Bir günün təəssüratı...

 

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səhər tezdən Olimpiya İdman Kompleksinin tikintisinə gəlmişdi. Bu kompleks ölkə Prezidenti İlham Əliyevin 27 may 2011-ci il tarixli sərəncamı ilə tikilir. İş icraçıları, fəhlələr müxtəlif suallara dəqiq cavablar verir, ötən günün nəticələrindən danışır, kəm-kəsir məsələlərdən söhbət açırdılar. Hiss olunurdu ki, icra başçısı işin gedişindən narazı deyil. Ona görə də əlaqədar təşkilatlarla danışdı, əlavə tapşırıqlar verdi. Sonra da inşaatçılarla xudahafizləşdi : - Axşama qədər, - deyə maşına tərəf addımladı.

 

Sözün açığı, icra başçısının bir iş günü haqqında yazı hazırlamaq istəyirdim. Özü də məhz Ağcabədi rayonundan. İnsafən, başçı da etiraz etmədi, sonra da yarıciddi, yarızarafat dedi:

 

- Ancaq bir şərtlə - “yoruldum” demək yoxdur.

 

Razılaşdıq. Ağcabədini yaxşı tanıyıram. Ona görə də maşınımız rayon mərkəzindən çıxan kimi gedəcəyimiz marşrutu dəqiqləşdirdim: –Yuxarı zonaya gedirik...

 

Maşının qabaq şüşəsindən qarşı tərəf - Qarabağ dağları aydın görünürdü. Dağların zivəsinə qar düşüb. Danışmırdıq, sükutu, nəhayət, icra başçısı pozdu:

 

- Elə bir gün olmur ki, xəyalım o yerləri dolanmasın, - deyir. - Görürsünüz, bu yerlərdən Ağdam, Şuşa, Kəlbəcər ... dağları ilə üz-üzəsən. O dağlara həyəcansız, intizarsız, qəzəbsiz baxmaq mümkün deyil. Həmişə də düşünürəm ki, əgər o vaxtlar xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev siyasi hakimiyyətdə olsaydı, torpaqlarımız heç vaxt işğal oluna bilməzdi. Təsəvvür edin, Heydər Əliyevin tutduğu yüksək vəzifələrdən istefa verməsi ilə Qarabağ hadisələrinin başlanması cəmi 2 ay çəkdi.

 

Tarixdə həmişə zəka və müdriklik qələbə çalıb. Sözsüz ki, bu dəfə də belə olacaq. Ona görə ki, tarix, baş verən hadisələr bizim xeyrimizə işləyir. Ölkə Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti bizi qələbə gününə yaxınlaşdırır.

 

Bayaqkı narahat və nigaran fikirlərimizi xoş, nikbin düşüncələr əvəz edir. Maşınımız Hindarx kəndinin arası ilə keçib iri məktəb binasının qarşısında dayandı. Müsahibim bildirdi:

 

- Əvvəllər bu məktəb köhnə, yararsız binada yerləşirdi. İki il bundan əvvəl əsaslı şəkildə təmir edilib.

 

Məktəb direktoru Qaryağdı Qarayev bizi mehribanlıqla, qonaqpərvərliklə qarşıladı:

 

- İndi heç bir çətinliyimiz yoxdur, hər şey qaydasındadır. Sizə müəllimlərin, şagirdlərin minnətdarlığını çatdırıram.  

 

Düzü, əvvəlcə heç nə başa düşmədim. Yalnız icra başçısı sinif otaqlarını gəzəndə, əli ilə istilik sistemini yoxlayanda hər şey aydın oldu. Məsələ burasındadır ki, payız-qış mövsümünün əvvəlində məktəbin istilik sistemi işləmirmiş. Rayon icra hakimiyyəti başçısının Hindarx kəndində keçirilən səyyar-qəbulunda valideynlər bu barədə məsələ qaldırmış, ciddi kömək olmasa, dərslərin kəsiləcəyini bildirmişdirlər. Əlbəttə, yaranmış vəziyyət problemin tezliklə həll olunmasını tələb edirdi. Ona görə də dərhal əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılmış, problemin konkret vaxt ərzində həll olunması nəzarətə götürülmüşdür.

 

İcra başçısı işin gedişindən və əldə edilmiş nəticələrdən razı idi. Ona görə ki, belə soyuq qış günlərində sinif otaqları normal istiliklə təmin edilir.

 

Kiçik bir haşiyə

 

2006-cı ildən indiyə kimi rayonun iqtisadi, sosial və mədəni obyektlər xəritəsini Heydər Əliyev Mərkəzi, Heydər Əliyev parkı, Şahmat məktəbi, Qarabağ müharibəsi və şəhid ailələri üçün 16, 24, 36 mənzilli yaşayış binaları, qaçqın və məcburi köçkünlər üçün 10 ədəd beşmərtəbəli yaşayış binaları, “Gilan” süd emalı zavodu, “Atena” süd məhsulları kombinatı, Sosial Müdafiə Fondunun rayon şöbəsi, Maliyyə İdarəsi, 82 saylı Ağcabədi Seçki Dairəsi üçün inzibati binalar bəzəyir. Onu da deyək ki, bunlar hələ tam siyahı deyil. 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının, Olimpiya İdman Kompleksinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Gənclər Mərkəzinin, ət kəsimi kombinatının, kənd təsərrüfatı məhsullarını saxlamaq üçün soyuducu anbarın və başqa obyektlərin tikintisi isə sürətlə davam etdirilir.

 

Bütün bunlar, əlbəttə, böyük fərəh doğurur və iri layihələrdən, əsaslı inkişaf və yüksəlişdən xəbər verir. Ancaq səmimiyyətlə etiraf edək ki, ən ciddi yüksəliş təhsildə, onun maddi-texniki bazasının daha da möhkəmləndirilməsində olub. Məsələn, 2006-cı ildən bəri rayonda 35 məktəb binası, 4 əlavə korpus tikilib istifadəyə verilmiş, 9 məktəbdə isə əsaslı təmir işləri aparılmışdır. Daha maraqlı bir fakt: ötən il ali və orta ixtisas məktəblərinə daxil olan məzunların sayı 2006-cı ilə nisbətən 3 dəfə artmışdır.

 

Səriyyə Məmmədovanın 70-dən çox yaşı var. Taleyin qisməti elə gətirmişdir ki, ixtiyar yaşında tənha yaşayır. Bayramlarda, əziz günlərdə qohum-qonşu qapısını açsa da, yenə gözləri qapıdadır, qəlbi insan ülfəti, insan qayğısı üçün darıxır. Rayon icra hakimiyyətinin başçısı bu dəfə - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəxsən özü Səriyyə anaya qonaq olmağı qərara almışdı.

 

Elə bil ki, bizi gözləyirdi. Çəliyinə söykənərək həyətdə gəzişirdi. Bizi görən kimi:

 

- Nə yaxşı ki, gəldiniz, - dedi. - Sanki təkcə dili ilə yox, bütün qəlbi, bütün ruhu ilə təşəkkür edirdi.

 

Səriyyə ana rayon icra hakimiyyəti tərəfindən göndərilən hədiyyələrə, bağlamalara tərəf heç baxmadı da. Baxışlarını uzaqlara – buludlu, tutqun səmaya zilləmişdi:

 

- Həyatın hər üzünü görmüşəm, qarşıma çox sərt döngələr çıxıb. Vaxt olub ki, bu evdən qonaq-qara, dost-tanış əskik olmayıb. İndi gördüyünüz kimi, suyu sovrulmuş dəyirmana oxşayır. Nə etməli? Həyat həmişə insanın üzünə gülmür ki... Hər halda, Allah verən ömrü sonadək yaşamalıyıq. Bir an susdu. Sonra da üzünü bizə tərəf çevirərək: - Söhbət bir dəstə güldən, ya hədiyyədən getmir. Allaha şükür, pensiya alıram, tək adamam, özümə bəs edir. Hələ artıq da qalır. Söhbət qayğıdan, diqqət və hörmətdən gedir. Bunu heç nə ilə əvəz etmək olmaz.

 

Şahin müəllim mehribanlıqla əlini Səriyyə ananın çiyninə qoydu. Nə isə həyat, ömrün sərt sınaqları, ümid, inam haqqında xoş, ilıq sözlər deyirdi. Mən isə tamam başqa şeylər haqqında düşünürdüm. Vəzifə borcu barədə, rəhbər işçi haqqında düşünürdüm, adamlarla işləmək, onları öz ardınca apara bilmək qabiliyyəti barədə fikirləşirdim. Bəli, o, hər şeydən əvvəl, konkret sahədə, konkret bölgədə vəzifə səlahiyyətlərini, ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələri vicdan və ləyaqətlə yerinə yetirməyi, insan amilini ön plana çəkməli, onlara rəhbərlik etməyi, başqa sözlə desək, öz ardınca aparmağı bacarmalıdır. Adamlar sənə inanmalı, etibar etməli, ərklə qapını açmalı, sözünü, təklif və arzusunu deməlidir.

 

 İndi başqa cür işləmək və rəhbərlik etmək sadəcə olaraq, mümkün deyil. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı məsələnin bu vacib tərəfiniinsan amilini, onun vacib sosial problemlərinin vaxtında yerinə yetirilməsini öz üslub və metodunun, idarəetmə prinsiplərinin ana xətti kimi götürmüşdür. İxtiyar yaşlı, tənha yaşayan Səriyyə ana ilə görüş bunun bir daha konkret nümunəsi oldu.

 

Salmanbəyli kəndi ilə rayon mərkəzi arasındakı yolu ən uzağı 10 dəqiqəyə getmək olar. Ancaq indiki halda bu yolu, az qala, bir saata qət etməli olursan. Səbəb? 10 kilometrə qədər olan bu yol, sözün həqiqi mənasında, bərbad haldadır. Düzdür, bu məsələ dəfələrlə müzakirə olunmuş, vəziyyəti düzəltmək üçün konkret yollar müəyyənləşdirilmişdir. Ancaq vəziyyət düzəlmir ki, düzəlmir.

 

Ona görə də rayon icra başçısının ərazi nümayəndəsi və bələdiyyə sədri ilə budəfəki söhbəti bir qədər sərt və əsəbi keçdi. Əslində, başqa yol da yox idi. Kənd sakinlərinin məktub, müraciət və xahişləri məsələnin vacibliyindən xəbər verirdi. Digər tərəfdən, bu barədə əvvəllər verilən konkret tapşırıqlar da kifayət qədər yerinə yetirilməmişdir. Bununla bərabər, icra başçısı sonda konkret köməyini də bildirdi:

 

- Əlavə köməyə ehtiyacınız olsa, deyərsiniz. Ayın sonuna kimi vaxtınız var. Unutmayın ki, bu, sizə verilən sonuncu möhlətdir.

 

Burada məsələnin başqa, necə deyərlər, mənəvi-psixoloji tərəfi də var və icra başçısını düşündürən, narahat edən də daha çox məhz bu idi. Salmanbəyli rayonun ən iri, imkanlı kəndlərindən biridir. Əksəriyyəti ikimərtəbəli olan, müasir, yaraşıqlı evlər, hündür hasarlar, səliqəli həyət-baca, hər şeydən əvvəl, yüksək həyat səviyyəsindən, yaxşı gün-güzərandan xəbər verir. Ancaq nə edəsən ki, abad və yaraşıqlı həyət-bacadan küçəyə çıxan kimi bərbad, narahat yollar başlanır. İcra nümayəndəsini, bələdiyyə sədrini bir tərəfə qoyaq, kənd sakinlərinin özlərinin imkan və səylərindən istifadə etmək olmazmı? Axı onlar hər gün bu yolla gedib-gəlirlər. Deməli, çatmayan həm də işin təşkili, bütün səy və qüvvələri bir istiqamətdə birləşdirmək bacarığıdır.

 

Kişik bir haşiyə

 

Təkcə ötən ilin sosial-iqtisadi göstəricilərinə nəzər salsaq, əsaslı inkişaf və irəliləyişin şahidi olarıq. Belə ki, rayonda ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 14240 min manat çox olmuşdur. Əsas kapitala investisiya qoyuluşu müqayisə olunan dövrdə 19,4 min manat artıqdır. Orta aylıq əmək haqqı 228 manat olmuşdur ki, bu da 2011-ci illə müqayisədə xeyli çoxdur. Bu müddətdə taxıl, ət, süd, yumurta istehsalı da çoxalmışdır. Daha maraqlı bir fakt: Son 6 il ərzində rayon üzrə 18912 nəfər işlə təmin olunmuşdur ki, bunun da 8 min nəfəri daimidir. Bu müddətdə rayon üzrə 163 suvarma artezianı, 13 içməli su artezianı qazılmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 oktyabr 2010-cu il tarixli sərəncamı ilə uzunluğu 24,5 kilometr olan Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolu çəkilmişdir. Ümumiyyətlə, son 6 ildə şəhərin 24 küçəsi asfaltlaşdırılmış, 136 kilometr kəndarası yollar abadlaşdırılmışdır.

 

Ağcabədi Rayon İcra Hakimiyyətində zəhmətkeşlərin qəbulu, onların ərizə, şikayət və məktublarına baxılması sahəsində zəngin və maraqlı təcrübə toplanılmış, ardıcıl və sistemli iş qurulmuşdur. Burada, əlbəttə, tərtib edilmiş qrafikə əsasən yerlərdə keçirilən səyyar qəbulların rolu xüsusilə qeyd edilməlidir. Təsadüfi deyildir ki, hazırda ötən ilə nisbətən Ağcabədi Rayon İcra Hakimiyyətinə, eləcə də yuxarı respublika təşkilatlarına daxil olan ərizə və şikayətlərin sayı xeyli azalmışdır.

 

Yollar uzanır, maşınımız ən ucqar kəndlərə də yol alır, rayon mərkəzini də dolanır... Getdiyimiz ünvanlar da müxtəlifdir: YAP rayon təşkilatı üçün tikilən inzibati bina, Gənclər Mərkəzi, Qiyamadınlı, Kəhrizli, Yeni Qaradolaq kəndləri... Görüşdüyümüz, söhbət etdiyimiz insanlar da müxtəlifdir: ağsaqqal da var, ziyalı da, fəhlə də, suçu da... Müşahidələr, söhbət və dialoqlar da bir-birindən fərqlidir: sərt, əsəbi olanı da var, sakit, mehriban keçəni də. Hər şey konkret vəziyyətdən, rastlaşdığımız situasiyadan asılıdır. Təəssüf ki, görüşlərimizin hamısını təfsilatı ilə yazmağla qəzet səhifəsi imkan vermir. Ancaq bir həqiqəti hökmən deməliyik: həmin görüş və söhbətlər yüksək tələbkarlıq, işgüzarlıq, səmimiyyət, qarşılıqlı hörmət və ehtiram şəraitində keçdi.

 

Əlbəttə, sutkanı uzatmaq mümkün deyil. Dəqiqələr, saatlar günün sonuna yaxınlaşır. Bu günün maraqlı və yaddaqalan cəhəti isə o oldu ki, nəzərdə tutulan məsələlərin ən vacibləri öz müsbət həllini tapdı, yerlərdə vəziyyət geniş araşdırıldı, konkret tədbirlər görüldü. Bu isə çox vacib idi.

 

Günün sonunda ulu öndər Heydər Əliyevin adını daşıyan parka gəldik.

 

Ulu öndərin abidəsi  önünə çatanda Ş.Məmmədov bildirdi ki, həyatımızın elə bir sahəsi yoxdur ki, Heydər Əliyev o məsələlərə aid öz dahiyanə fikir və mülahizələrini bildirməsin, müdrik məsləhət və tövsiyələrini verməsin. Ölkə Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən daxili və xarici siyasət xətti, dünyanın ən böyük dövlət və siyasət xadimlərini belə heyran qoyan dərin zəkası, iti ağlı, dəmir məntiqi, gələcəyə hesablanmış müdrik siyasəti seçilmiş bu yolun nə qədər ağıllı və düzgün olduğunu bir daha sübut etdi. Bəli, mən bu zəngin və tükənməz xəzinədən hər gün, hər an öyrənirəm.

 

Ağcabədidə keçirdiyim bir günün tarixçəsi, aldığım təəssürat və gəldiyim nəticə bunlardır, əziz oxucular. Düzdür, günün əvvəlində söz verdiyimə rəğmən, fiziki cəhətdən yoruldum. Ancaq zəngin və maraqlı görüşlərdən, səmimi və işgüzar söhbətlərdən, ibrət və nümunə götürüləsi məqamlardan mənən və ruhən zövq aldım, məmnun oldum.

 

 

Ziyəddin Sultanov

 

Xalq qəzeti.- 2013.- 8 yanvar.- S. 6.