Ərzaq təhlükəsizliyi
və keyfiyyət amilləri
Hər hansı bir məhsulun və
o cümlədən ərzaq mallarının keyfiyyətinin yüksəldilməsi
nəinki əməli, həm də
mühüm nəzəri və metodoloji əhəmiyyət kəsb
edir. Bu məsələ sosial-iqtisadi inkişafda və ərzaq
təhlükəsizliyində də əsaslı rol
oynayır. Ona görə də aqrar məhsulun keyfiyyətinin
yaxşılaşdırılması imkanlarının elmi əsaslarla
öyrənilməsi, bu problemə kompleks
yanaşılması bazar münasibətləri şəraitində
diqqət mərkəzində saxlanılmalıdır. Məhsulun
keyfiyyətinin məzmunu və mahiyyətini sıravi əkinçi
və heyvandardan tutmuş kənd sahibkarına kimi hamı dərindən
öyrənməli və ondan istifadə etməlidir.
Məhsulun və o cümlədən kənd təsərrüfatı məhsulunun keyfiyyətinin yüksəldilməsi istehsalın səmərəliliyinin artırılmasında başlıca istiqamətlərdən biridir. Bu isə o deməkdir ki, məhsulun keyfiyyətinin yüksəldilməsinə kompleks münasibət göstərilməli, bu sahədə görüləcək tədbirlər bütünlükdə maddi istehsal və həmçinin kənd təsərrüfatı istehsalı sahələrini, pillə və mərhələlərini nəzərdə tutmalıdır. Həm də məhsulun keyfiyyətinin yüksəldilməsi rəqabətli bazar iqtisadiyyatı şəraitinin tələbidir. Başqa sözlə, çox məhsul istehsalını, onun maya dəyərinin aşağı olmasını, istehsal xərclərinə qənaət edilməsini müasir bazar, rəqabətli bazar ön plana gətirir, tələbata çevirir.
Məhsulun keyfiyyətinin yüksəldilməsi həm də ictimai əməyə qənaət edilməsinə imkan verir. Keyfiyyətli məhsul həm də çox məhsul deməkdir. Məhsulun müəyyən tələbatı ödəməkdən ötəri faydalılığı dərəcəsini müəyyənləşdirən xassələrin məcmusu olan keyfiyyətə diqqət artırılması həm də xarici iqtisadi əlaqələrin tələbindən irəli gəlir. Bu məsələ məhsulların istehsalının ilk pilləsindən tutmuş onların istehlakına qədər olan bütün müəssisə və təşkilatların fəallığını və səriştəliliyini tələb edir.
Məhsulun keyfiyyətinin yüksəldilməsi üçün bu sahədə ölkəmizdə və xaricdə əldə olunan qabaqcıl təcrübənin və iş üsullarının öyrənilməsi və tətbiqi də vacibdir.
Kənd təsərrüfatı məhsullarının yığılması, daşınması, tədarükü və saxlanması imkanlarının yaxşılaşdırılması keyfiyyətin saxlanmasına və yüksəldilməsinə müsbət təsir göstərir. Kənd təsərrüfatı məhsullarının keyfiyyətinin planlaşdırılması və qiymətləndirilməsi göstəriciləri də problemin həllini təmin etməyə imkan verir. Bunlara məhsulun texniki-istismar xassələri, möhkəmliyi və davamlığı, növü və estetik xassələri aiddir. Məhsulun istehsal edilməsindən, təyinatından asılı olaraq bu ümumiləşdirici göstəricilərin konkret ifadəsi olur.
Ərzaq məhsulunun keyfiyyətinin yüksəldilməsinin əsas yollarından biri əkinçilikdə sortların yeniləşdirilməsi, heyvandarlıqda isə rayonlaşdırılmış mal-qara cinslərinin əldə edilməsi və mövcud cinslərin seleksiyasıdır. Ölkəmizdə bir neçə on illik ərzində əsas kənd təsərrüfatı bitkilərinin sortları bir neçə (3-4) dəfə dəyişdirilmişdir. Bütün bunlara görə son illərdə kənd təsərrüfatında əsas ərzaq məhsullarının istehsalı xeyli artmış və keyfiyyəti yüksəlmişdir.
Qabaqcıl aqrotexnikanın tətbiqi məhsulun keyfiyyətinin yüksəldilməsinin mühüm istiqamətlərindən və yollarından birini təşkil edir. Əkin sahələrinə üzvü və lazımı mineral gübrələr verilməsi torpağın münbitliyini artırmaqla yanaşı, çuğundurda şəkərin, kartofda nişastanın (kraxmalın), yağlı bitkilərdə yağın miqdarını artırmağa şərait yaradır. Torpağın münbitliyi kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir.
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı əsaslı tədbirlərin həyata keçirilməsi də əkinçilik məhsullarının keyfiyyətinin yaxşılaşmasına zəmin yaradır. Ərzaq məhsullarının ehtiyatlarını artmaqda onun keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı, itkinin qarşısının alınması da mühüm əhəmiyyət kəsb edir.
Kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasında maddi maraq da mühüm yollardan biridir. Məhsulun keyfiyyətinin daha da yüksəldilməsi bu problemin həllində bütövlüyə (kompleksliyə) əməl olunmasını tələb edir. Bundan başqa, ərzaq məhsulunun keyfiyyətinin yüksəldilməsinin idarə edilməsi dövlət kənd təsərrüfatı müəssisələrində və fermer təsərrüfatlarında daim diqqət mərkəzində saxlanılmalı, onun elmi əsaslarla təşkilinə xüsusi diqqət yetirilməlidir.
Kənd təsərrüfatı üzrə sahibkarlıq müəssisələrində işçilərin maddi cəhətdən maraqlandırılması daim diqqət mərkəzində dayanmalı, bu maraqlar natural və pul formasında təşkil edilməlidir. Yüksək keyfiyyətli məhsul istehsalına görə kənddə çalışanları ayrıca mükafatlandırmaq lazımdır.
Yüksək keyfiyyətli məhsul istehsalında əsas vasitələrdən biri də işçilərin texnoloji prosesə dərindən yiyələnməsi, qabaqcıl əmək üsullarının mənimsənilməsidir. Kənd təsərrüfatının təkmilləşdirilmiş, müasir texnika və avadanlıqlarla təmin edilməsi istehsalın artması ilə yanaşı, məhsulun həcminin artmasında və keyfiyyətin yaxşılaşdırılmasında müsbət rol oynayır.
Ərzaq məhsulunun keyfiyyətinin yüksəldilməsinin təşkilatı üsulları da diqqət mərkəzində dayanmalı və onlara ciddi əməl edilməlidir.
Respublika üzrə məhsul keyfiyyəti ilə bağlı müasir bazar mexanizmi işlənib hazırlanmalı və onun nümunələri kənd sahibkarlarına da tövsiyə edilməlidir.
Yararlı torpaqlardan faydalı (səmərəli) istifadə, əkin sahələrinin ən yaxşı quruluşunun müəyyənləşdirilməsi, düzgün növbəli əkinin tətbiqi, işlərin ən yaxşı aqrotexniki müddətlərdə yerinə yetirilməsi üçün texnikadan səriştəli istifadə, toxumçuluğun təşkili, kimyəvi və başqa vasitələrdən istifadə, torpaqların yaxşılaşdırılması, ərzaq məhsulunun keyfiyyətinin yüksəldilməsinin səmərəli sisteminin tərkib hissəsi kimi çıxış edir. Fikrimizcə, əkinçilik və heyvandarlıq məhsullarının keyfiyyətinin yüksəldilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı işçiləri üçün kurslar və seminar keçirməlidirlər. Bundan başqa, ərzaq məhsullarının keyfiyyətinin yüksəldilməsində mövcud ölkə və dünya standartları ilə tanışlıq davam etdirilməlidir.
Asif
ŞİRƏLİYEV,
Naxçıvan Dövlət
Universitetinin
iqtisad fakültəsinin dekanı,
iqtisad elmləri doktoru,
professor
Xalq qəzeti.- 2013.- 9 yanvar.- S. 5.