Dünyaya sülh, insanlara səadət arzulayıram!

 

İlin sonuna yetişdik. Bir az soyuq, bir az qaraqabaq, bir az da qəmgin bir dövrüdür ilin. Hər bir dövrün sonuna çatanda qeyri-ixtiyari olaraq çevrilib geri baxmaq istəyirsən. Biz geriyə- 2012-ci ilə baxdıq. Öz yerini Yeni ilə verməyə hazırlaşan 2012 bizə nələr verdi, nələr aldı? Yaranışından

insan şüuru müsbət emosiyalı hadisələri daha çox xatırlamağa meyillidir.

 

Bizim yadımıza düşən ilk hadisə Eurovision-2012 mahnı müsabiqəsi olur. Paytaxtımız bu möhtəşəm şouya ev sahibliyi etdi bu il. Dünyanın diqqəti  bir daha Azərbaycana yönəldi. Görməyənlər gördü, eşitməyənlər eşitdilər. Odlar Yurdunda keçirilən bu bayram atəşinin şəfəqləri bütün Yer planetinə səpələndi. Ölkəmiz dünya miqyaslı bu tədbiri əsl bayram ovqatında , sevinc fərəh içərisində keçirdi.Fəxr etməyə dəyər. 2012-ci il idmançılarımız üçün uğurlu oldu. Bu il Londonda keçirilən növbəti Olimpiya Oyunlarında idmançılarımız  düz on dəfə Azərbaycan bayrağını sürəkli alqış sədaları altında başları üzərinə qaldırdılar, Azərbaycan himninin sədaları yenə Yer kürəsinin bütün guşələrində eşidildi. Daha bir qələbə. Daha bir fərəh mənbəyimiz  Azərbaycan idmanının nailiyyətləri oldu. İl boyu həyatımız dəyişməkdə davam etdi. Paytaxtımızda baş verən sürətli dəyişikliklər onu daha da gözəlləşdirdi, hər bir bakılının ürəyini qürur hissi ilə doldurdu. Şəhərimizin sakinləri il ərzində bir-birinin ardınca maraqlı şou tədbirlərinin şahidi oldular. Onlar Rihannanın, Şakiranın, Cenifer Lopesin dünyanın başqa pop musiqi ulduzlarının canlı ifasını möhtəşəm  Kristal Sarayının səhnəsindən dinlədilər. İlk dəfə  Bakı küçələrində şütüyən idman avtomobillərinin “City Challenge Baku” yarışmasının səsi ürəkləri riqqətə gətirdi.Bölgələrimizdə aparılan yenidənqurma abadlıq işləri insanların yaşam tərzini dəyişməkdə davam etdi. Həyat daha gözəl olmağa başladı. Ölkəmizi rekord sayda əcnəbi turistlər ziyarət etdi.

Tariximizdən xəbərdar oldular, mədəniyyətimizi öyrəndilər, məişətimizlə tanış oldular. Dostlarımızın sayı artdı, düşmənlərimiz bir az da sarsıldılar. 2012-ci il həm də Axundzadə ili oldu ölkəmizdə. Milli düşüncə tariximizdə millətimiz adına ilk addımı atan dahi mütəfəkkirimizin anadan olmasının 200 illik yubileyi silsilə tədbirlərlə yadda qaldı. Xalqımız öz dahi şəxsiyyətinin  xatirəsini  əziz tutmaqla  mənəvi borcunu ləyaqətlə  yerinə yetirdi. Tariximizdə  düha sahiblərimiz çoxdur. Onlar bizim itkimiz deyil, sərvətimizdir. Sərvətimizi itirməmək üçün hər zaman onları anmaq, fikirlərinə dönə-dönə qayıtmaq, gələcəyimiz naminə onların irsindən faydalanmaq, xatirələrini yad edib, ruhunu şad etməliyik. Bunu da etdik.

Beləcə Yeni il gəlib.  Bitən il isə ömürdən xərclənən bir ildir. İnsan oğlu həmişə həyatın qısa olduğundan gileylənsə də bu anda daha bir ilin keçib getməsi  heç kimi narahat etmir. İnsanlar bayrama hazırlaşır. Sözümün əvvəlində demişdim axı. İnsan şüuru müsbət emosiyalı hadisələrə daha çox meyillidir. Bəlkə ona görə itirdiyimiz hər bir şeydə, o cümlədən ömrün arxada qalan bütöv bir ilində də insan bir gözəllik axtarır. Ona görə ötən ili şənlik içərisində yola salıb gələn ili sevinclə qarşılayır. Məntiqlidir. Yeni ili sevinc dolu şən ovqatla qarşılayaq ki, ilimiz də xoş gəlsin. Bütün oxucularımıza, bütün həmvətənlərimizə  Yeni ilin xoş gəlişi və özü ilə yeni-yeni uğurlar gətirməsi  arzuları ilə,

 

 

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2013.- 1 yanvar.- S. 6.