Erməni terrorunun “xaç
atası”– qraf Vorontsov-Daşkov
XIX əsrin 90-cı illərində
Şərqi Anadolu ərazilərində erməni millətçi
ekstremistlərinin həyata keçirdikləri qanlı hadisələrin
nəticəsiz qaldığını görən
daşnaklar öz iyrənc əməllərinin
davamını Cənubi Qafqazda həyata keçirməyi qərara
aldılar.
Əsrin
əvvəllərində Çar Rusiyasının üzləşdiyi
ağır sosial-iqtisadi vəziyyət, ucqarlarda fəhlələrin tətil
hərəkatı, inqilabi yüksəliş və digər
ciddi amillər imperiya əhalisinə görünməmiş
sarsıntılar gətirdi. Cənubi Qafqaz bu baxımdan ən
“qaynar nöqtə” hesab olunurdu. Fəhlələrin Bakıda,
Yelizavetpolda, Gədəbəydə ümumi siyasi tətili
keçirildi. Belə mənzərə Cənubi Qafqazın
erməni əhalisi məskunlaşan cənub-qərb qəzalarında
da ara-sıra müşahidə edilirdi. 1905-ci ildə Aleksandropolda,
Karaklisdə, İrəvanda, Qafanda, Alaverdi misəritmə
zavodunda fəhlələr dəfələrlə tətil
keçirdilər. Maraqlısı bu idi ki, erməni
proletariatı da ümumrus tətillərini dəstəkləyirdi.
1905-ci
ildə azərbaycanlılarla yanaşı, Gürcüstanda
da Tiflis dəmiryolçularının tətili
başladı. Qori, Tianet qəzalarında, Kaxetiya və
Meqreliya kəndlərində silahlı toqquşmalar qeydə
alındı. Bütün Cənubi Qafqazda siyasi sabitlik tamamilə
pozulmuşdu. İmperiyanın cənub ucqarlarında milli zəmində
alovlanan tətillərə hökumətin loyal münasibəti
açıq-aşkar hiss olunurdu. Belə bir ağır vəziyyətdə
çar hökumətinin əsas məqsədi müsəlman
əhalisini qorxutmaq və onları öz torpaqlarından
sıxışdırıb çıxarmağa
başlamış daşnaklarla mübarizəni dərinləşdirmək
idi. Daşnaklar erməni muxtariyyəti uğrunda aparılan
mübarizədə, eləcə də 1903-cü ildə kilsə
əmlakının çar fərmanı ilə müsadirə
olunmasında əsas günahların hökumətdə
olduğunu bildirərək, bütün mübarizənin
imperiyaya qarşı yönəldildiyi haqqında məlumatlar,
bildirişlər yaymağa başladılar. Hökumət isə
daşnakların sosial dayaqlarının daha da
laxladılması üçün erməni-türk müsəlman
qırğınına bir növ rəvac vərməkdə
idi.
2
fevral 1905-ci ildə Quba meydanında daşnaklar tərəfindən
Ağarza adlı bir nəfər azərbaycanlının vəhşicəsinə
qətlə yetirilməsi müsəlmanların qəzəbinə
səbəb oldu. Lakin 1905-ci ildə bir nəfər azərbaycanlı
məhbusun dindirilməyə aparılarkən yolda erməni əsgərləri
tərəfindən vəhşicəsinə qətlə
yetirilməsi ondan xəbər verirdi ki, ermənilər bu
münaqişəyə qabaqcadan çox yaxşı
hazırlaşmışdılar. Milli zəmində silahlı
qarşıdurmanın aradan qaldırılması
üçün heç bir ciddi tədbir görməyən
yerli hakimiyyət praktiki olaraq, hadisələrin daha da gərginləşməsində
maraqlı idi. 1905-1906-cı illər
erməni-türk müsəlman qarşıdurması
zamanı ermənilərin türklərə qarşı
amansız, vəhşi münasibəti nəticəsində
minlərlə türk qanına qəltan edildi. Ermənilər
qoca, uşaq, qadın demədən, qarşılarına
çıxan hər bir müsəlman türkünü vəhşicəsinə
qətlə yetirdilər. Bu qanlı hadisələrin canlı
şahidi olmuş görkəmli Azərbaycan
yazıçısı Məmməd Səid Ordubadi “Qanlı
illər” adlı sənədli əsərində problemin
kökünə nüfuz etmiş, millətlərarası
toqquşmaya və qan tökülməsinə gətirib
çıxaran səbəbləri dəqiq göstərmişdir.
Bu, ilk növbədə, “Daşnaqsütyun”un Qafqazda
oynadığı “qanlı teatr”dır; ikincisi, yerli hakimiyyətin
nümayəndələrinin soyuqqanlığı və fəaliyyətsizliyidir;
üçüncüsü, azərbaycanlıların sadəlövhlüyü
və səriştəsizliyidir, onlar erməni hiylə və
fitnəkarlığını vaxtında başa düşməmişdilər,
habelə silahlanmamışdılar; dördüncüsü, Moskvanın,
Londonun və Parisin fəal köməyi ilə ermənilərin
“Böyük Ermənistan” yaratmaq məqsədi ilə muxtariyyətə
can atmasıdır.
XX əsrin
əvvəllərində Gürcüstan ərazilərinə
Türkiyənin şərq ərazilərindən
köçürülməkdə olan erməni əhalisi
bölgənin yerli əhalisi ilə bu və ya digər formada
qarşıdurma yaratmaqda maraqlı idi. Ermənilərin
köçürülməsi ilə regionda hökm sürən
qeyri-sabitliyin, etnik qarşıdurmaların və bir sıra
qanlı olayların əsası qoyuldu. Cənubi Qafqazın
inzibati mərkəzi olan Tiflisdə saylarını xeyli
artırıb mühüm vəzifələrə
yiyələnən erməniər artıq XX əsrin əvvəllərindən
etibarən açıq şəkildə torpaq iddiaları irəli
sürməyə və öz məkrli niyyətlərinə
çatmaq üçün minillər boyu öz dədə-baba
yurdlarında yaşayan yeni qonşularına-Şimali Azərbaycan
türklərinə qarşı qətliamlar törətməyə
başladılar(Fəxri Hacıyev, Ermənilərin Cənubi
Qafqaza kütləvi köçləri və 1905-ci ildə
törətdikləri qətliamlar barədə,
Gürcüstan arxiv mənbələri əsasında, səh.43,
“Diplomatiya aləmi”—Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin orqanı 27/210, 14 yanvar 2005). Tiflis əhalisi də
bu faciədən yaxa qurtara bilmədi. Tiflisin azərbaycanlı
əhalisi say tərkibinə görə azlıq təşkil
edirdi. Odur ki, azərbaycanlılar və ermənilər
arasında olan toqquşmalar adamları ciddi narahat edirdi. 1905-ci ilin oktyabr ayının 20-də
axşam saat 9-da 3 nəfərin faytonla erməni məhəlləsi
tərəfdən gələrək “Şeytan
bazarı”ndakı türklərin “Roza” gül mağazası
önündən keçərkən havaya
açdıqları 5-10 atəş səsi toqquşmaya gətirib
çıxardı. Həmin gün türklər erməniləri,
ermənilər də türkləri güllə
yağışına tutdular.
Günlər ötdükcə proses daha da dərinləşirdi.
Hökumətin yarıtmaz siyasəti nəticəsində
çoxlu sayda türk qətlə yetirilməkdə idi. Azərbaycanlılardan
ibarət
özünümüdafiə dəstələrinin
olmaması da qırğınların artmasına gətirib
çıxardı. Yalnız 1906-cı ilin payızında
“Difai” (“Müdafiə”) müsəlman partiyası yarandı.
Onun yaradıcılarının fikrincə, bu partiya
“Daşnaqsütyun”a qarşı çıxmalı idi.
“Difai”nin liderləri Əhməd bəy Ağayev və Ə.
Rəfibəyli olmuşlar. Erməni terrorçularının
xüsusi fəallıq göstərdiyi yerlərdə,
Yelizavetpol, Cavanşir, Şuşa, Qaryagin və başqa qəzalarda
partiyanın şöbələri yaradıldı. Qeyd etmək
lazımdır ki, “Difai” təşkilatı millətlərarası
toqquşmaların zəiflədiyi və daşnak terror dəstələrinin
müsəlman əhalisi üçün bilavasitə ciddi təhlükənin
ötüb keçdiyi məqamda təşəkkül
tapmışdı. Təşkilat 1912-ci ilə qədər fəaliyyət
göstərdi. Sonralar Müsavat partiyası təşkil
olundu və “Defai”nin bir çox üzvləri Müsavat
partiyasına daxil oldular. Digər Azərbaycan milli təşkilatı
— “Müdafiə” 1907-ci ildə təsis olundu. Onun rəhbəri
İsmayıl Ziyadxanov idi və fəaliyyəti Yelizavetpol və
Tiflis quberniyasını əhatə edirdi. “Müdafiə”nin məqsədi
iri torpaq sahiblərinin—bəylərin mənafeyini müdafiə
etməkdən idi. Təşkilat qısa bir müddətdə
fəaliyyət göstərdikdən sonra, nəhayət,
1909-cu ildə buraxıldı. Tarixçi Bəxtiyar Nəcəfov
təşkilatların fəaliyyətinə toxunarkən qeyd
edir ki, “...erməni terrorçularının iddialarına
qarşı çıxmaq məqsədilə yaradılan Azərbaycan
təşkilatları çox gec meydana çıxaraq, bir
növ ”kütləvilik, quruluş baxımından, əlbəttə
ki, onlar “Daşnaqsütyun”un fəaliyyətinə hakim kəsilən
təcavüzkarlıqdan, hücum ruhundan uzaq
olmuşdular".
Daşnakların
Azərbaycan xalqına qarşı 1904-1905-ci illərdə
törətdikləri vəhşiliklər təsadüfi
epizodlar deyil, ciddi işlənib hazırlanmış və
müəyyən dövrə qədər gizli
saxlanmış planın bir hissəsi idi. Bu plan bir çox səbəbdən
baş tutmadı. Bunu araşdıran tarixçi Bəxtiyar Nəcəfov
yazır: “...burada ermənilərin öz qüvvə və
imkanlarını həddindən artıq şişirtmələri,
müsəlman əhalisi tərəfindən müqavimətlə
qarşılanması və əlbəttə, çarizmə
qarşı çıxan qüvvələrin məğlubiyyəti
də öz rolunu oynayırdı. Buna müvafiq olaraq, ermənilər
və təşkilatlanmış bütün erməni
terrorçuları sonrakı illərdə öz taktikalarını
dəyişdilər. Lakin döyüş qaydasını bərpa
edərək Cənubi Qafqazda təxribatçılıq fəaliyyətlərini
davam etdirmək üçün əsas qisasçılıq
məqsədlərinə sadiq qaldılar”. Hadisələrin sabitləşməyə
doğru getdiyi bir vaxtda özünə gələn çar
hökuməti ən qorxulu düşmənə—daşnaklara
qarşı fəal mübarizə aparmağa başladı: həbslər
keçirilir, partiya fəalları sürgün edilir, gizli mətbəələr
dağıdılır, silahlar müsadirə olunurdu.
Bütün bunlar tətbiq olunan hərbi vəziyyət fonunda
baş verirdi. Doğrudur, bu proses uzun müddət baş verə
bilməzdi. Erməni üsyançılar diaspor qurumları tərəfindən
ayrılan külli miqdarda vəsait hesabına sürətlə
silahlanırdılar. Şərait durmadan ermənilərin
xeyirinə dəyişməkdə idi.
1905-ci
ildə, ölkədə inqilabi yüksəlişin
qızğın çağında qraf Vorontsov-Daşkov Cənubi
Qafqazın canişini təyin olundu. Çar sarayında məharəti
ilə ad çıxarmış qraf ermənilərə rəğbəti ilə
seçilirdi. Onun arvadı Liza Qriqoryevna milliyyətcə erməni
idi və qraf qısa müddətdə zəngin erməni
burjuaziyası və neft sənayeçiləri dairəsində
geniş əlaqələr yaratmışdı. Onun köməyi
ilə bütün Tiflisdə əsas vəzifələr erməni
fırıldaqçılarının əlinə keçdi.
Təsadüfi deyildi ki, Vorontsov-Daşkov erməni
kapitalının köməyi ilə Balaxanıda zəngin
neft mədəninə yiyələndi. 1905-ci ildə yeni
canişin Bakıya gələrkən məlum oldu ki, onu
neftçilərin tətilləri və fəhlələrin
iş şəraiti deyil, öz mədənlərinin əmin-amanlığı
maraqlandırır. Tətilçiləri ciddi cəzalandırmaqla
hədələyən canişin Tiflisə döndü.
Qeyd
etdiyimiz kimi, 1905-1906-cı illərdə Cənubi Qafqazın hər
bir nöqtəsində dinc əhali erməni cəlladlarının
yaramaz əməlləri ilə qarşılaşmaqda idilər.
Elə bu dövrdə Bakı ilə yanaşı,
Qarabağda da əhali quldurların ciddi təzyiqləri ilə
ölüm-dirim mübarizəsi aparırdı. Demək olar
ki, Şuşa yolu daşnak terrorçuları tərəfindən
kəsilən vaxt şeyxülislam, müfti və qazi
canişinin qəbuluna getdilər. Məqsəd canişindən
Şuşa əhalisinə ərzaq
çatdırılmasına kömək göstərməsini
xahiş etmək idi. Lakin Vorontsov-Daşkov nümayəndələri
qəbul etmədi və onlara çatdırdı ki, müsəlmanlara
hələ bu da azdır. Şübhəsiz, ermənipərəst
qrafın canişin təyin edilməsi təsadüfi deyildi.
Belə ki, qismən güzəştlər hesabına başa
gəlsə belə, istər mərkəzdə, istərsə
də 1905-ci ilin əvvəlində ucqarlarda olan nisbi sakitlik
çar hökumətinə hava - su kimi vacib idi. Belə bir
güzəşt Vorontsov-Daşkovun səyləri nəticəsində
müsadirə olunmuş əmlakın erməni-qriqorian kilsəsinə
qaytarılması və erməni kilsə məktəblərinin
açılması barədə 1906-cı ildə imperator fərmanının
imzalanmasında özünü büruzə verdi.
Vorontsov-Daşkovun Qafqazda apardığı siyasət erməni
terrorçuların daha mülayim əhval-ruhiyyəli hissələrini
çar hökuməti ilə barışdıra bildi. Ermənilər
kilsə əmlakının müsadirəsi və kilsə məktəblərinin
statusu barədə fərmanın ləğvində çar
hökuməti ilə “dil tapmağın
mümkünlüyü” fikrini təsdiq edən xoş məram
gördülər.
Sonrakı
illərdə, daha doğrusu, I və II Balkan müharibələri
ərəfəsində daşnakların bir sıra təşkilatları
yaradılmaqda idi. Bu işdə canişin Vorontsov-Daşkovun
misilsiz xidmətlərini qeyd etmək olar. Xüsusilə,
daşnakların Rusiya ilə mövcud münasibətlərin
nizama salınması, eləcə də Türkiyəyə
qarşı silahlı çıxışlara
hazırlıqdan ibarət olan siyasi xətti canişinin
yorulmaz fəaliyyəti nəticəsində həyata
keçirilməkdə idi. Məhz bu dövrdən
başlayaraq qraf Vorontsov-Daşkov daşnaklarla çar
arasında olan münasibətlərin həlli istiqamətində
öz üzərinə bir çox öhdəliklər
götürməli oldu. Bütün məsələlər
çarla aparılan məktublaşmalarda öz əksini təfərrüatı
ilə tapmışdır. Vorontsov-Daşkov dönə-dönə
Rusiya hökumətinin və Cənubi Qafqazda erməni
icmasının mənafe ümumiliyini qeyd edir, etiqad
qardaşlarının—xristianların “vəhşi türklərdən”
müdafiəasinin zəruriliyinə diqqət yetirir, yeni
Rusiya-Türkiyə müharibəsində ermənilərin
Rusiya ordusuna hansı köməyi göstərəcəyini
vurğulayırdı. Eyni zamanda Vorontsov-Daşkov belə hesab
edirdi ki, Cənubi Qafqazın erməni əhalisi ilə
hökumət arasında baş vermiş münaqişələrin
günahkarı rus məmurlarıdır, ilk növbədə
Qafqazın sabiq canişini knyaz Lobanov-Rostovskidir. O, 90-cı illərdə
Türkiyə Ermənistanında erməni çıxışları
zamanı Rusiyanın Türkiyə ilə müharibəyə
girməsinə imkan verməmişdi. Qeyd etmək lazımdır ki, bu
dövrdə ermənilər çar hökumətinə
qarşı loyal münasibət sərgiləməkdə idilər.
Əsas məqsəd müharibə başlayacağı təqdirdə
çar hökumətinə hərtərəfli dəstək
göstəriləcəyinı açıq şəkildə
bəyan etmək idi. Nəticədə, Tiflisdə
“Daşnaqsütyun”un xarici işlər naziri Zavriyevlə
Vorontsov-Daşkov arasında intensiv danışıqlar
başlandı. Bu danışıqlarda yepiskop Mesrop, Samson
Arutyunov və A.Xatisov iştirak edirdilər. Daşnaqlar
müharibə başlayarsa bütün qüvvələrini
Qafqaz ordusunun sərəncamına verməyi öz öhdələrinə
götürdülər. Öz növbəsində
Vorontsov-Daşkov ermənilərlə Şərqi Anadolunun,
Kilikiyanın vilayətlərindən ibarət muxtar Ermənistan
yaradılacağını vəd etdi.
Tiflis danışıqları daha sonra Peterburqda
davam etdirildi. Burada ilkin
sazişlər işlənib
hazırlandı. Bu sazişlər
özündə prinsip
etibarı ilə iki əsas məsələni
əks etdirirdi:
1. Türkiyə əraziləri
hesabına yaradılacaq
muxtar Ermənistan; 2. Türkiyəyə qarşı müharibə
zamanı erməni terrorçu dəstələrinin
rus ordusu ilə müttəfiq vuruşması. Hadisələrin sonrakı gedişatı və müharibə zamanı bir daha təsdiq olundu ki, erməni
silahlı dəstələri
rus ordusuna elə də ciddi köməklik göstərmək iqtidarında
deyildi.
1915-ci ilin sonlarında qraf Voronsov-Daşkov Qafqaz canişini vəzifəsindən
azad olundu. Ermənipərəstliyi ilə
məşhurlaşmış bu canişin on il ərzində
(1905-1915) Cənubi Qafqazda
açıq-aşkar ermənipərəst
siyasət yürüdürdü.
Onun hakimiyyəti illərində
“Daşnaqsütyun” möhkəmlənərək,
öz sıralarını
yenidən qurdu, ermənilər Cənubi Qafqazın iqtisadi və siyasi həyatında öz mövqelərini daha da gücləndirdilər.
Voronsov-Daşkovun yerinə əqidəli
monarxiya tərəfdarı
və “dövlətçi”
böyük knyaz Nikolay Nikolayeviç canişin təyin olundu.
Taleh CƏFƏROV,
ADPU-nun Türk və Şərqi Avropa
xalqları tarixi və tarixin tədrisi
metodikası kafedrasının müəllimi,
“OĞUZ” Müstəqil
Araşdırmaçılar
Qrupunun idarə heyətinin
üzvü
Xalq qəzeti.- 2013.- 12 yanvar.- S. 4.