Azərbaycanın
beynəlxalq münasibətlər sistemində mövqeyi
getdikcə möhkəmlənir
2012-ci ildə xarici siyasət sahəsində
qazanılan uğurlar da bunu təsdiqləyir
Yenicə yola
saldığımız 2012-ci ildə baş verən hadisələr
bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər
sistemində fəal rol oynayır və ölkəmizin
dünya birliyindəki mövqeyi getdikcə güclənir.
Ölkəmizin
beynəlxalq aləmə sürətli inteqrasiyası Azərbaycanın kifayət qədər
güclü, qüdrətli, nüfuzlu dövlət
olduğunu təsdiqlədi. Dünyanın inkişaf etmiş dövlətlərinin də Azərbaycana böyük
etimad göstərməsi bu inkişafın təzahürü
idi. 2012-ci ildə qarşıya
qoyulan bütün planlar
reallaşdırıldı. Bunu həm ölkəmizin sürətli
iqtisadi inkişafında, həm də xarici siyasətdə
qazanılan uğurlarda, eyni zamanda
beynəlxalq aləmlə əməkdaşlığın
güclənməsində görmək mümkündür.
2012-ci
ilin ən önəmli siyasi hadisələrindən biri
ölkəmizin BMT kimi mötəbər
bir qurumun Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü statusuyla fəaliyyətə
başlamasıdır. Məlumat üçün qeyd edək
ki, 2011-ci ilin oktyabrında keçirilən səsvermədə
BMT üzvü olan 155 ölkənin səsini qazanan Azərbaycan
2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilib və
2012-ci il yanvarın 1-dən yeni statusda səlahiyyətlərinin
icrasına başlayıb. Qəbul olunmuş reqlamentə əsasən,
ölkəmiz ötən ilin
may ayında BMT-nin Təhlükəsizlik Şurasına
sədrlik edib. Azərbaycanın sədrliyi ilə keçirilən
iclaslarda Yaxın Şərqdə vəziyyət və nüvə
silahının yayılmaması, Balkanlarda son durum, Suriya
böhranının nizamlanmasına dair ciddi müzakirələr
aparılmış, BMT Təhlükəsizlik
Şurasının terrorçuluğa qarşı mübarizəyə
həsr olunmuş yüksək səviyyəli açıq
iclası keçirilmişdir.
Azərbaycanın
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsi ölkəmizin müstəqillik
tarixində qazandığı ən böyük diplomatik
uğurudur. Bu, müstəqil dövlətimizin həmin
nüfuzlu qurumla əməkdaşlığının yüksək səviyyədə
olmasının nəticəsidir. Azərbaycanın tarixinə
əbədi həkk olunmuş bu hadisə ölkəmizi dünya siyasətini müəyyən
edən 15 ölkədən birinə çevirdi.
Hazırkı çətin və mürəkkəb bir siyasi
şəraitdə respublikamıza qarşı öz
çirkin niyyətlərini həyata keçirmək istəyən
düşmən qüvvələrin
bütün cəhdlərinə baxmayaraq 193 BMT
üzvündən 155-i Azərbaycanı dəstəkləmişdir.
Bu fakt bir daha ölkəmizin beynəlxalq aləmdəki reytinqinin
artmasını və düşünülmüş xarici siyasətinin uğurla həyata
keçirildiyini təsdiqlədi.
BMT
Nizamnaməsinin 23-cü maddəsinə əsasən, Təhlükəsizlik
Şurası 5 daimi (Çin, Rusiya, ABŞ, Fransa və
Böyük Britaniya) və 10 qeyri-daimi üzvdən ibarətdir.
Qeyri-daimi üzvlərin seçimində seçkiyə
qoşulan ölkələrin beynəlxalq sülhün, təhlükəsizliyin
qorunmasına və BMT-nin digər məqsədlərinə
nail olunmasına dəstəyi nəzərə alınır.
Ölkələrin beynəlxalq münasibətlər sistemində
yeri və rolu, sülhün və təhlükəsizliyin
qorunmasına töhfəsi həlledici faktorlar kimi
götürülür. Siyasi
ekspertlərin fikrincə, Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv olması ölkəmiz
qarşısında böyük imkanlar
açmışdır.
Nizamnamənin
7-ci bölümünə əsasən, Təhlükəsizlik
Şurası sülhə təhlükə, sülhün
pozulması və təcavüz halları ilə bağlı
tövsiyələr irəli sürür, tərəflərdən
müvəqqəti tədbirlərin yerinə yetirilməsini tələb
edir, tam və ya qismən iqtisadi
sanksiyaların tətbiq edilməsi, bütün növ əlaqələrin
dayandırılması, diplomatik əlaqələrin kəsilməsi
ilə bağlı üzv dövlətlər
qarşısında məsələ qaldırır. 42-ci maddəyə
əsasən, tətbiq edilmiş sanksiyalar istənilən nəticəni
vermədikdə Təhlükəsizlik Şurasının qərarı ilə güc tətbiq
edilməsi barədə qərar qəbul edilə bilər. 45-ci
maddəyə görə, regional razılaşmaların yerinə
yetirilməsi üçün Təhlükəsizlik Şurasına məcburetmə
imkanları verilir. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri
tərəfindən işğal olunması faktını nəzərə alaraq, Azərbaycan
BMT tərəfindən qəbul edilmiş və bu günə
kimi icra olunmamış
dörd qətnamənin
yerinə yetirilməsi və Ermənistana qarşı məcburetmə
vasitələrinin tətbiq edilməsi üçün əlavə
imkanlar qazanır.
Azərbaycan
Prezidenti İlham Əliyev ölkəmizin belə bir
nüfuzlu quruma qeyri - daimi üzv seçilməsini çox
yüksək dəyərləndirərək müstəqil dövlətimizin bundan sonra da etibarlı və dost tərəfdaş
olacağını bəyan etmişdir. Nyu-Yorkda dövlətimizin
başçısının sədrliyi
ilə keçirilən BMT Təhlükəsizlik
Şurasının yüksək səviyyəli iclasındakı
nitqindən bir məqamı xatırlatmaq istərdik. Azərbaycan Prezidenti
həmin iclasda demişdir:
“Biz birmənalı olaraq Təhlükəsizlik
Şurasında sədrliyimiz zamanı böyük töhfəmizi
verəcəyik. Mən BMT-dəki bütün
dostlarımızı və üzv dövlətləri əmin
edə bilərəm ki, Azərbaycan bütün ölkələr
qarşısında etibarlı və dost tərəfdaş
olacaqdır. Biz əməkdaşlıq və tərəfdaşlığımızı
genişləndirmək istəyirik. Bu dəstəyə
görə çox minnətdarıq”.
Siyasi ekspertlər 2012-ci ili Azərbaycanın xarici siyasətində inkişaf xəttinin zirvəsi hesab
edirlər. Ötən il
dövlətimizin başçısının xarici səfərlərlə zənginliyi
ilə də yadda qalacaq. Azərbaycan Prezidenti məhz həmin
il on iki dəfə işgüzar və rəsmi dövlət
səfərlərində olmuş və bu səfərlər
zamanı imzalanan sənədlər ikitərəfli əməkdaşlığın
daha da möhkəmləndirilməsində mühüm əhəmiyyət
kəsb etmişdir. Azərbaycan Prezidentinin ötən ilin
yanvarından başlayaraq noyabra
qədər Rusiya Federasiyasına iki dəfə ,
İsveç, Almaniya Federativ Respublikası, Koreya, Çexiya
və ABŞ-a iki dəfə, Türkiyəyə, Londona,
Fransaya və Sinqapura səfərləri xüsusilə qeyd
edilməlidir. Bu səfərlər zamanı bir daha təsdiqlənmişdir
ki, Azərbaycan həm daxili siyasətində, həm də
xarici siyasətində təkcə region üçün
deyil, o cümlədən beynəlxalq aləm
üçün daim güclənən, reytinqini davamlı
olaraq yüksəldən,
nüfuzunu durmadan artıran bir
dövlət olub. Azərbaycanın inkişafı beynəlxalq
reytinq agentliklərinin
hesabatlarında da öz əksini tapıb. Bir sıra
hesabatlarda ölkəmizin adının birinci yerdə
olması həyata keçirilən xarici siyasətin parlaq
nümunəsidir. Onu da qeyd edək
ki, ötən il biz Cənubi
Amerika dövlətləri, Avstraliya, Cənubi Şərqi
Asiya dövlətləri ilə də yeni əlaqələr qurmuş və əməkdaşlıq
yaratmışıq. Məhz
bunun nəticəsidir ki, bu
gün Cənubi Qafqaz regionunda elə bir layihə, elə bir
hadisə yoxdur ki, Azərbaycan orada iştirak etməsin.
Ölkəmizin
razılığı, təşəbbüsü olmadan
regionda hər hansı bir layihənin reallaşdırılması
mümkün deyil. 2012-ci ildə baş verən hadisələr
bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər
sistemində fəal rol oynayır. Ötən il qarşıya
qoyulan bütün vəzifələrin layiqincə yerinə
yetirilməsi ölkəmizin dünya dövlətləri ilə
əməkdaşlığını daha da gücləndirmişdir.
Dövlətimizin
başçısı tərəfindən həyata keçirilən məntiqli xarici siyasət ölkəmizin
bir çox mühüm beynəlxalq tədbirlərə
yüksək səviyyədə ev sahibliyi etməsinə də
rəvac vermişdir. Dünyanın ən nüfuzlu təşkilatları
öz tədbirlərini məhz Azərbaycanda keçirməyə
üstünlük vermişlər. Bu da Azərbaycana dünya
miqyasında olan inam və etibardan irəli gəlmişdir.
Ötən il respublikamızda keçirilən beynəlxalq tədbirlərdə Avropanın, Amerikanın,
Asiyanın, ərəb ölkələrinin görkəmli
ictimai-siyasi xadimləri iştirak ediblər. Bəzi tədbirlərdə
hətta , onlarla keçmiş dövlət rəhbərləri,
Nobel mükafatı laureatları, dünyanın
tanınmış siyasətçiləri, dövlət və
hökumət rəhbərləri iştirak ediblər. Bu tədbirlər
ölkəmizin xarici və daxili siyasətini, mədəniyyətimizi,
dinlərarası dialoqu əhatə edib. Bunlarla yanaşı həmin
əhəmiyyətli tədbirlərdə bəşəriyyəti maraqlandıran,
bütövlükdə cəmiyyəti narahat edən müasir
dövrün problemləri də öz əksini tapıb. “Eurovision-2012" mahnı
müsabiqəsi, Krans Montana Forumu, Beynəlxalq Humanitar Forum,
dinlərarası dialoqla bağlı beynəlxalq konfrans və
bir çox digər tədbirlər xüsusi qeyd
olunmalıdır. Eyni zamanda,
yola saldığımız ildə Prezident İlham Əliyevin iştirakı ilə İqtisadi Əməkdaşlıq
Təşkilatının Zirvə görüşü də
Azərbaycanda keçirildi. Bütün bunların
hamısı Azərbaycanın
beynəlxalq münasibətlər sistemində
mövqeyinin güclənməsinin və beynəlxalq proseslərdə fəal
iştirakının təzahürüdür. Təbii ki, bu tədbirlərin məhz
Azərbaycanda keçirilməsi dövlət
başçısının yorulmaz fəaliyyətinin məntiqli
nəticəsidir.
Bundan
başqa, ölkəmizin ötən ilin fevralında Böyük İyirmilik Ölkələrinin
Meksikada keçirilən tədbirində, mart ayında isə
Koreya Respublikasının paytaxtı Seul şəhərində
təşkil olunan nüvə təhlükəsizliyi üzrə
zirvə toplantısında təmsil olunması da Azərbaycanın qüdrətindən,
dünyadakı nüfuzunun sürətlə artmasından xəbər
verir. Çünki həmin tədbirlərdə
dünyanın yalnız qüdrətli, inkişaf səviyyəsi çox
yüksək olan dövlətləri iştirak edirdilər. Ölkəmizin də həmin tədbirdə
təmsil olunması və həmin
dövlətlər arasında
yer alması dünya birliyində reytinqinin
artmasının nəticəsidir.
2012-ci ildə Ermənistanın təcavüzkar siyasətinin
daha geniş miqyasda tanınması və
işğalçı dövlətin azərbaycanlılara
qarşı törətdiyi soyqırımının
tanınması istiqamətində çox səmərəli
tədbirlər həyata keçirilmişdir. Bu da nəticəsiz
qalmadı. Belə ki, ötən il
Xocalı soyqırımının beynəlxalq aləmdə
tanınması baxımından uğurlu il olub. Yanvarın
31-də Meksika Senatı Xocalı soyqırımını rəsmən
tanımaq barədə qərar qəbul edib. Bu, Xocalı
soyqırımının xarici parlament tərəfindən
qanunvericilik aktı səviyyəsində tanınmasına dair
ilk faktdır. Latın Amerikasının ən böyük və
aparıcı dövlətlərindən birinin parlamenti tərəfindən
qəbul olunan bu qərarın ardınca dünyanın daha bir
nüfuzlu dövləti Xocalı soyqırımını rəsmən
tanıyıb. Fevralın 1-də Pakistan Senatı “Pakistan - Azərbaycan
münasibətləri” ilə bağlı dinləmələrdən
sonra “Azərbaycan Respublikasının ərazilərinin 20
faizinin işğalı və ermənilər tərəfindən
törədilmiş Xocalı soyqırımı” adlı qətnamə
qəbul edib. Qəbul olunan qətnamədə Senatın Xarici
Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının
Ermənistan tərəfindən işğalını və
26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri
tərəfindən Azərbaycanın Xocalı şəhərində
mülki əhaliyə qarşı törədilmiş
soyqırımı pisləyib. Sənəddə Ermənistan
işğalçı dövlət adlandırılıb və
BMT Təhlükəsizlik Şurasının Azərbaycanın
işğal olunmuş torpaqlarının qeyd - şərtsiz
azad olunması barədə qəbul
etdiyi qətnamələrin dərhal
yerinə yetirilməsi tələb
olunub.
2012-ci ilin ən yaddaqalan hadisələrindən
biri də ötən il təsis olunan Avropa Olimpiya Oyunlarının Bakıda
keçirilməsi barədə qərarın qəbuludur.
Avropa Olimpiya Komitəsinin 2012-ci il dekabrın 8-də Romada
keçirilən Baş Assambleyasında Avropa Olimpiya Oyunlarının təsis
olunması və bu turnirin 2015-ci ilin mayında Bakıda
keçirilməsi barədə qərar qəbul edilib. Qeyd edək
ki, Avropa Olimpiya Oyunları 13
idman növü üzrə keçiriləcək. Bu
idman növlərinin sayının artırılması
da nəzərdə tutulur.
Ümumilikdə,
2012- ci il ölkəmiz üçün böyük əhəmiyyət
kəsb edən siyasi hadisələrlə yada qalacaq. Təbii
ki, bütün bunlar dövlətimizin başçısı
tərəfindən həyata keçirilən uğurlu xarici
siyasətin məntiqi nəticəsidir. Məhz buna görə
də hazırda Azərbaycan əhalisinin
böyük bir hissəsi - 80-90 faizi Prezident İlham Əliyevin
tutduğu yolu dəstəkləyir, bu yolun dövlətimizi
inkişafa, tərəqiyyə, dünya birliyində mövqelərinin
daha güclü olmasına doğru,
xalqımızı daha parlaq gələcəyə
apardığını görür. Bütün bunlar təbii ki, 2020-ci ilə
hesablanmış böyük inkişaf mərhələsinin
başlanğıcı olacaq.
Əliqismət Bədəlov
Xalq qəzeti.- 2013.- 9 yanvar.- S. 1.