Neft strategiyasının uğurları ölkə iqtisadiyyatının şaxələndirilməsinə geniş imkanlar yaradır

 

Azərbaycan Respublikasının müstəqillik dövrünün uğurlarla zəngin daha bir ili tarixə düşdü. Yola saldığımız 2012-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafı davam etmiş, ölkəmiz regionda lider dövlət olaraq mövqeyini bir qədər də möhkəmləndirmişdir. Bütövlükdə isə ötən il dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısına çevrilmiş Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiyası bir qədər də sürətlənmiş, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu xeyli xeyli artmışdır.

 

Təsadüfi deyil ki, ötən il bir sıra nüfuzlu büynəlxalq təşkilatlar Azərbaycanda gedən inkişaf prosesini yüksək qiymətləndirmiş, ölkəmizin kredit reytinqini əhəmiyyətli dərəcədə  yaxşılaşdırmışlar.   Məlum olduğu kimi, ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun ilbəil artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının müstəsna əhəmiyyəti olmuşdur. Belə ki, “Əsrin müqaviləsi” çərçivəsində ilk neftin çıxarılması Azərbaycanda neft hasilatının sürətli  inkişafına təkan verməklə yanaşı, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə imkan yaratmışdır. Yola saldığımız 2012-ci ildə “Çıraq” yatağından ilkin neftin hasil olunmasının 15-ci ildönümü tamam oldu. Bu tarix Azərbaycanın neft sənayesi üçün olduqca əlamətdar bir dövrdür.  Çünki məhz həmin dövrdə ölkə üzrə neft hasilatı  təqribən 4,9 dəfə artaraq 1997-ci ildəki  9 milyon tondan  2012-ci ildə  43,9 milyon tona çatdırılmışdır. Azərbaycanda ən yüksək illik neft hasilatı isə 2010-cu ildə qeydə alınmışdır. Xatırladaq ki, həmin il Azərbaycanda 50,7 milyon ton neft çıxarılmışdır ki, bu da ölkəmizin neft sənayesinin tarixində rekord göstərici hesab olunur. Bütövlükdə isə ötən illər ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan təxminən 290 milyon ton neft və 76 milyard  kubmetr  qaz  hasil edilmişdir.

Özünün zəngin karbohidrogen ehtiyatlarına söykənən Azərbaycan Respublikası bu sahədə müstəqil siyasət yeridərək təbii sərvətlərini dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sisteminin qurulmasına nail olmuşdur. Bu da ölkəmizin enerji təhlükəsizliyini təmin etmiş,  Avropa və digər uzaq ölkələrin enerji təminatı istiqamətində yeni perspektivlər açmışdır.  Xam neftin şimal istiqaməti üzrə ixracını nəzərdə tutan Bakı-Novorossiysk kəməri  ilə yanaşı, 1999-cu ildə Bakı-Supsa, 2006-cı ilin mayında isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərləri istifadəyə verilmişdir. Xatırladaq ki, XX1 əsrin ən nəhəng neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan boru kəməri artıq neçə ildir, dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində uğurla fəaliyyət göstərir. İllik ötürücülük qabiliyyəti 60 milyon ton olan bu kəmərlə hazırda sutkada 1,2 milyon barel Azərbaycan nefti Aralıq dənizi vasitəsilə dünya bazarına çıxarılır. Onu da deyək ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri  istifadəyə veriləndən ötən ilin sonlarınadək dünya bazarına 200 milyon tona yaxın Azərbaycan nefti çıxarılmışdır. Bundan əlavə, adı çəkilən kəmərlə indiyədək 6  milyon tondan artıq  Türkmənistan nefti nəql edilmişdir.

Son illər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən neft hasilatının sabitləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. 2013-cü ildə isə Dövlət Neft Şirkətinin  qarşısında duran  prioritet məsələ  neft hasilatının artırılması ilə bağlı olacaq. Bu barədə jurnalistlərə açıqlama verən Dövlət Neft Şirkətinin  prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, “Əsrin müqaviləsi” çərçivəsində neft hasilatının sabitləşdirilməsi və gələcəkdə artırılması ilə bağlı layihənin operatoru olan bp şirkəti ilə danışıqların  davam etdirilməsi ilə yanaşı, ARDNŞ-in hasil etdiyi neftin həcminin artırılmasına da xüsusi diqqət yetiriləcək. Artıq bununla bağlı şirkətin hasilat və planlaşdırma qurumlarına müvafiq tapşırıqlar verilib, hasilatın artırılması üçün hazırlıqlara başlanıb. Bu məqsədlə, ilk növbədə, müasir texnologiyalardan istifadə etməklə köhnə yataqlarda neft hasilatının artırılmasına nail olunması nəzərdə tutulur.

Ötən il Azərbaycan qaz hasilatı sahəsində daha bir uğura imza atmışdır. Belə ki, il ərzində ölkə üzrə 27,9 milyard kubmetr qaz hasil edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur. Bu artımın başlıca səbəbi “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində qaz hasilatının uğurla davam etdirilməsi ilə bağlıdır. Yeri gəlmişkən, Azərbaycan 2006-cı ildən etibarən dünyanın dəniz akvatoriyaları üzrə  ən iri qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağının işlənməsi layihəsi üzrə aparılmış işlər nəticəsində beynəlxalq bazarlarda özünü həm də yeni, alternativ təbii qaz mənbəyi,  etibarlı “mavi yanacaq” təchizatçısı kimi təqdim etməyi bacarmışdır. Qısa müddətdə Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilmişdir. Xatırladaq ki,  “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon  kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmindədir. 2012-ci ildə “Şahdəniz” yatağından 7 milyard kubmetrdən artıq qaz və təqribən 2,5 milyon ton kondensat hasil olunmuşdur. Hasilata başlanıldığı vaxtdan indiyədək isə bu yataqdan təqribən 37 milyard kubmetr qaz və 9,5 milyon ton kondensat çıxarılmışdır.

Artıq layihənin ikinci mərhələsinə hazırlıq işləri yekunlaşmaq üzrədir. Hazırlanmış inkişaf konsepsiyasına əsasən, əlavə hasilat ildə minimum 16 milyard kubmetr səviyyəsinə çatdırılmalı, bunun üçün 30 hasilat quyusu istismara verilməli, yeni platforma və kommunikasiya sistemi tikilməlidir. İkinci mərhələ üzrə ilk qazın alınması isə 2017-ci ilə proqnozlaşdırılır.

Yeri gəlmişkən, son illər bütün dünyada təbii qaza tələbat xeyli artmışdır. Məhz buna görədir ki, Azərbaycanda qaz hasilatının yüksəldilməsi istiqamətində ciddi işlər görülür. Təkcə onu qeyd etmək kifayətdir ki, 2004-2012-ci illərdə ölkə üzrə qaz hasilatı ilbəil artırılaraq, 5,5 milyard kubmetrdən 27,9 milyard kubmetrə  çatdırılmışdır.

 “Şahdəniz-1" layihəsi üzrə hasil olunan qazın Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə istismara verilmiş Cənubi Qafqaz qaz boru kəməri də il ərzində uğurla fəaliyyət göstərmişdir. Məlumat üçün bildiririk ki, adı çəkilən kəmərin ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetrdir. 2012-ci ilin doqquz ayı ərzində Cənubi Qafqaz boru kəmərinin gündəlik ötürücülük qabiliyyəti 11,1 milyon kubmetr təşkil etmişdir.

2012-ci ildə Azərbaycanın qaz təsərrüfatında baş vermiş ən əlamətdar hadisə isə, heç şübhəsiz, “Ümid” yatağının istismara verilməsi ilə bağlı olmuşdur. Xatırladaq ki, Dövlət Neft Şirkətinin öz gücü ilə işlənməyə cəlb etdiyi bu yataqda qazılmış 10 saylı ikinci quyu ötən ilin iyun ayında mənimsənilmiş və işə salınmışdır. Quyunun gündəlik istehsal gücü 1,2 milyon kubmetr qaz və 150 ton kondensat təşkil edir. Alınmış nəticələr “Ümid” yatağının böyük karbohidrogen ehtyatlarına malik olduğunu bir daha əyani şəkildə sübut etmişdir. Məlumat üçün bildiririk ki, hazırda bu ehtiyatlar 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Təqribi hesablamalara görə isə, “Ümid” yatağının ehtiyatları Azərbaycanın yüz illik daxili tələbatını ödəməyə kifayət edər. Ötən müddətdə, həmçinin “Ümid” platformasını ölkənin qaz kəmərləri sistemi ilə birləşdirmək məqsədilə yeni kəmər çəkilmiş və ölkə neftçilərinin peşə bayramı ərəfəsində istismara verilmişdir. Yeri gəlmişkən, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf olunmuş ilk yataq kimi “Ümid”də qazanılmış bu nailiyyət Azərbaycan neftçilərinin daha bir mühüm uğuru kimi tarixə düşmüşdür. Yaxın illərdə isə Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz yatağı da işlənməyə cəlb ediləcək. Bununla da, Azərbaycanda qaz hasilatı kəskin şəkildə artacaq. Dəqiqləşdirilmiş ən son məlumatlara görə, ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir.  Bu isə hazırda dünya miqyasında kifayət qədər yüksək rəqəmdir və ölkəmizin zəngin potensialını əks etdirir. Göründüyü kimi, yeni yataqların açılması ilə Azərbaycanın etibarlı qaz ixracatçısı kimi strateji əhəmiyyəti  ilbəil artır. Hazırda ölkəmiz Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstanın qaz təminatında mühüm rol oynayır. Hazırda Azərbaycan qazının uzunmüddətli sazişlər əsasında Avropa Birliyi ölkələrinə ixracı üçün əlverişli variantlar araşdırılır.

Yola saldığımız 2012-ci ildə Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində daha bir uğurlu addım atılmışdır. Bu, ölkəmizin zəngin qaz ehtiyatlarının dünya bazarına çıxarılmasını nəzərdə tutan Trans-Anadolu qaz kəmərinin inşasına dair Azərbaycan-Türkiyə ikitərəfli sənədlərin imzalanmasıdır. Xatırladaq ki, “Cənub enerji dəhlizi” layihəsinin əsasını təşkil edəcək TANAP Türkiyə və Avropa istehlakçılarını Azərbaycan qazı ilə təchiz etmək məqsədi daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri  Rəcəb Tayyib Ərdoğanın birgə təşəbbüsü və siyasi qətiyyəti nəticəsində qısa bir müddətdə beynəlxalq birliyin enerji gündəmində möhkəm qərarlaşmış TANAP layihəsi nəinki iki qardaş ölkə arasında strateji əməkdaşlığı yeni səviyyəyə qaldırmış, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi məsələsinin praktiki həlli üçün mühüm təkan olmuşdur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə bu barədə demişdir: “TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir”.

Göründüyü kimi, Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini dünyada get-gedə artmaqda olan enerji tələbatının təminatına yönəltməyə, bu məqsədlə nəqliyyat marşrutlarının diversifikasiyasına tərəfdardır. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir. 2015-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla  20 milyard, 2025-ci ilə qədər isə 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar mövcuddur. Bu isə regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunu daha da artıracaqdır.

Yeri gəlmişkən, özünün yeraltı və yerüstü sərvətlərinin şəriksiz sahibi olan Azərbaycan Respublikası karbohidrogen ehtiyatlarının müstəqil şəkildə, ən əlverişli yollarla dünya bazarına çıxarır. Ölkəmiz bu məqsədlə çoxşaxəli enerji dəhlizlərinə üstünlük verir. Artıq Azərbaycanın karbohidrogen ehtiyatları üç neft və dörd qaz kəməri ilə dünya və Avropa bazarlarına çatdırılır. Yola saldığımız 2012-ci ildə Azərbaycandan xam neftin dünya bazarlarına çıxarılması istiqamətində işlər də uğurla davam etdirilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il ölkəmizdən 24 milyon 942 min 27 ton xam neft ixrac olunmuşdur ki, bunun da 2 milyon 64 min tonu Bakı-Novorossiysk, 2 milyon 742 min 367 tonu Bakı-Supsa, 20 milyon 199 min 660 tonu isə Bakı-Ceyhan ixrac boru kəmərlərinin payına düşmüşdür.

 Son illər neftdən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirlməsi və bir sıra infrastruktur layihələrinin reallaşdırılması istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bütün bunlar isə ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına və xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına geniş imkanlar yaradır.

 

 

Yaqubzadə Mirbağır

 

Xalq qəzeti.- 2013.- 10 yanvar.- S. 1;2