2012-ci il siyasi-diplomatik
baxımdan da Azərbaycan üçün
uğurlarla yadda
qaldı
Geridə
qalan 2012-ci il də ölkəmiz
üçün bir sıra mühüm nailiyyətlərlə
yadda qaldı. Azərbaycan sürətli iqtisadi
inkişafını davam etdirdi, ölkəmizin
dünyadakı nüfuzu daha da artdı, paytaxtımız
Bakı şəhəri böyük əhəmiyyətə
malik beynəlxalq tədbirlərin keçirildiyi məkana
çevrildi. Ölkəmiz BMT-nin Təhlükəsizlik
Şurası kimi mötəbər bir qurumun qeyri-daimi
üzvü kimi dünyanın təhlükəsizlik siyasətinin
formalaşmasına öz töhfəsini verdi, mötəbər
quruma sədrlik etdi. Bir sıra
Qərb ekspertlərinin də qeyd etdiyi kimi, BMT-nin var olduğu
68 il ərzində, hətta bu qurumun yaradılmasında
iştirak edən bəzi nüfuzlu Avropa ölkələri bu mötəbər
qurumda təmsil olunmaq imkanı əldə edə bilməmişdir.
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri,
tanınmış siyasətşünas Mübariz Əhmədoğlu
ilə söhbətimiz də bu
və digər məsələlərlə bağlı oldu. O
dedi:
— Birmənalı şəkildə deyə bilərik ki, 2012-ci il siyasi-diplomatik baxımdan ölkəmiz üçün uğurlu bir il kimi yadda qaldı. Qeyd etdiyiniz kimi, dünya azərbaycanlılarında fəxarət hissi oyadan mühüm əhəmiyyətə malik bir hadisə artıq reallığa çevrildi — Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü başladı və həm də tarixdə ilk dəfə olaraq mötəbər quruma sədrlik etdi. Azərbaycanın təşəbbüsü ilə dünyanın, xüsusən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verəcək TANAP layihəsinin reallaşması istiqamətində mühüm addımlar atıldı. 2012-ci ildə Bakı dünya problemlərinin müzakirə edildiyi mərkəzə çevrildi. Keçirilmiş beynəlxalq tədbirlər rəsmi Bakıdan çox, iqtisadi problemlər məngənəsində vurnuxan dünya üçün əhəmiyyətli idi. Hər halda Azərbaycanın uğurları təkcə bununla bitmədi.
Xüsusilə qeyd etmək istərdim ki, Qəbələ RLS-nin fəaliyyətinin dayandırılması təkcə 2012-ci ilin deyil, bəlkə də son 10 illiyin uğuru hesab oluna bilər. Bəzi destruktiv qüvvələr, ermənilər və onların tərəfkeşləri Qəbələ RLS-nin fəaliyyətinin dayandırılmasını Azərbaycan ilə Rusiya münasibətlərinin gərginləşməsi kimi izah etməyə çalışırdılar. Ancaq onlar nəzərə almalıdırlar ki, Rusiyanın marağı olsaydı, ən azı, bu mövzuda Azərbaycan ilə danışıqları davam etdirərdi. Son bir neçə ayda heç bir Rusiya rəsmisi bu mövzudan ötrü Azərbaycana səfər etməyib və ya Azərbaycan səlahiyyətlilərini Rusiyaya dəvət etməyiblər. Ölkənin xarici işlər nazirinin Qəbələ RLS-nin fəaliyyətini dayandırmaqla bağlı notasından iki gün öncə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Moskvada idi və Moskvanın xahişi ilə o, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun namizədliyini MDB Müdafiə Nazirləri Şurasının sədrliyinə təqdim etdi. Bu özü iki ölkənin münasibətlərini izah edən diqqətəlayiq hadisədir. Moskvanın Azərbaycana münasibəti mənfi olsaydı, bu iş orada olan 10 ölkənin müdafiə nazirindən birinə həvalə edilərdi. Qəbələ RLS-nin fəaliyyətinin dayanması Azərbaycan ərazisində digər dövlətin hərbi iştirakının sonu deməkdir. Bu da Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqli nəticəsi idi.
Təbii ki, ötən il ölkəmizin yaralı yeri
olan Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində aparılan
danışıqlar prosesi də hər birimizin diqqət mərkəzində oldu. Təəssüflə
qeyd etməliyik ki, ATƏT-in
Minsk qrupu ötən il ərzində
nə münaqişənin tənzimlənməsinə,
nə də müharibə ehtimalının
azaldılmasına nail ola
bilmədi. Pul dilənən Ermənistan da 2012-ci ildə silah cəbbəxanasını
artırmaqla məşğul oldu.
Münaqişənin həllində yaranmış duruma görə vasitəçilər həm
fəaliyyətləri, həm də fəaliyyətsizlikləri
ilə birbaşa məsuliyyət
daşıyırlar. Minsk qrupu il ərzində
yalnız Ermənistanın imitasiya xarakterli addımlarına şərait
yaratdı. Məqsəd bu idisə, hesab etmək olar ki, buna
nail oldular. Vasitəçilər
ötən il
Dağlıq Qarabağda
aparılan işlərə,
o cümlədən Suriyadan
köçürülən ermənilərin Kəlbəcərdə,
Laçında, Zəngilanda
və digər işğal olunmuş torpaqlarımızda məskunlaşmasına
zərrə qədər
də diqqət ayırmadılar. Status-kvonun
yolverilməzliyini iddia
edən vasitəçilər status-kvoya təsir edən belə addımlara görə də məsuliyyət daşıyırlar. Qondarma “Dağlıq
Qarabağ respublikasında”
keçirilən prezident
seçkilərinə, eləcə
də bura aviareyslərin təşkilinə
dair vasitəçilərin
ortalığa qoyduğu
mövqe erməniləri
kəskin olmalıydı.
Vasitəçilər Azərbaycan və Ermənistan rəhbərlərini
öz əhalilərini
sülhə hazırlamamaqda,
məlumatsız saxlamaqda
ittiham etdikləri halda, özləri də bu istiqamətdə
heç bir addım atmadılar. Onlar danışıqlar
prosesində ümumi prinsipləri və detalları açıqlasaydılar,
indi Azərbaycan və erməni xalqları dinc yolla tənzimlənməyə
daha çox yaxınlaşardılar. Ən gözəl
siyasi iradə onların öz missiyalarının müharibə
ehtimalını artırdığı
üçün iflasa
uğradıqlarını bəyan
etmələri olardı.
Və bundan sonra tamamilə
öz missiyalarından
əl çəksələr,
dinc tənzimlənməyə
daha çox fayda verə bilərdilər.
Fransa Dağlıq
Qarabağ tənzimlənməsində
Azərbaycana tərəf
reverans etdi. Həm Azərbaycan, həm də Fransa rəsmiləri tərəfindən
verilən bəyanatlardan
aydın başa düşülür ki, Fransa - Azərbaycan münasibətlərinin ən
prioritet məsələsi
Dağlıq Qarabağ
münasibətlərinin tənzimlənməsidir.
Prezident Fransua Olland münaqişənin nizamlanma
prosesinin yekunlaşması
üçün əlindən
gələn hər şeyi edəcəyini bəyan etdi. İndi Fransada problemin tənzimlənməsi ilə
eyni vaxtda iki nazirlik — həm Avropa Məsələləri üzrə
Nazirlik (nazir Bernar Klazenev), həm də XİN (nazir Loran Fabius) məşğuldur. Belə görünür
ki, Dmitri Medvedevin prezidentliyi dövründə
Rusiyanın nümayiş
etdirdiyi aktivlik estafetini Fransa öz əlinə almaq istəyir. Yaxın günlərdə Fransada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
görüşü planlaşdırılır.
Fransa tərəfi buna ciddi hazırlaşır.
Burada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə
dair hansısa sənədlərin razılaşdırılıb,
paraflanması məsələsi
gündəliyə gələ
bilər. Ermənistandakı prezident seçkilərindən
sonra bu sənəd imzalana bilər. Fransa bu addımı
atarsa, o, Cənubi Qafqazda özünün geoiqtisadi və geosiyasi iştirakını
artıracaqdır.
Fransanın və Avropa İttifaqının Cənubi
Qafqazda iştirakının
artması Azərbaycanın
xeyrinədir. Çünki Fransa və Avropa İttifaqı bəzi
dövlətlərdən fərqli
olaraq güclü və ya təhlükəli
geosiyasi ambisiyaların
daşıyıcısı deyillər. Yeni metodologiya, yeni
texnologiya və daha çox investisiya gətirməyə
qadir olan Fransa regional iqtisadiyyatın
güclənməsinə, regionda
sabitliyin möhkəmlənməsinə,
təhlükəsizliyin artmasına
güclü stimul verə bilər. Fransanın mövqeyi ilə bağlı dediklərimizi
eyni ilə Aİ-yə şamil etmək olar. Aİ-nin qarşısında
duran əsas məsələ Dağlıq
Qarabağın erməni
və azərbaycanlı
icmaları arasında
dialoqu təşkil etməklə etimad tədbirlərini möhkəmləndirmək
və bununla da münaqişənin tənzimlənməsini finiş
xəttinə çıxarmaqdır.
Ermənistanın ümumi zəifləməsi,
onsuz da forpost olan Ermənistan
dövlətçiliyini də
şübhə altına
alır. Serj Sarkisyan il
ərzində Dağlıq
Qarabağ məsələsi
ilə bağlı daban-dabana zidd olan bəyanatlar verdi. Münaqişəsinin
tənzimlənməsində “ağıllı kompromisin
alternativsizliyini” iddia edən Sarkisyan az keçmiş
münaqişənin yalnız
millətlərin öz
müqəddaratını təyinetmə
prinsipi əsasında
tənzimlənməsini, eləcə
də Dağlıq Qarabağın tərəf
kimi danışıqlar
masası arxasında oturmasını tələb
etdi. Və ya Azərbaycan
ilə Türkiyəni
erməniləri blokadaya
almaqda ittiham edərək, Dağlıq
Qarabağda yaşayan
ermənilərlə burada
vaxtilə yaşamış,
sonradan özlərinin
qovub çıxardığı,
deportasiya etdiyi azərbaycanlılarla görüşünə
qadağa qoydu. Avropada sərbəst yerdəyişmə
prinsipinin prioritet prinsip olduğunu iddia edən Serj Avropanın tərkib hissəsi elan etdiyi Dağlıq
Qarabağa azərbaycanlıların
daxil olmasına qadağa qoymuşdur.
Ermənistan zəifləyir. Hər halda Ermənistanda Dağlıq Qarabağ münaqişəsi əsas
məsələ kimi görünsə də, hazırda Ermənistan və dünya erməniləri üçün
əsas problem Ermənistan
dövlətçiliyinin mövcudluğu,
müstəqil siyasət
aparması məsələsidir.
Bu il Dağlıq Qarabağ münaqişəsinin tərəfləri
olan Ermənistanda və Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Seçkilərin
münaqişənin həlli
istiqamətində aparılan
danışıqlara təsiri
barədə birmənalı
şəkildə onu deyə bilərik ki, bunun Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi qarşısında
maneə olacağı
fikrini yaxın buraxmırıq və buraxa da bilmərik.
Əksinə, seçki
illərinin, xüsusilə
2013-cü il seçkilərinin
bir sıra özəllikləri var. Bu özəlliklərdən
münaqişənin tənzimlənməsi
istiqamətində istifadə
etmək mümkündür.
Belə
ki, 2013-cü ilin prezident seçkiləri Ermənistanın hərtərəfli
zəifləməsi fonunda
baş tutur. Erməni xalqı, Ermənistanın ictimai-siyasi
mühiti və siyasi partiyaları bu seçkilərdə iştirak etmir. Serj Sarkisyanın 5 il ərzində apardığı siyasət
Ermənistanın daxili
və xarici siyasətini elə vəziyyətə salıb
ki, heç bir ciddi siyasi
fiqur bu seçkilərə qatıla
bilmir və ya onu qatılmağa
qoymurlar. Prezident seçkiləri Ermənistanın
zəifliyini daha da qabardacaq, zəifləmə prosesini
daha da sürətləndirəcək.
Münaqişənin tənzimlənməsindən
yayınmaq, beynəlxalq
təzyiqləri neytrallaşdırmaq
üçün güc
lazımdır. Ermənistanın
zəifləməsi onun
bu istiqamətdə də gücünü azaldacaq. Ermənistana təzyiqin artması isə bizim fikrimiz deyil. Baş nazir Tiqran Sarkisyan Ermənistana güclü təzyiqlərin olduğunu və olacağını deyib.
Azərbaycan isə güclüdür,
inkişafdadır, baş
verən hər bir proses, o cümlədən
seçki prosesi onun gücünün artmasına şərait yaradır. 2013-cü ildə
Azərbaycanın hərbi
imici daha da güclənəcək.
Bu proses artıq başlanıb. Beynəlxalq
nəşrlər bu mövzuda yazmağa başlayıblar. Azərbaycanın
iqtisadi, diplomatik və siyasi gücü dünyada heç kimdə şübhə yaratmır.
Hərbi gücümüzün
dəfələrlə artıq
olması da heç kəsdə şübhə yaratmayacaq.
2013-cü il Azərbaycan
üçün təkcə
seçki ili deyil, mühüm dəyişikliklər ili olacaq: Azərbaycan kosmasa peyk göndərən
ölkələrdən biri
olacaq.
Ermənistan isə digər
bir ciddi problemlə üz-üzədir.
Metsamor AES-in sıradan
çıxması 2013-cü ildə ciddi şəkildə gündəlikdə
olacaq. Ermənilər
özləri də bu stansiyanın partladılması məsələsini
gündəliyə gətirə
bilərlər. Hər
halda 2013-cü il həm Ermənistanın, həm də Dağlıq Qarabağ münaqişəsinin taleyinin
müəyyən olunmasında
təsirli rola malik olacaq. İstənilən
halda, uğur və qələbə Azərbaycanın olacaq. Ötən 2012-ci ilin uğurlu nəticələri
və sürətlə
inkişaf edən respublikamızın güclənməsi
buna zəmanət verir.
Rauf Kəngərli
Xalq qəzeti.- 2013.- 8 yanvar.- S. 4.