Kulturologiya, təhsil və milli inkişaf

 

Dünya sivilizasiyası tarixi dünyanı yalnız insanın yaradıcı inkişaf mənbəyi olan yüksək ruhi mədəniyyətin xilas edə biləcəyini əsaslı surətdə təsdiq edir. Cahillik - şər və miskinlik, mədəniyyət isə  bilik, inkişaf və rifahdır. Sosial təzahür kimi, ilk növbədə insanların cahilliyi ilə şərtlənən şəri, yalnız onların davranışına və xarakterinə pozitiv təsir göstərən yüksək ruhi mədəniyyətin inkisafı və genişləndirilməsi yolu ilə aradan qaldırmaq və azaltmaq olar. Burada çox şey uşaqların və gənclərin düzgün tərbiyəsindən, elmin nailiyyətlərinə istinad edən  məntiqi dəlillər əsasında yaşa dolmuş insanları inandırmaq, elmin və təhsilin insana verdiyi yüksək mədəniyyət dəyərləri üzərində qurulmuş həyatın üstünlüklərini  izah  etmək  bacarığından  asılıdır.  

 

Dünya mədəniyyəti və sivilizasiyası təcrübəsi sosial-mədəni tərəqqinin cəmiyyətin intellektual mədəniyyət səviyyəsilə düzcahillik səviyyəsi ilə tərs mütənasib olduğunu təsdiqləyir.Surətin kəmiyyətinin artması və məxrəcin azalması ölkədə elmin və təhsilin inkişaf səviyyəsindən asılıdır.Görkəmli Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi hələ XII əsrdə qeyd edirdi ki, “qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz.” XVI əsrdə, insan cəmiyyəti üçün elmin inkişafının zəruriliyini qeyd edən, bəşəriyyətin yaddaşında ağıl və intuisiya, misilsiz iradə və çox gözəl cəsarət rəmzi kimi qalan Cordano Bruno deyirdi ki, hamının elmin zirvəsini fəth etməsi vacib deyil, hamının dərk etməyə can atması kifayətdir. İnsanların maarifinin aparıcı rolunu göstərən bu həqiqət, bizim günlərdə də öz əhəmiyyətini itirməmişdir. Hər kəsin alim olması vacib deyil, lakin şəxsiyyətin intellektual inkişaf prosesinin özü, xüsusilə dünyanın müasir inkisaf mərhələsində, Azərbaycan cəmiyyəti üçün praktik əhəmiyyətə malikdir. İntellektual mədəniyyətin qabaqlayıcı inkişafının əhəmiyyəti ondan ibarətdir ki, intellekt - insanın, cəmiyyətin və dövlətin yenilənən və tükənməyən strateji insan resursudur, ona əsaslanan elm isə təhlükəsiz və firavan həyat üçün zəruri olan müdrikliyə gətirib çıxarır. Yüksək intellekt dünyanın tarixi inkişafının hərəkətverici qüvvəsidir. Kəşflər və ixtiralar düzgün başa düşüldükdə və istıfadə edildikdə onun nailiyyətləri planetin milyonlarla insanlarının həyatı üçün əlverişli imkanları təmin edir. Yüksək intellekt yalnız elmi- texnikisosial tərəqqinin əsası deyil, həm də hakimiyyətin, insanların rifahını və təhlükəsizliyini təmin edən cəmiyyətin və həyat fəaliyyətinin müxtəlif sahələrinin idarə edilməsinə vəsiqədir. 

 Humanist mənəviyyatla şərtlənən intellekt insan inkişafının tükənməz mənbəyidir. Elmin və təhsilin yüksək intellektə əsaslanan müvəffəqiyyətləri - ölkənin rəqabətə davamlılıq məsələləridir. Əmək məhsuldarlığı, nəticə etibarı ilə, cəmiyyətin maddi rifah halı, həyat keyfiyyəti də, elmi və texnoloji nailiyyətlərdən, təhsilin keyfiyyətindən asılıdır ki, bununla bir çox cəhətdən, həm də dövlətin reytinqi müəyyən edilir.İstehsalın effektivliyinə intellektual mədəniyyətin imkanları prizmasından baxsaq, elmsiz rəqabətə davamlı texnologiyaların, yüksək keyfiyyətli və aşağı maya dəyərli yeni materialların yaradılmasının mümkün olmadığını hiss etmək çətin deyil. İnsanların rifahının və həyat keyfiyyətinin intellektual mədəniyyət və idarəetmə mədəniyyətindən asılılıq səviyyəsini başa düşmək üçün Ümumdünya Bankının tədqiqatlarına müraciət etmək kifayətdir. Bu tədqiqatlarla müəyyən edilmişdir ki, ölkənin iqtisadi inkişafının 76 faizi fundamental elmlərin və onun nailiyyətlərinə əsaslanan texnologiyaların səviyyəsi, 19 faizi  idarəetmə mədəniyyətinin səviyyəsi və yalnız 5 faizi ölkənin xammal bazasının  səviyyəsi  ilə  təmin edilir.  

 Dünyanın aparıcı ölkələri - həyat qabiliyyətli mədəniyyəti olan ölkələr, elmin, yüksək texnologiyaların və təhsilin qabaqlayıcı inkişafını təmin edən intellektual mədəniyyətin prioritet inkişafı əsasında tərəqqi edən ölkələrdir.Qeyd etmək kifayətdir ki, üçüncü minilliyin əvvəli üçün ABŞ-ın ÜDM-un əsas hissəsini intellektual məhsulun istehsalından və reallaşdırılmasından əldə edilən gəlirlər təşkil edirdi. İntellektual mədəniyyətin qabaqlayıcı inkişafı sayəsində, 2003-cü ildə Almaniya ÜDM göstəricilərinə görə ABŞ və Yaponiyadan sonra dünyada 3-cü yeri tuturdu. Bu zaman Almaniyada iqtisadi inkişafdan gələn gəlirlərin yüksək bölünmə mədəniyyətinə nail olunmuşdur ki, bu da yüksək həyat standartlarına malik orta sinfin sabitliyinə imkan yaradır. Biliklər və texnologiyalarla, mütəxəssislərin mütəşəkkilliyi, təcrübəsi, etikası və innovativ fəaliyyəti ilə şərtlənən, keyfiyyətlə düz  mütənasib və idarəetmə prosesləri məxaricləri ilə tərs mütənasib olan idarəetmə effektivliyi ilə də iş anoloji qaydadadır. Bu qanunauyğunluqların dərk edilməsi Azərbaycan xalqının intellektual potensialının dövlətimizin mədəni -strateji varı olduğunu təsdiqləməyə bizə əsas verir ki, onu da adekvat olaraq qiymətləndirmək, hər cəhətdən dəstəkləmək, məhsuldar istifadə etmək və müntəzəm istifadə etmək  zəruridir.

Milli inkişaf vektoru, dəyərlərin harmoniyası və cəmiyyətin maraqlarının uyğunlaşdırılmasına əsaslanan, yüksək biliklər mədəniyyətini və peşəkar fəaliyyəti, idarəetmə nəticələrinə görə məsuliyyəti yüksək mənəvi prinsipləri özündə birləşdirən ruhi mədəniyyətlə müəyyən edilir. Bunun üçünsə, elmi biliklərə, humanist etika və yaradıcılığa, qarşılıqlı anlaşmaya, vətəndaşların mədəniyyət və maraqlarının harmoniyasına əsaslanan, sabit inkişaf məqsədilə onların həmrəyliyi və qarşılıqlı əməkdaşlığını təmin edən sosial-mədəni mühitin daim təkmilləşdirilməsi  zəriridir. Ruhi mədəniyyətdə və bilikdə üstünlük  yaşamanın və inkişafın, hökmranlığın və qələbənin, məhsuldar istehsalın və şüurlu istehlakın, proqressiv ideologiyanın və düşünülmüş siyasətin mütləq şərti olub, var və olacaqdır. 

Bu həqiqətlərin dərk edilməsi, bəşəriyyətin sosial fenomeni kimi, mədəniyyətin düzgün dərk edilməsini tələb edir. Mədəniyyət ikinci süni təbiətdir, insanın ağlı, hissləri və fiziki əməyi ilə yaradılan bütün pozitivlərdir. Bununla yanaşı o yalnız hal deyil, həm də tarixi yaradıcı prosesdir, xaosdan və cahillikdən  biliyə, nizama, inkişafa və rifaha doğru aparan yoldur. Mədəniyyətin inkişafının əsasını təşkil edən başlıca motiv - insan həyatının saxlanması və yaxşılaşdırılması haqqında qayğıdır.

Mədəniyyəti bütöv sistem kimi, obrazlı olaraq, öz aralarında üzvi surətdə qarşılıqlı əlaqələnən, cəmdə müasir cəmiyyətin strukturunu təşkil edən sosial institutların və mədəniyyət təzahürlərinin inkişaf etdiyi kürə şəklində təsəvvür etmək olar. Bunlara: təhsil, maarif və tərbiyə; elm və texnologiya; iqtisadiyyat və maliyyə; ideologiya; təşkil və idarə etmə; hüquq və qanunvericilik; etika; bədii mədəniyyət (incəsənət) və mədəni irs ; həyat tərzi; həyat təminatı sistemləri; informasiya və mətbuat; daxili və xarici siyasət; beynəlxalq münasibətlər; din aiddir.

 Mədəniyyətin inkişafı beş obyektiv-tarixi amildən ibarətdir. Bu, təbii-coğrafi şərait, mədəniyyətin genetik kodu, sosial mühit, tarixi şərait və mədəni mübadilədir. İqlim şəraiti konkret şəraitə uyğunlaşan insanların təfəkkürü, dünyagörüşü, əqidələri əmək vərdişlərinin, texnologiyaların, adətlərin, ənənələrin, həyat fəaliyyətinin standartları və normalarının, etiqadları və davranışının formalaşmasına səbəb olur. Mədəniyyətin genetik kodu  anadangəlmə mədəni keyfiyyətlərdir -  beynin və ürəyin energetikası, bioloji yolla valideynlərdən irsən keçən informasiyadır. Sosial mühit - həyat tərzi, ənənələr, etika, qanunlar, siyasi sistem, həmçinin insanın və cəmiyyətin mədəni təkamülünə təsir göstərən elm, incəsənət, din, təhsil və tərbiyə sistemidir. Tarixi şərait - zaman və məkan daxilində dəyişikliklərə məruz qalan siyasi, iqtisadi, sosial həyat şəraitidir. Onlar dünyagörüşündə, həyat tərzi və texnologiyalarda dəyişikliklər üçün yeni imkanlar açır. Mədəni mübadilə - inkişaf  imkanlarını, insan həyatının  rifahı və keyfiyyətini yüksəldən, daha şüurluproqressiv həyat fəaliyyəti formaları, texnologiyaları, ideologiyaları və modellərinin  mənimsənilməsidir.

 Mədəniyyətin çoxsaylı tərifləri mövcuddur ki, onların arasında daha geniş yayılanları onun konteksdən irəli gələn və məhdud anlamıdır. Konteksdən irəli gələn anlamda mədəniyyət hər hansı bir təzahürün, fəaliyyətin, insansosial münasibətlərin yaxud insanın özünün inkişaf səviyyəsinin keyfiyyət xarakteristikasıdır. Bu anlayış insanın, millətin, cəmiyyətin və ya ümumikikdə bəşəriyyətin həyat fəaliyyətinin müxtəlif sahələrinə münasibətdə tətbiq edilə bilər. Məhdud və adi anlamda mədəniyyət başlıca olaraq, incəsənət, folklor, ənənələr, mədəni irs, etik normalardır. Mədəniyyətin bir çox konsepsiyaları onunla şərtlənir ki, mədəniyyət başlanğıcını təbiətdən (insandan) götürən, lakin təbiətə və özünə münasibətdə insanın şüuruonun dəyişdirici fəaliyyəti ilə bağlı qeyri-bioloji kateqoriya  olan  sosial fenomen, ekstrasomatik  sistemdir.

Yüzlərlə kulturologiya anlayışlarının sistemləşdirilməsi əsasında, məntiqi olaraq, tərəfimizdən mədəniyyəti proses və təzahür kimi ifadə etməyə imkan verən, elmi anlam ifadə edilmişdir. Elmi anlamda mədəniyyət üçlükdür: təbiətin, insanın özünün və cəmiyyətin dərk edilməsi və dəyişdirilməsi, nəticədə, yaranan ruhimaddi dəyərlər və normalar, həmçinin onların istehsal, qorunma, istifadə və ötürülmə texnologiyalarıdır. Mədəniyyət anlamına belə yanaşma insanın həyat fəaliyyətinin tarixi,yaradıcılıq nailiyyətləri, qanunauyğunluqları, texnologiyaları və innnovativ imkanlarının sistemli tədqiqinə yardım edir. O, mədəniyyətin mahiyyət və xüsusiyyətlərinin yalnız dəyərlər kimi deyil, həm də rifahın yüksəldilməsi aləti, insanların ruhimaddi tələbatlarının ödənilməsi üçün zəruri olan effektiv həyat fəaliyyəti texnologiyaları və məhsulları istehsalının  yaradılmasına yönəldilmiş tarixi fəaliyyət kimi dərk edilməsinə imkan verir.

Tərəfimizdən işlənib hazırlanan mədəniyyət konsepsiyası öz başlanğıcını, mədəniyyət haqqında elm kimi, XIX əsrin sonu, XX əsrin əvvəlinə aid edilə bilən kulturologiya mənbələrindən götürür.Hələ XIX əsrin sonunda Qərbin elmi dairələrində mədəniyyət haqqında elmin yolları və məqsədləri haqqında, lakin gözlənilən nəticələri verməyən müzakirə aparılırdı. Bu dövrdə neokantianizm baden məktəbinin banilərindən biri, alman mədəniyyət filosofu Henrix Rikket (1863- 1936) mədəniyyət haqqında elmin təyinatının düzgün dərk edilməsinin zəruriliyinə diqqət yetirmişdir. 1911-ci ildə Sankt- Peterburqda H. Rikkertin “Təbiət haqqında elmlər və mədəniyyət haqqında elmlər” kitabı çap olundu. Burada alman alimi qeyd edir ki, İ. Kant, G.V. F. Hegelalman klassik fəlsəfəsinin digər nümayəndələri tərəfindən verilən ümumi anlayışa baxmayaraq, əvvəlki nəslin cəhdləri, “mədəniyyət  haqqında elmlərə, onların vəzifələrinin təyin edilməsi və aydınlaşdırılması üçün kömək edə bilmədi.” Rikkert, gerçəkliyin vahid tam kimi, təbiət haqqında elmlərin və mədəniyyət haqqında elmlərin daxil olduğu vahid elm tərəfindən öyrənilə biləcəyi haqqında fikir söylədi. Bu zaman təbii elmi araşdırma, “mədəniyyət” termini ilə birləşdirilən obyektlərin tədqiqi ilə tamamlanmalıdır. Beləliklə, gerçəkliyin öyrənilməsi tarixi metodun xüsusi yer tutduğu təbiət haqqında elmlər və mədəniyyət haqqında elmlərlə həyata keçirilməlidir.

Henrix Rikkert mədəniyyəti, ruhi və maddi həyatın məcmusu kimi və yaxud onun kimi nəzərdən keçirirdi ki, o, təbiətdən fərqli olaraq, ya onun qiymətləndirdiyi hədəflərə uyğun hərəkət edən insan tərəfindən birbaşa yaradılmışdır, ya da onunla bağlı olan dəyər naminə insan tərəfindən şüurlu olaraq yetişdirilmişdir. Mədəniyyətin mahiyyətinin dəyişməzliyi haqqında danışaraq, öz konsepsiyasında o qeyd edir ki, “Bütün mədəniyyət təzahürlərində biz  hər zaman insan tərəfindən tanınan,  bu təzahürlər naminə onun yaratdığı hər hansı bir dəyərin təcəssümünü görürük... Mədəniyyət obyektlərində, nəticə etibarilə dəyərlər qoyulmuşdur.” Mədəniyyətin, cəmiyyətin xeyrinə yaradılan nemət kimi, yüksək mənasını görən alim, bununla yanaşı qeyd edir ki, ona qoyulan dəyərdən uzaqlaşdırılarsa, istənilən mədəniyyət təzahürü həm də təbiətlə əlaqədar olaraq, təbiətin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir."             Mədəniyyəti tədqiq edən elmin qeyd edilməsi üçünkulturologiyaterminini 1909-cu ildə ilk dəfə XX əsrin elm və təbiət fəlsəfəsinin ən görkəmli islahatçılarından biri, Nobel mükafatı laureatı, tanınmış alman alim-fiziki kimyaçısı və mədəniyyət filosofu şüuru enerji kimi, mədəniyyətin funksiyasını isə enerjinin saxlanması və qorunması kimi nəzərdən keçirən  Vilhelm Ostvald tətbiq etmişdir. Özünün “Mədəniyyət haqqında elmin energetik əsasları” (1909 -cu il) əsərində V. Ostvald həyat fəaliyyətini təbii enerjinin transformasiya edilmiş forması kimi müəyyən etmişdir. Energetizm ideyasını irəli sürərək, o, təbiət və mədəniyyət fəlsəfəsinin əsas mahiyyətini onunla bağlamış və enerjini əbəs yerə sərf etməyərək, mədəniyyət vasitəsilə enerjinin düzgün istifadə edilməsinin zəruriliyinə diqqəti yönəltmişdir.

 

 (ardı var)

 

 

Fuad MƏMMƏDOV,

Azərbaycan Respublikası Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

professoru, kulturoloq, “Simurq” Azərbaycan

Mədəniyyət Assosiasiyasının prezidenti

 

Xalq qəzeti.- 2013.- 11 yanvar.- S. 5.