2012-ci ildə Azərbaycanın
dünya birliyində əlaqələri daha da möhkəmləndi,
mövqeləri gücləndi
Cənubi Qafqazda lider dövlət
mövqeyini daha da möhkəmləndirən respublikamız
2012-ci ildə də beynəlxalq birliyin diqqət mərkəzində
oldu. Dövlətimizin
başçısı İlham Əliyevin həyata
keçirdiyi elmi əsaslara söykənən uğurlu daxili
və xarici siyasət Azərbaycanın dünya birliyinə
inteqrasiyasını daha da sürətləndirdi, ölkəmiz
qlobal təhlükəsizlik siyasətini müəyyənləşdirən
dünyanın inkişaf etmiş aparıcı ölkələri
sırasında öz layiqli yerini tutdu. Paytaxtımız
Bakı şəhərinin ümumbəşəri problemlərin
müzakirə olunduğu mühüm məkana çevrilməsi,
bu məsələlərin həllində respublikamızın
əsas söz sahiblərindən biri kimi
çıxış etməsi
düşünülmüş xarici siyasətin parlaq qələbəsidir.
Azərbaycanın
regional oyunçudan qlobal aktor səviyyəsinə
yüksəlməsini dünyanın nüfuzlu siyasətşünasları
da təsdiq edir. Məsələn, Rusiya Xarici İşlər
Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun beynəlxalq analitik-tədqiqat mərkəzinin direktoru,
siyasi elmlər doktoru Andrey Kazantsev ölkəmiz barədə
danışarkən qeyd etmişdir ki, 2012-ci ildə Azərbaycanın Cənubi
Qafqazdakı rolu kifayət qədər artıb və bu pozitiv
tendensiya önümüzdəki illərdə davam edəcəkdir.
O vurğulamışdır ki, Azərbaycan iqtisadiyyatı
regionda ən böyük iqtisadiyyatdır. Beynəlxalq
karbohidrogen bazarında ciddi dəyişikliklərin
olmayacağını nəzərə alsaq, ölkəmiz Cənubi
Qafqazda mərkəzi iqtisadi məkan kimi qalacaqdır.
Siyasi
elmlər doktoru Andrey Kazantsev fikirlərini davam etdirərək
deyir: “Azərbaycan rəhbərliyi ölkənin iqtisadi
gücünü məharətlə siyasi təsir vasitəsinə
çevirir. Ötən il Azərbaycanın iki il müddətinə
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsini, may-iyun aylarında Təhlükəsizlik
Şurasına sədrlik etməsini, “Eurovision-2012” müsabiqəsini
uğurla keçirməsini qeyd etmək istərdim. Bu
siyahıya qarşıdan gələn Avropa Olimpiya
Oyunlarına ev sahibliyi hüququnun əldə olunmasını
da əlavə etmək olar. Perspektivdə qeyd olunan
tendensiyalara üçüncünü də əlavə etmək
olar: qloballaşma proseslərinin inkişafından
asılı olaraq Azərbaycanın Şərq-Qərb dəhlizində
əsas tranzit mərkəzlərindən birinə çevrilməsinə
daha çox ehtiyac duyula bilər”.
Dünya
birliyi də Azərbaycanın geostrateji əhəmiyyətini
anlayır, onun regiondakı rolunu yüksək qiymətləndirir,
həyata keçirdiyi çoxşaxəli əlaqələrin
genişlənməsini nəzərdə tutan tarazlı xarici
siyasətini alqışlayır. Təsadüfi deyil ki,
sürətli iqtisadi inkişafı ilə hər kəsi təəccübləndirən
ölkəmiz 2012-ci ilin fevral ayında Böyük
İyirmilik Ölkələrinin Meksikada keçirilən tədbirində, həmin ilin martında isə Koreya
Respublikasının paytaxtı Seul şəhərində təşkil
olunan Nüvə Təhlükəsizliyi üzrə Zirvə
Toplantısında təmsil olundu. Hər halda qeyd olunan tədbirlərdə
dünyanın ancaq nəhəng, qabaqcıl, inkişaf səviyyəsi
çox yüksək dövlətlərinin
iştirak etdiyini xatırlatmağa ehtiyac yoxdur.
Bu məqamda 2012-ci il mayın 21-də
ABŞ-ın Çikaqo şəhərində keçirilən
NATO-nun Sammitində Azərbaycanın iştirakını və
yuxarıda qeyd etdiyimiz mötəbər tədbirlərdə
olduğu kimi, burada da düşmən Ermənistanın
iştirak edə bilməməsi ölkəmizin beynəlxalq
aləmdəki imicinin xeyli yüksəlməsindən xəbər
verirdi. Sürətli iqtisadi inkişafa və böyük
maliyyə mənbələrinə malik olan
respublikamızın NATO-nun Əfqanıstandakı əməliyyatlarına
hərbçilər, təlimlər və xüsusən də
tranzit baxımından mühüm töhfələr verməsi
ilə yanaşı, Əfqanıstanın milli ordusunun qəyyumlar
fonduna yardım göstərməyə hazır olduğunu bəyan
etməsi Şimali Atlantika
Alyansında böyük əks-səda doğurmuşdu.
Baş katib Anders Foq Rasmussen “Azərbaycan öz
hüdudlarından kənarda, Əfqanıstanda da çox
mühüm rol oynayır”- deyərək, əslində, NATO
ölkələrinin respublikamıza, onun
yürütdüyü daxili və xarici siyasətinə
duyulan rəğbəti ifadə etmişdir.
Ulu
öndər Heydər Əliyevin müdrik siyasi xəttini
layiqincə davam etdirən Prezident İlham Əliyev beynəlxalq
münasibətlərin dəyişməsi, sürətlə
qloballaşan dünyada yeni məsələlərin,
çağırışların ortaya çıxması
fonunda mütəmadi qaydada Azərbaycanın xarici siyasətinə
müəyyən düzəlişlər edir, onu müasir
dövrün tələblərinə
uyğunlaşdırır. 2012-ci ildə biz bunun bir daha
şahidi olduq. Keçən il də dünyanın
bütün dövlətləri ilə ikitərəfli və
çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinə,
bərabərhüquqlu münasibətlərin möhkəmləndirilməsinə
xüsusi diqqət yetirildi. Bunun nəticəsidir ki, Azərbaycan
Respublikasının xarici ölkələrdə 55 səfirliyi,
5 təmsilçilik ofisi, 18 beynəlxalq təşkilat
yanında missiyası və 9 baş konsulluğu fəaliyyət
göstərir. Respublikamızda isə 53 dövlətin səfirliyi,
3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın
nümayəndəliyi mövcuddur. Bütün bunlar milli
maraqlarımızın həmin ölkələrdə təmin
olunması və ölkəmizin hərtərəfli şəkildə
təbliğatı üçün geniş imkanlar
yaratmışdır.
2011-
2012-ci illər ərzində
Braziliya, Argentina, Cənubi Afrika Respublikası, Serbiya,
Liviya, Estoniya və Xorvatiyada, Avstraliya İttifaqında yeni səfirliklərimiz,
Batumidə isə baş konsulluğumuz fəaliyyətə
başlamışdır. Əlbəttə ki, gələcəkdə
xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin
sayı daha da artacaq. Bu da Azərbaycanın öz
maraqlarını böyük uğurla müdafiə etməsinə
zəmin yaradacaq. Ölkəmizdə isə artıq
Macarıstan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri,
Tacikistan, Qırğızıstan, Argentina, Braziliya,
Çexiya, Mərakeş və Niderland
Krallığının səfirlikləri, habelə bir
sıra digər dövlətlərin fəxri konsulluqları fəaliyyətə
başlamışdır.
Azərbaycanın
dünya birliyində əlaqələrinin daha da möhkəmlənməsi
ölkəmiz barədə həqiqətlərin
çatdırılmasında, beynəlxalq ictimaiyyətin ermənilərin
azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər
haqda məlumatlandırılmasında mühüm rol
oynayır. Bu baxımdan 2012-ci il Xocalı
soyqırımının beynəlxalq aləmdə
tanınması baxımından uğurlu il olmuşdur.
Keçən il yanvarın 31-də Meksika Senatı Xocalı
soyqırımını rəsmən tanımaq barədə
qərar qəbul etmişdir. Bu, Xocalı
soyqırımının xarici parlament tərəfindən
qanunvericilik aktı səviyyəsində tanınmasına dair
ilk faktdır. Latın Amerikasının ən böyük və
aparıcı dövlətlərindən birinin parlamenti tərəfindən
qəbul olunan bu qərarın ardınca qitənin digər
mühüm bir dövləti– Kolumbiya Senatı 2012-ci il aprelin
23-də Azərbaycan ərazilərinin
işğalı ilə bağlı qərar qəbul edərək,
Xocalı faciəsini soyqırımı kimi tanıdı.
Bundan əvvəl isə fevralın 1-də Pakistan Senatı
“Pakistan - Azərbaycan münasibətləri” ilə bağlı
dinləmələrdən sonra “Azərbaycan
Respublikasının ərazilərinin 20 faizinin
işğalı və ermənilər tərəfindən
törədilmiş Xocalı soyqırımı” adlı qətnamə
qəbul etmişdi. Qəbul olunan qətnamələrdə Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən
işğalını və 26 fevral 1992-ci il tarixində erməni
silahlı qüvvələri tərəfindən Azərbaycanın
Xocalı şəhərində mülki əhaliyə
qarşı törədilmiş soyqırımı kəskin
şəkildə pislənilmişdir. Həmin sənədlərdə
Ermənistan işğalçı dövlət
adlandırılmış və BMT Təhlükəsizlik
Şurasının Azərbaycanın işğal olunmuş
torpaqlarının qeyd - şərtsiz azad olunması barədə qəbul etdiyi qətnamələrin dərhal yerinə yetirilməsi tələb olunmuşdur.
Azərbaycanın
dövlət başçısının
yürütdüyü xarici siyasət nəticəsində,
ölkəmiz həm də mədəniyyətlərarası
inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi,
mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin
keçirildiyi bir məkana çevrilmişdir. Bir sıra tanınmış siyasi
xadimlər də etiraf edirlər ki, son illər bu istiqamətdə
Azərbaycan tərəfindən
irəli sürülən bütün təşəbbüslər
nəinki region üçün, bütün dünya
üçün böyük əhəmiyyətə malikdir.
Keçən il iyunun 29-da Bakıda, Heydər Əliyev Mərkəzində
Krans Montana Forumunun rəsmi açılışı
olmuşdur. 23-cü dəfə keçirilən forumda
Gürcüstanın, keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın
və Monteneqronun dövlət başçıları, xarici
ölkələrdən gəlmiş ictimai xadimlər,
parlament nümayəndələri, ziyalılar, biznes dairələrinin
təmsilçiləri iştirak etmişlər. Tədbirin əsas
məqsədi 2013-cü ildə keçiriləcək növbəti
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və
mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi ilə
bağlı təşviqatın aparılması və ölkəmizin
bu dialoqun mərkəzi olması barədə təbliğatın
gücləndirilməsi idi.
Keçən
il oktyabrın 4-də Heydər Əliyev Mərkəzində
keçirilən İkinci Bakı Beynəlxalq Humanitar Forumu
dünyada böyük əks-səda doğurdu. Beynəlxalq tədbirdə
Litva, Bolqarıstan, Rumıniya, Xorvatiya,
Qırğızıstan, Estoniya və Latviyanın
keçmiş prezidentlərinin (forumda Bolqarıstanın 3,
Latviyanın isə 2 sabiq prezidenti iştirak edirdi), 11 nəfər
Nobel mükafatçısının, 4 beynəlxalq təşkilat
rəhbərinin və ölkəmizdə akkreditə
olunmuş bütün səfirliklərin rəhbər və
ya təmsilçisinin iştirak etməsi də ölkəmizin
dünyadakı nüfuzundan, onun sivilizasiyalararası dialoqa
verdiyi misilsiz töhfələrə böyük inamdan irəli
gəlir.
Bundan
əvvəl isə, yəni 2012-ci il noyabrın 6-9-u Bakıda
digər əhəmiyyətli tədbir–BMT-nin təşkilatçılığı
ilə 7-ci Dünya İnternet İdarəçilik Forumu
keçirildi. Bu mühüm tədbirin Azərbaycanda təşkil
olunması heç də təsadüfi xarakter daşımırdı.
Çünki son illər bizim ölkədə
informasiya-kommunikasiya texnologiyalarının sürətli
inkişafı internetin imkanlarının genişlənməsinə
şərait yaratmış, ölkədə müasir internet
şəbəkəsi formalaşmışdır. Hazırda
ölkə üzrə internet istifadəçilərinin
sayı əhalinin 70 faizini təşkil edir.
Azərbaycan
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyev ölkəmizin həyata keçirdiyi dünya əhəmiyyətli missiya barədə
danışarkən demişdir: “Azərbaycan Respublikası
Avrasiya coğrafiyasının mərkəzində olmaqla Şərq
və Qərb sivilizasiyalarının dialoq platformasına
çevrilib. Belə dialoq bəşəriyyətdə
müxtəlifliyin əhəmiyyətini göstərməklə
fərqlilik amilinə dözümlülüyü təbliğ
edir. Azərbaycan, eyni zamanda, Avropa Şurası və İslam
Əməkdaşlıq Təşkilatının üzvü
kimi həm Qərb, həm də Şərq dəyərlərini
özündə birləşdirən və inkişaf etdirən,
xüsusi əhəmiyyətə malik bir dövlətdir. Bu,
Azərbaycan dövlətinin qədim tarixi xüsusiyyətlərindən
irəli gəlir. Qərb ilə Şərqin qovuşduğu
məkanda yerləşən Azərbaycan hər iki region
arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin
inkişafında mühüm amilə çevrilmişdir”.
Xarici
siyasət və diplomatiya hər bir dövlətin beynəlxalq
aləmdə mövqelərinin möhkəmlənməsinə,
ikitərəfli və çoxtərəfli münasibətlərin
gücləndirilməsinə, mövcud problemlərin həllinə
yönəlir. Dövlətçiliyin, müstəqilliyin,
milli təhlükəsizliyin qorunması xarici siyasətdə
mühüm istiqamətlər kimi nəzərdən
keçirilir. İnamla deyə bilərik ki, Azərbaycan
Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil
xarici siyasət məhz bu əsaslar üzərində
qurulmuş, ölkəmizin beynəlxalq münasibətlər
sistemində yeri daha da möhkəmlənmiş, bu diplomatik
reallıqlar fonunda respublikamızın Avropaya və dünya
birliyinə inteqrasiyası xeyli sürətlənmişdir.
Dövlətimizin başçısının məntiqli
xarici və daxili siyasəti, uğurlu diplomatik fəaliyyəti
belə deməyə əsas verir ki, Azərbaycan növbəti
illərdə də hərtərəfli inkişaf tempini
saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə
mövqelərinin möhkəmlənməsi davam etdiriləcəkdir.
Xalq qəzeti.- 2013.- 11
yanvar.- S. 1.