Azərbaycan -
Qafqazın cənnəti”
Bolqarıstanın nüfuzlu “Avropa
2001” jurnalının 2012-ci il üzrə 5-ci
buraxılışı bütünlüklə Azərbaycana
həsr edilib. Bu barədə Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü
və Azərbaycanın Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə işıq üzü görən
“Azərbaycan - Qafqazın cənnəti” adlı xüsusi
buraxılışda respublikamızın gəzməli-görməli
yerləri, tarixi abidələri, mədəniyyəti, ədəbiyyatı,
tarixi və bu günü, regionları, turizm imkanlarından bəhs
edən geniş və dolğun informasiyalar, çoxsaylı
fotoşəkillər yer alıb.
Jurnal
“Azərbaycan - “Odlar yurdu”nun vizit kartı” adlı
yığcam tanıtım yazısı ilə
açılır. Nəşrin ilk məqaləsi ümummilli
lider Heydər Əliyevə həsr edilib. Məqalədə
ulu öndərin həyat yolu, siyasi fəaliyyəti, müstəqil
Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsində
tarixi rolundan söz açılır.
Jurnalda
Azərbaycan Respublikasının mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin ölkəmizin mədəniyyəti
və turizm potensialından bəhs edən məqaləsi də
yer alıb. Məqalədə qeyd edilir ki, Azərbaycan
çoxəsrlik mədəniyyətə, qədim tarixi
köklərə və ənənələrə malik olan
ölkədir. Ta qədimlərdən bu ölkədə
tolerantlıq bərqərar olmuş, burada yaşayan
bütün xalqların milli adət-ənənələrinə
və mədəniyyətinə hörmətlə
yanaşılmışdır. Yazıda vurğulanır ki,
ölkəmiz bu gün də tolerantlıq nümunəsi
olaraq mədəniyyətlərarası dialoq prosesinə
öz töhfəsini verir. 2011-ci ildə Bakıda keçirilən
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
ilə mühüm təşəbbüsün əsası
qoyulub və bu beynəlxalq tədbir iki ildən bir Azərbaycanın
paytaxtında keçiriləcək.
Məqalədə
bildirilir ki, Azərbaycanın ərazisinin 20 faizi Ermənistanın
işğalı altındadır, ölkədə bir milyon
qaçqın və köçkün var. Bununla belə, Azərbaycan
Cənubi Qafqazın iqtisadi cəhətdən ən inkişaf
etmiş ölkəsidir. Ölkəmiz zəngin təbii sərvətləri,
mühüm coğrafi mövqeyi baxımından həmişə
dünya üçün maraq doğurub və turistləri
özünə cəlb edib. Bu gün ölkədə turizmin
inkişafı üçün hərtərəfli şərait
mövcuddur. Ölkəmiz beynəlxalq turizm layihələrində
yaxından iştirak edir. Turizmin inkişafı həm də
ölkələr və sivilizasiyalar arasında mədəni əlaqələrə
əlavə zəmin yaradır.
Ölkəmizin
Bolqarıstandakı səfiri Emil Kərimovla müsahibədə
Azərbaycanın beynəlxalq arenadakı mövqeyi və
qazandığı uğurlardan söz açılır, iki
ölkə arasında diplomatik münasibətlərin
qurulmasından ötən 20 ildə siyasi, iqtisadi əlaqələrin
inkişafı təhlil olunur.
Jurnalın
“Cəmiyyət” bölməsində Azərbaycanın arxeoloji
abidələri, qədim məskənləri və abidələri
haqqında məlumatlarla yanaşı, XIX əsrdə
Bakıda neft sənayesinin maqnatları olan Nobel
qardaşlarının fəaliyyətindən söz
açılır. Bölmənin “Dahi bakılılar” sərlövhəsində
dünya şöhrətli violonçel ifaçısı
Mstislav Rostropoviç və Nobel mükafatı laureatı,
fizik Lev Landaunun həyat və fəaliyyəti haqqında məlumatlar
yer alır. Bundan əlavə, “Şuşa - Azərbaycanın
Qarabağının ürəyi” adlı məqalədə və
Qarabağ atlarından bəhs edən yazıda bu əzəli
yurdumuzun tarixindən, mədəniyyət mərkəzi kimi təşəkkül
tapmasından bəhs olunur.
“Vitrin”
bölməsində isə Bakıda inşa olunan və
orijinal dizaynı ilə diqqət çəkən Xalça
muzeyi və Azərbaycan xalçaları, milli irsimiz olan
xalçaçılıq sənəti haqqında məlumatlar
verilib.
Azərbaycanın
bölgələrindən bəhs edən bölmədə
paytaxt Bakıdan əlavə, dilbər guşələrimiz
olan Şəki, Gəncə, Lənkəran, Qəbələ
və Naxçıvana virtual səyahət edirik. Jurnalda həm
də incəsənətimiz və ənənələrimiz
barədə məlumatlar yer alıb. Muğam sənətimiz,
muğamın Azərbaycanın mədəni irsi kimi
2003-cü ildə YUNESKO tərəfindən tanınması,
Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar
keçirilən tədbirlər, dahi şair və mütəfəkkirin
irsi barədə yazılar da maraq doğurur.
“Ənənələr”
bölməsində milli geyimlərimiz, “Novruz” bayramı, milli
mətbəximiz haqqında məlumat verilir. Jurnal yazır ki,
Azərbaycan milli geyimləri tarixi dövrlərə görə
fərqlənməklə yanaşı həm də hər
bölgənin özünəməxsusluğu ilə
seçilir. Yazıda Azərbaycan qadınlarının milli
geyimləri, onların bəzək və
naxışlarının spesifik xüsusiyyətləri də
oxucuların diqqətinə çatdırılır. Milli mətbəximizin
möhtəşəm təamları olan plov, dolma, ləvəngi,
qutab, şirniyyatlarımızdan paxlava, şəkərburanın
hazırlanma qaydalarından da bəhs olunur.
Azərbaycanın
tarixi şəxsiyyətlərindən bəhs edən bölmədə
A.A.Bakıxanov, Ş.İ.Xətai, M.F.Axundzadə,
H.Z.Tağıyev, M.Ə.Rəsulzadə və digərlərinin
vətənimizin tarixində qoyduqları izdən söhbət
açılır, onların həyat yolu tarixə səyahət
fonunda təsvir edilir.
Mədəniyyətimizin
bütün sahələrinin əhatə olunduğu “Azərbaycan
milli mədəniyyətinin koloriti” bölməsində isə
aşıq musiqimiz, caz, simfonik musiqi, ölkəmizdə fəaliyyət
göstərən teatrlar, milli kinomuz, “Eurovision–2012”
yarışması barədə əhatəli məlumatlar
verilib. Jurnalda həmçinin folklorumuz və ədəbiyyatımızdan
da söz açılır. Bütövlükdə nəşr
Azərbaycanın Bolqarıstan cəmiyyətinə, geniş
oxucu kütləsinə təqdimatı baxımdan olduqca əhəmiyyətlidir.
Xalq qəzeti.- 2013.- 9 yanvar.- S. 6.