Azərbaycan humanizm prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi

 

Cinayət törətmiş insanları  əfv etmək, cəzalarının çəkilməmiş hisəssindən azad etmək, bağışlamaq həm onları normal həyata qaytarır, həm də müasir Azərbaycanın humanizm prinsiplərinə sədaqətini bir daha təsdiqləyir.

 

İnsanlıq, humanizm, hər şeydən əvvəl, insana qayğı, ona həssas münasibət bəsləmək, insan ləyaqətinə hörmət etmək deməkdir. Azərbaycan müstəqillik yoluna qədəm qoyduğu ilk vaxtlarda humanizm prinsipləri bir o qədər də diqqət mərkəzində deyildi. Lakin ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra     ölkəmizdə insanlıq və humanizm prinsiplərinə xidmət edən xeyirxah əməllərin  çox şahidi olmuşuq.  Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu ənənə bu gün də yüksək səviyyədə davam etdirilir. Yola saldığmız 2012-ci ildə digər sahələrdəki uğurlarla yanaşı, ölkəmizin humanizim prinsiplərinə sadiqliyi ilə yadda qalacaq. Möhtərəm Prezidentimiz İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı sərəncamlar da bunu təsdiqləyir. 26 dekabr 2012-ci il tarixli sərəncam da bunun bariz nümunəsidir.   Ölkə başçısı Azərbaycan dövlətinin humanizm və ədalət prinsiplərinə əsaslanan siyasətini davam etdirərək, insan hüquq və azadlıqlarına hörmət və ehtiram göstərərək, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəzalarının müəyyən hissəsini çəkdiklərini, bu müddət ərzində davranışlarını nəzərə alaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, əfv olunan şəxslərin qanunlara dönmədən əməl etmələrini və azad cəmiyyətə qovuşacaqlarını arzulayaraq,  növbəti humanist addım atmışdır. Dövlətimizin başçısının bu sərəncamı ilə  azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş məhbuslardan 79 nəfəri cəzanın şəkilməmiş hissəsindən,  4 nəfər islah işləri cəzasından, 4 nəfər isə cərimə  cəzasından  azad edilmişdir.

Azərbaycan Prezidentinin növbəti əfv fərmanı hüquq müdafiəçiləri tərəfindən də yüksək qiymətləndirilib. Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvü,  Milli Məclisin deputatı Çingiz Qənizadə  ölkə başçısının  əfv sərəncamını müsbət qiymətləndirərək demişdir: “Bu sərəncam Prezident tərəfindən humanist bir addımdır və yüzlərlə insanı, ailələri sevindirib. Monitorinq Qrupu olaraq hesab edirik ki, bizim siyahımızda olan şəxslərin, yəni Vidadi İsgəndərli, Şahin Həsənli və başqalarının azadlığa buraxılması müraciətlərimizin diqqətə alınmasının nəticəsidir. Amma növbəti əfv fərmanları da olacaq”.

Hüquq müdafiəçisi Eynulla Fətullayev də “vicdan məhbuslarının” adlarının əfv siyahısında olmasını AŞPA-nın yanvar sessiyası ərəfəsində yüksək addım kimi qiymətləndirib.  Əfv edilənlər arasında jurnalistlərdən Aydın Canıyev   Anar Bayramlının adlarının olması ölkə başçısının müstəqil mətbuatın,  söz və fikir azadlığının inkişafında siyasi iradə nümayiş etdirməsinin bariz nümunəsidir.

Ümumiyyətlə, 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda demokratik proseslərin inkişafı prioritet vəzifə kimi qarşıya qoyulmuş, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır. Bu hüquqlar  həm də hüquqi normativ sənədlərdə öz əksini tapıb. Son 17 ildə imzalanan 52 əfv fərmanı ilə 5500-ə yaxın məhkumu azadlığa buraxılmışdır. Bu humanist addım ölkəmizdə əsas insan hüquq və azadlıqlarının qorunmasını Avropada nümunə kimi göstərir. Ölkə başçısı hər dəfə əfv sərəncamı imzalayarkən  səhv etmiş, cinayət törətmiş insanların bir daha belə hallara yol verməyəcəklərini nəzərə almış, onların azad həyata qayıtmalarını, ailələrinə, yaxınlarına qovuşmalarını, cəmiyyətdə öz yerlərini tapa bilmələrini diqqətdə saxlamışdır. Cinayət törətmiş  insanların bağışlanması  onların normal həyata qaytarılması, eyni zamanda,  həm də müstəqil Azərbaycanın humanizm prinsiplərinə sadiqliyinin təzahürüdür.

Ulu öndər Heydər Əliyev əsas insan hüquq və azdlıqlarının qorunmasını ali vəzifə kimi qarşıya qoymuşdu. Qüdrətli şəxsiyyət  bu sahədə riskli və prinsipial addımlar atmaqdan da çəkinmirdi. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsini xüsusi qeyd etmək lazımdır.  1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü cəzasının birdəfəlik ləğvi ulu öndər Heydər Əliyevin yüksək humanizminin və mərhəmətinin nəticəsində mümkün olmuşdur. Sonrakı illərdə də Prezident fərmanı ilə yüzlərlə məhbus əfv edilmiş, sağlam həyat fəaliyyətinə başlamışdır Ölüm cəzasının ləğv edilməsi, həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən idi. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi öz əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Bu məsələ müstəqil Azərbaycanın Konstitusiyasında da təsbit olunub.

Ümummilli liderin  rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb. İlk dəfə olaraq, həmin Konstitusiyanın maddələrinin üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Ali qanunumuzun 54 maddəsində insan hüquq və azadlıqlarının qorunması öz əksini tapıb.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin daha geniş şəkildə tətbiqi, əhalinin həyat səviyyəsinin durmadan yaxşılaşdırılması, onların öz fikirlərini sərbəst ifadə etmələri üçün həyata keçirilən tədbirlər, mitinq, küçə yürüşləri və digər aksiyaların keçirilməsi üçün yaradılan sərbəstlik ölkəmizin beynəlxalq aləmə  inteqrasiyasını daha da sürətləndirdi.

Azərbaycanda insan hüquqlarının qorunmasi sahəsində Heydər Əliyev tərəfindən həyata keçirilən uğurlu tədbirlər  onun  siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur. Dövlətimizin başçısı bununla əlaqədar bir neçə Dövlət Proqramını təsdiqləmiş və bu sahədə  həyata keçirilən tədbirlərin səmərəliliyi daha da artmışdır.

Prezident İlham Əliyevin  2006-cı il 28 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na müvafiq olaraq, BMT-nin “Minilliyin inkişaf məqsədləri”nin təbliği və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən BMT-nin İnsan Hüquqları Şurası ilə əməkdaşlıq əlaqələri yaradılmışdır. Dövlət başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” bu sahədə qarşıya çox ciddi vəzifələr qoymuşdur. Bu əhəmiyyətli sənəddə bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən edilmişdir ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsədə nail olmaq üçün ölkəmizdə qəbul edilən qanunların ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında və mütəqil dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi zəruridir.

Səhvindən səmimi peşmançılıq hissləri keçirən, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən məhkumların bağışlanması insanların dövlət başçısına olan inamını daha da artırıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən  tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, Avropa və dünya birliyinə inteqrasiyasını getdikcə sürətləndirir. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki,  Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”.

Möhtərəm Prezidentimizin   təsdiqlədiyi “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” nüfuzlu beynəlxalq aləmdə   yüksək dəyərləndirilmişdir. Bu əhəmiyyətli  sənəd və dövlət başçısının 18 iyun 2007-ci il tarixli sərəncamına əsasən, iyunun 18-i “Azərbaycanda İnsan hüquqları günü” elan edilməsi  ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasının dövlətin diqqət mərkəzində saxlanılmasından xəbər verir. Bütün ağır, çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etmək dövlətimizin  başçısının qarşıya qoyduğu əsas vəzifələrdəndir. Bu, vətəndaş cəmiyyətinin formalaşmasında ən vacib şərtlərdəndir. Vətəndaş cəmiyyəti elə bir cəmiyyətdir ki, orada bütün azadlıqlar, qanunun aliliyi mövcuddur, cəmiyyətdə birlik və mərhəmət vardır. Azərbaycanda  məhz belə bir cəmiyyətin  əsası ulu öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra qoyulmuş və bu gün ölkəmiz bu istiqamətdə sürətlə inkişaf edir.

Dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları, ekspert və analitikləri   Prezident İlham Əliyevin insanpərvər və humanist dövlət rəhbəri olduğunu xüsusi olaraq vurğulayırlar. Ölkəmizdə ardıcıl imzalanan əfv fərmanları Azərbaycanın demokratik imicini daha da möhkəmləndirir, dünya birliyinə inteqrasiyasını  sürətləndirir. Hər il ölkəmizdə bayramlar ərəfəsində əfv sərəncamlarının imzalanması artıq ənənə halına çevrilib. Dövlətimizin başçısının bu günlərdə imzaladığı növbəti əfv fərmanı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yenu il bayramı ərəfəsində minlərlə ailəyə ikiqat sevinc bəxş etdi.

 

 

Əliqismət Bədəlov

 

Xalq qəzeti.- 2013.- 12 yanvar.- S. 5.