“İdman
ili”ndə Olimpiya çempionu
və Azərbaycanın ən yaxşı
idmançısı
...11 avqust 2012-ci il. Bakı
vaxtı ilə gecəyarısıdır. Demək olar,
bütün Azərbaycan televizor ekranları
qarşısındadır. Sərbəst üsulla güləşən,
20 yaşlı Toğrul Əsgərov 60 kq çəki dərəcəsində
dörd dəfə dünya çempionu rusiyalı Besik
Kuduxovla final görüşündə yüksək
ustalıq nümayiş etdirərək, rəqibinə
heç bir ümid yeri qoymayıb London XXX Yay Olimpiya
Oyunlarında vətənimizə ilk qızıl medal
qazandırır. Səbirsizliklə gözlənilən bu
tarixi qələbə ölkəmizdə hər bir evə hədsiz
sevinc gətirir, hamı qalib həmvətənimizin Olimpiya
qızılından böyük qürur duyur.
Toğrulun
bu hünərinin Azərbaycan idmanı üçün
çox əlamətdar bir ilə təsadüf etməsi isə
fərəhimizi ikiqat artırdı. İlin əvvəlində,
yanvarda Prezident İlham Əliyevin 2012-ci ilin Azərbaycan
Respublikasında “İdman ili” elan olunması haqqında
imzaladığı sərəncam idman ictimaiyyətimizin
ürəyindən olmuşdu. Gənc güləşçinin,
eləcə də onun Olimpiya yığma komandasından olan
dostlarının İngiltərə paytaxtında
qazandıqları 10 medal, o cümlədən 2 qızıl
mükafat “İdman ili”ndə, həmçinin Azərbaycan
Milli Olimpiya Komitəsinin yaradılmasının iyirminci
ildönümundə xalqımıza əvəzsiz töhfə
oldu.
Olimpiya
çempionumuzun 2012-cil ilin ən yaxşı 20
idmançısını
müəyyənləşdirmək üçün Gənclər
və İdman Nazirliyinin keçirdiyi sorğu nəticəsində
siyahıya başçılıq etməsi də
qürurverici məqamdır. Bir sözlə, yola
saldığımız il istedadlı güləşçinın
gənc həyatında unudulmaz ildir. O, Olimpiyadanın qəhrəmanlarından
biri olmaqla, həm özünü bütün dünyaya
tanıtmış, həm də gündən - günə
çiçəklənən və möhkəmlənən
Azərbaycan Respublikasının bir idman ölkəsi kimi
nüfuzu daha da artırmışdır.
Bu
günlər Toğrul Əsgərov xalqımıza, idman
ictimaiyyətimizə Yeni il və Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə ən
xoş arzularını bildirərkən təbii ki,
özü də dost-tanışlarından, azarkeşlərdən,
mütəxəssislərdən təbrikləri qəbul edir,
2013-cü ilə böyük ümidlərlə qədəm
qoyur. Yeni ildə isə onu bir çox mötəbər
yarış, fevralda Ankarada Yaşar Doğunun xatirəsinə
həsr ediləcək beynəlxalq turnir, martda Tbilisidə
Avropa çempionatı, sentyabrda Budapeştdə dünya
çempionatı gözləyir.
Toğrul
bu yaxınlarda həmkarlarımıza gələcək
planları haqqında danışarkən demişdir: —
İndi mən 66 kq çəki dərəcəsində
çıxış edəcəyəm. Bu çəkidə
xeyli ciddi rəqib var. Ancaq mən yeni çəkidə lider
olmaq üçün əlimdən gələni edəcəyəm.
Başlıca məqsədim dünya çempionu olmaqdır.
Olimpiya qələbəmə gəldikcə, onu
unutmayacağam, amma hesab edirəm ki, bu qələbə
artıq arxada qalıb...
Göründüyü
kimi, bu gün dünya sərbəst güləşində ən
məşhur simalardan biri, Olimpiya çempionu, 2012-ci ildə
Azərbaycanın ən yaxşı idmançısı, eyni
zamanda, Milli Güləş Federasiyasının arxada qalan ildə
ölkənin ən güclü sərbəst üsulla güləşəni hesab etdiyi
Toğrul Əsgərov əldə olunmuş uğurlarla kifayətlənmək
fikrində deyil, əksinə, medallar kolleksiyasını daha
da zənginləşdirmək arzusu ilə yaşayır. Bu məqsədə
də nail olacağına isə şübhə etməmək
olar.
Oqtay Bayramov
Xalq qəzeti.- 2012.- 1 yanvar.- S. 4;5.