20 Yanvar faciəsi Azərbaycan xalqına
qarşı törədilmiş dəhşətli
soyqırımıdır
20
Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni
zamanda Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.
O gündən keçən müddət ərzində Azərbaycan
demək olar ki, tamamilə yeni mərhələyə qədəm
qoydu. Bu gün ölkəmiz dünyada ən sürətlə
inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki,
xalqının iradəsinə əsaslanaraq müstəqil,
azad ölkə kimi uğurla inkişaf edir. 20 Yanvar faciəsi Azərbaycan
xalqının yaddaşından heç vaxt silinməyəcəkdir.
Şəhidlərimizin əziz xatirəsi Azərbaycan
xalqının qəlbində əbədi yaşayacaq.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
O faciəli, dəhşətli,
qanlı hadisələrdən 23 il keçir. Həmin müdhiş
gecədə ayaqdan başa
qədər silahlanmış imperiya ordusunun əliyalın dinc
əhaliyə, azadlıq, müstəqillik arzusunda
olan insanlara qanlı divan tutmasından 23 il ötür. Həmin gün dinc əhali gülləbaran edilsə də
xalqımızın polad iradəsini
sındıra bilmədi, insanları müstəqillik,
istiqlaliyyət istəyindən döndərməyi bacarmadı. Azərbaycan xalqının bu əzmi, azadlıq eşqi
imperiyanı dəhşətə gətirdi. Respublikamızda ehtiyac
olmadığı halda qeyri - qanuni fövqəladə
vəziyyət elan olunsa
da, xalq imperiyanın
qarşısından çəkilmədi, qorxmadı və
azadlıq, müstəqillik uğrunda
mübarizəsini sona qədər davam etdirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri müstəqillik arzusu ilə küçələrə çıxan dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və ağır xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak oldu. Onlardan 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi.
20 Yanvar faciəsində azərbaycanlılarla
yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak
olmuşdur. Həlak olanların
arasında 4 polis
, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi. Bu faciə əslində imperiya ordusunun, erməni
quldur dəstələri ilə birgə
Azərbaycan xalqına qarşı həyata keçirdiyi
terror aktı idi. Böyük
itkilərlə, günahsız insanların qətli ilə nəticələnən
20 Yanvar faciəsi keçmiş
SSRİ - nin rəhbəri Mixail
Qorbaçov başda olmaqla cinayətkar imperiya
rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar
siyasətinin nəticəsi idi. Buna dözməyən,
öz azadlığına, müstəqilliyinə
qovuşmaq istəyən Azərbaycan xalqı öz mübarizliyini, əyilməzliyini, məğrurluğunu
nümayiş etdirdi.
1989-cu
ildə Tbilisidə əlləri
günahsız insanların qanına batmış Mixail
Qorbaçov öz çirkin niyyətlərini bu dəfə xalqımıza
qarışı yönəltmişdi. Beynəlxalq
birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən
1989-cu ilin Tbilisi,
1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq
hüquqi qiymət verdiyi
halda, 1990-cı ilin
yanvarında Bakıda yaşanan qanlı olaylara fərqli prizmadan
yanaşdı. Azərbaycan mənfur
qonşusu Ermənistanın da təcavüzünə
məruz qalmışdı. Belə
bir vaxtda sovet rəhbərliyi
münaqişənin qarşısını almaq
üçün qəti tədbirlər
görmək əvəzinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni
əsgər və zabitləri, sovet
hərbi hissələrində xidmət edən erməniləri,
hətta erməni kursantları da daxil etmişdi.
Bakıda
“rus və erməni kartından” məharətlə istifadə
olundu. Guya Bakıya qoşun yeritməkdə
əsas məqsəd hərbi
qulluqçuların ailələrini qorumaq,
“millətçi ekstremistlər” tərəfindən hakimiyyətin
zorakılıqla ələ keçirilməsinin
qarşısını almaq idi. Əslində isə bu
çökməkdə olan imperiyanın
növbəti uydurması, azadlıq istəyində olan xalqı odlu silahla qorxutmaq, zorakı yollarla susdurmaq və öz əsarətlərində saxlamaq idi. Əgər imperiya rəhbərliyinin söylədikləri hətta həqiqətə
yaxın olsaydı belə, Bakıya ən müasir
silahlarla təpədən-dırnağadək
silahlandırılmış qoşun
göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin
vaxt burada daxili qoşunların 11,5 min
əsgəri, Müdafiə Nazirliyinə tabe
olan Bakı qarnizonunun
çoxsaylı hərbi hissələri , hava
hücumundan müdafiə qüvvələri
var idi. 4-cü ordunun komandanlığı da
Bakıda yerləşirdi.
20
Yanvar faciəsini doğuran əsas səbəblər,
xalqımızı soyqırımına gətirib
çıxaran, Mixail
Qorbaçovu qorxuya salan nə idi?
1980-ci
illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət
kəskinləşdi. Keçmiş Sovet İttifaqında gedən
proseslər, ölkə rəhbərliyinin uğursuz
“yenidənqurma” siyasəti, iqtisadi
islahatların düzgün
aparılmaması, milli siyasət sahəsində
buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda
da milli-azadlıq hərəkatının
geniş vüsət almasına səbəb
olmuşdu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin
əsas səbəblərindən biri də
Ermənistanın Azərbaycana qarşı ərazi
iddiaları ilə çıxış etməsi və qondarma
“Dağlıq Qarabağ problemi”nin ortaya
atılması idi.Mixail Qorbaçova
və SSRİ rəhbərliyindəki
digər havadarlarına arxalanan ermənilərin Azərbaycana qarşı ərazi
iddiaları və dinc əhaliyə
qarşı terror aktları nəhayət xalqın səbr kasasını
daşdırdı . “Torpaqdan pay olmaz” tələbi ilə
ayağa qalxan
xalqın etiraz dalğaları Kremli silkələməyə
başlamışdı. Ümumxalq mitinqləri,
1989-cu il dekabrın 31-də
Naxçıvanda Azərbaycan-İran sərhədinin
sökülməsi, xalqın azadlıq və müstəqillik
uğrunda mübarizəsi SSRİ rəhbərliyini
qorxuya salmaya bilməzdi.
Ona görə də Azərbaycanda baş
qaldırmış xalqın etiraz səsini
boğmaq üçün SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi tərəfindən planlar
cızıldı. Bakıda, Sumqayıtda. Lənkəranda, Cəlilabadda,
Neftçalada və digər bölgələrdə
ermənilərə və ruslara
qarşı düşünülmüş
şəkildə təxribatlar törədildi. Digər tərəfdən Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirovun
yarıtmaz dövlət idarəçiliyi, Kremlin itaətində
dayanması, milli adət - ənənlərimizə
zidd hərəkətləri xalqı daha da qəzəbləndirmişdi.
Ölkədə
yaranmış qarışıqlıqdan, anarxiya və
özbaşınalıqdan
şəxsi mənafeləri naminə istifadə edərək
hakimiyyəti ələ keçirməyə
çalışan, özlərini
xalq hərəkatının
lideri hesab edənlər vəziyyəti
daha da kəskinləşdirirdi. İsa Qəmbər, Nemət
Pənahlı, Rəhim Qazıyev və digərləri sovet qoşunlarına müqavimət göstərmək
üçün xalqı küçələrə
çıxmağa çağırırdılar. “Meydan liderləri”
küçə və meydanlara
çıxanlara silah paylanılacağı barədə yalan vədlər verir, imperiya ordusunun şəhərə
yaxınlaşdığını bilsələr də, bunu gizli
saxlayırdılar. Son anda
isə onların hamısı qaçıb aradan
çıxdılar. O dövrdə ölkəyə rəhbərlik
edən Ə.Vəzirovun, həmçinin A.Mütəllibovun
və respublika DTK-sının sədri V.Hüseynovun imzası ilə Moskvaya
göndərilmiş şifroqramlar sovet ordusunun Bakıya
yeridilməsi üçün Mixail Qorbaçovun əlində
əsas olmuşdur. Sonra
baş verən dəhşətli faciənin
ağır nəticələri indi də
hər birimizin ürəyini
ağrıdır.
20 Yanvar cinayəti. Bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.
20
Yanvar faciəsinin günahkarları uzun müddət xalqdan
gizli saxlanıldı. Hətta A.Müttəlibovdan
sonra hakimiyyəti ələ keçirmiş AXC - Müsavat
cütlüyü bu faciənin
tötədilməsinin əsl mahiyyətini açmaqda
maraqlı olmadı. Bunun əsas səbəblərindən
biri bu facənin
törədilməsində həmin hakimiyyətdə
yüksək vəzifədə təmsil olunanlardan
bəzilərinin bilavasitə iştirakçı olması idi. Yalnız ulu öndər
Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi.
Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdən qabaq demişdir: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu fajiə həm
Sovet İttifaqının siyasi
rəhbərliyinin, şəxsən
Mixail Qorbaçovun
böyük günahının nəticəsidir,
onun diktatorluq meyillərindən
əmələ gəlmiş bir haldır
və eyni zamanda Azərbaycan
rəhbərlərinin xalqa xəyanətinin
və cinayətinin nəticəsidir”
Ulu öndərin hakimiyyətə
yenidən qayıdışından sonra -1994-cü ildə 20
Yanvar faciəsinə hüquqi- siyasi qiymət verildi, bu faciə
Azərbaycan xalqına qarşı törədilmiş hərbi
təcavüz və cinayət kimi dəyərləndirildi.
Müstəqil Azərbaycanın
tarixinə xalqımıza qarşı törədilmiş
dəhşətli soyqırımı kimi həkk
olunmuş 20 Yanvar faciəsi
sonralar da Heydər Əliyev tərəfindən daim diqqət
mərkəzində saxlanıldı və həmin
günün “Azərbaycan tarixində, ölkəmizin
azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq
rəmzi kimi müstəsna əhəmiyyəti” qeyd edildi.
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin “20 Yanvar faciəsinin on
birinci, on ikinci və on
üçüncü ildönümünün keçirilməsi
haqqında 5 yanvar 2001-ci il, 5 yanvar 2002-ci il və 28 dekabr
2002-ci il tarixli sərəncamları da həm 20 Yanvar faciəsinə
diqqətinin, həm də həmin faciə qurbanlarının
xatirəsinə ehtiramının ifadəsi kimi təqdirəlayiqdir.
Hər
il Qanlı Yanvar faciəsinin törədilməsinin
ildönümü ölkə rəhbərliyi və xalq tərəfindən
böyük izdihamla qeyd olunur, şəhidlərin xatirəsi
anılır. Xalqımıza qarşı
törədilmiş bu soyqırımı
ərəfəsində Azərbaycan
Prezidenti İlham Əliyevin
imzaladığı sərəncamlar da 20
Yanvar faciəsi qurbanlarının xatirəsinə ümumxalq
ehtiramının ifadəsi olmaqla
yanaşı, eyni zamanda
Heydər Əliyev siyasətinin uğurlu
davamı kimi də qiymətlidir. Həmin
sərəncamların birində deyilir: “Xalqımız 20 Yanvarda hərbi,
siyasi, mənəvi təcavüzə məruz
qalsa da, öz tarixi qəhrəmanlıq
ənənələrinə sadiq olduğunu, ən ağır sınaqlara sinə
gərmək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin
Qanlı Yanvarında Azərbaycanın şəhidlik zirvəsinə
ucalmış Vətən övladları özlərinin fədakarlığı
ilə xalqımızın qəhrəmanlıq salnaməsinə
parlaq səhifə yazdılar”.
20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu, mənliyini itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına ağır faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, Azərbaycan tarixində bir qəhrəmanlıq səhifəsidir.
Əliqismət Bədəlov
Xalq
qəzeti.- 2013.- 11 yanvar.- S. 5.