Azərbaycanın
müasir təhsil sistemi: problemlər, düşüncələr,
mülahizələr
Təhsil, təlim-tərbiyə hər
bir dövlətin strateji əhəmiyyətli fəaliyyət
sahəsi olmaqla onun siyasi-iqtisadi, sosial və mədəni
inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin
mənəvi dəyərlərini formalaşdırır. Ona
görə də, hər bir suveren dövlət təhsilin
inkişafına xüsusi diqqət yetirir.
Müstəqilliyinin
22-ci ilini yaşayan Azərbaycan Respublikasının
bütün sahələr
üzrə inkişaf istiqamətləri haqqında söz
açarkən, bu istiqamətlərin nə qədər şəffaf
və anlaşılan olduğunu dəqiq görmək
mümkündür. Müstəqillik qazandıqdan sonra yeni cəmiyyət
quruculuğunun sivilizasiyalı, demokratik modellərin
axtarışı prosesində, təhsil sisteminin yeniləşməsində
dünya təcrübəsinə inteqrasiya geniş miqyas
almışdır. İqtisadi sferadan tutmuş sosiumun
bütün sahələrində müşahidə olunan
inkişaf tendensiyası dövlətimizin gələcəyi
ilə bağlı nikbin tərzli fikirlərin yaranmasına səbəb
olur. Qısa bir müddət ərzində müstəqil
ölkəmizin yüksək nailiyyətlər əldə etməsi,
beynəlxalq miqyasda əhəmiyyətli təşəbbüslərlə
çıxış edən demokratik dövlət kimi
tanınması, gündən-günə əhalinin maddi
rihafının yüksəlməsi və qarşıya qoyulan
digər zəruri məsələlər Azərbaycan
Respublikasının tərəqqi indikatorları qismində
çıxış edir. Əlbəttə ki, ümumi
inkişaf prosesi ölkənin ali və ümumtəhsil
sistemində də özünü göstərir. Bu sahədə
həyata keçirilən zəruri tədbirlər, atılan
uğurlu addımlar, ölkə Prezidenti tərəfindən
imzalanan sərəncam və fərmanlar müasir təhsilin də
keyfiyyətinin yüksəlməsinə səbəb
olmuşdur. Təbii ki, təhsil sahəsi çoxpilləli və
çoxşaxəli olduğundan biz mövcud və həlli
mümkün olan təhsil problemlərinə
toxunacağıq.
Əvvəlcə
bir zəruri məsələni dərindən dərk etməliyik
ki, müasir təhsil nə deməkdir və cəmiyyətdə
inkişaf stimulu yaradan bu sistem nəyə xidmət edir? Bu zəruri
sahənin incəliklərini və sonrakı perspektiv
imkanlarını araşdırmaq üçün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 19 iyun 2009-cu
il tarixdə təsdiq etdiyi “Təhsil haqqında Qanunun ilk
müddəasına nəzər yetirmək kifayətdir: “Bu
qanun vətəndaşların Azərbaycan Respublikası
Konstitusiyasında təsbit olun- muş təhsil hüququnun təmin
edilməsi sahəsində dövlət siyasətinin əsas
prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin
ümumi şərtlərini müəyyən edir, təhsilin
ayrı-ayrı pillələri üzrə müvafiq
qanunların və digər normativ hüquqi aktların qəbul
edilməsində baza rolunu oynayır”.
Bu, təkzibolunmaz həqiqətdir ki,
hazırda ən zəruri faktor olan müasir təhsil sistemi
yeni formalaşan cəmiyyətin ayrılmaz bir sahəsidir. Bu
sivil sferanın inkişafı həmin sosiumların irəli
getməsinə, ölkədə fəaliyyətdə olan
bütün sahələrdəki uğurların
sayının artırılmasına səbəb olur.
Çünki təhsil faktoru hər bir fərdə təsir
etmək gücünə malikdir və bunun müsbət nəticəsini
sivil cəmiyyətin bütün inkişaf mərhələlərində
görmək mümkündür. Bütün bunları nəzərə
alaraq yəqinliklə deyə bilərik ki, təhsil:
- Cəmiyyətin
tərəqqisinin hərəkətverici qüvvəsidir;
intellektual potensialı formalaşdırır;
-
xalqın ümidli gələcək sferasını
yaradır;
-
yoxsulluğu aradan qaldırır və xalqın rihaf
halını yaxşılaşdırır;
-
hüquqi cəmiyyətin qurulmasında əvəzsiz rol
oynayır;
- vətəndaşı
cəmiyyətdə ən məhsuldar təfəkkürlü
qüvvəyə çevirir;
- fərdin
və ya kollektivin ümumi inkişafını təmin edir;
-
milli-mənəvi dəyərləri qoruyur və tənzimləyir;
- insan
kapitalını formalaşdırır və sair.
Göründüyü
kimi, təhsil sektoru həm sosiumun, həm də dövlətin
əsas, aparıcı sahələrindəndir və onun
inkişaf etdirilməsi hər bir dövlətin
qarşısında duran vacib prioritetlərdən biridir.
Əlbəttə,
müasir təhsil sisteminin səviyyəsini daha da yüksəltmək
üçün bundan öncə infrastruktur işləri
tamamilə tənzimlənməli və
yekunlaşdırmalı, müasir texniki vasitələrlə
təmin olunmuş təhsil ocaqları yaradılmalı, nəhayət,
güclü elmi-pedaqoji kadrlar
formalaşdırılmalıdır. Prezident İlham Əliyev
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının yeni tədris kompleksinin açılış
mərasimindəki çıxışında demişdir:
“...Təhsil prosesi lazımi səviyyədə təşkil
edilməmişdirsə, tədrisin səviyyəsi
axsayırsa, tələbələr bilik qazanmağa nə qədər
can atsalar da, nəticə əldə etmək çətin
olacaqdır. MDU-nun Azərbaycandakı filialı çərçivəsində
biz tədrisin səviyyəsinin yüksək olduğunu, habelə
gənclərin biliklərə can atdığını
görürük”.
Yalnız
bu zəruri keçid mərhələlərindən sonra
artıq təhsildə keyfiyyət dəyişikliklərinin
baş verəcəyini gözləmək mümkündür.
Çünki təhsil elə bir mürəkkəb struktura
malik olan bir sahədir ki, bura yatırılan investisiya bir
neçə mərhələdən sonra öz müsbət
nəticəsini verməyə başlayır. Bu səbəbdən,
müasir təhsilin dünyəvi
elmi-pedaqoji çərçivədə inkişaf etdirilməsinin
müəyyən qədər zamana ehtiyacı var. Müstəqilliyimizin
ilk dövrünü yaşayan Azərbaycanın təhsil
sisteminə yetərincə ciddi zərbələr dəymiş
və demək olar ki, bu sahədə özfəaliyyətə
geniş yer verildiyinə görə arzuolunmaz böhranlı məqamlar
hökm sürmüşdür. Xüsusilə ali məktəblər
əvvəlki simasını itirmiş, respublikada hökm
sürən hərc-mərclik ali təhsil sisteminə daha
ağır zərbə vurmuşdur. Elm və təhsil müəssisələrində
təlim-tərbiyənin rəhni olan nizam-intizam pozulmuş,
ali məktəblərin maddi-texniki bazası
insafsızcasına dağıdılmış, təhsil alan
tələbə-gənclər ayrı-ayrı başıpozuq
qüvvələr tərəfindən siyasi məqsədlər
üçün bir vasitəyə çevrilmişdir.
Mövcud ali təhsil ocaqlarının yetərincə
maddi-texniki bazaya malik olmaması, uzunmüddətli perspektivə
hesablanmış təhsil strategiyasının bitkin şəkildə
reallaşdırılmaması bu zəruri sferanın vəziyyətini
bir qədər də ağırlaşdırmışdı.
Respublika daxilində gedən çəkişmələr,
bacarığı, savadı, mənəvi-əxlaqi keyfiyyətləri
ilə fərqlənməyən adamların yüksək
dövlət vəzifələrinə soxulması və
onların özbaşınalığı, ümumi fəlakət
vahiməsinin yaradılması və formalaşmayan emasional cəmiyyətdə
sabaha inamsızlıq toxumunun səpilməsi, şagird və
tələbə- lərin bir çoxunun təhsildən
yayınıb daha çox alverə qurşanması bu sahənin
tənəzzülünə zəmin yaratmışdı.
Lakin ölkənin bütün sahələrində olduğu
kimi, təhsil sferasında da inkişaf prosesi ulu öndər
Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra
müşahidə olunmağa başladı. Ümummilli
liderin: “Təhsil sahəsi həyatımızın ən gərəkli,
ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər
əsasında qurulmalıdır” məntiqi fikri bu sferanın əsaslı
inkişaf etdirilməsi üçün baza rolunu oynadı. Təhsilin
strateji sahə kimi tərəqqisi üçün hər il
büdcədən artımlı maliyyə ayırmaların
verilməsi və müvafiq addımların atılması təhsilin
keyfiyyətini günü-gündən yüksəldirdi.
1993-cü ildən 2003-cü ilə qədər bu sahədə
ciddi irəliləyişlər baş versə də, lakin həlli
zəruri olan müəyyən problemlər hələ də
mövcud idi.
2003-cü
ildən başlayaraq, ümumiyyətlə Azərbaycanda
başlanmış modernləşmə siyasəti təhsil
sektorunun da inkişafına əlavə təkan verdi. Təhsil
sferasına dövlət büdcəsindən ayrılmalar 2
milyard manata qədər artırıldı, bu sahəyə
qoyulan investisiyaların həcmi 300 milyon manata
çatdırıldı. Həmçinin, təhsil sisteminin
inkişaf etdirilməsi üçün respublika Prezidenti tərəfindən
müxtəlif dövlət proqramları və sərəncamlar
imzalandı. Belə ki, ölkədə bütün təbəqələr
üçün əlçatan və müasir tələblər
səviyyəsində qurulmuş məktəbəqədər
təhsil xidmətlərinin göstərilməsini təmin edə
biləcək maddi-texniki, təşkilatı-hüquqi və tədris
metodiki şəraitin yaradılması və bu zəmində
məktəbəqədər təhsil sisteminin yüksək
sosial-iqtisadi səmərəliliyinə nail olunması məqsədilə
“Azərbaycan Respublikasında məktəbəqədər təhsilin
yeniləşdirilməsi” (2007-2010-cu illər) Dövlət
Proqramı imzalandı. Eyni zamanda, “Azərbaycan
Respublikasında yeni ümumtəhsil məktəblərinin
tikintisi, mövcud məktəblərin əsaslı təmiri
və müasir tədris avadanlıqları ilə təmin
olunması”na dair (2003-2007), “Məktəb tikintisi” (2008-2013), “Məktəblərin
əsaslı təmiri” (2008-2013) və “Ümumtəhsil məktəblərinin
avadanlıqla təmin olunması”na dair (2008-2013) inkişaf
proqramlarının imzalanması bu sahədə infrastruktur
işlərinin başa satdırılması üçün
güclü maddi-hüquqi baza formalaşdırdı. Bununla
yanaşı, onu da vurğulamalıyıq ki, regionların və
Bakı şəhərinin qəsəbələrinin
sosial-iqtisadi inkişafı ilə bağlı
imzalanmış proqramların da təhsilin sonrakı inkişafında
müəyyən payı vardır.
Prezident İlham Əliyevin müasir
təhsil sahəsinin inkişafı üçün verdiyi qərarlar
və imzaladığı sərəncamlar, fərmanlar,
dövlət proqramları kə-
miyyət baxımından yetərincədir. Məqsəd
isə birdir: ölkədə keyfiyyətli təhsil sisteminin
qurulması və onun müsbət nəticələrinin
reallaşdırılması. Elə bunun nəticəsidir ki,
artıq 2006-cı ildən başlayaraq indiyə qədər
Azərbaycanın müxtəlif məktəbləri PİSA,
TİMSS və PİRLS beynəlxalq qiymətləndirmə
proqramlarında da fəal iştirak edirlər.
Azərbaycanın
gələcəyi baxımından daha çox əhəmiyyət
kəsb edən faktorlardan birini də məhz ölkə gənclərinin
dünyanın müxtəlif mütərəqqi demokratik
dövlətlərindəki nüfuzlu təhsil ocaqlarında təhsil
almalarını təmin edən, daha çox ictimaiyyətin
diqqətini cəlb edən mövcud Dövlət Proqramı təşkil
edir. Bu proqram çərçivəsində yüzlərlə azərbaycanlı
gənc müxtəlif tanınmış dünya universitetlərində
təhsil almağa göndərilmişdir.
Təhsil
sisteminin inkişafının İlham Əliyev
dövrünü daha geniş xarakterizə etsək, deyə
bilərik ki, müasir Azərbaycanın təhsil sisteminin
inkişafı üçün birinci mərhələ –
infrastruktur quruculuğu dövrü artiq başa çatmaq
üzrədir. Neft gəlirlərinin insan kapitalına
çevrilməsi strategiyasının
reallaşdırılması nəticəsində qurulan bilik
iqtisadiyyatı sayəsində bundan sonra keyfiyyət göstəriciləri
daha da yük- səlməyə doğru gedəcək və
bu sahəyə qoyulmuş investisiya öz müsbət bəhrəsini
verəcəkdir. Prezident
İlham Əliyev Bakıda keçirilən İkinci Beynəlxalq
Humanitar Forumdakı çıxışında təhsilin zəruriliyini
xüsusi vurğulayaraq demişdir: “...Cəmiyyətlərdə,
xüsusilə inkişaf etməmiş ölkələrdə
təhsilin səviyyəsi mühüm rol oynayır. Biz Azərbaycanda
bu sahəyə böyük diqqət göstəririk. Azərbaycanda
savadsızlıq yoxdur, intellektual elita formalaşır, elmin, təhsilin
inkişafı sürətlə gedir. Təhsil hər bir cəmiyyəti
irəliyə aparan amildir. İntellektual potensial bu gün və
xüsusilə gələcəkdə hər bir ölkənin
inkişafını müəyyən edəcəkdir”.
Prezidentin
köklü məntiqə əsaslanan bu müddəaları təhsilin
cəmiyyətdəki zəruriliyini və durmadan
inkişafını bir daha təsdiq edir.
Bütün
bunlarla yanaşı, müasir təhsil sistemində təkzibolunmaz
inkişafla bərabər həlli mümkün olan problemlər
də mövcuddur. Lakin müasir təhsil gündən-günə
inkişafa doğru istiqamət aldıqca yeniləşmə tələb
edən bu sahədə problemlərin olması labüddür
və bundan sonra da olacağı şübhə doğurmur.
Çünki dünya çərçivəsində
elmi-texniki tərəqqi inkişaf etdikcə, müasir təhsil sisteminin də bu
sahə ilə ayaqlaşmasına ehtiyac duyulur. Bu səbəbdən,
sivilizasiya arzusunda olan cəmiyyət
dövlətlə birgə təhsil sahəsindəki problemlərin
aradan qaldırılması üçün birgə işləməli,
qarşıya qoyulan problemləri həll etməyə səy
göstərməlidr. Etiraf etmək lazımdır ki, bu
gün Azərbaycanın təhsil sektorunda inkişaf
tendensiyası ilə yanaşı, müəyyən problemlər
də vardır.
Əlbəttə
ki, bu problemləri təsnifləşdirsək, onların bu
sektorun inkişafının ikinci mərhələsinə aid
olduğunu görə bilərik. Lakin onların
ardıcıllıqla sadalanması və bir daha diqqətə
çatdırılması həmin problemlərin təsir
gücünün zəiflədilməsinə xidmət edə
bilər. Təhsil işçilərinin
maaşlarının, hüquqi statusunun yetərincə
olmaması, təhsil müəssisələrində müəllim-tələbə
(şagird) münasibətlərinin formal xarakter
daşıması, kütləvi şəkildə, bir
çox hallarda qanunsuz fəaliyyətdə olan repe-
titorların şagirdləri məktəb mühitindən
uzaqlaşdırması, əsassız olaraq
açılmış xüsusi hazırlıq
kurslarının valideynləri xərcə salması və
sair məsələlər, təəssüflər olsun ki, hələ
də qalmaqdadır. Ən xoşagəlməz hal da ondan ibarətdir
ki, söylənilən problemlər üzrə vəziyyət
daha da kəskinləşməyə doğru gedir ki, bu da
ortaya fərqli nüansların çıxmasını şərtləndirir.
Qeyd edək
ki, artıq Azərbaycanda ali və ümumtəhsil məktəbləri
əhatəli düşüncə qabiliyyətinə,
bacarıq imkanlarına malik olan, əsaslandırılmış
məntiqi baxışlarını ortaya qoya bilən
güclü təfəkkür daşıyıcıları
yetişdirməlidirlər. Gələcə- yimiz olan
şagirdlərin (tələbələrin) əsaslı şəkildə
təhsil almaları üçün vətənpərvər
və peşəsini həqiqətən sevən, xalqına
müzayiqəsiz xidmət göstərəcək elmi-pedaqoji
kadrlar hazırlanmalıdır. Şagirdlərə dərsliklərin
pulsuz verilməsi məsələsi isə tamamilə şəffaflaşdırılmalıdır
ki, insanlar arasında fərq qoyulmasın və vətəndaşlarda
narazılıq hissləri formalaşdırmasın. Həmçinin,
o da vurğulanmalıdır ki, cəmiyyətdə 12 illik
ümumtəhsil sisteminə keçidlə bağlı müəyyən
rəylər formalaşmaqdadır. Artıq bu gündən
başlayaraq, təhsil sahəsinə məsul olan bütün
qurumlar təbliğat işlərinə başlamalı və
yeni sistemin üstün cəhətlərini, fərqlərini
aydınlaşdırmalıdırlar. Ən azından cəmiyyət
bilməlidir ki, lüzumsuz repetitorluğu aradan qaldıracaq,
şagirdləri hazırlıq kurslarından məktəbə
qaytaracaq bu sistem bütünlükdə elektron təhsilalmanı
aktuallaşdıracaq. İstifadə olunacaq bütün fənlər
üzrə dərsliklər və dərs vəsaitləri
elektron qaydada olmalıdır ki, imkansız ailələrin də
övladları ümumi tədris prosesindən kənarda
qalmasınlar. Hər bir Azərbaycan vətəndaşına
aydındır ki, Avropaya inteqrasiya siyasətini
reallaşdıran Azərbaycan cəmiyyətin bütün sahələrindəki
göstəriciləri mütərəqqi dövlətlər
səviyyəsinə çatdırmalıdır. Milli səviyyədə
təhsilin inkişaf etdirilməsi üçün konkret hədəflər
müəyyənləşdirilməlidir ki, tərəqqi
prosesi kortəbii olmasın. Yəni, yaxın perspektivdə Azərbaycan
təhsili qarşısında bir sıra vəzifələr
durur ki, onların həyata keçirilməsi keyfiyyət dəyişikliklərinə
real təkan verə bilər:
Birincisi,
Azərbaycanda da tədqiqatlara və innovasiyalara ÜDM-dən
ayrılmalar 3 faizə çatdırılmalıdır.
Hazırda Azərbaycanda bu rəqəm 2 faiz təşkil
etdiyi halda, dünyanın bir sıra ölkələrində
– məsələn, Belçikada, Avstriyada, Finlandiyada,
Almaniyada, Danimarkada və digər mütərəqqi Avropa
ölkələrində göstərici 3 faizdən yüksəkdir.
İkincisi,
ümumtəhsil məktəblərini bitirmiş məzunların
40 faizinin ali məktəblərə qəbul olunması
göstəricisi yetərincə yüksəldilməlidir.
Hazırda bu rəqəm Azərbaycanda 30 faiz təşkil
etdiyindən çox ciddi narahatlıq doğurur və bu
gün ən zəruri problem kimi aktuallıq kəsb edir.
Üçüncüsü,
xaricdə təhsil alan gənclərimizin sayını dəfələrlə
artırmalıyıq. Bununla, onların elmi-pedaqoji
potensialından ölkəmizin təhsil sahəsindəki
problemlərinin həllində istifadə etmək
mümkündür. Bununla biz ölkəmizdə təhsilin
köklü inkişafına nail ola bilərik.
Dördüncüsü,
müəllimlərin peşəkarlığının
artırılması üçün daha yeni elmi-metodiki proqramlar
hazırlanmalı, həm də tezliklə
reallaşdırılmalıdır. Müasir təhsil sisteminə
yeni baxışlı, fəal/interaktiv təlimi tətbiq edə
biləcək elmi-pedaqoji kadrların hazırlığına
xüsusi diqqət yetirilməlidir. Xüsusilə, dəqiq
elmlər (riyaziy- yat, kimya, biologiya və sair) üzrə təcrübəli
mütəxəssislərin (professor, dosent) yetərli sayda
olmaması (getdikcə sayca tükənməsi) sonrakı təhsil
illəri üçün ciddi problemlər yarada bilər.
Beşincisi,
təhsil islahatının strateji əhəmiyyətli problemlərindən
biri də magistratura və doktorantura pilləsində yüksək
ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması,
onların sonrakı taleyinin
aydınlaşdırılmasıdır. Qeyd etmək
lazımdır ki, ali təhsilin ikinci pilləsini təşkil
edən magistratura, onun məzmunu, forması, elmə xidmət
edib - etməməsi hələ də açıq qalır.
Bu sahəyə daha çox magistr diplomu həvəskarları
meyl edirlər ki, bu da sonrakı təhsil pilləsində
doktorant dərəcəli elmi-pedaqoji kadrların
hazırlanmasına imkan yaratmır.
Ali məktəblər
həm də elmi mərkəz statusuna malik olduğuna görə
kafedraların tədqiqat mənbəyi kimi əhəmiyyəti
böyükdür. Bu gün müasir təhsil metodları, fəal/interaktiv
təlim üsulları onun funksiyasını bir qədər də
artırır. Həm- çinin, elmi-tədqiqat
laboratoriyalarının və ayrı-ayrı bölmələrin
aqibəti hələ də müəy- yən edilməmişdir.
Bizə elə gəlir ki, bu sahədə ayrıca bir
qanunvericilik aktına ehtiyac duyulur. Bu məsələnin necə
həll edilməsindən asılı olmayaraq, hər bir ali məktəb
təhsillə sintezdə olan elmi mərkəz
funksiyasını da qoruyub saxlamalı, elmi-tədqiqat
institutları arasında qırılmaz əlaqə
yaradılmalıdir.
Aydındır
ki, təhsil sahəsindəki irili-xırdalı problemlər
mövcuddur. Lakin mövcud olan problemlər vaxtında həll
edilməlidir ki, ali təhsil sferasında keyfiyyət göstəricilərinin
sayı artsın, elmi sahədə ciddi nailiyyətlər əldə
olunsun. Bununla da, ölkədə insan kapitalının
formalaşdırılması prosesi davamlı xarakter alsın.
Respublika
Prezidenti İlham Əliyev bu məsələyə
böyük önəm verərək qeyd edir: “Əlbəttə,
qarşımızda duran bütün vəzifələri
gerçəkləşdirməyə nail olmaq
üçün bizə ilk növbədə, peşəkarlar
lazımdır. Bütün sahələrdə peşəkarlar
lazımdır. Hansısa mühüm bir istiqamətə
peşəkar kadr gələn kimi biz o saat müsbət
dinamika görürük...Müasir dünyada ölkənin
uğurunu biliklər, elm, texnologiyalar və təhsil müəyyən
edir...”
Nizami
XUDİYEV,
filologiya elmləri doktoru,
professor, əməkdar elm xadimi
Xalq qəzeti.- 2013.- 8 yanvar.- S. 5.