ki, bu xoşagəlməz işi başqa vaxtda da görmək
olar. 31 dekabrda yır-yığış edən rus qızları
mizin altını çox səylə ələk-vələk
edir, buğda dəni axtarırdılar. Buğda dəni tapan
qızlar sevinclərindən qışqırırdılar.
Onlara elə gəlirdi ki, buğda dəni tapan tezliklə ərə gedəcək. Bundan
başqa ərə getmək arzusunda olan qızlar gündə
bir neçə dəfə təzə paltar geyirdilər ki, gənc
oğlanların xoşuna gəlsinlər.
Bayram mərasimləri
Hər
bir xalqın Yeni ili qarşılama ənənələri var.
Məsələn, italyanlar Yeni ili bayram etməzdən öncə
mənzillərindəki bütün köhnə əşyaları
pəncərədən küçəyə tullayırlar.
Köhnə əşyaların yerini təzə
alınmış mebellər tutur.
Yaponlar
hesab edirlər ki, Yeni ilin ilk saniyələrindən
başlayaraq gülmək adama uğur gətirir. Yaponiyada Yeni
il gecəsi 108 dəfə zəng çalmaq adəti də
mövcuddur. Qədim inanclara görə, vurulan hər bir zəng
insan qüsurlarından birini “öldürür”. Yaponlar hesab
edirlər ki, insanın altı qüsuru olur: simiclik,
axmaqlıq, qərəz, yelbeyinlik, qətiyyətsizlik,
paxıllıq. Və bu qüsurların hər birinin 18
müxtəlif çaları mövcuddur. Yaponlar Yeni ildə
öz yaxınlarına məhz bu qüsurlardan azad
olmalarını arzulayırlar. 6-nı 18-ə vuranda 108
alınır. 108 rəqəmi və bu qədər zəng
çalmaq ənənəsi də məhz buradan yaranıb.
Asiyanın
ən böyük ölkəsi olan Çində də Yeni il
bayramı qədimlərdən bəri böyük səs-küy,
təmtəraq və atəşfəşanlıqla qeyd edilir.
Çinlilər bununla
ümid edirlər ki, Yeni
ilin gəlişinə mane olmağa cəhd edən şər
qüvvələri qovurlar. Avropalılardan fərqli olaraq
çinlilər yolka bəzəmirlər, əvəzində
bayram süfrələrinə narıngi və portağalla
dolu məcməyilər düzürlər.
Yeni il
bayramı polyak xalqının da sevimli bayramıdır.
Polyaklar Şaxta babanı Silvestr Klaus adlandırırlar.
Onların inancına görə, bu, həmin Silvestr adlı məşhur
nağıl qəhrəmanıdır ki, Levifian adlı vəhşiyə
qələbə çalaraq həmvətənlərini dəhşətli
bəlalardan xilas edib.
1927-ci ildə
Milad bayramı keçmiş SSRİ məkanında rəsmi
bayram kimi ləğv olunmuşdu. 1936-cı ildən isə
Yeni il təqvim ili kimi rəsmən qeyd edilir. O zaman
keçmiş ittifaqda Yeni il iki gün ərzində bayram
edilirdi. Rusiyanın indiki rəhbərliyi
isə Yeni il tətillərini 5 günə
çatdırıb ki, bundan da sadə camaat çox razı
qalıb. Üstəlik ruslar 13 yanvarda “Köhnə Yeni ili” də
qeyd etməkdən vaz keçmirlər.
Dünya
xalqlarının bir çoxunda, xüsusən də Afrikada
Yeni ilin qarşılanması gecəsi fit və çəpik
çalmaq, hay-küy qoparmaq, tullanıb-düşmək,
haray-həşir salmaq adət-ənənələri
vardır. Yəqin ki, bu ənənələr bütpərəstlik
zamanından mövcuddur. Qədim insanlar əcinnələri və
digər şər qüvvələri qovmaq üçün
bu üsullara əl atırdılar.
Bayramın əsas
atributlarından biri - yolka!
Yeni ilin
bayram edilməsinin ayrılmaz atributu Rusiyada, Qərbi Sibirdə,
Şimali Amerikada və digər xristian ölkələrində,
ümumiyyətlə, dünya dövlətlərinin
çoxunda şüşə və plastik oyuncaqlarla,
şamlarla və şirniyyatla bəzədilmiş yolkadır.
Yolka bayram günlərində bir qayda olaraq mənzillərdə,
yaxud paytaxt şəhərlədəki iri meydanlarda qurulur.
Qeyd edək ki, bayram ərəfəsində ağacların bəzədilməsinin
başlanğıcı tarixi fironların dövrünə təsadüf
edir. Həmin vaxtlarda qədim Misir küçələrindəki
palma ağaclarını bəzəyirdilər. Bizim
eramızda Avropa ölkələrində Milad bayramı
münasibətilə küknar ağaclarını alma,
qoğal və şamlarla bəzəməyə
başlamışdılar. Adamın bu gün heç
inanmağı gəlmir ki, nə vaxtsa yolkanı təpəsi
üstə qururdular. Bayram qurtarandan sonra uşaqlara ağacdakı
meyvələri və şirniyyatı yığmağa icazə
verirdilər.
Yolka
qurmaq ənənəsinin başlanğıcı
Almaniyadakı Reyn çayının sahillərindəki Elzas əyaləti
ilə əlaqədardır. XVI əsrdə burada Milad
yolkası qurmağa başlamışdılar. Bəzən də
Milad ağacını tavandan başı aşağı
asırdılar. Almaniyada Milad bayramında uşaqlar
üçün mizlərin üstünə hədiyyələr
də düzürdülər.
Almaniyada
ilk əvvəllər yolkanı yalnız şəhərlərdə
qururdular. 1820-ci ildə Praqada,
XIX sonra isə Skandinaviya ölkələrində şəhər
meydanlarında yolkalar qurulmuşdu. Yolka qurmaq adəti cəmiyyətin
yüksək təbəqələrindən gəlirdi. Məsələn,
İngiltərədə yolkanı 1760-cı ildə ilk dəfə
olaraq kral III Georqun arvadı bəzəmişdi, sonralar isə
kraliça Viktoriya özünün milliyyətcə alman olan
əri Albert ilə Vindzor sarayında
uşaqlar üçün yolka qurmuşdu. Rusiyada da qədimdən bayram
yolkası bəzəməyi çox sevirlər. Əvvəllər
yolka qurmaq ənənəsi burada da şəhərlərdə
yaranmışdı, sonra kəndlərə
də sirayət etmişdi. Əvvəl-əvvəl yolkanı
kənd məktəblərində qururdular, sonralar kəndli evlərində də yolka
qurmağa başlamışdılar. XIX əsrin alman
mühacirləri yolka bəzəmək ənənəsini
Amerikaya da aparıb çıxarmışdılar.
Yolka hətta
müsəlman ölkələrinə də
yayılmışdı. Məsələn, 1960-cı ildə
Tehran və Mərakeş şəhərlərində yolka bəzəmək
halları mövcud idi. İkinci Dünya müharibəsinədək
Türkiyədə də yolka bəzəyirdilər.
1936-cı ildə Türkiyə hökuməti meşələrin
qırılmasının qarşısını almaq məqsədilə
yolka bəzəmək ənənəsinə qadağa
qoymuşdu. Lakin sonralar bu qadağa aradan
götürüldü.
Turistlər
də Şaxta babanı çox sevirlər...
Bəllidir
ki, Yeni il şənlikləri turistləri cəlb etmək
üçün yaxşı fürsət hesab olunur. Buna
görədir ki, bir çox ölkələr bayramın əsas
rəmzlərindən olan Şaxta babaya “sahib
çıxmağa” cəhd edirlər. Ən çox da
şimal xalqları iddia edirlər ki, ilk Şaxta babalar məhz
onların ölkəsində peyda olub.
Məsələn,
finlər bütün dünyaya car çəkirlər ki,
Santa Klaus, yəni Şaxta baba onların həmvətənidir.
Onların inanclarına görə, Santa Klaus Finlandiyanın
qütb dairəsinə yaxın ərazilərdəki
hündür küknar ağacları ilə əhatə
olunan, bəmbəyaz qardan “ağ libas” geyinmiş Laplandiya
adlanan möcüzəli bir yerdə yaşayır. Finlər
düşünürlər ki, Santa Klaus hər il dünya
ölkələrinə səyahətini məhz Laplandiyadan
başlayır.
Finlandiyada
Yeni il şənlikləri dekabrın 25-dən, yəni Milad
bayramı günündən başlanır. Dekabrın 31-i,
Yeni il axşamı isə ölkə paytaxtı Helsinkidə
nağıl və əsatir qəhrəmanlarının
obrazlarının libaslarını geyinmiş həvəskar
aktyorlar teatr məzhəkələri oynayırlar. Həmin gecə
hədiyyə dolu xurcunu ilə Santa Klaus şimal maralları
qoşulmuş xizəkdə Helsinkinin mərkəzi
meydanına təşrif buyurur. Meydanda dərhal alqış səsləri
eşidilir, şən mahnı
sədaları ətrafa yayılır. Bayram günlərində
dünyaınn hər yerindən turistlər Finlandiyaya - Santa
Klausun vətəninə həqiqətən çox gəlirlər.
Yeni ili
Laplandiyada keçirən əcnəbi qonaqlar etiraf edirlər
ki, burada bayram etməyin ayrı səfası var!
Özünüzü bir anlığa rəngbərəng
oyuncaqlar bərq vuran Yeni il yolkasının başına
dolaşan uşaqların, övladlarına baxıb sevinən gənc ata-anaların və
bir-birini sevən gənclərin yanında hiss edin. Göydən
isə iri, yupyumru qar dənələri ələnir. Heç
kəs soyuğu, şaxtanı vecinə almır. Hamı
gülür, sevinir. Romantik səhnədir, deyilmi?
Yeni il
günlərində ənənəvi turist ölkəsi olan
Fransa həmişəkindən də çox qonaq-qaralı
olur. Turistlər Parisdə Eyfel qülləsinin ətrafında
keçirilən bayram atəşfəşanlığını
müşahidə etməyi lap çox sevirlər. Fransada
Şaxta babanı Noel ata adlandırırlar. Noel ata bayram
günlərində uşaqlara çoxlu hədiyyələr
paylayır ki, uşaqlar da onun şəninə gözəl
şeirlər deyir, şən mahnılar oxuyurlar.
Fransızlar
bayram günlərində çox səxavətli olurlar. Onlar
belə günlərdə turistləri həvəslə məşhur
fransız şərabına qonaq edirlər. Bəllidir ki,
Fransa şərab ölkəsidir, şərabının
dadına isə söz ola bilməz. Turistlər təbii ki, vətənlərinə
qayıdanda fransızların onları şəraba qonaq etmələri
barədə fəxrlə söz açırlar.
Bütün arzularınız
çin olsun!
Hər yeni il gələcəyə
açılan yoldur, həm də bir körpüdür. Bayram
özü ilə yeni arzular, yeni ümidlər gətirir.
İnsan arzuları isə bitib-tükənməzdir. Hər kəs
bayram günlərində doğmalarına ən xoş arzu və
təbriklərini çatdırmağa
çalışır. Axı hər bir xoş sözün,
ürəkdən deyilmiş təbrikin ecazkar təsir
gücü var. Elə bayramlar da insanları sevindirmək
üçündür! Belə
bir deyim var ki, Yeni ili hansı ovqatla başlasan, bütün
ili həmin ovqatla da başa vuracaqsan. Biz də
oxucularımıza, bütün xalqımıza bu gözəl
bayrama xoş əhval-ruhiyyədə başlamağı,
bütün arzularının çin olmasını diləyirik.
Qoy 2013-cü il hər birinizin həyatında
ən uğurlu illərdən biri olsun.
Xalq
qəzeti.- 2013.- 1 yanvar.- S. 7.