Mükafatımız
– Azadlığımız
İl üstə il gəlir, insan
yaşlaşır, dünyamıza gələn hər körpə ilə gəncləşir,
gözəlləşir. Bir ilin sonu o biri ilin
başlanğıcıdır.
Köhnə
il ən yaxşı əməllərimizi Yeni ilə əmanət
qoyub gedir, yeni-yeni arzu-istəklərimizə qucaq açır.
Xalqımız
daha bir uğurlu ili tarixin yaddaşına yazıb, yüksəliş
yolunda yeni bir mənzilə yetişir. Qədəmləri
mübarək olsun Yeni ilimizin!
Həyat,
dünya daim dəyişməklə, fəsillərin bir-birini
əvəz eləməsi ilə irəli gedir. Bu dəyişmənin
bir dövrəsi ömrümüzün 1 ilinə bərabər
olur. Kim bu 1 ili necə yaşadı, necə başa vurdu?
İl sonunda haqq-hesab aparır, arzulardan ömrümüzə
yeni yük tuturuq. Ulu Tanrıdan arzum budur ki,
soydaşlarımızın başa çatan ili də, qədəmlərini
qutladığımız Yeni ili də arzuların əmələ, işə
çevrilməsi ilə naxışlanmış olsun!
2012-ci ildə
xalqımız
azadlığa
qovuşmasının 21-ci
ildönümünü
qeyd etdi. 21 il əvvələdək bizim
Tanrıdan ən
böyük diləyimiz Azadlığa, Müstəqilliyə
çatmağımız
olurdu. Elə bu istəyin
axarında da xalqımız
1990-cı ildən bəri
təqvim ilinin son gününü – 31 Dekabrı
Dünya Azərbaycanlılarının ilbirliyi
bayramına çevirdi.
O
vaxtdan 31 Dekabr milli
həmrəylik
günü kimi qeyd
olunur. Bu gündə xalqımızın arzu-istəyi, ümid-inamı ortaqlaşır. Süfrələrimiz nəhəng bir mərasimin hücrələrinə çevrilir. Yola saldığımız ilin
son gecəsini də
bir-birimizə könül
paylarımızı çatdırmaqla, xalqımıza daha
xoş günlər
arzulamaqla yola saldıq.
Yeni, 2013-cü
ilin ilk günündə bütün soydaşlarımızı
bağrıma basıram, hamıya və hər kəsə möhkəm cansağlığı, könül xoşluğu, yüksək rifah
arzulayıram.
Xalqımızın
ən böyük arzusunun altına
mən də öz
imzamı atıram:
–
Qoy 2013-cü il
tariximizə Qarabağın
xilası ildi kimi
daxil olsun!
Bayram
təbrikimi “Mükafatım – Azadlığım” şeirimdən bir parça ilə tamamlamaq istəyirəm:
Azadlığın yaşını illərin
sayıyla yox,
Baş-başa
əsrlərin yaşıyla
ölçməliyik.
Bu yükü çəkmək üçün
Nə
qədər dağlar çapıb, qayalar yarmalıyıq,
Bugünkü xoşbəxtliyi gələcək nəsillərə
Canla
aparmalıyıq, başla
aparmalıyıq.
Zəlimxan YAQUB,
xalq şairi
Xalq qəzeti.- 2013.- 1 yanvar.- S. 3.