“BU DAĞLARA YER DAYAQDIR, GÖY ÇƏTİR...”

 

Vaxt vardı, Yardımlıya yalnız yaz-yay aylarında getmək olurdu. Çünki havalar bir az soyuyan kimi sel-su, yağış-qar yolları bağlayır, dağlar diyarını əlçatmaz edirdi. Qaz, işıq olmur (meşələrə divan tutulur), keçilməz yollar göz qorxudurdu. İndi vəziyyət tam dəyişib: yollar xeyli abaddır, dolama yoxuşlar “ram” edilib. Avtomobillərin hərəkəti qarlı-çovğunlu havalarda da asanlaşıb. Hər fəsildə dağlar diyarına gedib gəzmək, ulu təbiətin seyrinə dalmaq imkanı yaranıb. Elə yerli əhalinin həyatı da sahmandadır, rahat yaşamaq üçün burada hər şərait var.

 

Qarlı qış günlərindən birində Yardımlının ucqar Gendərə kəndinə gedirdik. Mənzil başına yolda xeyli əziyyət çəkməklə birtəhər yetə bildik. Bu zaman alpinistlərin çətin peşəsini xatırladım. Dərhal da yadıma bu dağların cəsur oğlu, alpinist Sarvan Rəsulov düşdü. Onun ömrü dağda-daşda keçməkdədir. Hazırda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidentidir. Qurumun yaradıldığı bir neçə ildə idmançı dostları ilə Pamirin gədiklərinə, Everestə, Antarktidaya yürüş edib. Vilson zirvəsinə qalxıb, Cənub qütbünəcən gedib çıxaraq orada ulu öndərin “Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam” və “İlhamla irəli” şüarlarını yerləşdirib. Afrikada Kilimancaroya qalxıb, Uhuranı fəth edib və oraya üçrəngli bayrağımızı asıb. Cənubi Amerikada Akonkaquaya, Türkiyədə Ağrıdağa uğurlu ekspedisiyaları olub. Düşündüm ki, Yardımlının aşılmaz sıldırımlarında ilk sınaqlardan çıxmış Sarvan kimi oğullar üçün dünyanın heç bir dağı, qayası, buzlağı qorxulu olmaz...

Yardımlının ağsaqqalları deyirlər ki, yurdun indiki durumuna min şükür, dağların növrağına min əhsən! Rayon sakinlərinin tarixə qovuşmuş 2012-ci ili də fərəhlə xatırlamağa haqları var. Çünki həmin il onların ömründə-günündə xüsusilə silinməz iz buraxıb. Hansı yöndən baxsan, dağlar diyarında həyatın daha da canlandığının şahidi olarsan. Ölkənin dinamik inkişafı Yardmlıda da geniş əksini tapıb. Rayonun sosial-iqtisadi və mədəni həyatında yeni bir mərhələnin başlanğıcı qoyulub.

Həmkarım, Yardımlıda çıxan “Zirvə” qəzetinin redaktoru Ələsgər Cəfər ötən ilin yekunlarını  şərh edərək dedi ki, inkişafın yeni mərhələsi ilk növbədə özünü insan amilinə zəruri önəm verilməsi ilə sağlam münasibətlər sisteminin qurulmasında göstərib. İşgüzar mühit, qarşılıqlı inam sayəsində vahid və işlək mexanizm qurulub, ləngitmə riçaqları birdəfəlik aradan qaldırılıb.

 

Qələm dostum daha sonra bildirdi:

-Məlumdur ki, yerlərdə əhali ilə görüşlər keçirmək, səyyar qəbullar, dinləmələr təşkil etmək müasir idarəetmənin ən məqbul formalarındandır. Prezident İlham Əliyevin vaxtaşırı bölgələrə səfər etməsi, regional inkişaf Dövlət Proqramının icrasını nəzarətdə saxlaması və ictimaiyyət nümayəndələri ilə görüşərək səmimi söhbətlər aparması hər bir rəhbər kadr üçün örnəkdir. Rayonumuza yeni təyin olunan icra başçısı Sevindik Hətəmov bu mexanizmin səmərəsini fəaliyyəti ilə bir daha ortaya qoydu. Çətin coğrafi relyefə baxmayaraq o, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonun 90 yaşayış məntəqəsinin hamısında görüşlər keçirib, problemlərlə tanış oldu. Bu zaman rəsmi qəbullardan fərqli olaraq, insanlar öz istək və arzularını, narahatedici məsələləri rayon rəhbərinə birbaşa çatdırmaq üçün real imkan qazandılar.

Beləcə, səmimi dialoqlar, təkliflərə, müraciətlərə həssas və obyektiv münasibət rəhbərliklə əhali arasında  olan inam körpüsünü  daha da möhkəmləndirdi. Sosial-iqtisadi inkişafın bütün aspektləri işə salındı. Sağlam atmosferdən, işgüzar auradan ruhlanan xeyriyyəçilər, az-çox imkanlı adamlar da qollarını çırmalayıb ürəklə işə girişdilər. Vərgədüz kəndində şəxsi təşəbbüslə artezian quyusu qazıldı, 20 tonluq su anbarı tikildi. Cerinbel kəndində yeni bulaq kompleksi inşa olundu, Yardımlı-Masallı yolunun 22-ci kilometrliyində bulaq tikildi, körpülər atıldı və sair.  Qısası, Yardımlı, sözün həqiqi mənasında, böyük bir tikinti meydanına çevrildi.

Rayon mərkəzini gözəl və yaraşıqlı bir dağ şəhərinə çevirmək istiqamətində tikinti-abadlıq işləri sürətləndirildi. Artıq indiyədək şəhərin giriş hissəsindən başlayaraq kilomerlərlə istinad divarı hörülmüş və üzlük daşlarla bərkidilmişdir. İndi həmin istiqamətdə magistral yol da genişləndirilir, su arxları salınır, piyadalar üçün səkilər tikilir. Piyada yollarına ornamentli üzlük plitələr döşənir. Artıq həmin ərazidə yerləşən Heydər Əliyev bulağında müasir zövqə uyğun əsaslı yenidənqurma işləri aparılmış, ətraf abadlaşdırılmışdır. Rayon statistika idarəsi üçün yeni ikimərtəbəli inzibati bina və vergi terminalı inşa olunub. YAP rayon təşkilatı üçün tikilən binada işlər tamamlanır. Şəhidlər Xiyabanında əsaslı təmir başa çatdırılıb. Polis şöbəsi üçün üçmərtəbəli bina tikilir. Şəhərin ən gözəl guşəsində Heydər Əliyev mərkəzi yaradılır, park salınır. Bundan başqa, şəhərin darısqal küçələrinin genişləndirilməsi üzrə işlər görülür.

Tikinti-abadlıq işləri kəndlərdə də sürətlənir. Bunun ən yaxşı nümunəsi yol infrastrukturunun abadlaşdırılmasıdır. Kənd yollarında uzun illər təmir aparılmaması ciddi problemlər yaradırdı. Payız-qış aylarında ucqar kəndlərlə əlaqə kəsilir, nəqliyyatın hərəkəti müşkülə çevrilirdi. Ona görə də rayonun yeni rəhbərliyi ilk növbədə bu problemin həlli məsələsini qaldırdı. Onun təşəbbüsü ilə nəqliyyat nazirliyinin xüsusi təyinatlı texnikası (5 ədəd ağır tonnajlı maşın, 1 ədəd ekskovator, 1 ədəd qreyder və traktor), həmçinin 44 saylı yol istismar sahəsinin texniki qüvvəsi cəlb olundu. Qış mövsümünədək 30-a qədər kəndin yolu əsaslı təmir edildi. 41 kilometrlik kəndarası yola çınqıl örtük verildi, 19 kilometr yol isə eni 6 metr olmaqla genişləndirildi. Dörd kəndə gedən yolda dağ çaylarının üstündə dəmir-beton konstruksiyalı nəqliyyat keçid körpüləri tikildi.

Əhalinin içməli su təminatı üçün görülən işlər razılıqla qarşılanır. Rayon rəhbərinin şəxsi təşəbbüsü ilə 18 kəndin tələbatını ödəmək məqsədilə Viləş çayının Qaraqaya qolundan su xəttinin çəkilməsi layihələndirilməyə başlanılıb, 2 kənddə artezian quyuları qazılıb. Bundan başqa, Yardımlı şəhərinin içməli su tələbatının ödənilməsi üçün  52,2 kilometrlik su, həmçinin 58,2 kilometrlik kanalizasiya xətlərinin çəkilməsinə başlanıb.

Qazlaşdırmanın sürətləndirilməsi meşələrin kütləvi qırılmasının qarşısını alır. Əngövül kəndində 133 evə təbii qaz verilməsi ilə əhali üzrə abonentlərin sayı 1218-ə çatıb. İndi 300 abonenti olan Bozayran kəndinin qazlaşdırılması sona yetmək üzrədir. Şəhərin Daşkənd və Ünəş küçələrinin bir hissəsi də artıq qazlaşdırılıb. Daha 18 kəndə mavi yanacaq verilməsi üçün texniki şərtlər hazırlanıb. Bundan başqa, şəhərin infrastrukturuna daxil olan binalar da xəttə qoşulub.

Rayonda sahibkarlığın inkişafına mane olan maneələr bütünlüklə aradan qaldırılıb. İş adamlarının fəaliyyəti üçün münbit şərait yaradılıb. İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayonda maarifləndirmə tədbiri keçirilib və iş adamlarına kreditlər verilib.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən Yardımlıda ən çox narahatlıq doğuran məsələlərdən biri elektrik enerjisinin verilməsi ilə bağlı olub. Xətt təsərrüfatının bərbadlığı, məcburi açılmalar infrastrukturu iflic etmişdi. Gündüz saatlarında kəndlərin işığının kəsilməsi haqlı narazılıq doğururdu. Yeni tikilən məktəblərdə kompyuter kabinetləri iflic olmuş, avadanlıq bir növ yararsız əşyaya çevrilmişdi. Bu məsələ də, nəhayət, həllini tapdı və indi bütün kəndlər fasiləsiz enerji ala bilir. Bundan başqa, neçə illər ləngidilən Masallı-Yardımlı-Lerik yüksəkgərginlikli 110 kilovoltluq hava xəttinin çəkilməsinə başlanılıb və bu sahədə işlər sürətlə gedir.

Rabitə sistemində də köklü dəyişikliklər baş verib. Bütün kənd ATS-ləri elektronlaşıb. Ocnağaran kəndində yeni EATS quraşdırılıb. Daha 2 kənddə quraşdırılmaq üçün EATS-lər gətirilib. Çoxşaxəli internet şəbəkəsi istifadəyə verilib ki, hazırda 170 abonent bu xidmətdən lazımınca yararlanır. Əhalinin çoxsaylı xahişləri nəzərə alınaraq Şəfəqli və Sırıq kəndlərində bankomatlar quraşdırılıb.

Diqqət  çəkən məsələlərdən biri də təhsildir. Rayon rəhbərliyi bütün kəndlərdə məktəblərə baş çəkərək təhsilin vəziyyəti ilə maraqlanıb. Təhsil ocaqlarının maddi-texniki bazasının yaxşılaşdırılması üçün də ardıcıl iş gedir. Sevindik müəllim məktəb tikintilərinin sürət və keyfiyyətlə aparılmasına xüsusi diqqət yetirir. Son 4 ayda rayonda 4 məktəb - 360 yerlik Kürəkçi, 220 yerlik Şəfəqli və hər biri 80 yerlik olan Gügəvar və Gendərə məktəbləri istifadəyə verilib. Çayüzü kəndində 55 yerlik uşaq bağçası da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bundan başqa, hazırda Ostayır, Alçabulaq, Avaş kəndlərində 220 yerlik, Anzov kəndində 180, Fındıqlı Qışlaq, Solqard və Zenqaran kəndlərinin hər birində 80 yerlik məktəblərin tikintisi davam edir. Yolocaq kəndində yeni uşaq bağçasının özülü qoyulub. 4 kənddə orta məktəb tipinin dəyişdirilərək tam orta məktəblərə çevrilməsi də təhsilə olan qayğıdan irəli gəlir.

Yardımlının ən böyük sərvəti onun əhalisidir. Bütün işlər, sosial-iqtisadi inkişaf kursu da ona xidmət edir, insanların sosial-rifah halının yaxşılaşdırılmasına yönəlib. Ona görə də rayon camaatı ölkə başçısının sosial-iqtisadi siyasətini ürəkdən dəstəkləyir və qiymətləndirirlər. Bu günlərdə Azərbaycan Prezidentinin rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək üçün əlavə tədbirlər haqqında sərəncam imzalaması Yardımlıda böyük rəğbətlə, sevinclə qarşılanıb. Tanınmış ağsaqqal və ziyalılardan Mirmahmud Mahmudov, Şahbaz Hüseynov, Mirhəqiqət Həsənov, Feyruz Sultanov, Pənah Tağızadə, Baba Bəhruz, Hüseyn Vəliyev, Əliş Baratov, Firsənd İbayev, Həzi Məcidov, Nadir Əliyev, Məlikməmməd Əliyev və onlarla başqaları söhbətlərində cənab Prezidentin sərəncamını Yardımlı üçün tarixi qərar adlandırıb, rayon əhalisinə xüsusi qayğısı kimi qiymətləndirdilər. Belə fikir vurğulandı ki, rayonun sürətli inkişafı qədim yurd yerlərindən əsassız miqrasiyanın qarşısını alır, insanların torpağa bağlılığını  artırır, cins-yaş strukturundakı fərqləri aradan götürməyə xidmət edir.

Bəli, Yardımlı inkişaf edir və gözəlləşir. Ölkə başçısı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rayona tarixi səfəri zamanı söylədiyi bu fikirlər artıq həqiqətə çevrilir : “Yaxın zamanlarda Yardımlı Azərbaycanın qabaqcıl rayonlarından birinə çevriləcəkdir”.

Yardımlıda söz əməli işə, ümid inama, inam qələbəyə vəsilə olmaqla özünü təsdiqləyir.

 

 

Əli Nəcəfxanlı

 

Xalq qəzeti.- 2013.- 12 yanvar.- S. 6.