Regionların sosial-iqtisadi inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir

 

Azərbaycanda xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. Bu baxımdan son illərdə regional inkişafqeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış  tədbirləri xüsusi vurğulamaq olar.

 

Əvvəlcə xatırladaq ki, regionlarda aqrar sahə  keyfiyyətcə yeni inkişaf  mərhələsinə  qədəm  qoymuş,  respublikamızda ərzaq  təhlükəsizliyinin yaradılması  prosesində  mühüm uğurlar  əldə edilmişdir. Bu da təsadüfi  deyil.  Çünki ölkəmizin  bazar iqtisadiyyatı  sisteminə  transformasiyası  ilk əvvəl aqrar  sahədən  başlamış,  kənd təsərrüfatında  90-cı  illərin əvvəllərində  özünü qabarıq büruzə verən tənəzzül meylləri dayandırılmış,  iqitsadi  artıma və inkişafa nail olunmuşdur. Şübhəsiz ki, bunun da regionların sosial-iqtisadi simasının dəyişməsində mühüm rolu danılmazdır.

Hazırda  Azərbaycanın regionlarında yolların, su xətlərinin çəkilməsi, qazlaşdırma, elektriklə təchizat və digər infrastruktur layihələri sürətlə həyata keçirilir. Bu isə təbii ki,  əhalinin rifah halının  yaxşılaşmasına öz müsbət təsirini göstərir.

Regionların inkişafı, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft sektorunda dinamik artım müşahidə olunur.Elə buna görə də son 9 ildə ölkə iqtisadiyyatının həcmi təqribən 3 dəfə artmışdır. Tərəqqiyə, dirçəlişə şübhəsiz ki, regionların inkişafına yönəldilmiş proqramların icrası da təkan vermişdir. Yerlərdə sahibkarlara dövlət dəstəyi nəticəsində özəl sektor xeyli inkişaf etmişdir. Bu gün iqtisadiyyatın 85 faizdən çoxu məhz özəl sektorda cəmləşmişdir.

Dövlət başçımız regionların inkişafı ilə bağlı  demişdir: “Bölgələrdə regional inkişaf proqramı uğurla icra edilir...Azərbaycanda hər həftə yeni müəssisə, yeni fabrik və yeni zavod tikilir, insanların məşğulluğu artır. Regionlarda gedən quruculuq-abadlıq işləri artıq ənənəvi xarakter daşıyır. Mən bölgələrdə mütəmadi qaydada oluram və hər dəfə yenilikləri görəndə çox sevinirəm. Deyə bilərəm ki, rayonlar arasında sağlam rəqabət gedir. Həm rayon rəhbərləri, eyni zamanda, ictimaiyyət, əlbəttə, hər bir rayon sakini istəyir ki, onun rayonu daha da gözəl, abadinkişaf etmiş olsun. Bizbu meyilləri gücləndiririk və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin mütləq əksəriyyəti bölgələrin inkişafına yönəldilibdir”.

Yuxarıda qeyd etdiyimiz fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin sonlarında regionlara səfərləri zamanı  ictimaiyyətin nümayəndələri ilə görüşləri zamanı etdiyi çıxışlarda öz ifadəsini tapmışdır. Xatırladaq ki,  dövlət başçımız  2012-ci ilin dekabrın 15-də Füzuli rayonuna səfəri çərçivəsində Horadiz şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatının inzibati binasının, Horadiz Şəhər Mədəniyyət  Sarayının və Horadiz Şahmat Məktəbinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Füzuli Su Elektrik Stansiyasının istifadəyə verilməsi mərasimində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlət başçısına məlumat vermişdir ki, stansiya Baş Mil kanalı üzərində 14 hektar ərazidə inşa olunmuşdur. Stansiyanın ümumi gücü 25,2 meqavatdır. Su elektrik stansiyası Füzuli rayonundakı 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə birləşdiriləcək və sistemlə paralel rejimdə işləyəcəkdir.

Stansiyanın tikintisi Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli Əlavəyə əsasən həyata keçirilmişdir. Stansiyanın təməlini 2008-ci ildə Füzuliyə səfəri çərçivəsində Prezident İlham Əliyev qoymuşdur. Tikinti işləri yerliAzenco” şirkəti tərəfindən həyata keçirilmişdir.

Prezident İlham Əliyev  rayon ictimaiyyətinin nümayəndələri və energetikləri ilə görüşündə demişdir ki, stansiya son illər ərzində Azərbaycanda tikilən ən böyük su elektrik stansiyasıdır. Gücü 25 meqavatdır və Füzuli rayonunun enerjiyə olan tələbatının bir hissəsini ödəyəcəkdir. Stansiyanın əhəmiyyəti ondan ibarətdir ki, bu, su elektrik stansiyasıdır. Burada istehsal olunan enerjinin qiyməti də aşağıdır. Eyni zamanda, bu stansiya vaxtilə işğal edilmiş ərazidə yaradılmışdır. Bu da stansiyanın əhəmiyyətini böyük dərəcədə artırır. Erməni işğalçı qüvvələri Füzuli rayonunu işğal etmişlər. Ancaq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu rayonun bir hissəsini işğalçılardan azad etmişdir. Artıq bu ərazilərdə böyük quruculuq-abadlıq işləri aparılır, evlər tikilir, binalar bərpa edilir, sənaye müəssisələri yaradılır.

Dövlət başçımız daha sonra vurğulamışdır ki, yeni stansiyanın işə salınması əslində Azərbaycanda bu sahədə görülən işlərin təzahürüdür. Çünki son illər ərzində ölkəmizdə elektrik enerjisi ilə bağlı bütün məsələlər yüksək səviyyədə öz həllini tapmışdır. 1500 meqavat yeni güclər yaradılmış və beləliklə,  Azərbaycan öz enerji təhlükəsizliyi məsələlərini tam şəkildə həll etmişdir.

Ölkə Prezidenti bildirmişdir ki, əvvəllər biz elektrik enerjisini idxal edirdik. İndi isə biz qonşu ölkələrə - Türkiyəyə, Gürcüstana, İrana, Rusiyaya elektrik enerjisini ixrac edirik. Yəni, biz bu sahədə ciddi dönüş yarada bilmişik. Bu gün bütün bölgələrdə elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Yeni tikilən və tikilməkdə olan stansiyalar bizə imkan verəcək ki, bu sahədə əldə edilmiş uğurları artıraq.

Prezident İlham Əliyev  rayon ictimaiyyətinin nümayəndələri və energetiklərlə görüşündə ölkə iqtisadiyyatının dinamik inkişafının bəzi məqamlarına  toxunmuşdur. Bildirmişdir ki, bütün beynəlxalq kredit reytinqləri böhranlı illərdə Azərbaycanın iqtisadi göstəricilərini yüksək qiymətləndirirlər, iqtisadiyyatımız rəqabət qabiliyyətli, dayanıqlı iqtisadiyyatdır. Biz iqtisadi siyasətdə ancaq daxili imkanlara arxalanırıq. Bizi bəzi başqa ölkələrdən fərqləndirən cəhət məhz  ondan ibarətdir ki, xarici dövlət borcumuz çox aşağı səviyyədədir. Biz yalnız Azərbaycanın daxili imkanlarını səfərbər edərək  öz iqtisadi gələcəyimizi qururuq. Bu sahədə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılmış addımlar bizə imkan verir ki, bu gün iqtisadiyyat enerji sektorundan daha az asılı olsun. Artıq 2012-ci il başa çatır. Bu ilin yekunları da bunu göstərir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faizə yaxın artıb. Bu da dünya miqyasında, xüsusilə böhranlı illərdə çox yüksək göstəricidir.

Prezident İlham Əliyev Füzuli rayonuna səfərdən bir neçə gün sonra dekabrın 20-də Qusar rayonunda olmuş, Şahdağ qış-yay turizm kompleksinə daxil olan “Qaya” və “Zirvə” otellərinin açılışında iştirak etmiş,  “Şahdağ Resort SPA” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

 Prezident İlham Əliyev səfər çərçivəsində  Qusar-Ləzə avtomobil yolunun açılışında da iştirak etmişdir. Burada dövlət başçısına məlumat verilmişdir ki, Şahdağ qış-yay turizm kompleksinin tikintisi zamanı yol infrastrukturunun yenidən qurulmasına da xüsusi diqqət yetirilmişdir. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Şahdağ qış-yay turizm kompleksinə gedən avtomobil yolu genişləndirilmiş, körpülər salınmış, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilmişdir. Görülən tədbirlər ilin bütün fəsillərində turistlərin kompleksə gediş-gəlişini asanlaşdırmışdır.

Xatırladılmışdır ki,  yolun inşasına Nəqliyyat Nazirliyinin sifarişi ilə 2007-ci ildə başlanılmışdır. İkizolaqlı yolun uzunluğu 39 kilometr, eni 8 metrdir. Yol üzərində ümumi uzunluğu 318 metr olan 8 körpü inşa olunmuşdur.

Prezident İlham Əliyevə “Qusar-1” kiçik su elektrik stansiyasının açılışında məlumat verilmişdir ki, Urva kəndi yaxınlığındakı Cağar derivasiya tipli kanal üzərində inşa olunan xüsusi hovuzdan götürülən su borular vasitəsilə stansiyaya ötürülür. Müasir avadanlıqla təchiz olunan stansiya tam kompyuterləşdirilmiş və texnoloji proses avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Bu məqsədlə binada ayrıca idarəetmə mərkəzi yaradılmışdır. Mərkəz həm elektrik enerjisinin alınması prosesini həyata keçirir, həm də baş verə biləcək nasazlıqları əvvəlcədən qeydə alaraq müvafiq tədbirlərin görülməsi üçün xəbərdarlıq edir.

Qeyd olunmuşdur ki, təməli Prezident İlham Əliyevin 2010-cu ilin avqustunda Qusara səfəri zamanı qoyulan su elektrik stansiyasında ümumi gücü bir meqavat olan üç hidroturbin və hidrogenerator quraşdırılmışdır. Ərazidə 10 kilovoltluq yarımstansiya və elektrik verilişi xətləri qurulmuşdur. Stansiya ildə 5 milyon kilovat/saat elektrik enerjisi istehsal etmək imkanına malikdir.

 Dekabrın 24-də isə  Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binasının açılış mərasimində iştirak etmişdir. Prezident İlham Əliyev mərasimdəki çıxışında demişdir ki, bu, doğrudan da çox böyük hadisədir. İlin sonunda biz soydaşlarımızı yeni gözəl mənzillərlə təmin edirik. Son illər ərzində şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına beş minə yaxın mənzil verilmişdir. Növbədə duranlar hələ vardır. Təqribən iki mindən çox ailə hələ növbədə dayanır. Onların məişət problemləri yaxın 3-4 il ərzində həllini tapacaqdır. Beləliklə, biz bu proqramı 3-4 ildən sonra başa çatdıracağıq.

Bu mənzillərin verilməsi və binaların tikilməsi deyə bilərəm ki, çox nadir bir hadisədir. Çünki bildiyimə görə, postsovet məkanında Azərbaycan yeganə ölkədir ki, bu istiqamətdə belə güclü sosial siyasət aparır. Minik maşınlarının verilməsinə gəldikdə isə, bütövlükdə Azərbaycandan başqa, heç bir yerdə belə təşəbbüslər irəli sürülmür. Bu günə qədər bizim 3500-dən çox vətəndaşımız dövlətdən maşınları hədiyyə olaraq almışdır.

Dövlət başçımız daha sonra demişdir: “Azərbaycan bu istiqamətdəki dövlət siyasətini bundan sonra da davam etdirəcəkdir. Bizim güclü sosial siyasətimiz bütün sahələrdə özünü göstərir. İldən-ilə artan maaşlar, pensiyalar, ünvanlı sosial yardımın həcminin artırılması, eyni zamanda, bu il sovet dövründən qalmış əmanətlərin kompensasiya şəklində vətəndaşlara qaytarılması - bütün bunlar bizim nə qədər güclü sosial siyasətə malik olduğumuzu göstərir. Eyni zamanda, Vətən uğrunda, torpaq uğrunda şəhid olmuş insanların ailələrinə, sağlamlığını itirmiş soydaşlarımıza mənzillərin verilməsi də bizim dövlət siyasətimizin nə qədər düzgün olduğunu göstərir”.

Dövlət başçımızın son səfərləri bir daha göstərdi ki, regionların sosial-iqtisadi inkişafı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində infrastruktur təminatı yaxşılaşmış, sahibkarlıq fəaliyyəti üçün imkanlar daha da genişlənmiş, bölgələrimizin siması dəyişmiş və investisiya cəlbediciliyi artmışdır. Bu da regionlarda rəqabət qabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasına əlverişli  şərait yaratmışdır. Bölgələrdə istehsal olunan bir çox məhsullarımız artıq AvropaAmerika bazarlarına ixrac olunur ki, bu da bütövlükdə qeyri-neft ixracını artırmışdır.

 

 

Bayramov Vaqif

 

Xalq qəzeti.- 2013.- 10 yanvar.- S. 3.