Azərbaycan 2012-ci ilin dünya mətbuatında

 

Hazırda dünyada inkişafın paradiqmasını qəti müəyyənləşdirmiş ölkələr sırasında Azərbaycan da özünəməxsus yer tutur. Müstəqilliyinin bərpasının 22-ci ildönümünə keçid ərəfəsində ölkəmizin inkişafını bu üç sözlə qiymətləndirmək olar: çevik siyasət, sığortalanmış iqtisadiyyat, praqmatik idarəetmə.

 

Təəssüflər olsun ki, “Freedom House”, “Article XIX”, “Human Rights Watch”, “ Amnisty İnternational”, “ Sərhədsiz Reportyorlar” kimi, həqiqəti əks etdirməyən və sifarişlə  hərəkət edən, antiazərbaycan əhval ruhiyyəsilə köklənmiş qurumlar və yaxud ölkəmizdə çıxan bəzi mətbuat orqanları və heç bir konstruktiv fəaliyyəti olmayan  QHT-lər cərəyan edən bu inkişaf proseslərini görmək istəməyərək ədalətsiz mövqe nümayiş etdirirlər. Dünyanın reytinq siyahısında bəlkə də sonuncu yerlərdə qərar tutan və əsasən erməni lobbisinin diqtəsi ilə hərəkət edən qurumların belə mövqeyi hardasa anlaşılandır. Anlaşılmayan odur ki, bu ədalətsiz mövqedən kənarda qalmayan, bəzi   yerli “qurumlar” ölkədaxili proseslərə münasibət bildirərkən üstünlükləri, qazanılmış böyük nailiyyətləri hansısa kiçik problemə və yaxud qeyri-ciddi nəşrlərin və ya təşkilatların cəfəngiyyatına qurban verirlər.  Lakin həqiqət budur ki, bu gün Azərbaycan Respublikası Cənubi Qafqazın şəriksiz lider dövləti və Yaxın və Orta Şərqin alternativsiz inkişaf dinamikasına malik ölkələrindəndir. Bunu təkcə 2012-ci il ərzində dünya mətbuatında  Azərbaycan haqqında dərc olunmuş məqalələrdən də görmək mümkündür.

 

Təkcə ötən il ölkəmiz üç qlobal uğurun sevincini yaşadı. İlk növbədə 2011-ci ildə “Eurovision” kimi Avropanın ən böyük musiqi yarışmasında qazandığımız nailiyyətin nəticəsi olaraq, 2012-ci ildə bu mötəbər yarışmaya yüksək səviyyədə ev sahibliyi etməyimizi qeyd etmək istərdim. Bu uğur Azərbaycanda mədəniyyətə dövlət səviyyəsində verilən dəstəyi dünyaya bilavasitə sübut etdi. İkinci olaraq  siyasət arenasında qalibiyyətimizi qeyd etmək istərdim. Bu, ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi hadisəsi idi. 155 dövlətin Azərbaycanın namizədliyini dəstəkləməsi və dünyanın ən böyük təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilməyimizi xeyrimizə həll etdi. Bu siyasət meydanında cəmi 21 illik müstəqillik tarixi olan bir dövlət üçün ölçüyəgəlməz bir uğurdur. Üçüncü ən böyük uğurumuz isə tarixdə ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsidir. Maraqlı  cəhət həm də odur ki, xristian ölkələrindən ibarət olan Avropanın ilk Olimpiya Oyunlarının  İslam ölkəsi olan Azərbaycanda keçirilməsi bizim  tolerant bir xalq və bu dəyərə daim diqqət və qayğı göstərən dövlət olduğumuzu bir daha sübut etdi.

 

Bu il dünyanın bir sıra qəzet və jurnalları, televiziya kanalları, elektron informasiya vasitələri Azərbaycan haqqında çoxsaylı materiallar yaydı. Bu da  artıq müsbət imicimizin formalaşmasından və dünyanın diqqət mərkəzində olduğumuzdan xəbər verir.

 

İlk olaraq Cənubi Afrika Respublikasında nəşr olunan “The New Age” qəzetini qeyd etmək yerinə düşər. Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı və 1997-2001-ci illərdə iqamətgahı Ankara şəhərində yerləşən CAR-ın ölkəmizdəki səfiri Tom Vilerin “ Azərbaycan: irəliyə gedən yolda” başlıqlı məqaləsi dərc edildi. Məqalədə CAR-la Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünə təsadüf etdiyi vurğulanmış və bu ilin əvvəlində ölkəmizin həmin ölkədə səfirliyinin fəaliyyətə başladığı qeyd edilmişdir. Məqalədə Azərbaycanın müstəqillik tarixi haqqında ümumi məlumatlar yer almış,ölkəmizin həmçinin Türkiyə, Rusiya və İran kimi böyük dövlətlər tərəfindən əhatə olunmasına baxmayaraq, özünəməxsus siyasi və iqtisadi inkişaf yoluna malik olması vurğulanmışdır.

 

Məqalədə eyni zamanda neft tariximiz barədə ətraflı məlumat verilmiş və Azərbaycan hökumətinin neftdən əldə edilən gəlirdən uğurlu istifadəsi xüsusilə qeyd edilmişdir. Həmçinin uğurlu və səmərəli istifadə nəticəsində ölkəmizin neftdən olan asılılığının da ilbəil azaldığı bildirilmişdir. Məqalədə dövlətimizin inkişaf strategiyasında gənclər siyasətinin önəmi qeyd olunmuş, gənclərə və onların təhsilinə göstərilən dövlət qayğısı və bu sahəyə prinsipial yanaşmadan söhbət açılmışdır.

 

Onu da qeyd edək ki, “The New Age” qəzeti CAR-ın ən iri ingilisdilli qəzeti hesab olunur.

 

Bundan başqa, ABŞ-ın Kaliforniya ştatının “Monterey Bay News & Vievs” qəzeti ölkəmiz haqqında məqalə dərc etmişdir. Məqalədə  1918-ci ildə qurulmuş, Şərqdə ilk demokratik dövlət modeli olan Azərbaycan Xalq Cumhuriyyəti barədə tarixi xronika verilmiş, ölkəmiz müəllif tərəfindən “dünyanın ən qədim sivilizasiyalarından biri” adlandırılmışdır. Müsəlman Şərqində ilk parlamentin məhz Azərbaycanda yarandığı məqalədə öz əksini tapmış və ABŞ-dan hətta iki il öncə ölkəmizin qadınlara seçki hüququ verdiyi vurğulanmışdır. Müəllif bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini bildirərək onun ABŞ və Avropa ilə yaxın əməkdaşlıq münasibətləri qurmaq istəyən bir ölkə olduğunu diqqətə çatdırmışdır.

 

Azərbaycana qarşı Ermənistan tərəfindən edilmiş təcavüz, soydaşlarımızın öz ata-baba torpaqlarından qovulması və etnik təmizləməyə məruz qalması  dünya ictimaiyyəti arasında dövlətimiz və diasporumuz tərəfindən təbliğ olunur.

 

Dünyanın bir sıra mətbuat orqanlarında erməni vəhşiliyi barədə məqalələrin işıq üzü görməsi Ermənistanın iç üzünün beynəlxalq aləmə açılması baxımından əhəmiyyətlidir. Bu məqalələrdən biri də ABŞ-ın nüfuzlu “ The Washington Times” qəzetində ermənilərin xalqımıza qarşı törətdikləri Xocalı soyqırımı haqqında məqalənin dərc olunmasıdır. Məqalədə deyilir ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1988-1994-cü illərdə gedən müharibə zamanı erməni və sovet qoşunları Xocalıda yüzlərlə dinc azərbaycanlını, o cümlədən qadın və uşaqları vəhşiliklə qətlə yetirmişlər. Həmçinin, Xocalı soyqırımının 20-ci ildönümünün Bakıda izdihamlı yürüşlə qeyd olunduğu vurğulanıb və soyqırımı şahidlərinin fikirləri məqalədə öz əksini tapmışdır.

 

Bundan savayı, Ermənistanın təcavüzkar mövqeyi ilə bağlı ABŞ-ın nüfuzlu qəzeti olan “The Wall Street Journal” Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edib.  Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilən məqalədə Ağdam rayonunun Çıraxlı kəndinin sakini  Xosrov Şükürovun da fikirləri yer alıb: “Bütün dünya görür ki, Azərbaycan günü-gündən güclənir. Biz əminik ki, doğma torpaqlarımızı azad edəcəyimiz vaxt yaxınlaşır”.

 

Məqalədə qeyd olunur ki, münaqişə tərəfləri münaqişənin həlli istiqamətində danışıqları davam etdirir, lakin Azərbaycanın öz ordu potensialını gücləndirməsi ölkənin münaqişədən qalib çıxmaq şansını artırır.

 

Məqalə müəllifi Çıraxlı kənd sakinlərinin erməni snayperlərin atəşinə məruz qaldığını və bir neçə nəfərin yaralandığını da diqqətə çatdırır.  Daha sonra Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Fransanın Reims və Şalon-an-Şampan şəhərlərində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” mövzusunda keçirilən sərgi və konsert bu ölkənin mətbuatında geniş yer alıb.

 

Qeyd edək ki, Fransanın Şampan regionunun iki şəhərində keçirilən tədbirlərin məqsədi ölkəmizi fransızlara yaxından tanıtmaq olmuşdur.

 

Şampan regionunda gündəlik nəşr olunan nüfuzlu “L’ Union” qəzeti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Reims şəhərinə gəlişi və buradakı tədbirdə çıxışından ətraflı bəhs edən məqalələr dərc edib. “Azərbaycanın səfir xanımı Reimsdə” sərlövhəli yazıda bildirilir ki, Qafqazın gənc müstəqil respublikasının birinci xanımı Mehriban Əliyevanın çıxışı və onun ölkəsi haqqında maraqlı sərgi və konsert Azərbaycan barədə az məlumatı olan reimslilərdə zəngin təəssürat yaradıb. Qəzet yazır ki, Azərbaycan mədəniyyəti və incəsənəti ilə ilk dəfə tanış olan reimslilər bu günəşli ölkəyə maraqlarını gizlətməyərək daha ətraflı məlumat əldə etməyə çalışırdılar: “Sərgidə nümayiş etdirilən eksponatlar Azərbaycanın zəngin və tarixi mədəniyyətə malik ölkə olduğu barədə fransızlarda geniş təsəvvür yaradıb”.

 

Qəzetin “Reims azərbaycanlıları qəbul edib” sərlövhəli digər məqaləsində deyilir: “Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, planetimizin dünyəvi dövlətlərindən biridir”.

 

Başqa bir yazıda isə Azərbaycan musiqiçilərinin konsertinin müvəffəqiyyətlə keçdiyi vurğulanıb: “Konsertə maraq o qədər böyük idi ki, konservatoriyanın konsert zalı tamamilə dolmuş, hətta bəzi tamaşaçılar ayaqüstə dayanmış, yer olmadığından zala buraxılmayan yüzlərlə reimsli qapı ağzındaca qalmışdı”. Qəzetin 19 oktyabr tarixli nömrəsində dərc olunan “Mehriban Əliyeva Reimsdə Azərbaycana həsr olunan sərgi və konserti təntənəli şəkildə açır” məqaləsində ölkəmiz, onun iqtisadi inkişafı, qədim tarixi, zəngin mədəniyyət və mənəvi dəyərləri barədə ətraflı məlumat verilir, Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun ölkəmizdə elm, təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi irimiqyaslı layihələrdən, habelə Azərbaycanın hüdudlarından kənarda göstərdiyi humanitar yardımlardan bəhs olunur.

 

Qəzetin 26 oktyabr tarixli nömrəsində Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə Reimsdə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” mövzusunda tədbirin böyük müvəffəqiyyətlə keçdiyi diqqətə çatdırılır.

 

Azərbaycanın qədim bir ölkə olmasından söhbət açan müəllif bu diyarın dünya ədəbiyyatına Məhəmməd Füzuli kimi dahilər verməsi, XX əsrin əvvəllərində Şərq dünyasında ilk demokratik dövlətin Azərbaycanda qurulması, ilk dəfə qadınlara seçki hüququ verilməsi, yeraltı və yerüstü sərvətlərlə zənginliyi, tolerant mədəniyyətə, ənənələrə, tarixə və nəhayət, sivilizasiyaya malik ölkə olması haqda fransız oxuculara ətraflı məlumat verilir.  Musiqinin də bu gözəl ölkənin xəzinəsi olduğunu diqqətə çatdıran müəllif Şərqdə geniş yayılan muğamın Azərbaycanın ən qədim musiqi janrı olduğunu, 2003-cü ildə UNESCO-nun bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına daxil edildiyini bildirib.

 

Aleksandr Dümanın (ata) ölkəmizə səfər etməsi, Azərbaycanın Şərq ilə Qərb arasında, qədim İpək yolunun üzərində yerləşdiyinə dair fikirlər “Azərbaycan Şalon-an-Şampanda” adlı yazıda yer alıb.

 

Regionun həftəlik “Vendredi” adlı mətbu orqanında Azərbaycanla bağlı sərgi və konsertin Reimsdən sonra Şalon-an-Şampanda təşkil edildiyi və hər iki tədbirin təsəvvürəgəlməz müvəffəqiyyət qazandığı barədə ətraflı bəhs olunub. Qəzetdə Azərbaycan muğamı və onun tarixi haqqında ayrıca məqalədə ətraflı söhbət açılır, Azərbaycanın eyni zamanda “Odlar yurdu” adlandırıldığı qeyd olunur.

 

2012-ci ildə ölkəmiz barədə çoxsaylı yazıların arasında diqqəti cəlb edən ayrı bir məqalə də var ki, bu da Azərbaycanla daim dostluq və qardaşlıq münasibətlərinə malik olan Pakistanın aparıcı ingilisdilli qəzeti hesab edilən “Daily Times” da Prezident İlham Əliyevin fəaliyyəti haqqında dərc olunmuşdur.

 

Qəzetin 24 dekabr tarixli nömrəsində tanınmış jurnalist Maliha Maham Zamir “Azərbaycanın uzaqgörən lideri” sərlövhəli məqaləsində  Prezident İlham Əliyevin faəliyyətini yüksək qiymətləndirmişdir.

 

Məqalə “20 il bundan əvvəl erməni işğalı və 1 milyon qaçqın və məcburi köçkün axını ilə üzləşən, iqtisadiyyatı, demək olar ki, dağılmış vəziyyətdə olan Azərbaycanın, bugünkü kimi inkişaf etmiş ölkəyə çevrilməsinə inanmaq olmazdı” sözləri ilə başlamışdır.  Qeyd edilmişdir ki, yüksək biliyə malik və müasir siyasəti və iqtisadiyyatı yaxından bilən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan sürətlə inkişaf edir.

 

Müəllif Prezident İlham Əliyevin siyasi karyerasına nəzər salaraq, onun 1995-ci ildə Milli Məclisin deputatı seçildiyini, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə başçılıq etdiyini diqqətə çatdırmış,  2003 və 2008-ci illərdə böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyini vurğulamışdır.  Jurnalist 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyevin rəhbərliyi altında Qərbin nəhəng neft şirkətləri ilə aparılan danışıqların uğurla nəticələndiyini və 1994-cü ildə Xəzərin neft ehtiyatlarının istismarına dair “Əsrin müqaviləsi”nin imzalandığını qeyd etmiş, bu sazişi ölkənin intibah dövrünün başlanğıc nöqtəsi kimi qiymətləndirmişdir.

 

Məqalədə, həmçinin ölkəmizin qısa vaxt ərzində əldə etdiyi iqtisadi uğurlardan, enerji strategiyasından, inşa edilmiş neft və qaz kəmərlərindən, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən bəhs edilməklə yanaşı, Azərbaycanın dünyanın bir çox ölkələrinə çoxmilyardlıq investisiya qoyduğu xüsusi qeyd edilmişdir. M.Zamir neft gəlirlərinin Azərbaycan Respublikasının Dövlət Neft Fondunda cəmləşdiyini və qeyri-neft sektorunun inkişafına istiqamətləndiyini bildirmiş, təkcə cari ildə bu sektorun 10 faizdən çox artdığını vurğulamışdır.

 

Eyni zamanda, məqalədə Azərbaycanın sənaye, kənd təsərrüfatı, turizm, mədəniyyət və digər sahələrinin sürətlə inkişaf etdiyi diqqətə çatdırılmışdır.

 

Jurnalist “Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirildiyini bildirərək, dünyanın müxtəlif ölkələrindən gəlmiş minlərlə qonağın Bakının gözəlliyinə və möhtəşəmliyinə valeh olduğunu qeyd etmişdir.

 

Azərbaycanın dövlət başçısı İlham Əliyevin, həmçinin Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsini tutduğunu bildirən jurnalist XXX London Yay Olimpiya Oyunlarında əldə edilmiş nəticələrdən, ölkəmizdə keçirilmiş “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012"dən söz açmış, birinci Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini xüsusi vurğulamışdır.

 

“Daily Times”ın müxbiri Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində apardığı genişmiqyaslı işlərdən söz açmış, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinə məhəl qoymayan Ermənistanın işğalçı siyasətini davam etdirdiyini bildirmişdir. Yazıda xarizmatik lider olan Prezident İlham Əliyevin ölkəsinin maraqlarını ali tutaraq balanslaşdırılmış siyasət apardığı diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan hər iki qitənin siyasi-iqtisadi strukturlarına inteqrasiya olunmuşdur. Jurnalist Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsini Prezident İlham Əliyevin apardığı xarici siyasətin kuliminasiya nöqtəsi adlandırmışdır.

 

Məqalədə Prezident İlham Əliyevin İslam dəyərlərinin inkişafı yolunda apardığı işlərdən söz açılaraq inşa edilmiş məscidlərin, ziyarətgahların, təsis edilmiş dini təhsil ocaqlarının buna əyani sübut olduğu vurğulanmışdır.

 

“Daily Times”ın məqaləsində Prezident İlham Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyi, ölkələrimiz arasında səmimi dostluq əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanmışdır. Diqqətə çatdırılmışdır ki, ölkələrimiz arasında, demək olar ki, bütün sahələri əhatə edən ikitərəfli sazişlər imzalanmışdır.

 

Dünya mətbuat nümunələrindən də göründüyü kimi, 2012-ci il Azərbaycan üçün çox uğurlu il olmuşdur.  Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilməsi, müsbət rəy verilməsi bizi sevindirməyə bilməz. Yeni 2013-cü ildə inkişaf baxımından böyük əhəmiyyətli il olacağı gözlənilir.  Bu həm də dövlətimizin 2020-ci ilə hesablanmış olduğu inkişaf strategiyasının uğurlu başlanğıc ili olacaq. Bu günə qədər qazandığımız uğurlar bizə belə qənaətə gəlməyimizə əsas verir.

 

 

Anar Turan

 

Xalq qəzeti.- 2013.- 9 yanvar.- S. 4.