Paytaxtın
içməli su təchizatında ilk pilot layihə
yekunlaşmışdır
“Azərsu” Açıq Səhmdar
Cəmiyyəti
istehlakçıların içməli su təchizatının
yaxşılaşdırılması istiqamətində
kompleks tədbirləri davam etdirir. “2011- 2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda əhalinin
fasiləsiz içməli su ilə təmin edilməsi məqsədilə
nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində
işlər də getdikcə intensivləşir.
Bu
yaxınlarda Bakı şəhəri Suraxanı rayonunun Yeni
Günəşli qəsəbəsində
reallaşdırılan pilot layihə
yekunlaşmışdır. Xatırladaq ki, icrasına 2012-ci
ilin iyul ayında başlanmış pilot layihə çərçivəsində
Yeni Günəşli qəsəbəsinin “Q”
yaşayış massivində 28 ədəd doqquzmərtəbəli
binanın su təchizatı sistemi tamamilə yenidən
qurulmuşdur. Bununla da, Günəşli qəsəbəsinin
4571 nəfər sakini 24 saat
fasiləsiz rejimdə içməli
su ilə təmin olunmuşdur.
“Azərsu”
Açıq Səhmdar Cəmiyyəti sədrinin istismar
üzrə müavini Köçərli Həsənov pilot
layihə çərçivəsində
görülmüş işlər barədə məlumat verərək
bildirdi ki, magistral şəbəkə və su anbarında, eləcə
də binadaxili sistemlərdə əsaslı yenidənqurma
işləri aparılmışdır. Yaşayış binalarını
içməli su ilə təmin edən su nasos stansiyası və
uzun müddət istifadəsiz qalmış 2 min kubmetr tutumu olan su anbarı əsaslı təmir
edilərək hidrofor sistemi ilə
təchiz edilmişdir. Onun sözlərinə görə,
layihə çərçivəsində ərazini içməli
su ilə təmin edən və uzun müddətdir istismarda
olan 2,3 kilometr uzunluğunda metal borulardan ibarət magistral xətt
polietilen borularla əvəzlənmişdir. Anbarın girişində və
nasos stansiyasının çıxışında su
sayğacları quraşdırılmışdır ki, bunun
da nəticəsində verilən suyun dəqiq
uçotunun aparılması
mümkün olmuşdur.
Bundan əlavə, pilot layihə
çərçivəsində binaların zirzəmilərində
təxminən 25-30 il əvvəl çəkilmiş
aşağı paylayıcı şəbəkə və mənzillərin
daxilindən (şaxtalardan) keçən dik dayaqlar ləğv
edilmişdir. Supaylayıcı xətlər pilləkən qəfəslərinə
çıxarılaraq binaların su təchizatı sistemləri
tamamilə yenidən qurulmuşdur. Bütövlükdə isə
layihənin icrası zamanı 13,5 kilometr uzunluğunda müxtəlif
diametrli polietilen borularla binadaxili su xətləri çəkilmiş,
mənzillərə 1187 ədəd birləşmə verilərək
“smart-kart” tipli su sayğacları, yanğın təhlükəsizliyini
təmin etmək üçün isə 5 ədəd
yanğın hidrantı quraşdırılmışdır.
Magistral
və binadaxili su xətlərinin yenidən
quraşdırılması nəticəsində su itkisinin
qarşısı tam alınmış, binaların zirzəmilərindəki
antisanitar vəziyyət aradan qaldırılmışdır.
Sayğacların pilləkən qəfəslərinə
çıxarılması isə onların nəzarətdə
saxlanmasını və texniki
xidməti asanlaşdırmışdır. Ümumilikdə
pilot layihənin icrası nəticəsində 1187 abunəçinin 24 saatlıq rejimlə içməli
su ilə təminatına imkan yaranmış, su itkilərinin
qarşısının alınmasına nail olunmuş, sərf
olunmuş suyun dəyərinin ödəniş səviyyəsi
yüksəlmiş, su təchizatında enerji, əmək və
s. məsrəflər minimuma endirilmiş, uçot və nəzarət
işinin təşkilində, xidmət haqlarının
yığılmasında insan amili aradan
qaldırılmışdır. Bununla yanaşı, binalarda sanitar
vəziyyət xeyli yaxşılaşmış, zirzəmilərə
su axıntısının qarşısı
alınmış və tikililərin texniki təhlükəsizliyinin
təminatına imkan yaranmışdır. Yeri gəlmişkən,
Günəşli qəsəbəsi “Q” massivində
reallaşdırılan pilot layihənin icrasına qədər
buradakı binalara ay ərzində orta hesabla 17,8 min
kubmetr su verilirdi və bunun da 40 faizi itkiyə getməklə cəmi
10,8 min kubmetri satılırdısa, görülmüş
işlər nəticəsində satışın həcmi
31,1 kubmetrə qədər artmışdır.
K. Həsənov
pilot layihənin uğurla həyata keçirildiyini
xatırladaraq həmin işlərin
paytaxtın digər rayonlarında da həyata keçiriləcəyini
bildirdi. Qeyd olundu ki, artıq paytaxtın Suraxanı rayonunun
Hövsan qəsəbəsində, eləcə də Yasamal,
Binəqədi, Nərimanov,
Sabunçu rayonlarında
çoxmərtəbəli yaşayış binalarının
fasiləsiz içməli su ilə təmin edilməsi
üçün belə layihələrin həyata
keçirilməsinə başlanmışdır.
Mirbağır Yaqubzadə
Xalq
qəzeti.- 2013.- 9 yanvar.- S. 5.