Muxtar respublikada “Heydər Əliyev ili”nin ilk yadigarları

 

Şahbuz rayonunun ucqar dağ kəndi olan Ağbulaqda yeni sosial obyektlər istifadəyə verilmişdir

 

Yola saldığımız 2012-ci il ölkəmizin tarixinə sosial-iqtisadi inkişaf və tərəqqi ili kimi daxil olmuşdur. Naxçıvan Muxtar Respublikasında da dinamik iqtisadi inkişafa nail olunmuş, genişmiqyaslı quruculuq işləri aparılmış, iqtisadi və sosial həyatın bütün sahələrində uğurlar qazanılmışdır. Ardıcıl şəkildə aparılan quruculuq işləri nəticəsində infrastrukturun yenilənməsi əhalinin yüksək həyat standartları səviyyəsində yaşayışına əhəmiyyətli təsir göstərmişdir.

 

Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikada elan olunmuş “Heydər Əliyev ili”ndə də davam etdirilir. Yanvarın 7-də Şahbuz rayonunun Ağbulaq kəndində yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin açılışı olmuşdur.

 

İlin ilk məktəb binası

 

Muxtar respublikada təhsil infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ötən il 16 yeni məktəb binası istifadəyə verilmişdir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin davamı olaraq yanvarın 7-də Ağbulaq kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Ölkəmizin bütün regionlarında məktəb tikintisinə xüsusi diqqət yetirilir, müasir tədris şəraiti yaradılır, yeni məktəb binaları tikilərək istifadəyə verilir. Çünki məktəbə, təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə xidmət edir. Ağbulaq kənd tam orta məktəbi də müasir tələblər səviyyəsində qurulan təhsil ocağıdır. Bu gün məktəbdə lazımi tədris şəraiti yaradılmış, elektron lövhəli siniflər, kimya-biologiya və fizika laboratoriyaları, kompyuter sinifi, hərbi kabinə və müasir tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilir”.

 

Ali Məclisin sədri ümummilli lider Heydər Əliyevin “Azərbaycan məktəblərində yaradılan müasir tədris şəraiti gənclərin hərtərəfli hazırlanmasına təminat verir” fikrini xatırladaraq demişdir ki, Ağbulaq kənd tam orta məktəbinin müasir səviyyədə qurulması intellektli, vətənpərvər və bilikli gənclərin yetişdirilməsinə imkan verəcəkdir. Bu isə ölkəmizin etibarlı gələcəyinə xidmət edir.

 

Ali Məclisin sədri demişdir: “Ulu öndər Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişafına səbəb olmuş, təhsilin inkişafı sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Şahbuz rayonunun ucqar dağ kəndi olan Ağbulaqda müasir məktəb binasının tikilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Kənd məktəbinin heç vaxt ixtisaslaşmış binası olmamış, dərslər uyğunlaşdırılmış binada tədris olunmuşdur. Lakin buna baxmayaraq təhsil ocağının kollektivi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, nailiyyətlər qazanılmışdır. Ötən tədris ilində məktəbin məzunlarından 2-si ali məktəblərə qəbul olunmuşdur. Məktəbdə yaradılan yüksək tədris şəraiti bu uğurları daha da artırmağa imkan verəcəkdir”.

 

Ali Məclisin sədri əlavə etmişdir ki, məktəb işi ümumxalq işinə çevrilməli, dövlət qurumları ümumtəhsil məktəblərinə hərtərəfli qayğı göstərməlidirlər. Tədrisin yüksək səviyyədə təşkilində müəllimlərlə yanaşı, valideynlər də yaxından iştirak etməli, dərsə davamiyyət, biliklərin mənimsənilməsi gündəlik diqqət mərkəzində saxlanılmalıdır.

 

Muxtar respublikada təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirən məktəbin müəllimi Gülay Quliyeva demişdir ki, yeni ildə müasir məktəb binasının istifadəyə verilməsi pedaqoji kollektiv və şagirdlər üçün ən gözəl hədiyyədir. Qeyd olunmuşdur ki, Ağbulaq kəndində yeni məktəb binasının tikilməsi həm də kəndin inkişafının göstəricisidir. Yaradılan yüksək tədris şəraiti təhsil uğurlarının artırılmasına imkan verəcəkdir. Gülay Quliyeva yaradılan nümunəvi şəraitdən istifadə edərək “Heydər Əliyev ili” olan 2013-cü ildə daha səylə işləyəcəklərinə, ulu öndərimizin yoluna sadiq, bilikli, vətənpərvər gənclər yetişdirəcəklərinə söz vermişdir.

 

Ali Məclisin sədri açılışı bildirən lenti kəsmiş, məktəbdə yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, üçmərtəbəli təhsil ocağının inşasına ötən il başlanılmış, tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılmışdır. 216 şagird yerlik binada tədrisin səmərəli təşkili üçün lazımi şərait yaradılmış, məktəbdə müasir sinif otaqları, fənn kabinələri, 2280 kitab fonduna malik olan kitabxana, 6 kompyuterin quraşdırıldığı kompyuter sinifi, hərbi kabinə, biologiya, fizika, kimya fənlərinin əyani vəsaitlərlə öyrənilməsi məqsədilə laboratoriyalar istifadəyə verilmişdir. Həmçinin təhsil ocağında yeni innovativ metodların istifadə edildiyi elektron lövhəli siniflər də vardır.

 

Baxış zamanı qeyd olunmuşdur ki, muxtar respublikanın ümumtəhsil məktəblərində şagirdlərin dərin və hərtərəfli biliklərə yiyələnməsi, yüksək vətənpərvərlik hissinə və mütərəqqi dünyagörüşə malik olan gənclərin yetişdirilməsi prioritet istiqamət kimi götürülür. Tədris olunan humanitar və dəqiq elmlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsi, keçilən dərslərin məzmununun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi, interaktiv təlim üsullarının tətbiq olunması, elektron dərsliklərdən geniş istifadə edilməsi tədrisin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu da ali məktəblərə qəbul imtahanlarında hər il yüksək nəticələrin qazanılması ilə şərtlənir. Ötən tədris ilində Ağbulaq kənd tam orta məktəbinin məzunlarından biri Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasına, digəri isə Bakı Dövlət Universitetinə qəbul olunmuşdur.

 

Təhsil ocağında məktəblilərin fiziki hazırlığı da nəzərə alınmışdır. İdman zalında mini futbol, basketbol və idmanın digər növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılmış, həyətdə açıq idman qurğuları quraşdırılmışdır.

 

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin sədri təhsil sahəsində qazanılan uğurların təməlində müasir tədris şəraitinin dayandığını qeyd etmiş, məktəbdə yaradılan şəraitin uğurlu nəticələr qazanılmasına imkan verdiyini bildirmişdir.

 

Müəllimlər yaradılan şəraitə görə minnətdarlıq etmişlər.

 

Məktəb binasının həyətində də abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.

 

Kənd Xidmət Mərkəzi

 

Həmin gün Ağbulaq Kənd Xidmət Mərkəzinin açılışı olmuşdur. Ali Məclisin sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsmişdir.

 

Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları olmaqla 2 mağaza vardır. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.

 

Qeyd olunmuşdur ki, kənd yaşayış məntəqələrində istifadəyə verilən yeni xidmət mərkəzləri sakinlərin gündəlik tələbatının ödənilməsində mühüm əhəmiyyətə malikdir. Bütün bunlar iqtisadiyyatın dinamik inkişafı və əhalinin sosial-rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.

 

Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin sədri kənd sakinləri ilə görüşmüşdür.

 

Ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə böyük quruculuq işlərinin həyata keçirildiyini bildirən kənd sakini, ziyalı Mətləb Məmmədov demişdir ki, Azərbaycanda mövcud olan dövlət-xalq birliyi bütün sahələrdə uğurlu nəticələrin əldə olunması ilə şərtlənir. Muxtar respublikada enerji və ərzaq təhlükəsizliyinin təmin olunması, aparılan genişmiqyaslı quruculuq işləri də, ilk növbədə sakinlərin rifah halının yüksəldilməsinə, kənd yaşayış məntəqələrində əhalinin rahatlığının təmin olunmasına xidmət edir.

 

V.Talıbov demişdir ki, insan amilinə göstərilən yüksək qayğı bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətini təşkil edir. Azərbaycanın artan iqtisadi qüdrəti, müstəqilliyimizin möhkəmləndirilməsi regionların davamlı inkişafına səbəb olmuşdur. Ağbulaq kəndində həyata keçirilən kompleks quruculuq-abadlıq işləri də ölkəmizin inkişafının ucqar dağ kəndinin timsalında daha bir nümunəsidir.

 

Ali Məclisin sədri muxtar respublikada kəndlərin inkişafına bundan sonra da xüsusi diqqət və qayğı göstəriləcəyini qeyd etmiş, sakinlərə xoş günlər və firavan həyat arzulamışdır.

 

Ağbulaq Kənd Mərkəzi

 

Həmin gün Ağbulaq kəndində yeni kənd mərkəzi də istifadəyə verilmişdir.

 

Açılış mərasimində kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Natiq Hüseynov çıxış edərək demişdir ki, göstərilən dövlət qayğısı nəticəsində kənddə bütün sosial problemlər öz həllini tapmış, Ağbulaq müasir, gözoxşayan bir yaşayış məntəqəsinə çevrilmişdir. Qeyd olunmuşdur ki, kənddə əhalinin əksər hissəsi kənd təsərrüfatı ilə məşğul olur. Kənd əkinçilərinə yaradılan əlverişli şəraitin nəticəsidir ki, 2012-ci ildə kənd sakinlərinə 36 min manat güzəştli kredit verilmiş, 69 hektar sahədə əkin aparılmışdır. Natiq Hüseynov kəndin inkişafına göstərilən qayğıya görə sakinlər adından minnətdarlığını bildirmişdir.

 

Ali Məclisin sədri Vasif Talıbov Ağbulaq kəndinin muxtar respublikanın abad kəndləri sırasına qoşulduğunu bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: “Muxtar respublikanın dağ kəndlərindən olan Ağbulağın inkişafına dövlətimiz tərəfindən hərtərəfli qayğı göstərilir. Bu gün kənddə insanların sosial problemləri həll olunur, məşğulluq təmin edilir, dövlət büdcəsindən vəsait alanlara yüksəkliyə görə əlavə 20 faiz də ödənilir. Son illər kənddə inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə yaradılmış, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri fəaliyyətə başlamışdır. Muxtar respublikanın digər kəndləri kimi Ağbulaq kəndi də tamamilə qazlaşdırılmış, elektrik enerjisinin fasiləsiz verilişi təmin olunmuş, mənzillər tam telefonlaşdırılmış, kəndə fiberoptik kabel çəkilmiş, genişzolaqlı internetdən və digər rabitə xidmətlərindən səmərəli istifadə təmin edilmişdir. Bununla yanaşı, sakinlərin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, kənd təsərrüfatının inkişafı üçün hərtərəfli şərait yaradılır, dövlət tərəfindən sakinlərə güzəştli şərtlərlə kreditlər verilir, fərdi təsərrüfatlar genişləndirilir. Bu gün kənddə heyvandarlığın, arıçılığın, əkinçiliyin və bağçılığın inkişafı üçün münbit şərait vardır”.

 

Ali Məclisin sədri demişdir: Keçmiş Sovetlər Birliyi dövründə kənd və şəhər arasındakı fərqin aradan qaldırılması məqsədilə proqram qəbul olunmuşdu. Bu proqram ümummilli liderimiz Heydər Əliyevin səyi ilə İttifaq ölkələri arasında yalnız Azərbaycanda həyata keçirilirdi. Lakin Sovetlər Birliyinin süquta uğraması ilə bu proses tam başa çatdırılmadı. Azərbaycan müstəqillik qazandıqdan sonra ulu öndərin rəhbərliyi ilə ölkə regionlarının, xüsusilə də kəndlərin inkişafı yeni mərhələyə yüksəlmişdir. Bu gün ölkəmizdə ümummilli liderimizin yolunun davam etdirilməsi, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər və qəsəbələrlə yanaşı, kəndlər də müasirləşir, daha da inkişaf edir. Ağbulaq kəndində istifadəyə verilən yeni sosial obyektlər, yaradılan müasir infrastruktur da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. Bu gün istifadəyə verilən kənd mərkəzində dövlət qurumlarının fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Həyata keçirilən tədbirlər dövlət qurumlarının fəaliyyətinin gücləndirilməsinə, kəndin problemlərinin vaxtlı-vaxtında həll olunmasına imkan verəcəkdir.

 

“Ağbulaq muxtar respublikada kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsidir”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, kənddə Ağbulaq Turizm və İstirahət Kompleksinin inşası başa çatdırılıb. Sakinlər bundan sonra da kəndin abadlaşmasında, yaradılan müasir infrastrukturun qorunmasında yaxından iştirak etməli, kəndin turizm potensialı daha da artırılmalıdır.

 

Ali Məclisin sədri bu yolda sakinlərə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.

 

Məlumat verilmişdir ki, binada rabitə evi, Ağbulaq və Gömür kəndlərini əhatə edən polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, kənd mədəniyyət evi, arxiv və 43 yerlik zal yerləşir.

 

Ağbulaq Turizm və İstirahət Kompleksində son tamamlama işləri görülür

 

Zəngin turizm potensialına malik olan Naxçıvan Muxtar Respublikasında kənd turizminin inkişafı üçün geniş imkanlar vardır. Ağbulaq da geniş turizm potensialına malik olan yaşayış məntəqələrindən biridir. Təmiz havası, saf suyu və ekoloji təmiz məhsulları, əlverişli iqlim şəraiti kənddə turizmin inkişafı üçün böyük imkanlar açmışdır. Kəndin təbii imkanları burada həm yay, həm də qış mövsümündə istirahət üçün əlverişlidir. Məhz bu cür təbii gözəlliklər nəzərə alınaraq kənddə Turizm və İstirahət Kompleksi tikilmişdir.

 

Yanvarın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ağbulaq Turizm və İstirahət Kompleksinə baxmış, bundan əvvəl verdiyi tapşırıqların icrası ilə maraqlanmışdır.

 

Məlumat verilmişdir ki, Turizm və İstirahət Kompleksində iki yaşayış, restoran və texniki-məişət binası tikilmişdir. Yaşayış binalarının hər biri iki mərtəbəlidir. Burada ayrı-ayrı hotel tipli otaqlar fəaliyyət göstərəcək, yüksək xidmət təşkil olunacaqdır.

 

Kompleksin restoran binası 2 hissədən ibarətdir. Burada mətbəx, restoran və kafe yerləşir. İnzibati hissədə kitabxana, tibb və iş otaqları istifadəyə veriləcək, burada ayrıca mağaza fəaliyyət göstərəcəkdir. Texniki-məişət binasında qazanxana və camaşırxana yerləşir. Həyətdə idman meydançası tikilmiş, açıq istirahət köşkləri və uşaq-əyləncə meydançaları yaradılmış, müasir işıqlandırma sistemləri quraşdırılmışdır. Burada uşaqlar üçün yay düşərgələri təşkil olunacaq, kompleks ilin bütün fəsillərində müasir ailəvi istirahət mərkəzi kimi fəaliyyət göstərəcəkdir.

 

Obyektə baxış zamanı qeyd olunmuşdur ki, hazırda turizm ən çox gəlir gətirən xidmət sahələrindən biridir. Müasir dövrdə turistlər ən çox kəndlərdə, təbiət qoynunda istirahətə üstünlük verirlər. Muxtar respublikanın zəngin kənd və sağlamlıq-müalicə turizm potensialı olan yaşayış məntəqələrində belə müasir infrastrukturun yaradılması turizm sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

 

Ali Məclisin sədri kompleksdə son tamamlama işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

 

 

Xalq qəzeti.- 2013.- 9  yanvar.- S. 2.