Azərbaycanda qeyri-neft sektorunun
inkişafı istiqamətində mühüm
uğurlar əldə edilir
Azərbaycan iqtisadiyyatı son
doqquz ildə həyata keçirilən tədbirlər nəticəsində
öz dinamik inkişafını qoruyub saxlamışdır. Respublikamız hazırda iqtisadi inkişaf tempinə
görə, dünyanın 10 aparıcı ölkəsi
sırasındadır. Azərbaycan artıq keçid
dövrünü tamamilə başa vurmuş, orta gəlirli
ölkələr siyahısında mövqeyini daha da möhkəmləndirmişdir.
Ölkəmizdə yoxsulluğun səviyyəsi 49 faizdən
5,1 faizə qədər enmişdir.
Dövlət
başçımızın regionların sosial-iqtisadi
inkişafına dair birinci və ikinci Dövlət proqramları
regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən
qurulması, milli iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün
geniş imkanlar açmışdır. Həmin
proqramların icrasına başlanandan, yəni 2004-cü ilin
fevralından indiyə qədər ölkəmizdə bir
milyondan çox iş yeri açılmışdır. Yeni
iş yerlərinin yaradılması, müasir standartlara cavab
verən müəssisələrin işə salınması
istehsal olunan malların sayını
artırmış, ixracdan asılılığı
azaltmışdır.
Son
doqquz ildə aqrar sektorda da mühüm uğurlar əldə
edilmişdir. “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nda aqrar sektorda ənənəvi sahələr olan
taxılçılığın,
üzümçülüyün, meyvəçiliyin,
pambıqçılığın,
tütünçülüyün,
çayçılığın, ipəkçiliyin və
digər sahələrin inkişafı prioritet vəzifə
kimi qarşıya qoyulmuşdur.
Aqrar bölmənin inkişafı istiqamətləri
sırasında aqrar bölmənin normativ hüquqi
bazasının, elmi-metodik təminatının və kadr
hazırlığı sisteminin təkmilləşdirilməsinə,
aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin
əlaqəli inkişafına, rəqabətqabiliyyətli məhsul
istehsalının artırılmasının stimullaşdırılmasına,
aqrar bölməyə maliyyə dəstəyinin
artırılmasına, bu bölmənin maddi-texniki
bazasının möhkəmləndirilməsinə
mühüm önəm verilmişdir.
Ötən
dövrdə əldə olunan makroiqtisadi nəticələr
milli iqtisadiyyatın davamlı inkişaf etdiyini bir daha təsdiqləyir.
Bununla əlaqədar Prezident İlham Əliyev demişdir: “Son
doqquz il ərzində Azərbaycan iqtisadi sahədə misli
görünməmiş inkişaf dövrünü
yaşayır. Doqquz ildə iqtisadiyyat üç dəfə
artmışdır. Sənaye istehsalı da üç dəfə
artmışdır. İşsizlik kəskin şəkildə
azalmışdır. Bir milyondan artıq yeni iş yeri
açılmışdır. Hazırda işsizlik Azərbaycanda
5,3 faizdir. Büdcə kəsiri demək olar ki, yoxdur. Bəlkə
bir faiz təşkil edir. Amma kəsirsiz büdcə bizim
üçün problem deyildir. Xarici dövlət borcu
ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bu,
hesab edirəm ki, dünya miqyasında ən uğurlu nəticələrdən
biridir. Bizim iqtisadi sahədə uğurlarımız beynəlxalq
maliyyə qurumları tərəfindən də qiymətləndirilir
və qeyd edilir. Dünya üçün, qitə
üçün ən çətin böhran illərində
Azərbaycan iqtisadiyyatı inkişaf edir. Üç əsas
beynəlxalq reytinq agentlikləri ”Moody’s”, “Fitch”, “Standard &
Poors” Azərbaycanın kredit reytinqini artırırlar”.
Bu
dövrdə Azərbaycanda 2,5 min kilometrdən artıq respublika əhəmiyyətli, 4 min
kilometrdən çox yerli əhəmiyyətli
avtomobil yolları, eyni zamanda 170-dən artıq körpü,
tunel və yol bağlantıları istifadəyə
verilmişdir. Son 10 il ərzində Azərbaycanda yük
daşımalarının orta illik artımı 3,8, tranzit
daşımaların orta illik artımı 6,6, sərnişin
daşımalarının orta illik artımı isə 6,1 faiz
təşkil etmişdir. Hazırda nəqliyyat sektorunun
ÜDM-də payı 5,6 faizə çatmışdır.
Son
illərin iqtisadi uğurlarından danışarkən
informasiya-kommunikasiya texnologiyaları sahəsində
qazanılan nailiyyətlər də xüsusi qeyd olunmalıdır.
Azərbaycan MDB məkanında sabit telefon şəbəkəsini
tam rəqəmləşdirən və bütün ərazisində
beynəlxalq standart nömrələmə sisteminə
keçən ilk ölkədir. Bu gün Azərbaycanda hər
100 nəfərə 110 mobil telefon düşür. Bu isə
ümumdünya orta göstəricisindən təxminən 40
faiz yüksəkdir. Ölkədə internet istifadəçilərinin
sıxlığı 50 faizi ötmüşdür. Bu göstərici
üzrə də Azərbaycan bölgədə qabaqcıl
yerlərdən birini tutur. BMT-nin məlumatına görə,
dünyanın 192 ölkəsi arasında elektron hökumətin
yaradılmasındakı uğurlarına görə Azərbaycan
83-cü yerdədir. 2020-ci ildə ÜDM strukturunda İKT sahəsi
aparıcı rol oynayacaqdır.
Dövlət
başçısının daim diqqətində olan
qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması,
müasir standartlara cavab verən yeni yaşayış qəsəbələrinin
salınması, çoxmərtəbəli binaların
tikintisi həyata keçirilmişdir. Görülən
işlər nəticəsində məcburi
köçkünlərin yoxsulluq səviyyəsi 4,1 dəfə
azalmışdır. Ümumilikdə qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin həlli məqsədilə
4,6 milyard dollar, o cümlədən
Dövlət Neft Fondundan 1 milyard dollar xərclənmişdir.
Prezident
İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində
son illər ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın
bütün sahələrində
nailiyyətlər əldə olunmuşdur. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə
edən regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramlarının qəbulu və müvəffəqiyyətlə
icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə
və iqtisadi inkişafına güclü təkan
vermişdir. Bu müddət ərzində 40 mindən artıq
yeni müəssisə yaradılmış, böyük əksəriyyəti
daimi olmaqla ümumilikdə bir milyondan çox yeni iş yeri
açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən
6 faizə, işsizlik isə 5,3 faizə enmişdir. Büdcə
xərcləri 12 dəfə, ümumi daxili məhsul 3 dəfə
artmışdır. Dünyanın 149 ölkəsi ilə
xarici ticarət dövriyyəsi 36,3 milyard dollar təşkil
etmişdir.
Düşünülmüş
düzgün siyasətin nəticəsidir ki, qlobal maliyyə-iqtisadi
böhran Azərbaycandan yan keçmiş, dünyanın bir
çox ölkələrini sarsıdan həmin böhrandan Azərbaycan
iqtisadiyyatı sürətli inkişaf tempini və
dayanıqlığını qoruyub saxlamış və
ümumilikdə 9 faizdən çox artıma nail olmuşdur.
Ölkəmizin
maliyyə vəziyyəti də getdikcə
yaxşılaşır. İlin əvvəlindən strateji valyuta ehtiyatlarımız
artmışdır. Hazırda Azərbaycanın valyuta
ehtiyatları 46,5 milyard dollar səviyyəsini keçibdir.
Uğurla
reallaşdırılan inkişaf strategiyası artıq
özünün növbəti - üçüncü mərhələsi
ərəfəsindədir. 2013-2020-ci illəri əhatə edəcək
bu mərhələdə Azərbaycanın inkişaf etmiş
ölkələr sırasına çıxarılması və
əhalimizin yüksək gəlirli topluma çevrilməsi,
qeyri-neft sektorunun, özəl bölmənin,
sahibkarlığın hərtərəfli
inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə
artırılması, dövlət və özəl
qurumların birgə fəaliyyəti üzrə yeni
strategiyanın hazırlanması, ən müasir
texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi,
elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu,
hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq
və azadlıqlarının tam bərqərar edilməsi
Prezident İlham Əliyevin qarşıya qoyduğu
başlıca hədəflərdir.
Ölkə
iqtisadiyyatına yatırılan investisiyaların artımı
ilk növbədə əlverişli sahibkarlıq və biznes
mühitinin nəticəsi kimi qiymətləndirilməlidir.
Bazar iqtisadiyyatı tələblərinə uyğun funksional
idarəetmə mexanizmlərinin, dövlət strukturlarının
iqtisadi fəaliyyət sahələrinə nəzarətinin təkmilləşdirilməsi
nəticəsində liberal bazar prinsiplərinin daha geniş
vüsət alması özəl sektorun inkişafına təkan
vermişdir. Bu baxımdan kiçik və orta sahibkarlıq
subyektlərinə dövlət büdcəsindən ayrılan
vəsaitlərin həcminin ildən-ilə
artırılması, iş adamlarının fəaliyyətinə
süni müdaxilələrin aradan qaldırılması,
sahibkarlıq subyektlərinin qeydiyyatı sisteminin sadələşdirilərək
“vahid pəncərə” prinsipi əsasında
aparılması, gömrük orqanlarında da bu sistemin təşkili,
texnoparkların yaradılması, korrupsiyaya qarşı
mübarizə tədbirlərinin gücləndirilməsi və
digər addımları xüsusi vurğulamaq lazımdır.
Vergi
yükünün azaldılması və vergi
prosedurlarının asanlaşdırılması məqsədilə
mənfəət vergisinin 22 faizdən 20 faizə, fiziki şəxslər
üçün gəlir vergisinin maksimal dərəcəsinin
35 faizdən 30 faizədək, fərdi sahibkarlar
üçün isə 20 faizədək endirilməsi, habelə
sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə
etmək üçün hüquqi şəxslərin vergi
tutulan əməliyyatlarının illik həcminin 90 min
manatdan 150 min manatadək artırılması biznes
mühitinin liberallaşmasını təmin etmişdir. Modern
idarəetmə texnologiyalarının tətbiqi ilə
yanaşı, infrastrukturun müasirləşdirilməsi tədbirləri,
bu sahəyə dövlət əsaslı kapital qoyuluşlarının
həcminin ildən-ilə artması da biznesin inkişafına
dəstək tədbirlərinin nəticəsidir.
Davamlı
və dinamik inkişafa, sərbəst bazar münasibətlərinə
əsaslanan, sosialyönümlü iqtisadi siyasət nəticəsində
milli iqtisadiyyatımızın uğurları daha da möhkəmləndirilmiş,
sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş,
əhalinin sosial rifahı yaxşılaşmışdır.
Dövlət başçısı ötən doqquz ildə
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə
və genişləndirilməsinə xüsusi önəm
vermişdir. Məhz elə buna görədir ki, son illərdə
fondun işini tənzimləyən normativ-hüquqi aktlara edilən
dəyişikliklər nəticəsində onun təkmil fəaliyyət
mexanizmi formalaşdırılmış və dövlət
büdcəsindən güzəştli kreditlərin verilməsinə
ayrılan vəsaitlərin həcmi
artırılmışdır. Yeri gəlmişkən,
cari ilin ötən
dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına respublika üzrə sahibkarlıq subyektlərinin
2327 investisiya layihəsinin maliyyələşdirilməsinə
209 milyon manatdan çox güzəştli kredit verilmişdir.
Güzəştli kreditlər hesabına maliyyələşdirilən
layihələrin reallaşdırılması 8800-dək yeni
iş yerinin yaradılmasına imkan verir.
Son
illər investisiyaların
böyük əksəriyyəti özəl sektorlar tərəfindən
qoyulan daxili investisiyalardır. Bu həm də onu göstərir
ki, Azərbaycan dövlətinin gücü artıb, özəl
sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnir.
Prezident İlham Əliyev bununla bağlı demişdir: “Biz bundan sonra da dövlət
investisiya proqramlarını icra edəcəyik. Hər il
dövlət büdcəsindən böyük məbləğdə
vəsait ayrılır. Amma mən çox istərdim ki,
özəl sektora daha da böyük həcmdə investisiyalar
qoysun, həm öz imkanlarını genişləndirsin, eyni
zamanda, ölkənin inkişafı üçün də bunun böyük əhəmiyyəti
vardır”.
Həyata
keçirilən uğurlu siyasətin nəticəsidir ki,
dünyanın əksər ölkələrindən fərqli
olaraq, Azərbaycanın iqtisadi inkişaf səviyyəsi
yüksəlir, ölkəmizin iqtisadi potensialı güclənir,
maliyyə imkanları artır. Son illər Azərbaycan
bütövlükdə iqtisadiyyatın inkişaf səviyyəsini
səciyyələndirən mühüm göstəricinin -
ÜDM-in artım sürətinə görə lider ölkələr
sırasındadır. Gələn il ÜDM-in həcmi 56
milyard manat təşkil edəcəkdir ki, bu da 2003-cü ilə
nisbətən 8 dəfə çoxdur (2012-ci illə
müqayisədə artım 4,7 milyard manat və ya 5,3 faiz təşkil
edəcəkdir).
İqtisadi
İnkişaf Nazirliyinin hazırladığı
respublikanın iqtisadi və sosial inkişaf konsepsiyasına və
əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən,
2013-cü ildə ölkə üzrə real iqtisadi artım
5,3 faiz, qeyri-neft sektoru üzrə Ümumi Daxili Məhsulun
11,7 faiz artımı proqnozlaşdırılır ki, bu da
növbəti ildə qeyri-neft sektorunun inkişafının
yüksələn xətlə davam edəcəyi deməkdir.
Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli
hissəsini təşkil edən neft gəlirlərinin
hesablanmasında bir barel neftin satış qiyməti 100 ABŞ
dolları səviyyəsində qəbul edilmişdir.
Ölkədə
turizm infrastrukturunun inkişaf etdirilməsi və turizm xidmətlərinin
daha da genişlənməsi, regionlarda və Bakıda yeni
müasir standartlara cavab verən mehmanxanaların,
Şahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə
verilməsi və tarixi abidələrin bərpası kimi tədbirlərin
davam etdirilməsi nəticəsində turizm sektorunda
2013-2016-cı illər ərzində orta hesabla 21,9 faiz
artım gözlənilir.
Sosial
və digər xidmətlərdə 2013-cü ildə 8,6 faiz,
növbəti 3 ildə orta illik 5,3 faiz artım, ticarətdə
2013-cü ildə 13 faiz, növbəti üç ildə isə 9,3 faiz orta illik artım
proqnozlaşdırılır. Qeyri-neft sektorunun dinamik
artımı qeyri-neft ixracının da artmasına müsbət
təsir edəcəkdir. Belə ki, qeyri-neft ixracı
2013-cü ildə 19,9 faiz, sonrakı 3 ildə orta hesabla 19,1
faiz artacaqdır.
Vaqif Bayramov
Xalq qəzeti.- 2013.- 12
yanvar.- S. 4.