NAXÇIVAN: ulu
öndərin arzularının çiçəkləndiyi
diyar
İstəyirəm
ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti
haqqında, müstəqil Azərbaycanın gələcəyi
haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan
Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin.
Heydər ƏLİYEV
Ümummilli lider
Salam, ulu torpaq,
müqəddəs yurd!
Qədim
türk torpağı
Naxçıvan... Bu diyarın ululuğu tariximizdə, mənəviyyatımızda tutduğu özünəməxsus mövqedən, qoruyub
saxladığı uca dəyərlərdən qaynaqlanır. Onun müqəddəsliyi isə
min bir çalarlı təbiəti və
yurdsevər insanlarının bu torpaqda zaman-zaman
dilbirlik yaratması,
neçə-neçə intibahlara çatması ilə
qazanılmışdır.
Nuh peyğəmbərin dünya daşqınının pəncəsindən xilas etdiyi canlı aləm Naxçıvana pənah gətirmiş, bu ululuqda və müqəddəslikdə nicat tapmışdır. Elə o zamandan da bu yerlərə türkün ölməz ruhu, silinməz-pozulmaz izləri şahidlik etməkdədir. Tarix ötdükcə Naxçıvan sorağı Güneydən Quzeyə, Doğudan Batıyadək geniş bir arealdan gələn türklərin mərkəzi əyaləti kimi hər tərəfə qapı açmış, türk-islam dünyasına böyük bir körpü rolu oynamışdır.
Türkün ucalıqlara yön aldığı zamanlarda Naxçıvan bir az da yüksəlmiş, onun zəkalı, əməlpərvər insanları tariximizi şərəfləndirmişlər. Soyumuzun başı qalda olanda yağılar, ilk növbədə, Naxçıvanı yağmalamaq, yox etmək istəmişlər. Tarixdə, bəlkə də, Naxçıvan qədər başı bəlalar çəkmiş ikinci bir türk torpağı olmamışdır. Lakin İlahinin yurdumuza ərməğan elədiyi ən qədim ziyarətgah Əshabi-Kəhfdən güc alan, Nuh babamızın yaşayıb əbədiyyətə qovuşduğu torpağı əsl övladlıq sədaqəti ilə qorumağı bacaran insanlar həmişə düşmənlərin niyyətlərini gözlərində qoymuşlar.
Makedoniyalı İskəndərdən o yana və bu tərəfə həmişə belə olub. Yava-yadellilər Naxçıvanın növrağını söndürsələr də torpağının həyat iksirini, insanlarının yenilməzliyini yox edə bilməmişlər. Bu torpağın altında qalmış və üstündə bu günə gəlib çatmış hər şey çoxqatlı bir tarixin, yüksək intibahların nişanələridir.
İki əsr bundan əvvəl ikiyə parçalanmış Azərbaycanın can ağrılarını hər yerdən artıq Naxçıvan çəkmişdir. Elə buna görə də zorlu düşmən bu ağrıların, bütövləşmə döyüntülərinin axırına çıxmaq üçün Naxçıvandan türk soyunu birdəfəlik yox etməyə qərar verib. Türk qanına bütün xalqlardan artıq susamış ermənilər kütləvi surətdə bu yerlərə köçürülsə də, yerli əhali min bir sitəmlə didərgin salınsa da, Naxçıvan yenə İlahi bir iradə və hökmlə Azərbaycan torpağı olaraq qalmışdır.
XX əsrin sonlarında sovet imperiyasının çökməsi, parçalanması ilə dünya xəritəsində yeni sərhədlər cızılanda bədxahlarımız min bir hiylə və fitnə ilə soydaşlarımızı Naxçıvandan çıxarıb ermənilərə verməklə, bu torpaqdakı əbədi ayıq ruha və davamlı dirənişə son vermək istədilər. Bu zaman yenə İlahi bir iradə türk dünyasının ən zəkalı və qüdrətli insanını, çağımızın böyük siyasətçi və dövlət adamını — ümummilli lider Heydər Əliyevi qəsd və bəlalardan qoruyub Naxçıvana qovuşdurdu.
Ulu öndər bu torpağın qeyrətli insanlarını açılmaz bir yumruğa, bükülməz bir qola çevirməklə, Naxçıvanı tarixin yeni sellərindən, tufanlarından qorudu, işğaldan xilas etdi. Taleyin hökmü ilə üçrəngli milli bayrağımız ilk dəfə rəsmən Naxçıvanda ucaldıldı. Ümummilli lider Heydər Əliyevin iradəsi ilə sovet sistemindən ilk dəfə bu diyarda imtina edildi. Tarixi parçalanmaya etiraz olaraq SSRİ — İran sərhəddi birinci olaraq burada söküldü.
Naxçıvana növbəti səfərimizə Bakıdan yola düşəndən Culfa sərhəd-buraxılış məntəqəsini keçənədək bu ulu yurd barədəki duyğu-düşüncələrimizdən qaynaqlanan qeydlərimizi sahmana salıb deyirik: “Salam, ulu torpaq, müqəddəs yurd!”
“Möcüzəli
blokada”
Elə bu yerdəcə, “möcüzəli blokada”nın içərisinə daxil oluruq. Möcüzəliliyinin açmasını bir az sonraya saxlayıb, Avropa mənşəli “blokada” sözünün mənasına diqqət yetirək: “Hərbi və iqtisadi məqsədlə təcrid, təkləmə və ya bir dövlətin başqa dövlət tərəfindən onun ətraf dövlətlərlə əlaqəsini kəsmək üçün mühasirəyə salınması”. 22 ildən bəri Naxçıvan məhz beləcə təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olaraq blokadaya alınmış, Azərbaycanla əlaqələr dolanbac yollardan keçməklə yaradılmışdır.
Bizə tarixdən bəlli olan məşhur blokadalar sırasında Naxçıvanın yollarının kəsilməsi daha amansız bir vəziyyət yaratmışdı. Tarixən Osmanlı və İran dövlətləri ərazisində yaşayan soydaşlarımızdan ayrı düşmüş naxçıvanlılar sovet dövründə İrəvan quberniyası əsasında Ermənistan dövləti yaradılması, Zəngəzur və Vedibasarın Naxçıvandan qoparılması ilə Azərbaycandan və azərbaycanlılardan aralı düşmüşlər. Dağlıq Qarabağ münaqişəsinin müharibəyə çevrilməsi isə Naxçıvanı misilsiz bir blokadaya saldı.
Ulu öndər Heydər Əliyev bu təcridolmanın ilk illərində həyata keçirdiyi müstəsna, zəruri tədbirlər blokadanı az da olsa yardı. O vaxt qardaş Türkiyə ilə Naxçıvan arasında tarixə “ümid körpüsü” adı ilə düşmüş yol açıldı. İranla yaradılan əlaqələr və bu ölkə ərazisindən gediş-gəlişin sahmana salınması Naxçıvana nəfəs versə də blokadanın yaratdığı çətinliklərin heç də hamısını aradan qaldıra bilmədi. Ümummilli liderin xilaskarlıq missiyası ilə Bakıya dönüşü, müstəqil Azərbaycan dövlətinə Prezident seçilməsindən sonra həyata keçirilən, tarixdə analoqu olmayan tədbirlər Ermənistanın blokada siyasətinin mahiyyətini heçə endirdi. Əksinə, ağılsız və fitnəkar dövlət özünü də məhkum etdiyi blokadada boğulmaqdadır.
Naxçıvanın düşdüyü blokadaya baxmayaraq 17 ildən bəri yaradılan möcüzə düşmənləri hədsiz məyus edir. Ulu öndərin müdrik tədbirləri ilə Naxçıvanda sosial-iqtisadi həyatın daxili imkanlar, ehtiyatlar və qüvvələrlə yenidən təşkil olunması muxtar respublikanın kənardan asılılığını minimuma etdirmişdir. Naxçıvanda doğulub-böyümüş, bu yurdu canından artıq sevən, o çətin günlərdə həmişə ulu öndərin yanında olmuş, onun idarəetmə məktəbini keçmiş Vasif Talıbovun 17 il əvvəl Naxçıvan Ali Məclisinə sədr seçilməsi tarixə “Naxçıvan möcüzəsi” adı ilə düşmüş mərhələnin başlanğıcı olmuşdur.
“Möcüzəli blokada” anlayışı da bax, buradan yaranmışdır. Yəni Naxçıvan bütün hüceyrələrinə qədər yaranmış şəraitin tələbləri ilə yaşayır, mümkün olan hər bir ehtiyac yerindəcə cavablandırılır. Bu, heç də asan olmayan, hər bir adamdan gecəli-gündüzlü ictimai marağı üstün tutub çalışmaq, çatışmazlığı, nəyin bahasına olursa-olsun, aradan qaldırmağı tələb edən bir yaşamdır. Bunun nəticəsidir ki, Naxçıvan başdan-başa yenidən qurulub. Bu torpaqda qısa müddətdə tarixin heç bir dövründə olmayan intibah yaradılıb.
Görüşdüyümüz insanlar birmənalı olaraq belə bir möcüzə yardılmasının səbəblərini ümummilli lider Heydər Əliyevin Naxçıvana yönəlik uzaqgörən siyasəti, Prezident İlham Əliyevin muxtar respublikaya artan diqqət və qayğısı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun nail olduğu səfərbərlik, məsuliyyət və tələbkarlıqla bağladılar. Ali Məclis sədri özü isə “Naxçıvan möcüzəsi”ni belə açıqlamışdır: “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları nəzərə alınanda istənilən möcüzəni yaratmaq olar”.
Əsrə bərabər
illər
Ötən 17 ilin başlıca uğuru blokadanın mahiyyətcə aradan qaldırılması, Naxçıvanın yeniləşmə yoluna çıxması, bütün zəruri ehtiyacların ödənilməsi, muxtar respublikanın kənardan aldığından 2 dəfə çox xaricə məhsul satması, möhkəm müdafiə və etibarlı rabitə yaradılmasıdır. Nəticədə, bir vaxtlar gedənlər də doğma torpağa qayıdır, ümumi quruculuğa qoşulur.
Naxçıvan MR Statistika Komitəsinin bu yüksəliş dövrü barədə hazırladığı materialdan mühüm fakt və rəqəmləri bir daha oxucuların yadına salırıq.
Ötən 17 ildə muxtar respublikada ümumi daxili məhsul 42,5 dəfə artmışdır. Orta illik inflyasiya 1995-ci ildəki 511,8 faizdən 2012-ci il üzrə 0,2 faizlik deflyasiya ilə əvəzlənmişdir. Makroiqtisadi sabitlik və davamlı inkişaf fonunda son 17 il ərzində əsas iqtisadi göstəricilər üzrə sürətli inkişaf meyilləri xarakterik hal almışdır.
17 ildə muxtar respublikada 379 yeni sənaye müəssisəsi işə başlamışdır. Əgər 1996-cı ilin əvvəlinə 56 sənaye müəssisəsi mövcud idisə, ötən dövr ərzində bu müəssisələrin sayı 8 dəfə artaraq 435-ə çatmışdır. 1996-cı ilə kimi muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda onların sayı 5-ə çatdırılmışdır. 2012-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada 657 milyon kilovat - saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da 1995-ci ildəki göstəricidən 5,9 dəfə çoxdur.
2012-ci ildə əsas kapitala yönəldilən investisiyaların həcmi 1995-ci ildəki göstəricini 294 dəfə üstələyərək 896 milyon 597 min manatdan çox olmuşdur. Ötən 17 ildə muxtar respublikada 212 inzibati bina, mənzil təsərrüfatı üzrə 39 obyekt, 52 nasos stansiyası, 280 subartezian quyusu, 74 körpü, rabitə və informasiya texnologiyaları sahəsində 347 obyekt və qurğu, 59 xidmət və ticarət mərkəzi işə salınmışdır. Bu dövrdə 164 elm və təhsil, 172 mədəniyyət müəssisəsi, 149 səhiyyə müəssisəsi, 22 idman obyekti, köməyə ehtiyacı olan şəxslər üçün 463 fərdi ev, 558 istehsal və xidmət obyekti istifadəyə verilmişdir.
237 inzibati binada, mənzil təsərrüfatı üzrə 602 obyektdə, 111 nasos stansiyasında, 100 subartezian quyusunda, 61 körpüdə, 9 xidmət və ticarət mərkəzində, 111 elm və təhsil, 145 mədəniyyət, 47 səhiyyə müəssisəsində, 15 idman obyekində, köməksiz şəxslər üçün 21 fərdi evdə yenidən qurulma və ya əsaslı təmir aparılmışdır. Bu il muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, tikilmiş yaşayış sahəsi 1995-ci ildəki göstərici ilə müqayisədə 20,7 dəfə çoxdur.
Muxtar respublikanın müdafiə qabiliyyətinin və ordunun maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, 17 il ərzində 174 obyekt, o cümlədən 17 qərargah binası, səfərbərlik və hərbi xidmətə çağırış, hərbi prokurorluq orqanları və hərbi hissələrin bölük mərkəzləri üçün 13 bina, 27 zabit və əsgər yataqxanası, 20 yeməkxana, 19 yaşayış binası, 4 tədris binası, 1 tam orta məktəb, 2 uşaq bağçası, 4 xəstəxana, 6 tibb məntəqəsi, 3 klub və 58 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
2012-ci ildə muxtar respublikada 101 min 848 ton taxıl, 65 min 809 ton tərəvəz, 41 min 791 ton bostan məhsulları, 55 min 443 ton meyvə və giləmeyvə istehsal olunmuşdur ki, bu da 1995-ci ildəki göstəriciləri müvafiq olaraq 4,3 dəfə, 50,6 dəfə, 104,5 dəfə, 3 dəfə üstələmişdir. Son 17 ildə texnika parkı xeyli genişləndirilmiş və əlavə olaraq 879 ədəd kənd təsərrüfatı maşın və mexanizmləri alınmışdır. Bu dövr ərzində tutumu 11 min 720 ton olan 15 soyuducu anbar istifadəyə verilmiş və 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı isə qısa müddətə saxlamaq gücünə malik olan Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarı yaradılmışdır.
2012-ci ildə 1995-ci illə müqayisədə kəsilmiş ət 1,6 dəfə artaraq 9214 tona, süd 2,1 dəfə artaraq 75027 tona çatmışdır. 45 yeni quşçuluq və 11 balıqçılıq təsərrüfatları istifadəyə verilmişdir. 2012-ci ildə muxtar respublikada 1175 ton bal istehsal olunmuşdur ki, bu da 1995-ci ildəki müvafiq göstəricini 12,2 dəfə üstələyir.
2012-ci bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı müəssisələrinə və ayrı-ayrı fiziki şəxslərə, 1995-ci illə müqayisədə 128 dəfə çox kredit verilmişdir. Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq, yerli tələbatın ödənilməsinə nail olunmuş, daxili bazarda məhsul bolluğu yaranmışdır. 2012-ci ildə istehsal olunmuş kənd təsərrüfatı məhsulları 1995-ci ildəki müvafiq göstəricidən 7,2 dəfə çoxdur.
Son 17 ildə muxtar respublikada 3350 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış və ya əsaslı təmir olunmuşdur. 5 yeni avtovağzal kompleksi inşa olunmuş, 74 körpü tikilmişdir. Dəmir yolu nəqliyyatının gələcək inkişaf perspektivləri nəzərə alınaraq infrastrukturu davamlı olaraq təkmilləşdirilmiş və muxtar respublika daxilində ahəngdar işi təmin edilmişdir. 1995-ci illə müqayisədə yük daşınması 19,5 dəfə, sərnişin daşınması isə 3,4 dəfə artmışdır.
Bu dövr ərzində muxtar respublika ərazisində 4 mobil rabitə operatorunun fəaliyyətinin təşkil edilməsi, internet xidməti sahəsinin yaradılması, mövcud koordinattipli avtomat telefon stansiyalarının hamısının elektrontipli avtomat telefon stansiyaları ilə əvəz edilməsi, İran və Türkiyə ərazilərindən keçməklə fiberoptik kabellərin çəkilişi, “Naxtel” simsiz telefon xidmətinin və Yeni Nəsil Telekommunikasiya Şəbəkəsinin istifadəyə verilməsi və digər tədbirlər muxtar respublikada informasiya və kommunikasiya texnologiyalarının iqtisadi və sosial həyatımıza sürətli inteqrasiyasını təmin etmişdir.
Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 318 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 114 növü ərzaq, 204 növü qeyri-ərzaq məhsullarıdır. 105 növdə ərzaq, 199 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 304 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
2012-ci ildə muxtar respublikanın bank strukturları və kredit təşkilatlarının sahibkarlara verdiyi kreditlərin həcmi 1995-ci illə müqayisədə 220 dəfə artmışdır. 1996-cı ildən muxtar respublika üzrə, ümumilikdə, 77 minə yaxın yeni iş yeri yaradılmışdır ki, bunların 65,5 faizi daimi iş yeridir. 1995-ci illə müqayisədə xarici ticarət dövriyyəsi 20,3 dəfə, o cümlədən ixracın həcmi 162,2 dəfə artmışdır. 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının icmal büdcəsinin həcmi 1995-ci ildəki göstəricini 60 dəfə üstələyir.
1995-ci ildən muxtar respublikada elm və ali təhsil üzrə 12 obyektin, 40088 şagird yerlik 125 ümumtəhsil məktəbinin, 9 məktəbəqədər müəssisənin, 13 uşaq musiqi məktəbinin və 4 digər təhsil müəssisəsinin tikintisi, elm və ali təhsil üzrə 8 obyektin, 37842 şagird yerlik 66 ümumtəhsil məktəbinin, 6 məktəbəqədər müəssisənin, 10 uşaq musiqi məktəbinin və 12 digər təhsil müəssisəsinin yenidən qurulması və ya əsaslı təmiri başa çatdırılmışdır.
Tarixi mədəni irsin qorunması və təbliği, mədəni potensialın daha da inkişaf etdirilməsi son 17 il ərzində diqqət mərkəzində saxlanılmış, mədəniyyət obyektlərinin inşası, yenidən qurulması və bərpası davamlı xarakter almışdır. Ümumilikdə, 172 mədəniyyət obyektinin tikintisi, 145-nin yenidən qurulması və əsaslı təmiri başa çatdırılmışdır. Bu dövrdə 149 səhiyyə obyektinin tikintisi, 47 səhiyyə obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri aparılmışdır. Ötən dövr ərzində 22 idman obyekti tikilmiş, 15 idman obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri başa çatdırılmışdır.
Ötən 17 ildə qazanılmış bütün bu nailiyyətlər, çətin şəraitdə böyük əzmkarlıqla təmin olunmuş makroiqtisadi sabitlik və davamlı inkişaf muxtar respublikanın inkişaf və yüksəliş yolunda olduğunun göstəricisidir.
Rekordları təzələyən
2012-ci il
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında məruzəsinin səfər təəssüratlarımızı tamamlayan, gördüklərimizi rəsmən təsdiq edən məqamlarını oxucularımızın da nəzərinə çatdırırıq:
— Yola saldığımız ildə ötən dövrlərdə qazanılan nailiyyətlər daha da möhkəmləndirilmişdir. Əksər sahələr üzrə qarşıya qoyulmuş vəzifələr uğurla icra edilmiş, inkişafın artan dinamikası qorunub saxlanılmış, iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqiyə nail olunmuşdur.
2012-ci ilin ən yaddaqalan hadisəsi ölkə Prezidenti İlham Əliyevin muxtar respublikaya səfəri oldu. Dövlət başçısının cəmi bir gün ərzində 10 yeni obyektin — Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının, Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin inzibati binasının, Naxçıvan Şəhər Gömrük İdarəsi üçün yeni kompleksin, sement zavodunun, Kəngərli rayonunun Qıvraq qəsəbəsində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının, Mədəniyyət Evinin, hərbi hissədə qərargah binası, əsgər yataqxanası, yeməkxana və məişət kompleksinin, Naxçıvan — Culfa magistral avtomobil yolunun, Culfa Şəhər Uşaq Musiqi Məktəbinin, Sərhəd komendantlığının və Sərhəd zastavasının açılış mərasimlərində iştirak etməsi, bu qədim diyarda gedən genişmiqyaslı və sürətli inkişafa növbəti dəfə də şahid olması hamını sevindirdi. Bu səfər və görüşlərin yaratdığı yüksək əhval-ruhiyyə quruculuq işlərinə növbəti təkan verdi.
Biz bu inkişafa, ilk növbədə, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi sayəsində nail olmuşuq. Heç şübhəsiz ki, samballı uğurların qazanılmasında ölkə Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələrin inkişafını nəzərdə tutan, konkret məqsəd və vəzifələri özündə əks etdirən dövlət proqramlarının qəbulu və ardıcıl həyata keçirilməsi, düzgün sosial- iqtisadi siyasət də mühüm rol oynamışdır. Bununla bərabər, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı birinci və ikinci dövlət proqramları, digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin müvəffəqiyyətlə icrası da diyarın hərtərəfli yüksəlişinə əsaslı təsir göstərmişdir. Nəticədə, çoxşaxəli iqtisadiyyat formalaşdırılmış, makroiqtisadi sabitlik təmin olunmuş, sahibkarlıq fəaliyyəti genişləndirilmiş, yeni müəssisələr və iş yerləri yaradılmış, infrastruktur və kommunal xidmətlərin səviyyəsi daha da yüksəldilmişdir.
Bugünkü hərtərəfli inkişafı ərsəyə gətirən mühüm amillərdən biri də blokada şəraitində əhalinin qarşılaşdığı problemlərin həllinə ulu öndər Heydər Əliyevin göstərdiyi həssas, qayğıkeş dövlətçilik münasibətinin uğurla davam etdirilməsidir. Ölkəmizin bütün regionlarının tarazlı inkişafını diqqətdə saxlayan hörmətli Prezidentimiz İlham Əliyev 2012-ci il mayın 30-da imzaladığı sərəncamla Naxçıvanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Prezidentin ehtiyat fondundan muxtar respublikaya 10 milyon manat vəsait ayırmışdır. Ölkə başçısının növbəti yüksək diqqət və qayğısı muxtar respublika əhalisinin qurub-yaratmaq əzmini daha da artırmışdır.
Yola saldığımız ildə iqtisadiyyatın bütün sahələrində əldə olunmuş uğurlu nəticələr sosial-iqtisadi inkişafı xarakterizə edən əsas makroiqtisadi göstərici kimi ümumi daxili məhsulun artımına da təsir etmişdir. Bu il ÜDM-in həcmi bir il öncəyə nisbətən 12 faiz artaraq 2 milyard 14 milyon manata, onun hər bir nəfərə düşən həcmi isə 11 faizlik artımla 4765 manata çatmışdır. Real sektorun, xüsusilə, sənaye və digər istehsal sahələrinin üstün inkişafına diqqət yetirilməsi iqtisadi inkişafda dayanıqlığı təmin etmişdir. Ümumi daxili məhsulun böyük bir hissəsi, başqa sözlə desək, 65 faizi və ya 1 milyard 309 milyon manatı məhsul istehsalının payına düşmüşdür.
Muxtar respublikanın iqtisadi inkişafı hazırda yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Bu mərhələnin əsas məzmunu, ilk növbədə, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olmaqla, dinamik sosial-iqtisadi inkişafın perspektivliyini təmin etməkdən ibarətdir. Məqsədimizin reallaşması üçün qarşıda bir sıra ciddi vəzifələr dayanır. Əvvəllər olduğu kimi, bu gün də, ilk növbədə, hər bir rayonun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması nəzərdə tutulur.
Son illər muxtar respublikada bir sıra irimiqyaslı layihələrin icrası nəticəsində 2012-ci ildə yerli xammaldan istifadəyə əsaslanan və daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edən müxtəlif təyinatlı 84 istehsal və xidmət müəssisəsi yaradılmışdır.
Yeni istehsal və xidmət sahələrinin
işə düşməsinə təsir göstərən
mühüm amillərdən biri də səmərəli
kreditləşmə mexanizminin formalaşmasıdır. Ötən il muxtar
respublikanın bank və kredit təşkilatları 56 milyon
manatdan çox kredit vermişdir. Bunun da 17 milyon
manatı fərdi sahibkarlığın inkişafına, 18
milyon manatdan çoxu isə özəl bölmədə yeni
istehsal sahələrinin yaradılmasına yönəldilmişdir.
Özəl sektorun dəstəklənməsi, güzəştli
şərtlərlə dövlət maliyyə dəstəyinin
göstərilməsi, antiinhisar tədbirlərinin gücləndirilməsi
sahibkarlıq fəaliyyətinə münbit şərait
yaratmışdır. 2012-ci ildə sahibkarlıq fəaliyyəti
ilə bağlı 19 hüquqi və 1325 fiziki şəxs
qeydiyyata alınmışdır. Sahibkarlıq subyektlərinin
artması, onlar üçün kreditlərin verilməsi yeni
iş yerlərinin açılmasına və əhalinin məşğulluq
səviyyəsinə də müsbət təsir göstərmişdir.
Ötən il 7641-i daimi olmaqla, 7996 yeni
iş yeri yaradılmışdır.
Yüksələn kənd
Tarixən aqrar region kimi tanınan Naxçıvan Muxtar
Respublikası hazırda sənayenin sürətlə
inkişaf etdiyi bölgəyə çevrilmişdir. Son illər
daxili tələbatın ödənilməsi məqsədilə
bir sıra yeni sənaye müəssisələrinin fəaliyyətə
başlaması sənaye sektorunun 2012-ci ildə ümumi daxili
məhsulun tərkibində 27 faizlik paya malik olması ilə nəticələnmişdir.
Əvvəlki illə müqayisədə 15 faiz
çox, yəni 796 milyon manata yaxın sənaye məhsulu
istehsal edilmişdir. Bunun da 93 faizə qədəri
özəl bölmənin payına düşür.
Əlverişli iqlim, münbit torpaqlar, hərtərəfli
dövlət qayğısı kənd təsərrüfatının
inkişafına, muxtar respublikanın aqrar potensialından daha
səmərəli istifadəyə şərait
yaratmışdır. 2012-ci ilin məhsulu üçün 60 min 118 hektar sahədə
əkin aparılmışdır ki, bu da əvvəlki ilin
müvafiq göstəricisi ilə müqayisədə 98 hektar
çoxdur.
Ötən
il strateji əhəmiyyətli
taxılçılıq diqqət mərkəzində
saxlanılmışdır. 2012-ci ilin məhsulu
üçün 34 min 965 hektar sahədə taxıl əkilmiş,
zəmilərdən 101 min 848 ton məhsul
götürülmüşdür. Kartof
istehsalında da dinamika saxlanılmış, 2831 hektar əkin
sahəsindən 39 min tondan çox məhsul
yığılmışdır. Bu, bir il
öncəki ilə müqayisədə 1131 ton
artıqdır. Ötən il 65 min tondan
çox tərəvəz, 42 min ton meyvə, 14 min tondan
çox üzüm toplanmışdır.
2012-ci ildə
tutumu 2000 ton olan daha bir soyuducu anbar fəaliyyətə
başlamış, beləliklə, əhalini qış
mövsümündə də keyfiyyətli meyvə-tərəvəz
məhsulları ilə təmin etməyə imkan yaradan
anbarların sayı 15-ə, həcmi isə 11 min 720 tona
çatdırılmışdır. “Naxçıvan
Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə
194 kənd təsərrüfatı texnikası alınaraq
muxtar respublikaya gətirilmişdir. 185 ədəd
kənd təsərrüfatı texnikası lizinq yolu ilə
istehsalçıların istifadəsinə verilmiş, onlar
3950 ton mineral gübrə ilə təmin olunmuşlar.
Mal-qaranın
cins tərkibinin yaxşılaşdırılması məqsədilə
ötən il 321 baş, bütövlükdə isə son 4
ildə 1341 baş cins mal-qara gətirilərək lizinq yolu ilə
fermerlərə verilmişdir. Quşçuluğun
inkişafı məqsədilə sahibkarlıq subyektlərinə
2 milyon manatdan çox kredit verilmişdir. Görülmüş
tədbirlərin nəticəsi olaraq, 2012-ci ildə 9 yeni
quşçuluq təsərrüfatı fəaliyyətə
başlamışdır. Beləliklə,
son illər istifadəyə verilən quşçuluq təsərrüfatlarının
sayı 46-ya çatmışdır. İstehsal
gücü saatda 10 ton olan yeni qüvvəli yem istehsalı sahəsi
fəaliyyətə başlamışdır. Balın emalı və qablaşdırılması
ilə məşğul olan istehsalçıların sayı
2012-ci ildə 3270-ə çatmışdır. Ötən il
1175 ton bal istehsal edilmişdir ki, bu da əvvəlki illə
müqayisədə 14 faiz çoxdur.
Bütövlükdə, 2012-ci ildə muxtar respublikada
316 milyon manatlıqdan çox kənd təsərrüfatı
məhsulu istehsal olunmuşdur. Bu, əvvəlki illə
müqayisədə 9 faiz artım deməkdir. 2012-ci ildə 5 nasos stansiyası, 11 subartezian quyusu və
32 kəhriz istifadəyə verilmişdir. İlin
əvvəlindən 525 hektar sahədə meşəsalma və
meşəbərpa işləri aparılmış, 300 mindən
çox ağac və gül kolları əkilmişdir.
Dinamik quruculuq və artan rifah
Muxtar
respublikada əsas kapitala investisiya qoyuluşlarının həcmi
bir il öncə ilə müqayisədə
20 faiz artaraq 979 milyon manat təşkil etmişdir. Bunun 89 faizi və yaxud 871 milyon manatı bilavasitə
tikinti-quraşdırma işlərində istifadə
olunmuşdur. İlin əvvəlindən
658 obyekt tikilərək, əsaslı bərpa və ya təmir
olunaraq istifadəyə verilmişdir. Mənzil almaq istəyən
gənc ailələrə dəstək məqsədilə
İpoteka Fondunun vəsaiti hesabına ötən il 718 min manat həcmində kreditlərin verilməsi
təmin olunmuşdur.
Muxtar respublikada kənd və xidmət mərkəzlərinin
tikintisinə diqqət artırılmış, 2012-ci ildə
13 kənd mərkəzi istifadəyə verilmiş, 14 xidmət
mərkəzi fəaliyyətə başlamışdır.
Ötən
illərdə Böyük İpək Yolunun üzərində
yerləşən 88 kilometrlik Naxçıvan – Sədərək
magistralı, 8 kilometrdən artıq Naxçıvan dairəvi
avtomobil yolu, 2012-ci ildə bu tədbirlərin davamı olaraq,
32 kilometr uzunluğunda Naxçıvan – Culfa magistral yolu
istifadəyə verilmişdir. Ölkə
başçısının 2011-ci il 2
sentyabr tarixli sərəncamı ilə tikintisinə
başlanan 39 kilometrlik Təzəkənd – Çalxanqala —
Qıvraq dairəvi avtomobil yolun və 57 kilometrlik
Çeşməbasar — Boyəhməd avtomobil yolu istismara
verilmişdir. Uzunluğu 59 kilometr olan
Naxçıvan — Şahbuz — Batabat magistral avtomobil yolunun
müasir standartlar səviyyəsində yenidən
qurulmasına başlanılmışdır. Ümumilikdə,
2012-ci ildə muxtar respublikada 135 kilometr uzunluğunda yeni yollar
salınmış, 8 körpü tikilmiş, 2 körpü isə
yenidən qurulmuşdur.
Bu gün muxtar respublikada informasiya-kommunikasiya
texnologiyaları sahəsində böyük layihələr həyata
keçirilir.
Artıq Naxçıvan şəhəri, Babək rayon mərkəzi,
Nehrəm və Yarımca kəndlərində, Şərur və
Sədərək rayonlarında yeni nəsil telefon
stansiyaları qurulmuş, üçüncü nəsil
avtomat telefon stansiyalarından istifadə edənlərin
sayı 37 mindən çox olmuşdur. Bu da
ümumi nömrə tutumunun 58 faizini təşkil edir.
Son vaxtlar muxtar respublikada yaradılmış 4 elektrik
stansiyası elektrik enerjisinə olan tələbatı tam
ödəməklə yanaşı, onun ixracına da imkan
yaratmışdır. 20,5 meqavatlıq Arpaçay Su
Elektrik Stansiyasında və 36 meqavatlıq Ordubad Su Elektrik
Stansiyasında işlər davam etdirilir. Keçən il 1,4 meqavatlıq “Arpaçay-2” su elektrik
stansiyasının tikintisinə
başlanılmışdır. Ən ucqar
dağ kəndləri də əhatə olunmaqla muxtar
respublikanın bütün ərazisi tamamilə
qazlaşdırılmışdır. Naxçıvan
şəhəri ilə yanaşı, rayon mərkəzlərindəki
çoxmərtəbəli yaşayış binaları da
qış aylarında fasiləsiz istiliklə təmin olunur.
Təhsil, səhiyyə, mədəniyyət
obyektlərinin böyük bir qisminin, idman müəssisələrinin
isə hamısının istiliklə təminatı
onların qış mövsümündə normal fəaliyyətinə
şərait yaratmışdır.
2012-ci ildə bir işçiyə hesablanmış orta
aylıq əməkhaqqının məbləği əvvəlki
illə müqayisədə 7 faiz artaraq 364 manata
çatmışdır. Ötən il əhali
gəlirlərinin həcmi 10 faiz artaraq 1 milyard manatdan çox
olmuşdur. 2012-ci ildə muxtar respublikanın
istehlak bazarında əhaliyə 1 milyard manatdan çox həcmdə
istehlak malları satılmış və pullu xidmətlər
göstərilmişdir ki, bu da 2011-ci illə müqayisədə
18 faiz çoxdur. Şəhər və
rayonlarda 21 ticarət və xidmət mərkəzləri
istifadəyə verilmişdir. Əhalinin şəxsi vəsaiti
hesabına, bu il ümumilikdə, 349 min
kvadratmetrdən artıq yaşayış sahəsi
tikilmişdir.
Muxtar
respublikada yeni emal müəssisələrinin işə
düşməsi ixracın idxalı üstələməsi
ilə nəticələnmiş, ötən il
müsbət saldo 299 milyon 806 min ABŞ dolları təşkil
etmişdir. 2012-ci ildə xarici ticarət dövriyyəsinin həcmi
bir il öncə ilə müqayisədə 11 faiz artaraq 446
milyon 158 min ABŞ dolları olmuşdur.
Humanitar sahədə yeniləşmə
Ötən
il 4 nəfər elmlər doktoru, 19 nəfər
fəlsəfə doktoru alimlik dərəcəsi
almışdır. Ali təhsil və elm mərkəzlərində
8 beynəlxalq əhəmiyyətli konfrans və simpozium
keçirilmiş, alim və tədqiqatçılar tərəfindən
70 kitab və monoqrafiya, 97 metodik vəsait, 1000-dən çox
elmi məqalə və tezis hazırlanaraq çap
olunmuşdur.
Cari ildə
Naxçıvan şəhərində 608 şagird yerlik
Naxçıvan Qızlar Liseyi, 936 şagird yerlik 17 nömrəli
tam orta məktəb, Şərur rayonunun Yuxarı Aralıq kəndində
414, Qarxun kəndində 504, Dərəkənddə 216, Danyeri
kəndində 414, Babək rayonunun Kərimbəyli kəndində
396, Nehrəm kəndində 900, Ordubad rayonunun Behrud və
Parağa kəndlərinin hər birində 110, Yuxarı Əylis
kəndində 252, Culfa rayonunun Yaycı kəndində 774, Ləkətağ
kəndində 144, Şahbuz rayonunun Biçənək kəndində
252, Kəngərli rayonunun Çalxanqala kəndində 378
şagird yerlik, ümumilikdə isə 6408 şagird yerlik 15
tam orta məktəb binası istifadəyə verilmişdir. Şərur rayonunun Qorçulu kəndində 198,
Şahbuz rayonunun Ağbulaq kəndində 216 şagird yerlik
tam orta məktəblərin tikintisi başa
çatdırılmışdır. Məktəblərdə
3183 dəst kompüter quraşdırılmışdır.
Hər 15 şagird 1 dəst kompüterlə təmin
olunmuş, 83 faizi internetə qoşulmuşdur. Təhsil müəssisələrində 500 elektron
lövhə quraşdırılmışdır.
2012-ci ildə
ali məktəblərə sənəd verən
məzunlardan 1834-ü və ya 52 faizə qədəri tələbə
adını qazanmış, 455 nəfər orta ixtisas məktəblərinə
qəbul olunmuşdur. 267 məzun 500-dən yuxarı
bal toplamış, onlardan 7-si Prezident təqaüdünə
layiq görülmüşdür. Təhsildə
qazandığı yüksək nailiyyətlərə görə
3 məktəb ilin “Ən yaxşı ümumtəhsil müəssisəsi”,
5 müəllim isə “Ən yaxşı müəllim”
müsabiqəsində müvəffəqiyyət
qazanmış və mükafatlandırılmışdır.
Ötən
il Naxçıvan Texniki Peşə və
Sürücülük Məktəb Kompleksi, Şərur
rayonunun Yuxarı Daşarx, Culfa şəhəri və Kəngərli
rayonunun Çalxanqala kəndlərində uşaq musiqi məktəblərinin
binası istifadəyə verilmişdir. Bundan
başqa, Naxçıvan şəhərində 1 və 3
nömrəli, həmçinin hərbi şəhərcikdə,
Sədərəkdə uşaq bağçaları
üçün yeni binalar tikilmişdir.
Ötən
il akademik Zərifə xanım Əliyeva adına
Naxçıvan Şəhər Poliklinikası,
Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi, kəndlərdə
5 həkim ambulatoriyası, 6 feldşer-mama məntəqəsi
və 1 feldşer məntəqəsi üçün binalar
tikilib istifadəyə verilmişdir.
12 ailə fərdi yaşayış evləri
ilə təmin olunmuş, 30 nəfərə avtomobil
verilmişdir.
2012-ci ildə mövcud idman obyektlərinin
siyahısına Naxçıvan şəhərindəki Stend
və Sportinq Atıcılığı Mərkəzi, Sədərək
Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin binası
da əlavə olunmuşdur.
Milli dəyərlər ili
“Milli dəyərlər
ili” elan olunan 2012-ci il muxtar respublikanın
mədəni həyatında da bir sıra əlamətdar hadisələrlə
yadda qalmış, tarixi-mədəni irsin qorunması və təbliği,
mədəni potensialın daha da inkişaf etdirilməsi, mədəniyyət
obyektlərinin inşası, yenidən qurulması və bərpası
diqqət mərkəzində saxlanılmışdır.
“Milli dəyərlərimiz - milli sərvətimiz” folklor
və muğam festivalı, ədəbi tədbirlər,
yaradıcılıq təşkilatları üzrə
müsabiqələr, ailə dəyərlərinin qorunub
saxlanılması ilə bağlı seminarlar
keçirilmiş, milli dəyərlərin əsas
daşıyıcısı olan xalq
yaradıcılığının müxtəlif sahələri
üzrə kurslar təşkil olunmuşdur. Bu dövrdə
“Naxçıvan mətbəxi” və “Naxçıvan tikmələri”
kitabları çap edilmiş, xalq
yaradıcılığının ən qədim
qaynağını özündə yaşadan “Şərur
yallıları”ndan ibarət disk buraxılmışdır.
Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestri yaradılmışdır.
2012-ci ildə
Azərbaycan ədəbiyyatında tarixi roman janrının
banisi Məmməd Səid Ordubadinin 140, filosof-şair
Hüseyn Cavidin 130 illik yubileyləri geniş qeyd olunmuşdur. Milli rəssamlığın
inkişafında özünəməxsus rol oynayan, Azərbaycan
rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirmiş
Bəhruz Kəngərlinin 120 illik yubiley tədbirləri
çərçivəsində rəssamın əsərlərindən
ibarət ilk albom-kataloq nəşr olunmuş,
Naxçıvanda ilk dəfə Bəhruz Kəngərli
yaradıcılığının tam külliyyatını əks
etdirən sərgi təşkil edilmiş, “Sənətin Bəhruz
zirvəsi” adlı sənədli film
hazırlanmışdır.
“Milli dəyərlər ili”ndə muxtar respublikada
“Naxçıvan - bəşəriyyətin beşiyi”
mövzusunda Beynəlxalq Rəsm Festivalı
keçirilmişdir. Məmməd Səid Ordubadi adına
Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik
yubileyi qeyd olunmuş, bu mədəniyyət ocağında
elektron kitabxana yaradılmışdır.
Naxçıvan
Turizm İnformasiya Mərkəzi yeni bina ilə təmin
olunmuşdur. Turizm sahəsində fəaliyyətin
səmərəliliyinin artırılması təsirsiz
qalmamış, 2012-ci ildə muxtar respublikaya ölkəmizin
digər bölgələrindən və xarici ölkələrdən,
ümumilikdə, 350 mindən çox turist gəlmişdir.
2012-ci ildə
muxtar respublika əhalisinin sayı əvvəlki illə
müqayisədə 8 min 708 nəfər artaraq 427 min nəfəri keçmişdir.
Azərbaycan Respublikası
Prezidentinin sərəncamları ilə Naxçıvan Muxtar
Respublikasından 63 nəfər Azərbaycan
Respublikasının medal və fəxri adları ilə təltif
edilmiş, 7 nəfər Prezident mükafatına layiq
görülmüşdür. Həmçinin 19
nəfər Naxçıvan Muxtar Respublikasının fəxri
adları ilə təltif olunmuşdur.
Naxçıvan
Muxtar Respublikasının 2012-ci ildə qazandığı
uğurlar barədə muxtar dövlət rəhbərinin əhatəli
və məzmunlu məlumatı bu sözlərlə bitir:
“Bütün bu uğurların əsasında Heydər Əliyev
yoluna, quruculuq xəttinə sadiqlik, bu yolda göstərilən
böyük əzmkarlıq, möhkəm qətiyyət,
misilsiz dövlət və Vətən sevgisi dayanır. Ulu
öndərimiz deyirdi: “İstəyirəm ki, mənim arzum,
istəklərim, Azərbaycan dövləti haqqında,
müstəqil Azərbaycanın gələcəyi haqqında
və Azərbaycanın ayrılmaz hissəsi olan
Naxçıvan haqqında planlarım, arzularım yerinə
yetirilsin”.
Son söz əvəzi
Ayazlı-şaxtalı bir qış günündə
başlayan 3 günlük səfərimiz günəşli bir
günün təntənəsi ilə başa çatmaqda
idi. Bir az əvvəl istifadəyə verilmiş
Naxçıvan — Culfa yolunda maşınımızın
ön pəncərəsinə ara-sıra düşən
yağış damcıları da, sanki, yaddan
çıxanları bir daha xatırladır və adamda qəribə
duyğular yaradırdı. Bir az uzaqda başı buludlara
söykənən İlanlı dağın maraqlı mənzərəsi
adamda o qədər qəribə bir təəsürat
yaradırdı ki, bir anlıq da olsa min illərin tarixi ilə
baş-başa durmalı olurdun. Doğrudan da, qədim
Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində
həyatın başlandığı ilk insan məskənlərindən
biridir. Uzağı demirik, təkcə 15-20 km uzunluğu
olan Naxçıvan
— Culfa yolunun ətrafında görduklərimiz bəs
edir ki, xalqımızın bu diyarda qədim və zəngin mədəniyyət
yaratdığının şahidi olasan.Naxçıvan, eyni
zamanda, dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir.
Bir də Naxçıvanın bu günlərini görəndən,
sonra istər-istəməz, keçən əsrin əsrin
90-cı illərinin əvvəlindəki çox ağır
və əzablı günləri yada düşür. Onda elə bil
ki, kimlərəsə qəzəblənən göylər də
bütün hirsini bu yerlərə tökmüşdü.
Blokada şəraiti, ərzaq
çatışmazlığı kimi ciddi problemlər az imiş kimi, bir yandan da qılınc kimi kəsən
soyuqlar adamları əsl imtahana çəkmışdi. Naxçıvan çətin sınaqlar
qarşısında idi. 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə sovet qoşunlarının Bakıya
yeridilməsindən 8 saat əvvəl sovet-erməni silahlı
dəstələri Naxçıvan Muxtar Respublikası ərazisinə
hücuma keçmiş və erməni quldur dəstələri
Naxçıvanın Sədərək rayonunun Kərki kəndini
işğal etmişdilər.
O
dövrdə Azərbaycan rəhbərliyinin Naxçıvan
Muxtar Respublikasının taleyüklü problemlərinə
laqeyd münasibəti, biganə yanaşması vəziyyəti
daha da çətinləşdirdi. 1992-ci ilin
mayında Azərbaycanda hakimiyyət dəyişikliyi, Azərbaycan
Xalq Cəbhəsinin iqtidara gəlməsi də vəziyyəti
dəyişmədi. Rusiya və Ermənistanın
hərbi-iqtisadi blokadaya aldığı Naxçıvanı
Azərbaycan Xalq Cəbhəsi iqtidarı da siyasi blokadaya
almışdı.
Naxçıvan
Muxtar Respublikasının Ermənistan təcavüzündən
mətanətlə müdafiə edilməsində, son dərəcə
çətin vəziyyətdə idarə olunmasında ulu
öndər Heydər Əliyevin Naxçıvan dövrü
fəaliyyəti, onun bütün Azərbaycanın gələcəyi
üçün müstəsna əhəmiyyət kəsb edən
bir sıra təşəbbüslər irəli sürərək
qərarlar qəbul etməsi Azərbaycanın tarixinin ən
parlaq səhifələrindəndir. O zaman muxtar respublika rəhbərliyinin
milli istiqlaliyyət yollarında atdığı cəsarətli
addımlar bütün Azərbaycan xalqı tərəfindən
böyük rəğbətlə qarşılanaraq dəstəkləndi
və respublikada gedən sonrakı siyasi proseslərə
örnək kimi öz müsbət təsirini göstərdi.
Bu gün
gördüklərimiz və bizi fərəhləndirib
qol-qanad verən bu həqiqətlərin real şahidləri
kimi, bir faktı yaxşı bilirik ki, hazırda muxtar
respublikada davam etdirilən irimiqyaslı quruculuq işlərinin,
iqtisadiyyata böyük həcmdə investisiya
qoyuluşlarının təməlində uzun dövr
üçün əsası qoyulmuş makroiqtisadi sabitlik və
davamlı inkişaf dayanmaqdadır.
Bu da ilk növbədə, səmərəli
idarəetmənin nəticəsidir. Bəli
Naxçıvan bu gün dinamik inkişaf edən qədim Azərbaycan
torpağı, çağdaş dəyərlərə
qovuşmuş türk yurdudur. Naxçıvan
bütün tarixi dövrlərdə Azərbaycanın
ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini birgə
yaşamışdır və yaşamaqda davam edir.
Naxçıvan Muxtar Respublikasında son dövrdə həyata
keçirilən çoxşaxəli quruculuq tədbirləri
bütün istiqamətlərdə əsaslı nailiyyətlərin
əldə olunmasını təmin etmişdir. Məhz bu baxımdan son 17
il muxtar respublikanın müasir tarixinin intibah mərhələsi kimi
yaddaşlara həkk olunmaqdadır.
Həyata keçirilən nəhəng quruculuq tədbirlərini və
yeniləşmə prosesini ölkə Prezidenti İlham Əliyev
yüksək qiymətləndirərək demişdir:
“Naxçıvanda çox geniş quruculuq, abadlıq işləri
aparılır, şəhər gözəlləşir,
yeni-yeni binalar tikilir, köhnə binalar təmir edilir. Bir sözlə, hər bir Naxçıvan sakini əldə
edilmiş bu uğurlarla fəxr edə bilər”.
Biz də
Naxçıvandan bu
qiymətdən doğan xoş əhvalla, bitib-tükənməyən
zəngin təəssüratla
ayrıldıq. Yenidən görüşənədək,
müqəddəs
torpaq!
Bakı – Naxçıvan – Bakı
Xalq qəzeti.- 2013.- 1 yanvar.- S. 4.