Dünya azərbaycanlıları Prezident İlham Əliyevin
ətrafında sıx birləşirlər
“İndi azərbaycanlıların
bir müstəqil dövləti mövcud olduğu halda,
dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlıların bir-biri ilə daha da
sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan
etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr
yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli
bir vəzifə kimi meydana çıxır. Bizim vəzifəmiz,
Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir
ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara
mümkün olan qayğını, diqqəti göstərsin.
Onların həyatı ilə maraqlansın və dövlətimiz
də ayrı-ayrı ölkələrdə olan Azərbaycan
icmaları arasında əlaqələri daha da inkişaf
etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar
isə gərək indi müstəqil Azərbaycan ilə daha
da sıx əlaqələr qursunlar. Bunların hamısı
dünyada olan bütün azərbaycanlıların birliyinin,
həmrəyliyinin təmin olunması üçün əsas
şərtlərdir”.
Bu
sözləri söyləyən ulu öndərimizin pak, səmimi,
çox dəyərli məsləhətləri
hər bir azərbaycanlının yaddaşına əbədi
həkk olunub. Xalqımız qan bahasına əldə etdiyi
dövlət müstəqilliyini yalnız çox əhəmiyyətli
milli birlik, milli həmrəylik ideyasına güvənmək
və ona nail olmaqla qoruyub saxlaya bildi. Çətin dövrlərdə
Azərbaycandan kənarda narahat yaşayan hər bir azərbaycanlı
bu gün inkişaf etmiş, qüdrətli bir dövlətin
vətəndaşları olması ilə fəxr edir və
yaşadıqları ölkələrdə rahat bir ömür sürür, sərbəst
təhsil alır, istədiyi şəkildə öz bizneslərini
qurur və diaspor quruculuğunda fəal iştirak edirlər.
Mən
daha vacib bir məsələyə toxunmaq istəyirəm.
Müstəqillik əldə etmiş
dövlətimizin bunu qoruyub saxlaması heç də
asan məsələ deyil. Demokratik dəyərlərimizin
gündən-günə surətli inkişafını görən
xaricdəki və daxildəki bədxahlar
gecə-gündüz çalışaraq pis niyyətli,
dağıdıcı planlarını həyata keçirməyə
cəhd edirlər.
Lakin
bu gün xalqımız siyasi sabitlik, əmin-amanlıq şəraitində
firavan, rahat bir həyat yaşayır. Çünki dövlətimizin
başında böyük dövlət xadimi, beynəlxalq aləmdə
yüksək nüfuz qazanmış Prezidentimiz cənab
İlham Əliyev durur. Ona görə də antimilli qüvvələrin
bütün bəd niyyətləri iflasa uğrayır.
Müstəqil, suveren demokratik respublikamızın ən yeni
dövrünün qurucusu - ulu öndərin əməllərini,
tövsiyələrini yaşadan və həyata keçirən
Prezident İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizi
dünya birliyinə daha sürətlə inteqrasiya edir.
Ümummilli liderimiz Heydər Əliyevin
siyasi kursunu uğurla həyata keçirən Prezident İlham
Əliyev xarici səfərlərində hər dəfə
soydaşlarımızla görüşür,
xalqımızın mədəniyyətini, dilini, milli adət-ənənələrini
yaşatmağı, inkişaf etdirməyi və bütün
dünyada təbliğ etməyi hər bir azərbaycanlının
üzərinə düşən məsuliyyətli bir yük
olduğunu bildirir.
Xaricdə
yaşayan azərbaycanlılar dövlətin
qayğısını, diqqətini, dəstəyini hiss
etdiyindəndir ki, harada yaşamalarından asılı
olmayaraq daha sıx birləşir, yeni-yeni qurumlar yaradır,
icmalar arasında əlaqələri genişləndirir və müstəqil Azərbaycanla daha
sıx əlaqələr qururlar. Bütün bunlar bizim həmrəyliyimizin,
birliyimizin təmin olması üçün çox vacibdir.
Demokratik
Azərbaycan Dünyası Partiyası sarsılmaz birliyimizi daha da möhkəmləndirmək
üçün dünyanın bir sıra dövlətlərində
yaşayan Azərbaycan icmaları ilə sıx əməkdaşlıq
əlaqələri yaratmışdır. Rusiya
Federasiyasının Xabarovsk, Novosibirsk, Tümen vilayətlərində,
Bolqarıstan və Almaniya Federativ Respublikasında fəaliyyət
göstərən Azərbaycan icmaları, milli - mədəni
mərkəzlərlə yaxın əlaqələrimiz var.
Soydaşlarımızla görüşlərdə Azərbaycanın
tarixi gerçəkliyini, 20 Yanvar qırğınını və
Xocalı faciəsini, minlərlə günahsız
insanların axıdılan qanını əks etdirən
müxtəlif foto-şəkilləri, hüquqları
tapdalanmış, tarixi ərazi bütövlüyü
pozulmuş, təcavüzə məruz qalmış xalqımızın etiraz səsinin
eşidilməsini əks etdirən albom və kitabları, audio-video
lentləri yerlərdə fəaliyyət göstərən Azərbaycan
evlərinə vermişdir.
Hər bir üzvünə xüsusi
qayğı və diqqətlə yanaşan partiyamız xarici
dövlətlərdə yaşayan
soydaşlarımızın sosial-məişət problemleri ilə
maraqlanır və lazım gəldikdə həllinə də
diqqət yetirir. Həyat yoldaşları xarici ölkələrdə
yaşayan bir sıra üzvlərimizin buradakı məişət
problemlərinin həllində həmişə
yardımçı olmağa çalışır.
Bu gün partiyamızın xaricdə
yaşayan soydaşlarımızla sıx əlaqələr
qurması demokratik prinsiplərin inkişafına xüsusi
önəm verən möhtərəm Prezident İlham Əliyevin diaspor quruculuğu sahəsindəki
yorulmaz fəaliyyətinin nəticəsidir.
Respublikamızın bugünkü uğurlarında dövlət
başçısının yeritdiyi daxili və xarici siyasətin
rolu çox böyükdür. Biz soydaşlarımızla
sıx əlaqələr yaratdıqca, dünyada yaşayan digər
xalqların da milli mədəniyyətləri ilə
tanış olur, beynəlxalq təşkilarlarla əməkdaşlıq
edir, onların milli maraqları, siyasi perspektivlərinə
yaxından bələd oluruq.
Bu
gün ulu öndərimizin layiqli varisi, onun bəşəri
ideyalarının davamçısı möhtərəm
Prezident İlham Əliyevin dünya azərbaycanlılarına
diqqətindən bəhrələnən, güvənən,
qüdrət və güc alan diasporumuz fəaliyyətini daha
da genişləndirərək həyata keçirdikləri
müxtəlif tədbirlərlə istənilən ölkədə
öz sözünü artıq deyə bilir. Tarixi faciələrimizə
etiraz olaraq, haqq səsini qaldırır, Qarabağ
münaqişəsinin əsl gerçəkliyini dünya
xalqlarına çatdıra bilir. 31 Mart - Azərbaycanlıların
Soyqırımı Gününü, repressiya və deportasiya
faciələrimizin ildönümünü erməni separatizminə
qarşı mübarizə bayrağı altında
keçiririk. Diasporumuz beynəlxalq əlaqələrin,
dostluq münasibətlərinin möhkəmləndirilməsi
naminə dünyanın müxtəlif ölkələrində
Azərbaycan mədəniyyəti və incəsənəti
günlərini keçirməklə müstəqil dövlətimizin dünyaya inteqrasiyasında müstəsna
rol oynayır.
Yalnız
bugünümüzü deyil, gələcəyimizi də
düşünən uzaqgörən siyasətçi Prezident
İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı”nı təsdiq etməklə gənclərimizin
beynəlxalq aləmə inteqrasiyası üçün
çox əlverişli şərait yaratdı. Dövlət
Proqramının qarşıya qoyduğu vəzifəyə əsasən 2015-ci ilədək 5 min azərbaycanlı
gənc xarici ölkələrdə dövlət hesabına təhsil
alacaq. Bu proqramın dəyərini, əhəmiyyətini
geniş mənada düşünəndə, fərəh və
qürur hissi keçirməyə bilmirsən. Bu müddət
ərzində minlərlə gəncimiz azərbaycançılıq
ideologiyasını dünya miqyasında yaşadacaq, qoruyacaq və
davam etdirəcək. Bu, azərbaycanlı
övladlarımızın nurlu gələcəyinə
möhtərəm Prezident İlham Əliyevin böyük
töhfəsidir!
Soydaşlarımız doğma Vətənə gələrkən
qəlbləri qürur hissi ilə döyünür. Azərbaycanın sürətlə
inkişaf edən bir ölkə kimi tanınması, müstəqil
siyasət yeridən dövlət kimi nüfuzunun artması hər
birimizin ürəyincədir. Azərbaycanın hər bir
regionunda yüksək quruculuq işlərini görəndə
fərəhlənməyə bilmirsən. Xalqımızın, dövlətimizin
maraqlarını qətiyyətlə müdafiə edən
Prezident İlham Əliyev milli birliyimizi, həmrəyliyimizi də
qətiyyətlə müdafiə edir.
İndiki
dövrdə beynəlxalq aləmdə milliliyi və milli dəyərləri,
xarici və daxili sabitliyi qoruyub saxlamaq ölkə rəhbərindən
güclü siyasi zəka, müdriklik tələb edir. Möhtərəm Prezidentimiz
İlham Əliyev xalqı öz ətrafında birləşdirən,
Azərbaycanın demokratikliyini, hüquqiliyini, ulu öndərimiz
tərəfindən qurulmuş vətəndaş cəmiyyətini qorumağı bacaran böyük
siyasətçi və qətiyyətli bir liderdir.
Nailiyyətlərimizi,
uğurlarımızı saymaqla qurtaran deyil. Azərbaycanın getdikcə güclənməsi,
dünyanın inkişaf etmiş dövlətlərindən
birinə çevrilməsi artıq reallığa
çevrilib. Bu işdə dünyanın müxtəlif
ölkələrində fəaliyyət göstərən
diasporlarımızın da üzərinə böyük vəzifə
düşür. Prezident İlham Əliyevin dünya azərbaycanlılarına
təbrikində deyilir: “Müstəqil Azərbaycan Respublikası
dünyada yaşayan hər bir azərbaycanlının
doğma yurdu və güvənc yeridir. Hər bir azərbaycanlı
Vətənimizin tərəqqisi, milli mənafelərimizin
layiqincə qorunması üçün əlindən gələni
əsirgəməməlidir.Buna görə də bu gün bir
daha bütün dünya azərbaycanlılarını sıx
birliyə və həmrəyliyə dəvət edir, milli-mədəni
dəyərlərimizin qorunması, Vətənimizin
çiçəklənməsi və beynəlxalq mövqelərinin
möhkəmləndirilməsi yolunda əzmkar fəaliyyətə
səsləyirəm”.
Partiyamızın
hər bir üzvü
xalqımızın
çox güvəndiyi və inam, ümid yeri olan Prezident İlham Əliyevin bu çağırışına səs
verir. Soydaşlarımızla bərabər hər birimiz Vətənimizə
öz töhfəmizi verməklə
Azərbaycanın nurlu sabahına doğru mətin
addımlarla irəliləyirik.
Fatma ƏLİYEVA,
Demokratik Azərbaycan
Dünyası Partiyasının sədri
Xalq qəzeti.- 2013.- 8 yanvar.- S. 4.