Mübarizələrdə
keçən alim ömrü
ADPU-nun akt zalında
böyük canlanma var idi. Respulikanın
elm və mədəniyyət xadimləri,
Pedaqoji Universitetin
professor-müəllim heyəti Azərbaycan elminin
inkişafında böyük xidməti olan görkəmli alim,
Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, tarix
elmləri doktoru, professor
Süleyman Abbas oğlu Məmmədovun anadan
olmasının 80, elmi-pedaqoji fəaliyyətinin
50 illiyini qeyd etməyə
toplaşmışdı.
Uşaqlıq və gənclik illərini Qərbi
Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində keçirən Süleyman müəllim 5 yaşında ikən
atası repressiya qurbanı olmuşdur. O, anası Fizzə xanımın, əmisi
İbrahim və qardaşı Hüseynin himayəsində yaşamış,
həyatın ağır sınaqlarına sinə gərməli
olmuşdur. Ata qayğısına və sığalına ehtiyac duyan kiçik
Süleyman dərsdən sonra
meşədən odun qırmış, təsərrüfat
işlərində çalışmış, yarıac,
yarıtox yorğun halda
evə qayıdandan sonra dərslərini
hazırlamış, bəzən də kitab
sinəsində yuxuya getmişdir.
Bu da azmış kimi,
müharibənin başlanması yeniyetmə Süleymanın
qayğılarını birə-beş artırmış, yoxsulluq yükünü
çəkmək üçün buğda və arpa zəmilərində başaq
yığmış, mal-qara üçün qışa ot-alaf toplamış, bir
sözlə, böyüklərlə bilrlikdə qaş qaralana qədər
işləmişdir.
Süleyman
Məmmədov öz kəndlərində
yeddiillik məktəbi, Xalisadan 3 kilometr aralıda yerləşən
qonşu Avşar kəndində səkkizillik məktəbi
bitirərək 1948-ci ildə İrəvandakı Azərbaycan
Pedaqoji Məktəbinə daxil olmuşdur.
Lakin
texnikumdakı tələbə həyatı da Süleyman
müəllimin üzünə gülmür. Keçmiş SSRİ Nazirlər Sovetinin “Ermənistan
SSR-də kolxozçuların və başqa
azərbaycanlı əhalinin Azərbaycan SSR-in
Kür-Araz ovalığına
köçürülməsi haqqında” bədnam qərarı
ilə 1949-ci ildə pedaqoji məktəb
Azərbaycanın Xanlar şəhərinə
köçürülmüşdür.
Nəhayət, bütün çətinliklərə
baxmayaraq, S.Məmmədov 1951-ci ildə Xanlar Pedaqoji Məktəbini
fərqlənmə diplomu ilə bitirərək
həmin ildə imtahansız Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə
qəbul olunmuşdur. Ancaq
kasıbçılıq ona təhsilini davam etdirməyə imkan
verməmiş, təhsilini yarımçıq qoyaraq yeddiillik məktəbdə
müəllim işləmişdir. 1952-1954-cü illərdə
Ukraynada və Rostov
vilayətində hərbi xidmətdə olmuşdur.
Ali təhsil almağı bir
an da olsa
yaddan çıxarmayan Süleyman
müəllim hərbi xidmətdən
qayıtdıqdan sonra Azərbaycan Dövlət
Universitetində təhsil almışdır. Həyatını
elmə bağlayan gənc Süleyman
1959-cu ildə Azərbaycan EA Tarix İnstitutunun orta əsrlər
tarixi şöbəsində baş laborant kimi əmək fəaliyyətinə
başlamışdır, o, erməni millətçilərinin
xalqımıza olan qərəzli
münasibətinin canlı şahidlərindəndir. Oxuduğu kitablardan və dövri mətbuatla
tanışlıqdan yəqin etmişdi ki, “Böyük Ermənistan”
xülyası ilə yaşayan erməni
kilsə xadimləri və xronikaçıları həmişə
Azərbaycan ərazisini özlərininki hesab
edir, sosial-iqtisadi və
mədəni həyatına aid xəbərləri,
habelə orada baş
verən siyasi hadisələri
təfsilatı ilə qələmə almağa
çalışırlar.
Çıxış yolunu
xalqımızın tarixinə aid
faktları araşdırıb elmi dövrəyə
salmağı vacib bilən Tarix İnstitutunun rəhbərliyi
gənc tədqiqatçı kimi Süleyman müəllimdən erməni qaynaqları
üzrə tarixçi-mütəxəssis hazırlamağı qərara
alır. Ona keçmiş
APİ-nin dosenti, qədim
erməni dili mütəxəssisi Xoren Mesropyanın yanında qədim erməni dilini öyrənilməsi üçün
lazımi şərait yaradılır. Süleyman
Məmmədov özü də erməni dilini dərindən öyrənməyə və
qaynaqlara bilavasitə müraciət etməyə
həvəs göstərir. Elə bu məqsədlə
1960-cı ildə Azərbaycan EA Tarix İnstitutu onu Ermənistan
EA H.Acaryan adına Dilçilik
İnstitutuna göndərir. O, burada Ruben Hovannesiyanın
rəhbərliyi altında iki il qədim erməni dili
üzrə təhsil alır. Təhsil illərində
İrəvandakı Matenadaranda (Əlyazmalar
Fondu) akademiyanın, universitetin
və şəhərin kitabxanalarında, həmçinin
arxivlərdə Azərbaycana aid olan materiallarla
tanış olur. İki
ildən sonra Bakıya qayıdıb Azərbaycan
EA Tarix İnstitutunun orta əsrlər tarixi
üzrə məqsədli aspiranturasına imtahan
verir, aspiranturaya qəbuldan
dərhal sonra institut
onu Ermənistan EA Tarix
İnstitutuna göndərir. O, burada akademik
S.T.Yeremiyanın rəhbərliyi altında “XVII əsrin ikinci yarısı – XVIII əsrin birinci otuzilliyində Azərbaycanın sosial-iqtisadi və siyasi həyatı”
adlı namizədlik dissertasiyası üzərində işləyir.
S.Məmmədov dissertasiyasında irəli sürdüyü
orta əsr Azərbaycan tarixinə aid müddəalar
erməni alimlərinin müqaviməti ilə
qarşılaşsa da, ilkin
rus və erməni qaynaqları əsasında
həqiqəti sübut edə bilir. 1982-ci ilin əvvəlində
isə Süleyman müəllim doktorluq işini müdafiəyə
təqdim edir. “Sapı
özümüzdən olan baltalar” əsəri “uzun
müddət müzakirə etdikdən və sırf mənbəşünaslıq
olduğuna görə” Müdafiə
Şurasının profilinə uyğun gəlmədiyini
bəhanə edərək ilyarımdan sonra
kənardan mütəxəssislərin cəlb edilməsini təklif
edirlər. Fikirlərinin doğruluğuna
əmin olan Süleyman
müəllim problem üzrə
aparıcı mütəxəssislərin
razılığını aldıqdan sonra
SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya
Komissiyasına müraciət edir. S.Məmmədov
mülahizələrini faktiki sənədlərlə
sübut edərək 1983-cü il martın 23-də Elmi Şurada dissertasiyasını uğurla
müdafiə edir.
S.Məmmədov 1986-cı ildən APİ-də Azərbaycan tarixi kafedrasının professoru, 1989-cu ildən həmin kafedranın müdiridir. Professor S.Məmmədov 18 ildir Təhsil Nazirliyi nəzdində tarix üzrə fəaliyyət göstərən Elmi Metodik Şuranın, 15 ildir Ali Attestasiya Komissiyası tarix bölməsi Ekspert Şurasının üzvüdür. Onun rəhbərliyi ilə 20 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda 10 nəfər aspirant və dissertantı Azərbaycanın orta cağlar dövrünün müxtəlif istiqamətləri üzrə axtarışlarını davam etdirir.
Professor
S.Məmmədov 10 il APİ-də
ixtisaslaşdırılmış Müdafiə
Şurasının elmi katibi, 5 il BDU tarix fakültəsinin nəzdindəki
ixtisaslaşdırılmış Dissertasiya
Şurasının həmsədri, 5 il Respublika Problemləri İnstitutu və AMEA
Tarix İnstitutunun nəzdindəki müdafiə
şuralarının üzvü kimi yüzlərlə əsərin
rəsmi opponenti, redaktoru və rəyçisi olmuşdur.
Professor
S.Məmmədov medievist-mənbəşünas alim kimi bir
çox regional və beynəlxalq konfransların
iştirakçısı olmuşdur. S.Məmmədov 10
cildlik ASE-nin və
Naxçıvan ensiklopediyasının, əlavə 2 cildlik Naxçıvan ensiklopediyasının
müəlliflərindən, AMEA-nın nəzarəti ilə
hazırlanan ASE “Xüsusi
cild”inin məsləhətçilərindən
biridir. Onun müəllifi olduğu
“Avropalı səyyahlar Osmanlı imperatorluğu
və Azərbaycan haqqında (XIII-XIV yüzillər)” (Ankara, 2000), “Karakoyunlular və
Batı Azərbaycan”, “Yeni Türkiyə”
dərgisi (Ankara, 2003), “Tarixdə erməni
terroru (Birinci Dünya Müharibəsi illərində)”,
“Uluslararası türk - erməni
ilişkiləri” (İstanbul, 2003),
“Kitabi-Dədə Qorqud dastanlarının
tarixi-coğrafi arealı”, “Türk dünyasına baxışlar” (İstanbul, 2003)
kitabları türk dünyasında maraqla qarşılanmışdır.
S.Məmmədov
irili-xırdalı 400-ə qədər əsərin, o
cümlədən 5 monoqrafiyanın, dərsliyin, 15 dərs vəsaiti
və proqramın müəllifidir. O, 2009-cu ildə AMEA
A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan, rus və
ingilis dillərində çap etdirdiyi “İrəvan
xanlığı” tarixinin əsas müəlliflərindən
biri kimi Dövlət Mükafatına layiq görülmüşdür.
Professor
S.Məmmədov tarixçi alim kimi öz dəsti-xətti
olan tədqiqatçı, respublikada qədim erməni dili
üzrə yeganə mütəxəssisdir. Onun iki əsəri-
“XVII əsrin II yarısı-XVIII əsrin birinci otuzilliyində
Azərbaycanın sosial-iqtisadi həyatı” (1977) və “Azərbaycan
XV-XVIII əsrin I yarısı qaynaqlarında” (1993) Nyu York
Konqress Akademiyasının kataloquna salınmışdır.
S.Məmmədov Tanrının ona verdiyi ömrün 80 illlik zirvəsindədir. Bu zirvə həm də elmi yüksəlişin zirvəsi hesab oluna bilər. Hər iki zirvəni birgə fəth etmək hər kəsə nəsib olmur. Süleyman Məmmədov bu haqqı həyatı və əməlləri ilə qazanmışdır.
Mais ƏMRAHOV,
ADPU Türk və
Şərqi Avropa
xalqları tarixi və tarixin tədrisi
metodikası kafedrasının
professoru,
tarix elmləri doktoru
Hacı HƏSƏNOV,
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutu yeni
tarix şöbəsinin
müdiri,
Dövlət
Mükafatı laureatı,
tarix üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2013.-10 yanvar.- S. 6.