Böyük pedaqoqun əsərləri
Azərbaycan dilində
Çex xalqının böyük oğlu, görkəmli ictimai
xadim, humanist filosof, dilçi, tarixçi, dünyada elmi
pedaqogikanın banisi sayılan Yan Amos Komenski
(1592-1670) qiymətli elmi irsi və orijinal pedaqoji nəzəriyyələri
ilə dünya pedaqoji
fikrində köklü dəyişikliklər
yaratmışdır. Avropa tarixinin ən coşqun və
qaynar dövründə yaşayan
Y.A.Komenski təlim-tərbiyənin məqsədi,
məzmunu, təşkili, cəmiyyətdəki rolu, ona verilən tələblər
və s. məsələlərdə öz zəmanəsini xeyli qabaqlamışdır.
Y.A.Komenskinin elmi yaradıcılığı pedaqogikanın qızıl sütunudur. Pedaqogikanın müstəqil bir elmə çevrilməsi məhz onun adı ilə bağlıdır. Onun elmi əsaslara və qabaqcıl məktəblərin təcrübəsinə istinad edərək dövrün sxolastik məktəblərini kəskin tənqid etməsi, təlim sahəsində bir novator pedaqoq kimi sinif-dərs sistemini, “Hamıya hər şeyi öyrətməyin ümumi nəzəriyyəsini” əsaslandırması; məktəbdə dəqiq qaydaların yaradılması, dərsliklər tərtibi, müəllim üçün irəli sürdüyü pedaqoji tələblər və digər baxışları dünya pedaqoji fikrinə dəyərli töhfədir. O, sələflərinin təlim-tərbiyə haqqındakı fikirlərini, fəlsəfi nəzəriyyələrini mükəmməl surətdə öyrənmiş, böyük pedaqoji ideyaların tükənməz xəzinəsi olan əsərlərində həm də uzun müddətli müəllim təcrübəsindən istifadə etmişdir.
Y.A.Komenskinin IV əsr bundan əvvəl söylədiyi pedaqoji ideyaların elmi dəyəri ondadır ki, zaman keçdikcə bu ideyalar Avropa ölkələrinə yayılmaqla qalmamış, sərhədləri keçərək Rusiyaya, Rusiya imperiyasının ucqarlarına, o cümlədən Azərbaycana da nüfuz etmiş və pedaqoji elmlərin inkişafına böyük təkan vermişdir.
Y.A.Komenskinin ideyalarının Azərbaycanda yayılması XIX əsrin sonlarına təsadüf edir. Bu ideyalar Zaqafqaziya Müəllimlər Seminariyasının məzunları tərəfindən mənimsənilmiş və yayılmışdır. Seminariyanın ilk məzunlarından olan T.Bayraməlibəyov ana dilinin tərbiyəvi əhəmiyyətindən bəhs edərkən Y.A.Komenskinin “Ana dilini bilmədən özgə dili bilmək olmaz” fikirlərinə istinad edirdi. İnqilabaqədərki dövrü mətbuatın araşdırılması göstərir ki, Azərbaycan pedaqoqlarından H.Zərdabi, N.Nərimanov, Ü.Hacıbəyov, R.Əfəndiyev və başqaları da Komenskinin ideyalarından yaradıcılıqla bəhrələnmişlər.
Keçən əsrin 20-30-cu illərindən başlayaraq Y.A.Komenskinin pedaqoji əsərləri daha ciddi tədqiqat obyektinə çevrilir. 40-cı illərdə Azərbaycan DETMİ tərəfindən pedaqoji klassiklərin əsərlərinin Azərbaycan dilində nəşrinə başlanılır. İlk dəfə Y.A.Komenskinin “Böyük didaktika” və “Ana qucağı məktəbi” adlı əsərlərindən parçalar “Didaktik prinsiplər” adı ilə nəşr olunur. Y.A.Komenskinin Azərbaycanda ikinci kitabı 60-cı illərdə işıq üzü görmüşdür.
Y.A.Komenskinin “Seçilmiş pedaqoji əsərləri”nin Azərbaycan dilində nəşri onun zəngin və dəyərli pedaqoji irsini öyrənmək, tədqiq etmək, praktik iş zamanı istifadə etməkdə böyük rol oynamışdır. Keçən əsrin 50-ci illərində Y.A.Komenskinin pedaqoji fikirlərinin dünya əhəmiyyəti nəzərə alınaraq Çexoslavakiya respublikasında 1956-58-ci illərdə böyük pedaqoqun ilk külliyyatının nəşr edilməsinin 300 illiyinə həsr edilmiş yubiley tədbiri keçirir.
Bu kimi tədbirlər Azərbaycanda da Y.A.Komenskinin pedaqoji irsinin, dəyərli nəzəri ideyalarının araşdırılması sahəsindəki tədqiqatlara güclü təkan verdi, bir sıra yeni tədqiqatlar, araşdırmalar meydana gəldi. Bu baxımdan M.Muradxanovun, Ə. Tağıyevin, B.Komarovskinin, Ş.Ağayevin, Ə.Seyidovun, H.Əhmədovun, Y.Talıbovun, F.Rüstəmovun Y.A.Komenski ilə bağlı araşdırmaları mühüm əhəmiyyət kəsb edir.
Müasir dövrdə Y.A.Komenskinin pedaqoji irsinin Azərbaycanda tədqiqi və təbliğində
Əməkdar elm xadimi,
pedaqoji elmlər doktoru,
professor Fərrux Rüstəmovun mühüm xidmətləri vardır. O,
2006-cı ildə nəşr etdirdiyi “Pedaqogika tarixi” dərsliyinə
böyük mütəfəkkir
haqqında geniş həcmli material daxil etmişdir. Burada Komenskinin ideyaları hər cür
sterotiplərdən və ehkamlardan kənar
şəkildə zaman və məkan
kontekstində təhlil və təqdim olunmuşdur. Bu il Y.A.Komenskinin anadan olmasının 420 illiyi tamam olur. Yubileyə töhfə
olaraq professor Fərrux
Rüstəmov Y.A.Komenskinin
“Böyük didaktika”
əsərini yenidən
nəşr etdirmişdir.
Bu kitab nəşrə
hazırlanarkən Y.A.Komenskinin
1961-ci ildə Bakıda
nəşr olunmuş
“Seçilmiş pedaqoji
əsərləri”ndən istifadə
olunmuşdur. Kitab prof.
A.Kərimov və prof. M.Muradxanov tərəfindən tərcümə
edilmişdir. F.Rüstəmov kitaba “Y.A.Komenskinin həyatı, yaradıcılığı
və pedaqoji irsinin Azərbaycanda yayılması” adlı iri həcmli ön söz yazmışdır. Burada Y.A.Komenskinin
həyat və yaradıcılığının ən mühüm məqamları təhlil və tədqiq olunur, onun dünyagörüşündəki
ən mühüm məqamlar araşdırılır,
irəli sürdüyü
nəzəri ideyalar, didaktik görüşləri
sistemləşdirilir. Bununla yanaşı həm də mütəfəkkir
alimin irsinin Azərbaycanda pedaqoji elmin inkişafına təsir imkanları səciyyələndirilir. Azərbaycanlı tədqiqatçıların Komenski ilə bağlı əsərləri
xatırlanır.
Diqqəti cəlb edən cəhətlərdən biri
də Y.A.Komenskinin dünyagörüşünün əsas mənbəyi olan dini ideyaların
araşdırılmasıdır. F.Rüstəmov
əsaslı dəlillərlə
sübut edir ki, Y.A.Komenskinin dünyagörüşü üç
qatdan ibarətdir: xristianlıq, İncil və antiklik. Komenski ilahiyyatçıdır, öz
pedaqoji təlimini də ilahiyyat mövqeyində yaratmışıdr.
O, əbədiyyətə hazırlığın
üç mərhələsini
göstərir: özünüdərk,
özünüidarə və
allaha doğru cəhd. Y.A.Komenskinin “Böyük didaktika” əsərinin latın
qrafikası ilə yenidən nəşri Azərbaycan pedaqoji elminə dəyərli töhfədir. Yan Amos Komenski öz əsrinin oğlu olsa da, ölməz
ideyaları, bu ideyaların əks olunduğu misilsiz qiymətli əsərləri
ilə bu gün üçün də gərəklidir, aktualdır.
Əmrulla PAŞAYEV,
pedaqoji elmlər doktoru,
professor
Xalq qəzeti.- 2013.- 9 yanvar.- S. 6.