Adı Bəxtiyar,
taleyi Azərbaycan
Vətənini
sevən hər bir azərbaycanlının ürəyində
bir Bəxtiyar dünyası var. Sanki bu dünyaların vəhdətindən
onun müdrik obrazı doğulur. Hər birimizin qəlbindəki
Bəxtiyar Vahabzadə bu obrazın monumental surətini yaradaraq,
onu bütöv Azərbaycanın Bəxtiyar Vahabzadə abidəsi
timsalında canlandırır. Bu abidə qranitdən deyil,
dünənədək bizimlə birlikdə nəfəs alan,
nəfəslərimizi birləşdirib gurlandıran, iradəmizi
toplayıb milli iradəyə çevirən canlı bir
ruhdur.
Azərbaycan torpağının, türk millətinin şair obrazında zühur edən ruhudur Bəxtiyar Vahabzadə. Ölümündən qısa bir zaman keçsə də, sanki Nizami ilə yaşıddır. Nizami qədər də əbədidir. İllər ötdükcə yaratdığı sənətinə ehtiyacımızın daha çox olduğunu aydın dərk edirik. Bu anda bir daha Vətənimizlə fəxr edirik. Zaman-zaman Azərbaycan dünyaya belə böyük şəxsiyyətlər bəxş etmişdir - özü də, sözü də Azərbaycanın özü qədər alovlu olan Bəxtiyar Vahabzadə kimi.
Bəxtiyar Vahabzadə yaradıcılığının mahiyyətinə vardıqca, şairin poeziya dünyasının incəliklərini aradıqca, bu ulu sənətkarı yetişdirən milli təməlin nə qədər qüdrətli olduğunu görürük. Görürük ki, milli mədəniyyətimizin sanki bütün dalğaları gəlib Bəxtiyar Vahabzadə yaradıcılığında birləşir, burada okeanlaşaraq , xalqın milli mənəviyyatına və yaddaşına tamamilə yeni bir poetik biçimdə, yeni məzmun qapsamında, yeni ideya tutumunda, yeni bədii-estetik dəyərdə qayıdır. Milli varlığımızın Bəxtiyar Vahabzadə dünyasında bu dərəcədə harmonik əks-səda verməsi - bizim doğma ədəbiyyatımızın öz zənginliyini saxlaya-saxlaya, daim yeniləşə bilməsi deməkdir. Belə bir cəhəti zəmanəmizin görkəmli yazıçısı, türk dünyasının məşhur sənətkarlarından biri Çingiz Aytmatov dəqiqliklə göstərib: “Bəxtiyar Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarasan, xalqın canlı dil memarlığına öz töhfəni verə biləsən”.
XIX əsrdə milli mədəniyyət düşüncəsinə Mirzə Fətəli Axundzadənin verdiyi təkandan sonra davam edən hərəkat XX əsrin ikinci yarısında Bəxtiyar Vahabzadə ilə özünün ən güclü “poetik rezonansını” yaradır. Təsadüfi deyil ki, altmış-səksəninci illərdə Mirzə Fətəli Axundzadəyə həsr etdiyi iki şerində Bəxtiyar Vahabzadə məhz ictimai-milli şüur oyanışını diqqət önünə çəkir, “sarayların zülmətinə daxmasından nur saçan”, “Şərqi cəhalət yuxusundan oyadan” Mirzə Fətəlinin mübarizə yolunu özünə örnək seçir. Milli mədəniyyət, milli əxlaq və milli mənəviyyatımıza bu dərəcədə sadiq qalaraq, onların irəliyə doğru hərəkətində daha dərin ictimailəşdirici xüsusiyyətləri, müasirləşdirici tendensiyaları tapıb qabartmaq - Bəxtiyar Vahabzadə sözünün başlıca missiyasıdır. Arxasında dayanan milli klassikanı Bəxtiyar Vahabzadə sanki “zamanlara səpələnmiş” halda deyil, millətin enerjisini bir nöqtəyə toplayan gur işıq kimi qavrayır. Bu işıq - Dədə Qorquddan zəmanəmizə qədər saçılaraq, bütün mədəniyyət tariximizin yaradıcı gücünü səfərbər edir. Bəxtiyar Vahabzadə də bir mütəfəkkir sənətkar olaraq, öz arxasında belə bir möhtəşəm irsin qüdrətini bütün varlığı ilə, qələminin gücü ilə hiss edir. Məhz belə bir sarsılmaz təməl üzərində yüksəldiyindəndir ki, Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətinin yaradıcılarına, Azərbaycan tarixinin həlledici hadisələrinə, milli varlığımızın təlatümlərinə bu qədər doğma, həssas, ərkyana və həm də yeri gəldikcə, tənqidi münasibəti bildirən əsərlər yazırdı. Məhz buna görə onun poetik sözü bu qədər sərrast, qətiyyətli, özünə inamlı və həqiqətə sadiqdir.
Bəxtiyar Vahabzadə müdrikliyində Dədə Qorquda, monumental təsvirlərində, epik təhkiyəsində Nizamiyə, incə, hüznlü lirikasında Füzuliyə, dünyanın ilahi mahiyyətinə varmasında, müqəddəs hissləri dilləndirməsində Nəsimiyə, Sözü Fatehlik qüdrətinə çatdırmasında Şah İsmayıl Xətaiyə, varlığımızı didən cəhalətə, idraksızlığa qarşı üsyan etməsində Mirzə Fətəli Axundzadəyə, Mirzə Ələkbər Sabirə, Cəlil Məmmədquluzadəyə, romantik duyğuların qanadlandırılmasında Hüseyn Cavidə, Məhəmməd Hadiyə, milli ideologiyanın poetik-fəlsəfi laylarını açmasında Məhəmməd Əmin Rəsulzadəyə, Əli bəy Hüseynzadəyə, mənəviyyatımızı musiqi ladlarında duymasında və publisistik kəsərində Üzeyir bəy Hacıbəyliyə, Vətən torpağının ülviyyətini real cizgilərlə obrazlaşdırmasında Səməd Vurğuna bənzəyir. Amma, əlbəttə ki, Bəxtiyar Vahabzadə hər yerdə özüdür, öz Sözünün Ustadıdır. Bəxtiyar Vahabzadə elə ilk şerlərindən orijinal bir üsluba, özünəməxsus poetik deyim tərzinə malik olduğunu və ən əsası - hər hansı bir hadisəyə şair münasibətini ideya müstəvisinə qaldırmaq bacarığına malik olduğunu təsdiq etmişdir. Gənc Bəxtiyarın “Mənim dostlarım” (1949, mart) adlı ilk şeirini - onun böyük, uzunömürlü yaradıcılığının uvertürası adlandırmaq olar. Orta məktəbi qurtaran cavan bir oğlanın otağında, masasının baş tərəfində asdığı diplom şəkli onun uşaqlığından gəncliyinə adlamasını simvollaşdırır: ilk dəfə olaraq insan özünü başqa insanlarla bir yerdə, “ictimai fonda” görür. “Təklər” “cəmə” çevrilir, onların birgə məsuliyyət çevrəsi yaranır. İndi bu fotoda hamı bir yerdədir, amma sonra tale yolları ayrılacaq, hər kəs öz həyatını yaşayacaq. Ancaq onları ömrün məhz bu anında birləşdirən birlik duyğusu heç zaman itməyəcək!.. Bax, bu birlik duyğusunun cücərtiləri sonradan böyüyərək Bəxtiyar Vahabzadə yaradıcılığının ən qüvvətli “torpağına” - onun vətəndaşlıq poeziyasına əkilir. Oxucularından aldığı bir məktubda yazılırdı: “Özünüz şəkili olduğunuz halda, hələ Şəkiyə bir şeir həsr etməmisiniz”. Bəxtiyar Vahabzadə bu məktuba cavabında özünün əsil vətəndaşlıq mövqeyini açıqlayır: o, doğulduğu Vətənin beşiyinə - Şəkiyə öz məhəbbətini dilə gətirməklə yanaşı, həm də ulu kökləri ilə bütöv Azərbaycana necə dərindən bağlı olduğunu bir milli amal kimi bəyan edir:
...Mən həm bakılıyam,
həm lənkəranlı,
Gəncəli,
qubalı, həm naxçıvanlı,
Şəkili,
şirvanlı, qarabağlıyam,
Bütöv
Vətənimə bütöv bağlıyam.
Mən sənin
qoynunda gəldim cahana,
Məni bəxş elədin Azərbaycana.
Həmişə
mən sənin həndəvərində
Uçan
bir quşam.
Bir eldə
doğulub
Xoşbəxtəm
ki, mən
Böyük bir Vətənə oğul olmuşam.
Bəxtiyar
Vahabzadə lirikasında Vətən obrazı ən müxtəlif
mənalarda canlandırılsa da, onun ulu
başlanğıcına - “vətən-beşik” anlamına həmişə
dönə-dönə qayıdılır:
Bizim
anaların laylalarından
Axdı ruhumuza Vətənin özü.
Beşik
kökümüzdür... ucalıb ordan
Tanıdaq
dünyaya öz kökümüzü!..
Deməli,
Vətən əbədidir, ancaq mücərrəd bir
anlayış deyil: bu Vətənin övladları onu
dünyanın seçkin bir məkanına çevirməlidirlər
ki, o beşik müqəddəsliyinə həmişə
üz tutmağa, baş endirməyə haqları olsun. Başqa bir şeirində isə Bəxtiyar
Vətən duyğusunun ayrı bir çalarını
qabardaraq yazır:
Bu torpaqdan qüvvət alıb boy atdıq.
Vətən üçün biz yaşadıq,
yaratdıq.
Bülbül
ötməz gülüstansız, çəmənsiz
Biz də köksüz budaqlarıq Vətənsiz.
Kökü üstündə ucalan “budaq-insanlar” dəyişən
nəsilləri ilə Vətənin taleyini və tarixini
yaradır. Bununla da İnsan və onun Vətəni bir-birinə
və Dünyaya layiq olduğunu təsdiq edir. Azərbaycanın
böyük ictimai xadimi Bəxtiyar Vahabzadə
xalqımızın ən dar günlərində onun
varlığını qoruyan bir mücahid olduğu
üçün, qələmindən çıxanlarla dilindən
çıxanlar üst-üstə düşdüyü
üçün, ədəbi şəxsiyyəti əməli
fəaliyyətindən ayrılmaz olduğu üçün, ən
kiçik şeirləri belə həqiqət saçır,
dolğun poetik ideyanın təcəssümü olur. Beləcə, İnsan taleyini Vətəndaş
taleyinə ucaltmış Bəxtiyar Vahabzadə özü adi
insan həyatı yaşamadı, öz varlığı qədər
sevdiyi Vətənin taleyini yaşadı və yazdı:
Nə
eybi var unudulsam,
Yaddaşlardan
itər olsam,
Mən Vətəndən
gedər olsam,
Vətən
məndən gedər olmaz!
Məhz
belə böyük milli amallarla yaşadığı
üçün Bəxtiyar Vahabzadə poeziyasında Azərbaycanın
bütövlüyü və istiqlaliyyəti mərkəzi yer tutur.
Heç zaman unuda bilmərik ki, Quzey Azərbaycanın Sovet
İttifaqı kimi nəhəng imperiya-dövlətin tərkibində
olduğu, böyük ideologiya maşınının milli
düşüncəni əzib məhv etdiyi bir zamanda - namuslu
sözün yasaq edildiyi bir dövrdə bu günkü dövlət müstəqilliyimizi
yetişdirən, hazırlayan kəslərdən biri də məğrur
gənc - Bəxtiyar Vahabzadə idi. O, dövrünün ilk
şair-dissidenti olaraq 1959-cu ildə “Gülüstan”
poemasını yazdı. O
zamanlar adətən “Gülüstan” adı altında süni
optimist pafosla sovet kəndinin sosializm quruculuğundan, pambıq
tarlalarından, əmək qabaqcıllarından,
bağdan-bostandan bəhs edən poemalar yazılardı. Amma Azərbaycanın
birliyi və istiqlalı uğrunda çarpışan Səttar
xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin
xatirəsinə həsr etdiyi bu siyasi poemada Bəxtiyar Vahabzadə
doğma Vətəninin Gülüstan müqaviləsi ilə
Rusiya və İran arasında bölünməsi kimi indiyə
qədər ağrısını çəkdiyimiz
böyük milli faciəni qələmə aldı. Şair
bu əsərində imperiya “ağalarını” divara dirəyir:
Sizə kim haqq verib ki, tarixində heç
zaman bölünməmiş bir ölkəni ikiyə
parçalayıb uddunuz? Şairin ən amansız tənəsi
isə elə özümüzədir: “...Yaxşı, bölənlər
yad idi, bəs siz niyə bu parçalanmaya tab gətirdiniz? ” Tarixlə bu çarpışmada acı həqiqətin
gerçəkliyi birər-birər açılır. Ən böyük həqiqət
isə - Azərbaycanın bölünmüş
torpağında onun millətinin öz birliyini
qorumasıdır. Düşmənlər
bu birliyi uzun zamanlar ən qəddar şəkildə
belə, nə qədər sarsıtmaq istəsələr də,
ona nail ola bilmədilər:
Bu taydan o
taya axışdı sel tək
Gözə görünməyən könül telləri.
Bu selin
önünü nə çay, nə dirək,
Kəsə bilməmişdir yüz ildən bəri.
Ağalar
bilmədi birdir bu torpaq
Təbriz
də, Bakı da Azərbaycandır,
Bir elin
ruhunu, dilini ancaq
Kağızlar
üstündə bölmək asandır...
Bəxtiyar
Vahabzadə bu mövzuya düz 40 ildən sonra - 1999-cu ildə
tamamilə yeni bir tarixi dövrün məntiqi ilə bir də
qayıtdı: o, “Gülüstan” poemasının ikinci hissəsi
kimi, Güney Azərbaycan Milli Dirçəliş Hərəkatının
öndəri Mahmudəli Çöhrəqanlıya həsr
etdiyi “İstiqlal” poemasını qələmə aldı.
Şair bu əsərində milli tariximizin iki
dövrünü - müstəqilliyə qədərki və
müstəqillikdən sonrakı mərhələlərini
Güney Azərbaycanın azadlığı uğrunda
mübarizə kontekstində müqayisə edir və bu nəticəyə
gəlir ki, bölünmüş Azərbaycan öz taleyinə
dövrün hərəkətdə olan, dəyişən və
yeni keyfiyyətlər əldə edən qlobal siyasi münasibətlərinin
gözü ilə baxmalı, Müstəqilliyin ikinci - Həlledici
addımını da Arazdan o tayda - Güney Azərbaycanda
atmalıdır:
Salaq
yadımıza bu gün, cahanın
Rəngləri
dəyişən beş qitəsini.
Biz də
görəcəyik Azərbaycanın
Güneyli-quzeyli xəritəsini.
Bu gün də müasir dünya tarixinin bütün məntiqi
məhz bu idealın reallaşmasına doğru aparır. Ümumiyyətlə, Bəxtiyar
Vahabzadə yaradıcılığının ən
qabarıq xüsusiyyətlərindən biri dünya hadisələrinə
və eyni zamanda, bu kontekstdə Azərbaycanı dünya ilə
bağlayan bütün proseslərə fəal şair-vətəndaş
münasibətinin bildirilməsidir. Şair
öz yurdunun bir kəndinin bir evini necə abad görmək
istəyirsə, dünyanı da elə abad görmək istəyir.
Hər bir xalqın mədəniyyəti ilə
zənginləşən dünyanın tərəqqisi
üçün insanların həmrəyliyinə dəstək
olur. Hər bir dövləti beynəlxalq
birliyin “sökülməz daşı” hesab edir. Bəxtiyar
Vahabzadə hələ 1971-ci ildə - BMT-nin
qarşısında 126 dövlətin bayrağının
dalğalandığı bir vaxtda “bu boyda planeti bir binaya
toplayan” bu təşkilatı
beynəlxalq ədalətə - dünya xalqlarının haqq
səsini eşitməyə, onların arasında
ayrı-seçkiliyə son qoymağa
çağırırdı. Müstəqillik dövründə
isə öz xalqının tarixini dünya tarixinin ən
parlaq səhifələrində gördüyü
üçün Vətəndaş-şair bu tarixin “fərziyyə
tarixi”, “güman tarixi” kimi deyil, “həqiqət tarixi kimi”
yazılmasını istəyir:
Yalanı
torpağa gömsən, kol bitər
Biz necə varıqsa, bizə o yetər.
Nəyimizə
gərək doğruya bənzər
Fərziyyə tarixi, güman tarixi.
Oxuyaq
daşları biz zaman-zaman
Həqiqət sıyrılsın bəzəkli dondan.
Gəlin,
biz oyadaq qış yuxusundan
Torpağın
altında yatan tarixi...
...Uçaq
qanadında öz adımızın
Bu ad şərəfidir övladımızın.
Bizə
örnək olan əcdadımızın
Keçdiyi yollardır Vətən tarixi.
(ardı var)
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru
Xalq qəzeti.- 2013.- 12 yanvar.- S. 6.