Təqvim-zamanın
aynası, ömrümüzün
arşını
Vaxtın
hesablanması sistemi və onu
təsvir edən cədvəl təqvim adlanır. Bu söz ərəbcə
“tərtib və tənzim etmə”, “qaydaya
salma”, “yerinə qoyma”
mənasına gəlir. Təqvim həm də köməkçi
fənn kimi hadisə, vaqiə, sənəd
və s. tarixinin təyin
edilməsində xüsusi rol
oynayan xronologiya ilə
birləşir. Hər ölkənin və xalqın təqvimə
əsaslanan vaxt-zaman hesablaması xronologiya adlanır.
Hesablamanın başlanğıc nöqtəsi hər xalqda və ölkədə yerli (milli) era adını almışdır. Burada onu da qeyd edək ki, asanlıq naminə xronologiya iki üsulla göstərilir: miladdan əvvəl və miladdan sonra. Milad dedikdə İsa peyğəmbərin anadan olduğu il nəzərdə tutulur. Hazırda həmin tarixdən 2012 il keçir. Keçmiş Sovet İttifaqı kimi bəzi ateist ölkələrdə miladdan əvvəl və miladdan sonra mənasında era(mız)dan əvvəl (qısaca: e.ə.) və bizim era (b.e.) terminləri qəbul edilmişdi. Bu iki termin əski vərdişlə indi də işlədilir.
Əksər xalqların erası ixtiyari, bir çox halda isə fantastik xarakterə malikdir. Məsələn, yəhudi erasının başlanğıcı “dünyanın yaranışı”ndan, yəni miladdan əvvəl 3761-ci ildən hesablanır. Çin erası öz əsasını, guya, miladdan 2397 il əvvəl yaşamış “ilk insan”dan götürür. Yunan erası ilk olimpiada oyunlarının keçirildiyi tarixdən (e.ə. 776-cı il), Roma erası Roma şəhərinin salındığı tarixdən (e.ə. 753-cü il) başlanır. Tarixdəki bəzi eralar isə konkret hadisələrə əsaslanır. Məsələn, müsəlman hicri erası Məhəmməd peyğəmbərin (s.ə.s.) Məkkədən Mədinəyə hicrəti ilə (b.e. 622-ci ili) bağlıdır.
Təqvim necə
və hansı zərurətdən yaranmışdır?
Qədim insanların təsərrüfat məşğuliyyəti, yəni əkinçilik, maldarlıq, ovçuluq, balıqçılıq və s. hava şəraitindən, iqlimin dəyişməsindən asılı olduğu üçün vaxtın hesablanmasına ehtiyac yaranmışdır. Gündüz və gecənin, fəsillərin bir-birini əvəz etməsi, Ay səfhələrinin dövri dəyişməsi, Yerin Günəş ətrafında fırlanması təqvimin əsasını təşkil edən təbiət hadisələridir. Təqvimin yaranmasında çayların mövsümlər zamanı vəziyyəti (xüsusilə daşqınlar), okeanlarda qabarma və çəkilmələr də mühüm rol oynamışdır. Lakin qətiyyətlə demək olar ki, təqvimlərin meydana gəlməsində əsas “xidmət” iki səma cisminə - Günəşə və Aya aiddir.
Əgər təqvim yalnız ayın hərəkətinə əsasən tərtib edilmişsə, o, ay təqvimi və ya qəməri (ərəbcə ay deməkdir) təqvim adlanır. Burada başlıca rolu ayın səfhələri (fazaları) oynayır. Ayın dörd səfhəsi var. Bunlar hərəsi bir həftəyə uyğundur və ayın günəşə və yerə görə qarşılıqlı vəziyyətindən asılıdır. İki eyni ay səfhəsi arasında keçən müddət 29,5309 orta günəş gününə bərabərdir. Bunu ilk dəfə qədim Babil krallığında hesablamışdılar. Asanlıq naminə onlar kəsri ataraq aylardan birini 29, o birini 30 gün qəbul etmişlər. Hazırda ərəblər 354,3671 gündən ibarət olan hicri təqvimdən istifadə edirlər.
Günəşin hərəkətinə görə tərtib olunan təqvimə günəş təqvimi və ya şəmsi (ərəbcə günəş deməkdir) təqvim deyilir. Yerin öz orbiti üzrə günəşin ətrafında tam dolanma dövrü il adlanır. Qədim dövrlərdə ilin uzunluğu 365,256360 gün olaraq hesablanmışdı. Ancaq bu rəqəm 12-yə (ayların sayı) tam bölünmədiyi üçün ayların bir qismi 30, qalanları 31 gün, fevral isə 28 gün olaraq götürülür, kəsrlərin toplanması ilə fevral ayı hər dörd ildən bir 29 gün olur.
Həm günəşin, həm də ayın hərəkəti nəticəsində tərtib olunan təqvimlərə isə şəmsi-qəməri təqvim deyilir. Onlar əvvəlcə ayın hərəkətinə görə yaranmış, lakin sonra şəmsi təqvimə uyğunlaşdırılmışlar. Bu da onunla bağlı idi ki, bu iki təqvim arasındakı 11 günlük fərq vardı. Lakin yaz-tarla işləri, daşqın, suvarma, əkin, biçin kimi həyati məsələlər dəqiq zaman ölçüsü tələb edirdi və hər il 11 günlük fərqlə idarə oluna bilməzdi. Ona görə də şəmsi-qəməri təqvimlərə müəyyən müddətdən sonra 13-cü ay artırılırdı.
Tarix boyu Şərqdə ayrı, Qərbdə ayrı təqvimlər işlədilmişdir. Qərbdə əvvəlcə Roma təqvimi hakim olmuş, e.ə. 46-cı ildə Qay Yuli Sezar təqvimdə bəzi islahatlar aparmış və həmin təqvim Yuli təqvimi adlandırılmışdır. Bundan təqribən 1600 il sonra, 1582-ci ildə para Qriqori hazırda bizim də işlətdiyimiz təqvimin qəbul edilməsi barədə əmr vermişdir. Həmin il İspaniya, Portuqaliya və Fransa, 1586-cı ildə Polşa, bir il sonra Macarıstan, 1699-cu ildə Danimarka, 1700-cü ildə Rusiya, Almaniya, Hollandiya, daha sonra İngiltərə, digər Avropa ölkələri, hətta Yaponiya və Çin Qriqori təqvimini rəsmən qəbul etmişlər. Bu, ən mükəmməl təqvimdir, onun xəta payı hər 3333 (üç min üç yüz otuz üç) ildə 1 (bir) gün təşkil edir.
Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial İnkişaf Şurası (EKOSOS) dəfələrlə bütün dünya üçün 12 aylıq və 13 aylıq vahid təqvim layihələri, eləcə də sabit təqvim layihəsi irəli sürsə də, bu təşəbbüslər baş tutmamışdır. Bu sahədəki ən maraqlı layihələrdən biri də həmyerlimiz, məşhur naxış ustası və fotoqraf Əli Məmmədova məxsus olmuşdur. O, ötən əsrin 80-ci illərində bütün dünya üçün vahid əlifba layihəsi də hazırlamışdı.
Günəş təqvimlərindən olan türk təqvimi öz başlanğıcını 586-cı ildən götürür. Qədim türklərdə təqvimin yaranması və qəbul edilməsi ilə bağlı böyük mütəfəkkir Mahmud Kaşğari min il bundan əvvəl qələmə aldığı məşhur “Divanü lüğat-it-türk” əsərində məlumat vermişdir. Onun yazdığına görə, xaqanın əmri ilə sürək ovu təşkil edilmiş, meşədəki bütün heyvanlar xaqanın pusquda dayandığı bərəyə doğru qovulmuş, hökmdar istədiyi heyvanı ovlamışdır. Lakin 12 heyvan özünü çaya ataraq qarşı sahilə üzüb keçmişdir. Bunları ardıcıl olaraq qeydə almış və illərə sıra ilə siçan, öküz, pələng, dovşan, timsah, ilan, at, qoyun, meymun, toyuq, it və donuz ili adı verilmişdir. Hər 12 ildən bir həmin sikl yenidən təkrar olunmuşdur.
Türklər islam dinini qəbul etdikdən sonra ərəb təqviminə keçmiş, lakin onda bəzi dəyişikliklər aparmağa məcbur olmuşlar. Bu da onunla bağlı idi ki, imperiya qoşuna və məmurlara qəməri təqvimə görə (354 gün) maaş verdiyi halda vergiləri şəmsi təqvimə görə (365 gün) toplayırdı. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün iki dəfə təqvim islahatı keçirmək lazım gəlmişdir. Nəhayət, Türkiyə 1925-ci ildə Qriqori təqviminə keçmişdir.
Təqvimlərin demək olar ki, böyük əksəriyyəti 12 aydan ibarətdir. Yalnız astek (mayya) təqvimində hərəsi 20 gündən ibarət olan 18 ay olmuşdur. Qriqori təqvimi işlədilən ölkələrin çoxunda ayların adları cüzi tələffüz fərqi ilə bizdəki kimidir.
Həftə anlayışı da qədim dövrlərdən bəri mövcud olmuşdur. Əslində, təqvimi həftə yaratmışdır. İnsanlar hər yeddi gündən bir ayın yeni səfhəyə daxil olduğunu görmüş, həftənin hər gününə ayrıca ad vermişlər. Lakin adlandırma Qərbdə səma cisimləri ilə, Şərqdə isə daha çox həftə sözü ilə (həft “yeddi” deməkdir) bağlı olmuşdur. Məsələn, xristian ölkələrində həftə günləri öz adlarını planetlərdən və aydan alır. Həmin adlar müasir roman dillərində bu gün də işlənir: solis (günəş, bazar günü), lunis (ay, bazar ertəsi), martis (Mars, çərşənbə axşamı), merkuris (Merkuri, çərşənbə), yovis (Yupiter, cümə axşamı), veneris (Venera, cümə) və saturn (şənbə).
Həftə günlərinin adları Azərbaycanda, Türkiyədə, Orta Asiyada üç əsas sözlə (bazar, şənbə, cümə), İranda və Tacikistanda isə iki əsas sözlə (şənbə, cümə) ifadə olunur. Türk dillərində bazarla yanaşı bazar ertəsi, şənbə ilə yanaşı çərşənbə, çərşənbə axşamı (Türkiyədə pərşənbə, yəni pənc şənbə), cümə ilə yanaşı cümə axşamı (Türkiyədə cümə ertəsi) sözləri işlənir. Türkiyədə çərşənbə axşamı yerinə salı terminindən istifadə olunur. İranda və Tacikistanda şənbə sözü miqdar sayları ilə yanaşı sıralanır (şənbə, yek şənbə, dü şənbə, se şənbə, çəhar şənbə, pənc şənbə) və həftə cümə ilə başa çatır.
Müasir Azərbaycan dilində işlənən həftə günlərinin adları bir qədər çətinlik doğurur. Məsələ ondadır ki, bazar sözünü, şənbə sözünü günün müəyyən vaxtları ilə birlikdə işlədə bilirik: bazar səhəri, bazar axşamı, şənbə səhəri, şənbə axşamı. Lakin cümə gününün axşamı mənasında cümə axşamı demək olmur, çünki cümə axşamı həftənin ayrı bir günüdür. Cümə axşamının axşamı demək də mümkün deyil. Heç ertəsi (bazar ertəsi) sözü də məqbul deyil. O zaman nə üçün cümə ertəsi, şənbə ertəsi günləri yoxdur. Bu dolaşıqlığı aradan qaldırmaq üçün ertəsi və axşamı sözlərindən vaz keçmək pis olmazdı. Azərbaycanın ayrı-ayrı bölgələrində bazar ertəsi yerinə bənyəmin, duz, çərşənbə axşamı yerinə tək, salı, qala, xas, cümə axşamı əvəzinə adna/adına deyilir. Bu barədə düşünmək və təqvimdə islahat aparmaq lazımdır.
Təqvimlərdə zaman vahidləri də maraqlı sahədir. Hazırda mülki təqvimdəki əsas ölçü vahidləri il, ay, həftə, gün, saat, dəqiqə və saniyədir. İdmanda saniyədən kiçik vahid olan salisə də işlənir. Saatın 60 dəqiqə, dəqiqənin 60 saniyə olması bizə şumer dövründən qalmışdır.
Hazırda yer üzündə ən böyük zaman ölçülərindən biri əsrdir. Əsr 100 ilə bərabərdir. Əsrin üçdə birinə qərinə, yaxud süls deyilir. Lakin qədimdə əsr anlayışı fərqli zaman müddətini ifadə etmişdir. Məsələn, Plini əsr deyərkən 30 il, Horatsi 110 il başa düşürdü. Klassik Şərq ədəbiyyatında işlədilən qəran sözü isə 1000 ili ifadə edir.
Babilistanda əsas zaman ölçüsü kasbu
adlanırdı. Bir kasıba 2 saata
bərabər idi.
Yəhudilərdə milli ölçü
vahidlərinin adı xəlakim və reqa idi. Bir xəlakim 3,3 saniyə, yaxud 76 reqa idi.
Çində isə
fin, ko, şi
vahidləri işlənirdi.
1 fen 1 dəqiqə, 1 ko 15 dəqiqə, 1 şi 120 dəqiqə idi.
Təqvimlərdə ilin başlanğıcı
da müxtəlif olmuşdur. Misirdə və Yunanıstanda yeni il 22 iyun
yay günəşduruşu
günü, Babilistanda,
Assuriyada, İranda və Pomada 21 mart yaz bərabərliyi günü girirdi. Rusiyanın kilsə-slavyan
təqvimində yeni il 1 sentyabrda,
mülki təqvimdə
1 martda, Pyotrın tətbiq etdiyi təqvimdə 1 yanvarda başlanırdı.
Hazırda dünyada yeni il iki əsas tarixdən - 1 yanvardan və 21 martdan başlanır. Heç şübhə yox ki, 21 mart başlanğıcı
daha doğru və daha elmidir.
Qriqori təqvimindən istifadə
edən ölkələr
ənənəvi olaraq
1 yanvarı yeni ilin ilk günü sayırlar.
Bəs təqvimlərdə
gün nə vaxt başlanırdı? Yunanlar, ərəblər,
almanlar, qallar və yəhudilər günəşin batdığı
anı (əksərən
saat 18.00-ı) günün
başlanğıcı saymışlar,
yəni günü gecələrlə ölçmüşlər.
Babillilər, romalılar, hindlər və iranlılar günün doğduğu
anı (əksərən
saat 6.00-ı) günün
başlanğıcı qəbul
etmişlər. Çinlilər günü gecənin
yarısından başlamış
və o biri gecənin yarısınadək
olan müddəti bir gün saymışlar.
Bütün təqvimlərdə günün
(sutkanın) uzunluğu
24 saat olmuşdur. Qədimlərdə vaxtı bilmək üçün bir neçə üsuldan istifadə edilmişdir.
Bunlardan biri insanın və ya ağacın
kölgəsinin uzunluğu
idi. Lakin hava buludlu olduqda bu üsuldan
vaz keçmək lazım gəlirdi.
Su saatı (e.ə.
1600-cü ildə Misirdə
kəşf olunub) və günəş saatı (e.ə. 1450-ci il, Misir)
daha əlverişli idi. Qum saatı
da onlardan geri qalmırdı.
Bir neçə
kəlmə də fəsillər və mövsümlər haqqında
demək lazımdır. Bütün təqvimlərdə
fəsil anlayışı
vardır. Bəzilərində
bu, standart 4 fəsildən (yaz, yay, payız və qış), bəzilərində daha az və
ya daha çox
fəslidən ibarət
idi. Məsələn, şumerlər və
babilistanlılar isti və soyuq fəsil
adlı iki fəsil tanıyırdılar.
Misirdə üç fəsil
(daşqın fəsli,
cücərti-biçin fəsli,
quraqlıq fəsli), tropik və ekvatorial ölkələrdə
iki fəsil (quru və rütubətli
fəsil) vardı.
Hind təqviminə görə,
bir il
hərəsi iki ay və ya 60 gün
olan altı fəsildən (yaz, yay, payız, gur yağışlar, qış, sərinlik). Çində bir il 4 fəsilə, 4 fəsil öz növbəsində hər
biri 15 gün sürən 6 mövsümə
(cəmisi 24 mövsüm)
bölünürdü.
Azərbaycan xalq təqviminə
görə bir il iki əsas dövrə bölünür. Birinci dövrə
Xızır və ya yaşıllıq dövrü deyilir. Bu dövr öz
adını xalq arasında müqəddəs
sayılan Xızır
peyğəmbərdən alır.
İnama
görə, Xızır
ilk baharda çölə-çəmənə
çıxır, yaşıllığı
artırır. Xızır
dövrü 186 gün
davam edir, 6 may - 7 noyabr arası olur.
Qasım dövrü isə öz adını şumerlərin qış
və soyuqlar tanrısı Kislimdən alır. Babil təqviminin 9-cu ayı
onun adını daşıyır (müasir
türk təqvimində
noyabr ayına qasım deyilir). Qasım dövrü 180 gün sürür, 8 noyabrda başlayıb mayın 5-də
bitir.
Xalq təqviminə görə
qış iki əsas mərhələyə
bölünür: böyük
çillə və bahara qədərki 50 gün. Böyük çillə (çillə,
əslində, çilə
- əziyyət, əzab,
soyuq deməkdir) qış girən gündən, yəni 21 dekabrdan 1 fevrala qədər davam edir. Bu dövrə
xalq arasında ərbəin (ərəbcə
40 deməkdir) də deyilir. Ərbəinin sonu qışın
yarısı hesab olunur. Böyük çillənin ən
soyuq günü yanvarın 18-də müşahidə
edilir. Böyük çilləyə qaraqış və ya zəmhərir adı da verilir.
Fevralın 1-də qışın 50 günlük
ikinci hissəsi başlayır və martın 21-də başa çatır. Bu dövr
özü də bir neçə mərhələyə bölünür.
Əvvəlcə 20 günlük kiçik
çillə, sonra bir aylıq alaçalpov gəlir.
İnama
görə, alaçalpovun
sonunda Koroğlunun oğlu Kürdoğlu borana düşüb mağaraya sığınır,
boranın sovuşması
ilə qış sona yetir.
Ramiz ƏSKƏR,
filologiya elmləri doktoru,
Bakı Dövlət Universiteti
türk xalqları ədəbiyyatı kafedrasının
müdiri
Xalq qəzeti.- 2013.- 1 yanvar.- S. 3;6.