Mənalı ömrün şərəfli yolçusu
Akademik Teymur Bünyadov – 85
Azərbaycan arxeologiya və
etnoqrafiya elminin inkişafında əvəzsiz xidmətləri
olan böyük alim, AMEA-nın həqiqi üzvü, tarix elmləri
doktoru, professor, əməkdar elm xadimi, xalqımızın ləyaqətli
ziyalısı Teymur Əmiraslan oğlu Bünyadovun 85
yaşı tamam olur.
Həyatın
acılı-şirinli bütün sınaqlarına dözən,
çətinliklərinə sinə gərən
T.Bünyadovun ömür yolu keşməkeşli olduğu qədər
də şərəflidir.
1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II
Şıxlı kəndində dünyaya göz açan
T.Bünyadov orta məktəbi qızıl medalla bitirmiş,
1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin
tarix fakültəsində təhsil almışdır.
Universiteti uğurla başa vuran T.Bünyadov az sonra SSRİ
Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi
İnstitutunun aspiranturasına daxil olmuş, məşhur
Qafqazşünas alim, Lenin mükafatı laureatı
Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik
dissertasiyası müdafiə edərək tarix elmləri namizədi
alimlik dərəcəsi almışdır. Müdafiədə
iştirak edən Qafqazşünas alimlər dissertasiya
işinə yüksək qiymət vermiş, bu mövzuda tədqiqat
əsərinin təkcə Azərbaycanda deyil, hətta
bütün Qafqazda ilk dəfə qələmə
alındığını və tarixşünaslıq
baxımından mühüm əhəmiyyət kəsb
etdiyini vurğulamışlar. Öz tədqiqatı ilə
Qafqazın əkinçilik mədəniyyətinin vətəni olduğunu sübut edən
gənc alim üçün təcrübəli həmkarlarının
verdiyi bu qiymət böyük uğur idi.
Moskva
həyatını başa vurub, 1955-ci ilin mayında vətənə
dönən T.Bünyadov sonrakı elmi fəaliyyətini Azərbaycan
Elmlər Akademiyasının Tarix, 1993-cü ildən isə
Arxeologiya və Etnoqrafiya İnstitutunda davam etdirir. 1968-ci ildə
o, “Azərbaycanın qədim və
Orta əsrlərdə təsərrüfat həyatı”
mövzusunda doktorluq dissertasiyası müdafiə edərək,
arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk
tarix elmləri doktoru alimlik dərəcəsi almış,
1970-ci ildə isə professor adına layiq
görülmüşdür. Taleyini elmə bağlayan bu zəhmətkeş
alim 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü,
2001-ci ildə isə AMEA-nın həqiqi üzvü
seçilmişdir.
1960-cı
ildə Teymur Bünyadovun irihəcmli “Azərbaycan
arxeologiyası oçerkləri” adlı kitabı çap olundu. Respublikada
bu mövzuda ilk dəfə hörmətli alimimiz tərəfindən
qələmə alınan bu monoqrafiyada Azərbaycan
xalqının dünyanın ən qədim və mədəni
xalqlarından biri olduğu tutarlı dəlillərlə
sübuta yetirilir. Özündə Azərbaycanın ən qədim
dövrdən XV əsrə qədərki tarixini əks etdirən
bu əsər həmçinin, gənc arxeoloqların
yetişməsində xüsusi rol oynamış, mütəxəssislərin
bu gün də müraciət etdiyi kitablardan olmuşdur.
T.Bünyadovun
yazdığı qiymətli əsərlərdən biri də
“Əsrlərdən gələn səslər”dir. Əsərdə
xalqımızın musiqi irsi ilk dəfə tarixi-etnoqrafik tədqiqata
cəlb olunmuşdur.
Azərbaycan
arxeologiya və etnoqrafiya elminə aid 29 monoqrafiyanın, 1000-ə
yaxın məqalənin müəllifi olan akademik
T.Bünyadovun əsərləri təkcə respublikamızda
deyil, onun hüdudlarından uzaqlarda - Türkiyə, İran,
Rusiya, Ukrayna, Norveç kimi ölkələrdə də
çap edilmişdir. İctimai elmlər sahəsində
mühüm hadisə sayılan və 2007-ci ildə
böyük tirajla ilk dəfə çap edilən
üçcildlik “Azərbaycan etnoqrafiyası” fundamental əsərinin
təşkilatçısı, baş redaktoru və
böyük hissəsinin müəllifi T.Bünyadovdur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar
tarixli sərəncamına əsasən nəşr olunan bu
monoqrafiyanın cildlərində Azərbaycan xalqının təsərrüfat
həyatı, maddi və mənəvi mədəniyyəti, sənətkarlığı,
ailə məişəti və s. öz əksini
tapmışdır. Görkəmli alimin son dövr fəaliyyəti
də çox maraqlıdır; onun bilavasitə rəhbərliyi
ilə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr
olunmuş üçcildlik “Qəbələnin tarixi”, “Qəbələnin
etnoqrafiyası” və “Qəbələ folkloru” kitabları
yazılaraq çapa hazırlanmış, rus və ingilis dillərinə
tərcümə edilmişdir.
Akademik Teymur Bünyadov uzun illər bir sıra elmi konfransların iştirakçısı olmuş, Azərbaycanın arxeologiya və etnoqrafiya elmlərini layiqincə təmsil etmişdir. O, 1960-cı ildə şərqşünasların Moskvada keçirilən XXV Beynəlxalq konqresində, 1964-cü ildə antropologiya və etnoqrafiya elmləri üzrə Moskva VII Beynəlxalq konqresində, 1971-ci ildə arxeoloq və etnoqrafların Tiflisdə keçirilən ümumittifaq sessiyasında, 1990-cı ildə İstanbulda keçirilən Birinci Millətlərarası Azərbaycan-türk qurultayında, 2004-cü ildə Moskvada məşhur Qafqazşünas alim Y.İ.Krupnovun 100 illiyinə həsr edilmiş elmi sessiyada, 2007-ci ildə Parisdə keçirilən “Azərbaycanın xalça sənəti” adlı Beynəlxalq konfrasda və başqa elmi forumlarda etdiyi dərin məzmunlu çıxışları ilə dünya alimlərinin böyük marağına səbəb olmuşdur.
Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzən, topladığı etnoqrafik materialları özünəməxsus dəsti-xətlə yazıya gətirən xalqşünas akademikin “Ana Kürüm”, “Qızıl qaya”, “Mərd qalalar, sərt qayalar”, “Zirvəqala” kimi əsərlərində vətənin müxtəlif guşələrinin tarixi, etnoqrafiyası öz əksini tapmışdır.
Akademik T.Ə.Bünyadov təkcə tarixçi-etnoqraf alim deyil, həm də folklorşünas, nasir və şairdir. Onun 1991-ci ildə yüksək tirajla nəşr edilən “Göz yaşları” romanı, “Xan çinar kölgəsində”, “Anam birdi, vətən tək”, “Başı çalmalı dağlar” adlı üçcildlik bayatı kitabları oxucuların böyük sevgisi ilə qarşılanmışdır. Bu əsərlərdə xalqımızın zəngin mənəvi dünyası, düçar olduğu ədalətsiz müharibənin ağrıları, vətənsevər oğul və qızların döyüş əzmi işıqlandırılır. Qəlbi vətən eşqi ilə döyünən qeyrətli alim-yazıçı, havadarlarının köməyi ilə bədxah ermənilərin Dağlıq Qarabağımızı işğal etdiyi bir vaxtda gənclərə mərdlik, mübarizlik və döyüşkənlik ruhu aşılamaq məqsədilə Azərbaycan türklərinin qəhrəmanlıq tarixindən bəhs edən “Qız var oğuldan qeyrətli”, “Cavanşir”, “Atropat”, “Babək”, “Şəmsəddin Eldəniz” və s. kimi elmi-populyar əsərlərini çap etdirmiş, dəfələrlə cəbhə bölgələrində əsgərlər qarşısında çıxış etmişdir.
T.Bünyadov təkcə elmi və bədii yaradıcılıqla deyil, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, uzun illər Bakı Dövlət Universitetində, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində “Azərbaycan tarixi”, “Qədim dünya tarixi” və “Arxeologiya” fənlərindən mühazirələr oxumuşdur. Öz elmi məktəbini yaratmış xalqşünas alimin gənc kadrların hazırlanmasında da gərgin əməyi olmuşdur. Onun rəhbərliyi altında 7 elmlər doktoru, 25-dən çox elmlər namizədi-fəlsəfə doktoru yetişmişdir.
T.Bünyadov həm də ictimai-siyasi xadimdir. O, 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri seçilmiş, eyni zamanda Azərbaycan-İrlandiya parlamentlərarası komissiyasının sədri olmuşdur. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan T.Bünyadov ümummilli lider Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyevin prezident seçkilərində onların vəkili kimi çıxış etmiş, Qarabağ, Gəncəbasar, Qazax-Ağstafa, Lənkəran və Şirvan bölgələrində geniş təbliğat işi aparmışdır. O, AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək məqsədilə yaradılan Dövlət Ali Ekspert Komissiyasının üzvü, Türkiyə-Azərbaycan Millətlərarası Komissiyasının və Respublika Ziyalılar cəmiyyətinin üzvü olmuşdur.
Görkəmli alim T.Bünyadov Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının sədr müavini, Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Dini-Elmi Şuranın üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Respublika elmi tədqiqatlarının tərkibi və əlaqələndirilməsi şurasının Tarix üzrə Problem Şurasının üzvü, “AMEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası)”, “Tarix və onun problemləri”, “İpək yolu”, “Təkamül”, “Müasir mədəniyyətşünaslıq” və “Qarapapaqlar” jurnallarının redaksiya heyətinin üzvüdür.
Elmi, pedaqoji və ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq akademik T.Bünyadov 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2008-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Akademik Teymur Bünyadov yalnız respublikada deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınan alim və ziyalıdır, radio və televiziya verilişləri vasitəsilə gəncləri vətənpərvərliyə ruhlandıran vətəncanlı, torpaqcanlı şəxsiyyətdir, el-oba, yurd sevgili könül adamı, qəlb sahibidir. Bu günlərdə hörmətli akademikimizin 85 yaşı tamam olur. Ömrünün ixtiyar çağında da elmi axtarışları davam etdirən, qəlbi vətən eşqi ilə döyünən bu ağsaqqal alimimizə sağlam və gümrah ömür, yeni-yeni elmi uğurlar arzulayıram.
Nailə VƏLİXANLI,
AMEA-nın vitse prezidenti,
akademik
Xalq qəzeti.- 2013.- 9 yanvar.- S. 3.