CƏLİLABAD: tarixə yazılan uğurlu illər

 

İllər bir-birindən uğurlu gəlir. Azərbaycan ilbəil sosial-iqtisadi sahədə yeni-yeni qələbələrə imza atır təkcə cənubi Qafqazda deyil, bütövlükdə MDB məkanında öncül mövqe tutur. Ölkənin inkişafından nəsibini alan rayonlardan biri də Cəlilabaddır.

 

Ölkə başçımızın Cəlilabadın sosial-iqtisadi inkişafına xüsusi diqqət və qayğı göstərməsi, yeddi ildə rayona dörd dəfə səfər etməsi, quruculuq-abadlıq sahəsində görülən işləri bəyənməsi, infrastrukturun inkişafı ilə əlaqədar ard-arda bir neçə sərəncam imzalaması sayəsində Cəlilabad sözün əsl mənasında çiçəklənən, qızıl dövrünü yaşayan abad bir diyara çevrilib.

 

Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə məhsul istehsalı 2006-cı illə müqayisədə 2012-ci ildə 2 dəfə artıb. Kənd əməkçiləri 131200 ton dənli və dənli paxlalılar istehsal ediblər ki, bu da 2006-ci ildəkindən 5575 ton çoxdur.

 

Taxılçılıq kimi böyük tarixi ənənəsi olan Cəlilabadda üzümçülüyün inkişafına da xüsusi diqqət yetirilir. Üzüm sahələri 1500 hektara çatdırılıb, 9170 ton üzüm istehsal olunub. İndi hədəf üzümçülük sahəsində rayonun keçmiş şöhrətini özünə qaytarmaqdır. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” qarşıda geniş üfüqlər açıb. Təkcə ötən il 250 hektar sahədə xaricdən gətirilmiş tinglərlə yeni üzüm bağları salınıb.

 

Ötən il rayon üzrə 82750 ton kartof, 1406 ton tərəvəz, 319 ton bostan məhsulları, 263 ton qarğıdalı, 504 ton günəbaxan, 2107 ton şəkər çuğunduru və 1381 ton  meyvə istehsal olunub. Kartof istehsalı 82750 tona çatdırılıb ki, bu da ötənilkindən 2127 ton çoxdur.

 

Prezidentin tapşırığına əsasən rayonda 2 min tonluq soyuducu anbar istifadəyə verilib. Hazırda eyni tutumlu digər soyuducu anbarın tikintisi başa çatmaq üzrədir. Bundan başqa, taxıl məhsullarının saxlanması və təmizlənməsi üçün 10 min tonluq anbar kompleksi, yüksək texnologiyalı avadanlığın quraşdırıldığı və gündəlik istehsal gücü 100 ton olan  dəyirman inşa olunub.

 

Açılışında cənab Prezidentin iştirak etdiyi 3,7 milyon kubmetirlik Göytəpə su anbarının istifadəyə verilməsi nəticəsində daha çox əkin sahəsinin suvarılmasına imkan yaranıb.

 

Cəlilabadda heyvandarlıq da sürətlə inkişaf edir. Naxırın cins tərkibini yaxşılaşdırmaq yönündə tədbirlər həyata keçirilir. Mal-qaranın sayı 99 min başa, davarların  sayı isə 122,3 min başa çatıb.     Prezident İlham Əliyevin startına xeyir-dua verdiyi Qarazəncir şərab zavodunun, habelə digər müəssisələrin istehsal etdiyi sənaye məhsullarına tələbat get-gedə artır. Sənayenin inkişafı ilə bağlı Cəlilabadın ehtiyat mənbələri tükənməyib.

 

Rayonda yenidənqurma və abadlıq işləri geniş vüsət alıb, tikintinin həcmi xeyli artıb. Əsas kapitala yönəldilən investisiyalar 13598,3 min manat olub ki, bu da 2006-cı ilə nisbətən 1,8 dəfə çoxdur. 

 

Son illər rayonda yeni istehsal müəssisələrinin, ticarət, iaşə və məişət obyektlərinin tikilməsi hesabına yüzlərlə sakinin məşğulluq problemi həll edilib. Yeddi ildə 16836, o cümlədən  ötən il 1185 yeri açılıb. Həmin yerlərinin yarıdan çoxu daimi xarakterlidir.

 

Bugünkü Cəlilabadı tanımaq olmur. Rayon gündən-günə böyüyür, gözəlləşir.

 

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov:      -Nailiyyətlərmizin bir sirri də möhtərəm Prezdentimiz tərəfindən uğurla həyata keçirilən sərbəst iqtisadi siyasətdədir. Bacarıqlı insanlar üçün münbit şərait yaradılıb. Sahibkarlığın ikişafına dəstək göstərmək fəaliyyətimizin əsas istiqamətlərindəndir. Şüarımız budur ki, özəl sektor inkişaf edib bolluq çeşməsinə çevrilsin. Bu çağırışımıza bank filialları və kredit təşkilatları fəal dəstək verir.

 

Əhalinin həssas təbəqəsi olan şəhidlərin ailə üzvlərinə, 20 yanvar və müharibə əlillərinə qayğı böyükdür. Cəlilabad şəhərində bu yaxınlarda istifadəyə verilmiş yaşayış binalarına qayğı uman ailələr köçüblər. Bu kateqoriyadan olan vətəndaşların mənzilə olan tələbatına görə əlavə yaşayış binalarının tikilməsini nəzərdə tutmuşuq.

 

Əhalinin işıqla təchizatını yaxşılaşdırmaq məqsədilə Cəlilabad şəhərində elektrik təsərrüfatı yenidən qurulub, SMART tipli sayğaclar quraşdırılıb.    Rayonun qazlaşdırılması üzrə xeyli görülüb. Keçən il Günəşli kəndində yeni qazpaylayıcı stansiya tikilib, Günəşli və Alar kəndlərinə təbii qaz verilib, rayon üzrə xeyli qaz xətti dəyişdirilib, sayğac quraşdırılıb. Şəhərinin yenidən qazlaşdırılması və 12 kəndə təbii qazın  verilməsi işləri davam edir.

 

Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, təhsil millətin gələcəyidir. Rayonmuzda son illər akademik Zərifə Əliyeva adına 1100 yerlik məktəb, Komanlı, Sadatlı, Günəşli, Xəlilabad,  Qarakazımlı, Zopun, Şiləvəngə,  Babaxanlı, Cəfərxanlı, Ağdaş, Zərbiyəli kənd məktəbləri,  ötən il isə 360 yerlik Gülməmmədli kənd tam orta və 180 yerlik Cəlilabad şəhər 6 saylı ümumi orta məktəbləri tikilərək istifadəyə verilib. Heydər Əliyev Fondu hesabına isə dörd kənddə məktəb tikilib. Hazırda Cəlilabad şəhər  2 saylı tam orta məktəbi üçün 640, Sabirabad kənd 1 saylı tam orta məktəbi üçün 480, Soltankənd tam orta məktəbi üçün 180, Zəhmətabad tam orta məktəbi üçün 80, Həziabad kənd tam orta məktəbi üçün 360 yerlik binaların inşası davam etdirilir.

 

Açılışında möhtərəm Prezidentimizin iştirak etdiyi Cəlilabad Müalicə-Diaqnostka Mərkəzi fəaliyyətə başladıqdan sonra rayonumuzda qazanılan uğurlar artıb, əhalinin ixtisaslı müayinə və müalicəyə tələbatı yüksək peşəkarlıqla təmin edilib. Səhiyyə sahəsində əlamətdar hadisələrdən biriBir sıra tibb müəsissələrinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2012-ci il tarixdə imzaladığı sərəncamıdır. Bu sərəncama əsasən Prezidentin ehtiyat fondundan Cəlilabad RMX-nın tikintisi üçün 3 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına hazırda yeni binanın inşası sürətlə davam etdirilir.

 

İdman ilirayon gənclərini yeni qələbələrə ruhlandırıb. Hazırda Cəlilabadda 120  medalçı vardır ki, onlardan 20-si qızıl, 40-ı gümüş, 60-ı bürünc mükafat qazanıb. Ötən il Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi ölkə başçısının rayon gənclərinə mühüm töhfəsidir.

 

Ötən dövr ərzində  tikinti-abadlıq və quruculuq işlərinin həcmi daha da artıb,  bu proses kənd yaşayış məntəqələrini də  əhatə edib. 1952-ci ildə salınmış mərkəzi istirahət parkı ilk dəfə olaraq  əsaslı şəkildə yenidən qurulub, parkdakı Veteranlar evi və iaşə obyektləri müasir formaya salınıb, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan kompleks yeniləşdirilib, idman meydançası tikilib.  Eyni zamanda Cəlilabad şəhərində mərkəzi küçələrə mozaik hasarlar çəkilib, səkilərə tamet döşənib, çoxmərtəbəli yaşayış evlərinin və inzibati binaların fasadları aqlayla üzlənib, dam örtükləri, qapı və pəncərələri təzələnib. Prospektparklarda xaricdən gətirilən işıqlandırma sistemi quraşdırılıb.

 

Hazırda kəndarası yolların yenidən qurulması istiqamətində gedən işlər görünməmiş miqyas alıb. Prezident sərəncamına əsasən 24 min əhalisi olan 14 məntəqəni əhatə edən 17 kilometrlik Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun  tikintisi üçün  3 milyon manat, 33 min əhalinin yaşadığı 21 kəndi birləşdirən 34 kilometrlik Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun tikintisi üçün isə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb.  Hazırda birinci yolun çəkilişi başa çatmaq üzrədir, ikinci yolda isə torpaqbərkitmə və çınqıldöşəmə işləri görülür. Eyni zamanda cənab İlham Əliyevin tapşırığına əsasən rayonun 45 kəndini əhatə edən Cəlilabad-Yardımlı yolunun 20 kilometri asfaltlaşdırılıb. Rayonun 80 kəndini əhatə edən 96 kilometrlik kəndarası yollara asfalt döşənir. Biz Göytəpə-Komanlı, Cəlilabad-Soltankənd, Təklə-Bayxanlı, Xanəgah-Mikayıllı, Əliqasımlı-Üçtəpə yollarına da asfalt vurulması üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırmışıq. Ölkə başçısının Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun açılışında qeyd etdiyi kimi, “Çalışmalıyıq ki, növbəti illərdə  bütün kəndlərdə  gözəl yollar çəkək, düzəldək, bərpa edək. Kəndlərdə   yaşayan   insanlar   daha   rahat   yollardan   istifadə   etsinlər. Cəlilabadda kənd yollarının tikintisi, bərpası, təmiri bundan sonra da gedəcəkdir”.

 

Bəli, artıq tarixə qovuşmuş 2012-ci il cəlilabadlıların yaddaşına layiqli əmək nailiyyətləri ili kimi həkk olunub. Uğurlar sevindiricidir.

 

 

Xalq qəzeti.- 2013.- 9 yanvar.- S. 6.